Doğma özgə ana – Ukrayna surroqat analıq mərkəzinə necə çevrildi
JAMnews, Hromadske, Dmitri Belobrov
Yelizaveta Poqudina həyat yoldaşı və balaca qızı ilə Ukraynada Xarkov yaxınlığında yaşayır. Aprel ayında qız uşağı dünyaya gətirib və İspaniyada yaşayan uşaqsız ailəyə verib.
Yelizaveta surroqat anadır. Uzun müddətdir ki, öz evinin olmasını arzulayırdı, almaq üçün isə pulları yoxuydu. Yelizaveta birdəfəlik böyük ödəniş almaq üçün surroqat ana olmaq qərarına gəlir. Ailəsi sonradan da olsa onu dəstəkləyib.
Surroqat analıq mərkəzi
Ukraynanı bəzən “surroqat analılq mərkəzi” adlandırırlar – əksər digər ölkələrdən fərqli olaraq, burada qanun hətta kommersiya xarakterli surroqat analığa icazə verir.
“Avropanın bir çox ölkələrində surroqat analığa ancaq o vaxt icazə verilir ki, surroqat ana üçün pul mükafatı nəzərdə tutulmasın”, – köməkçi reproduktiv texnologiyalar xidməti təqdim edən “İRTSA, Ukraine” agentliyinin hüquqşünası Sergey Antonov belə deyir.
Ukraynadan başqa, kommersiya xarakterli surroqat analıq Gürcüstan, Qazaxıstan, Kamboca, Rusiya və ABŞ-ın bəzi ştatlarında leqaldır, amma əksər uşaqsız cütlüklər yenə də Kiyevə getməyi üstün tutur. Bəzi məlumatlara görə, ukraynalı surroqat analara tələbat bu servisin Tailand və Hindistanda nəhəng dünya bazarları bağlanandan sonra artdı.
Ukraynanın Tibbi Turizm Assosiasiyasının məlumatlarına görə, reproduktiv texnologiyalar (oftalmologiya və stomatologiyadan sonra) xarici vətəndaşlara təqdim olunan ən populyar tibbi xidmətlər üçlüyünə daxildir.
Ölkədə reproduktiv tibb kifayət qədər yaxşı inkişaf edib – ola bilsin, ukraynalı surroqat analara olan böyük tələbatın səbəbini burada axtarmaq lazımdır – Kiyevdə yerləşən “Reprolife” reproduktiv tibb klinikasının həkimi Roman Litvinenko belə hesab edir.
Ola bilsin, səbəb nisbi ucuzluqdadır: Ukraynada bütün xidmətlərin orta qiyməti 30 min dollardır; əlavə olaraq aylıq 300 ABŞ dolları ödənilir, bu pulu surroqat ana qida və məişət tələbatlarına xərcləyir. Ukraynada özgə uşağı bətnində böyüdən və dünyaya gətirən ananın mükafatı digər ölkələrdən aşağıdır.
“Doğuşdan sonra birdəfəlik ödənişin məbləği 11,5 mindən 13 min dollara qədərdir”, – psixoloq, Reproduktiv Perinatal Psixologiya və Psixosomatika İnstitutunun təsisçisi Antonina Nakoneçnaya deyir.
Qanun nə deyir
Ukraynada surroqat analıq qanunla qadağan edilmir, amma tənzimlənmir də. Hüquqşünas Sergey Antonov yaranan vəziyyəti daşınmaz əmlak bazarı ilə müqayisə edir:
“İnsanlar arasında bağlanmış müqavilələrin qeydiyyatı ilə məşğul olan, özləri isə qeydiyyatdan keçməyən bir çox riyeltor var. Ukraynada surroqat analıq bazarında eyni şey baş verir”.
