“Rəqəmlərlə oynayan hökumət”. Bakıdan iqtisadçı şərhi
Gürcüstan və Azərbaycan arasında statistik fərqlər
Gürcüstan Statistika Agentliyinin məlumatına görə, 2023-cü ildə bu ölkədən Azərbaycana 862 milyon dollar dəyərində mal ixrac edilib. Amma Azərbaycanın Dövlət Gömrük Komitəsi Gürcüstandan cəmi 126 milyon dollarlıq malın gətirildiyini bildirir. Gürcüstan tərəfinin fikrincə, Azərbaycanın Gürcüstanla ticarətində ilk dəfə mənfi saldo yarandıqdan sonra bu fərq ortaya çıxıb. “Hökumət gördü ki, ayıb olur, bunu izah etmək çətindir, başladılar rəqəmlərlə “rəqs” etməyə, adını da “yeni metodologiya” qoydular”, – deyə azərbaycanlı iqtisadçı ekspert Natiq Cəfərli deyib.
- Təzminat məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsi kimi. Bakıdan baxış
- Azərbaycanda hər onkoloji xəstənin illik müalicəsinə cəmi 800 manat ayrılır
- Gürcüstan parlamentində amnistiya haqqında qanun. Saakaşviliyə kömək edəcəkmi?
Ekspert şərhi
“Qonşu ölkənin rəsmi məlumatlardan belə bəlli olur ki, 2023-cü ildə Azərbaycan Gürcüstana satdığından daha çox həmin ölkədən mal alıb. Azərbaycan Gömrük Komitəsi deyir ki, 2023-də Gürcüstana 759 mln. dollarlıq mal-məhsul satmışıq. Gürcüstan statistika və gömrük orqanları isə rəsmi məlumat yayıblar ki, Azərbaycana 862 mln. dollarlıq mal-məhsul satıblar. Beləliklə, Azərbaycan Gürcüstana neft-qaz satmağına baxmayaraq, həmin ölkə ilə ticarət dövriyyəsində ilk dəfədir ki, 2023-cü ili mənfi saldo ilə tamamlayıb (103 mln. dollar)”, – Respublikaçı Alternativ (ReAL) Partiyası liderlərindən biri, iqtisaçı Natiq Cəfərli deyir.
“Hökumət gördü ki, ayıb olur, bunu izah etmək çətindir, başladılar rəqəmlərlə “rəqs” etməyə, adını da “yeni metodologiya” qoydular. Azərbaycanın rəsmi qurumları 2023-də Gürcüstandan cəmi 126 mln. dollarlıq mal aldığımızı fəxrlə bəyan edərək ticarət saldosunu kağız üzərində müsbətə dəyişdilər.
Gürcüstandan ən çox aldığımız avtomobillərdir. Rəsmi Tbilisi elan etdi ki, 2023-cü ildə Azərbaycana 437 mln. dollar dəyərində 22 393 ədəd avtomobil satıb. Bizim şanlı rəsmi qurumlarımız isə iddia edir ki, Gürcüstandan 2023-cü ildə cəmi 132 minik avtomobili almışıq, bunun üçün isə cəmi 11,5 mln. dollar pul ödəmişik.
Yaxşı, Azərbaycan rəsmiləri nədən “metodologiya” dəyişikliyi adı altında Gürcüstandan alınan maşınların sayını və ödənilən məbləğı azaldıblar?! Bəli, yuxarıda da qeyd etdiyim kimi, ayıb olurdu, neft-qaz ölkəsi Azərbaycan Gürcüstanla ticarətdə mənfi saldoya düşmüşdü. Yaxşı, yeni “metodologiya” nədir görəsən?!
Gürcüstan maşın istehsal etmir, ordan alınan maşınlar Almaniya, Yaponiya, Koreya, ABŞ və s. istehsalıdır, belə çıxır ki, şanlı Gömrük Komitəsi istehsal edilən ölkəyə görə statistika aparır?! Onları həmin ölkədən idxal kimi qeyd edib?! Belədirsə, absurddur axı, qarışıqlıq yaranır, normal göstəricilər əldə etmək mümkün olmur.
O zaman daha irəli getsinlər. Məsələn, Gürcüstandan alınan Koreya maşınının motoru Avropadan, şüşələri Avstraliyadan alınırsa, elə maşınları da kağız üzərində ehtiyat hissələrinə bölüb qeyd etsinlər. Nə isə, statistika deyil, multfilmdir”, – Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb.
Gürcüstan statistikası nə deyir?
Milli Statistika Xidmətinin ilkin məlumatlarına görə, 2023-cü ildə on ən böyük ixrac tərəfdaşı ölkənin Gürcüstanın ümumi ixracında payı 80,3 faiz təşkil edib. Azərbaycan Gürcüstanın ixrac etdiyi ilk üç ölkə arasında 862,1 milyon ABŞ dolları həcmində birinci yerdədir. İkinci yerdə 787,1 milyon dollarla Ermənistan, üçüncü yerdə isə 703,0 milyon dollarla Qazaxıstan qərarlaşıb.
2023-cü ildə Gürcüstan Azərbaycana 437,233 milyon ABŞ dolları dəyərində 22 393 avtomobil ixrac edib. APA-nın xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi statistik məlumatda deyilir.
Bildirilib ki, ötən il Azərbaycana idxal olunan avtomobillərin ümumi dəyəri əvvəlki illə müqayisədə 128,72 milyon dollar və ya 41,72 faiz artıb, onların sayı isə 8 059 ədəd və ya 26,46 faiz azalıb.
Gürcüstanın avtomobil ixracının 20,5 faizi Azərbaycanın payına düşüb.
Azərbaycanın statistik məlumatları
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Gürcüstandan avtomobil idxalını artırıb.
Hesabat dövründə Gürcüstandan 132 avtomobil gətirilib ki, bu da bir il əvvəlkindən 3,6 dəfə çoxdur.
banker.az saytı yazır ki, Gürcüstanda avtomobillərin alınmasına 11,545 milyon dollar xərclənib.