Azərbaycan, Ermənistan və Gürcüstana ümumi baxış lazımdır ki, onlardan bir-birinə qarşı istifadə olunmasın”. Bakıdan baxış
Fərhad Məmmədov regiondakı vəziyyət haqda
“Ötən əsrin 90-cı illərinin əvvəllərindən Rusiyanın regionda mövcudluğu üçün şərait yaradan Ermənistan tarixin bu mərhələsində Qərbin öz geosiyasi məqsədlərini həyata keçirməsinə imkan verir”, – azərbaycanlı politoloq Fərhad Məmmədov belə hesab edir.
O, regiondakı vəziyyətin xarici aktorların təsiri ilə necə dəyişə biləcəyini, hadisələrə region ölkələrinin – Azərbaycan, Ermənistan və Gürcüstanın özlərinin necə təsir edə biləcəyini təhlil edib.
- Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu üçüncü, yekun oxunuşda qəbul edib
- “Yerevan küçələrində kritik kütlə yoxdur, baş nazirin istefası olmayacaq”. Şərh
- Azərbaycanın Şərqi Avropa strategiyası. Bakıdan baxış
ABŞ və Aİ-nin əhəmiyyətli dərəcədə aktivləşməsi
“Regionda baş verən prosesləri anlamaq üçün regiondankənar (xarici aktorlar) və regiondaxili (ölkələrin mövqeləri) dinamikanı nəzərdən keçirmək lazımdır”, – deyə Fərhad Məmmədov qeyd edir.
Onun fikrincə, üç il ərzində (noyabr 2020 – dekabr 2023) xarici aktorlar regiona uyğunlaşaraq öz resurslarını və baxışlarını formalaşdırıblar. 2023-cü ilin dekabrından Azərbaycan və Ermənistan liderləri administrasiyalarının ikitərəfli bəyanatından sonra məlum oldu ki, yeni vəziyyət yaranıb və buna müvafiq addımlar atılmalıdır.
«ABŞ və Aİ-nin təmsil etdiyi Qərb hərəkətə keçdi:
- Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildi;
- İqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın sistemli şəkildə başlanması məqsədi ilə 5 apreldə ABŞ/Aİ-Ermənistan sammiti təşkil edildi;
- Vaşinqton və Brüssel danışıqlar platformalarının uğursuzluğundan sonra ABŞ və Aİ öz mövqelərini bərpa etmək üçün hər cür səy göstərdilər, amma nəticəsiz qaldı. Belə vəziyyətdə Almaniya köməyə gəlməklə Fransanın təsirini minimuma endirdi və Berlində ikitərəfli görüş baş tutdu”.
Rusiya reaksiya verir
“Rusiyanın manevri praqmatikdir. Əgər Qərb Gürcüstan-Ermənistan tandemini prioritet seçdisə, Moskva praqmatik addım atdı və sülhməramlılarını Azərbaycandan çıxardı. Paralel olaraq, Putinlə Paşinyanın görüşündən sonra Azərbaycan-Ermənistanın şərti sərhədi və Zəngəzur dəhlizi boyunca Rusiya sərhədçilərinin geri çəkilməsinə qərar verildi.
Bununla da Rusiya 44 günlük müharibədən sonra bölgədə peyda olan qoşunlarını geri çəkməyi qərara aldı. Moskva Azərbaycan və Ermənistan rəhbərliyinə güzəştə getdi, 2020-ci il müharibəsindən sonra əldə etdiyi üstünlüklərdən imtina etdi, lakin ilkin mövqelərini itirmədi.
Belə ki, hər şeyə rəğmən Ermənistan KTMT-nin üzvüdür, Aİİ çərçivəsində əlaqələr daha da möhkəmlənir, Paşinyan Rusiya qüvvələrinin Gümrüdəki hərbi bazadan, eləcə də Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məsələsini qaldırmır.
Bir sözlə, regiondakı xarici oyunçular arasında rəqabət region ölkələrinin onlara verdiyi imkanlardan irəli gəlir”.
Bölgədəki ölkələr
“Gürcüstanda regiondakı ümumi vəziyyətə təsir edəcək hadisələr cərəyan edir. Tbilisi 44 günlük müharibənin nəticələrinin (Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması, kommunikasiyaların açılması) həyata keçirilməsindən uzun müddət kənarda qala bilmədi. Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi regionda Qərb oxunun yaradılmasında maraqlı olmayan xarici aktorları hərəkətə gətirdi.
Bununla yanaşı, ölkənin hakim partiyası yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Azərbaycan üçün Gürcüstanın proqnozlaşdırıla bilən, müstəqil və subyektiv olması vacibdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərindən Rusiyanın regionda mövcudluğu üçün şərait yaradan Ermənistan tarixin bu mərhələsində Qərbin öz geosiyasi məqsədlərini həyata keçirməsinə imkan verir. Lakin reallıq budur ki, Ermənistan üçün Rusiyadan imtina etmək iqtisadiyyatda böyük problemlərə səbəb ola bilər. Ermənistan rəhbərliyi Rusiyanın regiondakı maraqlarını tanımağa, subyektivliyini artırmaq üçün öz resurslarını yaratmağa məcburdur.
Azərbaycan xarici aktorlar və qonşularla öz münasibətlər sistemini qurub. Ölkə daxilində məsələləri tam şəkildə həll edən Bakının hazırkı mərhələdə əsas məqsədi region ətrafında geosiyasi gərginliyi azaltmaq, sabit mühit yaratmaq və bölgə dövlətləri arasında regional yanaşmanı inkişaf etdirməkdir.
İlin sonuna qədər hadisələrin gedişatına aşağıdakı amillər təsir edəcək: İyunda Avropa Parlamentinə, oktyabrda Gürcüstanda, noyabrda ABŞ-da keçiriləcək seçkilər, eləcə də Ukraynada müharibənin dinamikası.
Region ölkələri qarşıdurma məkanına çevrilməmək və bir-birinə qarşı istifadə edilməmək üçün ümumi baxış formalaşdırmalıdır. Bakı və İrəvan Gürcüstandakı siyasi vəziyyəti diqqətlə izləyir. Bu, razılaşdırılmış mövqenin inkişafını sürətləndirmək üçün ciddi siqnaldır.
Məhz üçlük formatı hazırki dövrün trendinə çevrilməlidir və yalnız bundan sonra üç+ formatlarını işə salmaq olar”.