Azərbaycanda qeydiyyat problemi – kütləvi cərimələr
Azərbaycanda qeydiyyat problemi
“İlk dəfə 2023-cü ildə cərimələndim. Onda Binə Sovxoz deyilən ərazidə kirayə yaşayırdım. Polislər reyd keçirirmiş, evdən çölə çıxanda rastlaşdım onlarla. Qeydiyyat ünvanımı, burada kimlə yaşadığımı soruşdular, dedim, birbaşa cərimə yazdılar. O vaxtlar qanunda xəbərdarlıq seçiminin də olduğundan xəbərim yox idi deyə etiraz edə bilmədim. Açığı, heç mənə qulaq asan da olmadı, cəriməni yazıb çıxıb getdilər”, – Qasım Arizov danışır.
- Avropa Məhkəməsi 2023-cü ildə Azərbaycanla bağlı 40 qərar qəbul edib
- “Moskvaya Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi lazımdır”. Yerevandan şərh
- Gürcüstan 2008-ci il avqust müharibəsi qurbanlarına yardım üçün beynəlxalq fondun yaradılmasını tələb edir
Əslən Mingəçevir rayonundan olan Qasım Arizov 2021-ci ildə ali təhsil almaq üçün Bakıya köçüb. İki il ərzində Binə qəsəbəsində müxtəlif evlərdə kirayədə yaşayıb.
“Bəzən tələbə yoldaşımla bir evi kirayə tuturduq, elə olurdu növbəti ay ev sahibi kirayə haqqını artırırdı, sərf eləmirdi deyə oradan çıxıb başqa yerə köçməli olurduq. Bir neçə dəfə belə səbəblərdən ev dəyişmişik. Hər ev dəyişəndə qeydiyyata düşməli olduğumu bilmirdim. Əslində bunun məntiqini də anlamıram”.
O, indi Sumqayıtda “Corat Bağları” deyilən ərazidə yaşayır. Deyir ki, əvvəlki evlərdə olduğu kimi bu ev sahibi ilə də rəsmi kirayə müqaviləsi yoxdur. Buna görə də olduğu yer üzrə qeydiyyata düşmək üçün heç bir sənəd təqdim edə bilmir. Odur ki, yenidən cərimələnə biləcəyini istisna etmir.
1996-dan mövcud olan qanun 2023-də işə düşüb
Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanununa görə hər bir vətəndaş yaşadığı yer üzrə daimi qeydiyyata düşməlidir. Qaydalara görə, daimi qeydiyyat ünvanından kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaşlar həmin yerə gəldikdən sonra 7 gün ərzində müvafiq dövlət orqanına müraciət etməli və orada müvəqqəti qeydiyyata düşməlidir. Bu qayda həmçinin ölkəyə turist olaraq gələn Azərbaycan vətəndaşı olmayan şəxslərə də aiddir.
Qanuna əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilir. “Məsuliyyət” xəbərdarlıqdan və ya 30 manat cərimədən ibarətdir.
Bu qanun 1996-cı ildə qəbul edilsə də, vətəndaşların əksəriyyəti bundan 2023-cü ilin əvvəlindən etibarən xəbər tutub. Məhz həmin dövrdə Daxili İşlər Nazirliyi qeydiyyata düşməyən şəxslər barəsində cərimə xəbərdarlığı edib və ardınca da günümüzə qədər tez-tez polis reydləri keçirilir, daimi qeydiyyatı üzrə yaşamayan, yaşadığı yerdə müvəqqəti qeydiyyata düşməyən vətəndaşlar kütləvi şəkildə cərimələnir.
DİN sözçüsü Elşad Hacıyev “BBC Azəbaycanca”ya verdiyi müsahibədə deyib ki, polis orqanlarına qanunu pozan vətəndaşlara ilk öncə xəbərdarlıq etmələri, növbəti dəfə eyni qanun pozuntusu olarsa, cərimələnmələri tapşırılıb.
Bununla belə, keçirilən reydlər nəticəsində nə qədər şəxsə xəbərdarlıq edildiyi, nə qədərinin cərimələndiyi haqda rəsmi statistika açıqlanmır.
“Çıxarışsız mənzili alıb-satmaq olur, amma ora qeydiyyata düşmək olmur”
Olduğu yer üzrə qeydiyyata düşmədiyi üçün cərimələnən vətəndaşlardan biri də Əsmər Seyidovadır. O, 1996-cı ildən bəri Bakının Binəqədi rayonunda bacısının evində qeydiyyatda olsa da, uzun illərdir ki, Xırdalanda öz adına aldığı mənzildə yaşayır. Yaşadığı yer üzrə qeydiyyat ünvanını dəyişmək üçün daşınmaz əmlaka dair rəsmi sənəd lazımdır. Mənzili yeni inşa edilən binada olduğu üçün mənzil sahiblərinə çıxarışların verilməsi də ləngiyib. Buna görə də öz adına olan evdə rəsmi olaraq “görünmədiyi” üçün cərimələnib.
