Avropa Məhkəməsi Azərbaycanı üç iş üzrə 14 700 avro cərimələyib
AİHM-in Azərbaycanla bağlı qərarları
Mayın 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha üç qərar və qərardatı elan edib. Azərbaycan hökuməti bu üç qərara görə 14 700 avro məbləğində cərimə ödəməlidir.
- Qubad İbadoğlu partiyasının fəaliyyətini dayandırıb
- Məhkəmə növbəti dəfə Anar Məmmədlini həbsdə saxlayıb
- Ələsgər Məmmədli və Ruslan İzzətlinin yaxınları onların səhhətlərindən narahatdırlar
“Azadlıq” qəzeti və Qənimət Zahidov Azərbaycana qarşı”
“Azadlıq” qəzeti və Qənimət Zahidov Azərbaycana qarşı” işində şikayət müxalif nəşrin dərc etdiyi “Müdafiə Nazirliyində ucuz ətin sirri” başlıqlı məqaləyə görə məhkəmə qərarı ilə bağlıdır.
Məqalə “Azadlıq” qəzetində 14 fevral 2007-ci ildə dərc olunub.
Nəşr iddia edib ki, hərbi struktur Ukraynadakı Çernobıl AES qəza zonasından əti bazar qiymətlərindən aşağı qiymətə alır. Müdafiə Nazirliyi məhkəmə yolu ilə qəzeti 20 min manat cərimələdib. Məhkəmə həmçinin redaksiya üzərinə məqaləni təkzib etmək və qurumdan üzr istəmək öhdəliyi də qoyub.
Bu, “Azadlıq” qəzetinə qarşı həmin il çıxarılmış 12-ci məhkəmə qərarı idi, nəticədə redaksiya işi dayandırmağa və sadəcə onlayn formata keçməyə məcbur olub. Sonra borclara görə qəzet icarə haqqını da ödəyə bilməyib və ofisini itirib. Ötən əsrin 90-cı illərinin əvvəllərindən 2000-ci illərin əvvəllərinə qədər ölkənin ən populyar və mötəbər nəşrlərdən biri olan “Azadlıq” qəzetinin redaksiya heyəti əsasən ictimai əsaslarla çalışan bir-iki jurnalistdən ibarətdir.
Nəşrin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrında xuliqanlıq ittihamı ilə həbs edilib. İki il 4 ay cəza çəkəndən sonra prezident tərəfindən əfv edilib. Bundan sonra o, ölkəni tərk edib və hazırda Fransada yaşayır. Təsisçisi olduğu “Turan TV” peyk televiziyasında yayımlanan “Azərbaycan saatı” verilişinin müəllifi və aparıcısıdır.
AİHM öz qərarında göstərir ki, milli məhkəmələr qərar qəbul edərkən onları əsaslandırmayıb və tətbiq edilən cəzanın mütənasibliyini izah etməyiblər. AİHM ərizəçilərin ifadə azadlığının pozulduğunu tanıyıb.
Lakin ərizəçilər cərimənin ödənilməsinə dair sübut təqdim etmədikləri üçün pul kompensasiyası təyin edilməyib. Eyni zamanda, məhkəmə məhkəmə xərclərinin ödənilməsi üçün ərizəçilərə 1000 avro ödənilməsinə qərar verilib.
“Əli Hüseynov Azərbaycana qarşı”
“Əli Hüseynov Azərbaycana qarşı” işində ərizəçi “Nardaran işində” polisin keçirdiyi əməliyyat zamanı saxlanılan və polis nəzarətində işgəncəyə məruz qaldığını bildirən şəxsdir.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Bakının Nardaran kəndinin sakinləri ilə polis əməkdaşları arasında baş vermiş qarşıdurma nəticəsində 7 nəfər (iki polis, beş yerli sakin) həlak olub, 4 nəfər yaralanıb, 14 nəfər həbs edilib.
Həbs olunanlardan Əli Hüseynov 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, üç il yarım sonra 2019-cu ildə prezident tərəfindən əfv edilib və azadlığa çıxıb.
Hüseynov polis idarəsində ağır işgəncələrə məruz qaldığını bildirib.
Tərəflər barışıq razılaşması əldə ediblər. Hökumət Əli Hüseynova mənəvi ziyana görə 6500 avro və məhkəmə xərclərinə görə 1500 avro təzminat ödəməyə razılaşıb.
“Orxan Eyyubzadə Azərbaycana qarşı”
“Orxan Eyyubzadə Azərbaycana qarşı” işində ərizəçi 2013-2014-cü illərdə “Nida” gənclər hərəkatının üzvü kimi haqsız yerə narkotik vasitələrin qanunsuz dövriyyəsi, polisə müqavimət və s. maddələrlə cinayət təqibinə məruz qalması ilə bağlı şikayət edib.
2013-cü ilin martında “Nida” gənclər hərəkatının səkkiz üzvü iğtişaşların təşkilində ittiham edilərək həbs olunub, daha sonra isə 6 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər.
2014-cü ilin mayında həbs edilən hərəkat üzvlərinin müdafiəsi üçün etiraz aksiyası keçirilib. Bu aksiyada Orxan Eyyubzadə 20 sutka inzibati həbs cəzası alıb. Daha sonra o, polis əməkdaşlarına hücum və narkotik alverində ittiham olunub.
Eyyubzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. 2015-ci ilin martında o, prezident tərəfindən əfv edilərək azadlığa buraxılıb.
Bu iş üzrə də tərəflər barışıq sazişi əldə ediblər. Hökumət ərizəçiyə mənəvi ziyana görə 4,700 avro və məhkəmə xərclərinə görə 1,000 avro ödəməyi öhdəsinə götürüb.