Rəsmi agentliklər və klinikalar Ukrayna Ailə Məcəlləsinin və digər normativ aktların müəyyən müddəalarına əsaslanaraq, öz xidmətlərini təqdim edir. Məsələn, Ukrayna Səhiyyə Nazirliyinin əmrlərindən birində surroqat ananın kimə xidmət göstərə biləcəyi göstərilir: rəsmi nigahda olan, sonsuzluq diaqnozu qoyulan kişi və qadına.
“Gromadskoye”nin jurnalistləri Səhiyyə Nazirliyindən Ukraynada nə qədər surroqat ananın olması, hüquqlarının nə dərəcədə qorunduğunu öyrənmək istəsə də, rəsmi sorğusuna heç bir cavab ala bilmədi.
Bu zaman bütün müsahiblər və belə müqavilələrin birbaşa iştirakçıları bu xidmətlər bazarının ildən ilə böyüdüyünü yekdilliklə təsdiqlədilər.
Bəziləri isə ölkədə çox sayda qeyri-leqal şirkətin fəaliyyət göstərdiyini etiraf etdilər.
“Ukraynada surroqat analıq bazarının üçdə bir hissəsi qanuni deyil”, – Sergey Antonov deyir.
Özgə uşağın anası
Ukraynada surroqat ana “fikrini dəyişə” – yəni uşağı bioloji valideynlərə verməkdən imtina edə bilməz.
Surroqat analığa namizədin mütləq ən azı bir uşağı olmalı və yaşı 35-dən yuxarı olmamalıdır.
İmzaladığı müqavilə çox sayda nüansı nəzərə alır – ərin razılığından tutmuş (əgər namizəd evlidirsə) hamiləlik dövründə intim münaaibərlərin məhdudlaşdırılmasına qədər.
“Adətən, surroqat anaları hər kəs – qonşulardan tutmuş kilsəyə qədər – ittiham edir”, – psixoloq Antonina Nakoneçnaya deyir, – “çoxları hamiləliyindən utanır və onu gizlətməyə çalışır”.
“İstəmirdim ki, bu haqda kimsə bilsin”, – Mariya xatırlayır (ad dəyişdirilib), – “Hamiləliyimin əvvəlində valideynlərimin yanına gedirdim, qalan vaxtı isə Kiyevdə qaldım”.
Mariyanın artıq öz övladı varıydı. Surroqasiyaya da “ağır həyat vəziyyətinə” görə razılaşdı. Qorxu və şübhələri varıydı, amma hər şey yaxşı oldu.
Adətən doğulduqdan dərhal sonra uşaq anadan alınır, amma Mariyada erkən doğuş başlayıb və valideynləri uşağın dünyaya gəlişinə özlərini çatdıra bilməyiblər.
“Hətta körpəyə döşümdən süd vermək məcburiyyətində qaldım, – o, danışır. – Onunla birgə bir ay qaldım. Onlar (valideynlər) yanında olmağımı, kömək etməyimi istədilər”.
Mariya deyir ki, ilk dəfə körpəni görəndə başa düşüb ki, bu, onun körpəsi deyil: “Birinci uşağım mənə oxşayırdı, onu görüb demişdim ki, bu mənimdir. Bu biri doğulan kimi isə dedim ki, bu, başqasınındır”.
Mariya ilk növbədə qazanc üçün bu addımı atdığını gizlətmir.
Qazanc imkanı əksər ukraynalı qadınlar üçün əsas səbəbdir. Adətən varlı olmayan kənd sakinləri namizəd olur.
Bununla belə, heç də hamı üçün surroqat analıq pulla assosiasiya olunmur.
“Mənim üçün bu, ilk növbədə, məsuliyyətdir”, – “Qromadskoye”nin həmsöhbəti Yelizaveta deyir”. – “Axı mənə insan həyatı etibar ediblər. Hamiləliyim dövründə pul barədə deyil, bətnimdə sağlam uşaq böüdüb, dünyaya gətirmək, valideynlərinə kömək etmək barədə düşünürdüm”.