“Reyd aparırdı polislər. Qapını döyüb, qeydiyyat ünvanımı soruşdular. İzah elədim ki, evin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilməmişəm. Onlar da dedilər ki, fərqi yoxdur, düşməli idiniz. Ona görə də 30 manat cərimə elədilər. Dedim ki, birinci dəfə üçün bəlkə xəbərdarlıq edəsiniz? Mən bu qanunun tələblərini bilmirdim. Onlar dedi ki, qanun çoxdan mövcuddur, yeni olsa idi xəbərdarlıq edərdik. Çıxıb getdilər”, – Seyidova deyir.
O, həmin cərimədən qısa müddət sonra evinin çıxarışını əldə edib və yaşadığı yer üzrə qeydiyyata düşə bilib.
Mənzilinin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilməyənlərdən biri də Nərgiz Hüseynlidir. Əslən Yevlax rayonundan olan Nərgizin daimi qeydiyyat ünvanı da elə oradadır. Özü isə uzun müddətdir ki, Bakıda yaşayır və işləyir. İndi Xırdalan şəhərində mənzil sahibidir. Lakin onun da mənzilinin rəsmi çıxarışı olmadığından, burada qeydiyyata düşə bilmir.
“Bakının hər yeri çıxarışsız mənzillərlə doludur. Yerli icraedici qurumlar bu mənzillərin çıxarışsız olaraq alqı-satqısına icazə verir, amma orada qeydiyyatsız yaşamağa icazə vermir. Burada məntiq hanı? Mənzili çıxarışsız sat, vətəndaş buna görə qeydiyyata düşə bilməsin və cərimələnsin. Birinci qeydiyyat problemini yaradan nüanslara əl gəzdirib, sonra sıravi vətəndaşları günahlandırmaq lazımdır” , – Nərgiz Hüseynli deyir.
“Ayda üç dəfə üç fərqli evdə qeydiyyata düşməliyəm?”
Əkbər Miriyev də keçirilən polis reydlərinin birində olduğu yer üzrə qeydiyyata düşmədiyi üçün cərimələnib. Deyir, onun işi lap əngəldir.
“Mənim üç evim var. Biri anamın evi (özüm də orada daimi qeydiyyatdayam), biri öz adıma olan mənzil, biri də həyat yoldaşımın adına olan ev. Mən ayın müəyyən günləri yaşlı anamdan muğayat olmaq üçün onun evində qalmalı oluram. Ailəmlə də birlikdə uşağın məktəbi, kursu filanla bağlı iki mənzil arası yaşamalı oluruq, həftəiçi bir mənzildəyik, həftəsonu digərində. Polis reyd keçirən zaman həyat yoldaşımın adına olan evdə idim. Polis mənə cərimə yazanda yarızarafat, yarıciddi soruşdum ki, indi mən ayda üç dəfə, üç fərqli evdə qeydiyyata düşməliyəm? Qətiyyətlə dedi ki, hə. Mən də daha deməyə söz tapmadım. Belə çıxır ki, hər ay üç fərqli yerdə qeydiyyata düşməsəm, üç fərqli polis əməkdaşı tərəfindən cərimələnəcəm”, – Əkbər Miriyev gülə-gülə deyir.
Qeydiyyat məsələsinə görə cərimələnənlər 40 iş günü müddətində bu cəriməni ödəməlidirlər. Eyni zamanda vətəndaşların bu qərara etiraz etmək hüquqları da var. Amma bunun üçün cərimə olunduqları haqda protokol onlara təqdim edilməlidir.
Həmsöhbət olduğumuz cərimələnən şəxslərdən heç birinə bu protokol təqdim olunmayıb.
“Cərimələr büdcə artımına hesablanıb və hərəkət azadlığı hüququna ziddir”
Bəs, 1996-cı ildən mövcud olan qanun niyə məhz 2023-cü ilin əvvəlindən belə intensiv tətbiq olunmağa, polis reydləri keçirilməyə və vətəndaşlar kütləvi şəkildə cərimələnməyə başlayıb? Hüquq müdafiəçisi Rüfət Səfərov vəziyyəti belə izah edir:
“Məncə, bütün bu kütləvi cərimələnmələr büdcəyə daha artıq pul daxil olması üçün hesablanıb. Düzdür, bununla bağlı statistika açıqlanmır deyə, biz hesablaya bilmirik ki, həmin cərimələr hesabına nə qədər gəlir əldə edilib. Amma hər halda mənim təxminim belədir ki, əsas məqsəd, niyyət bu olub. Baxın, polisin əlində hansı vətəndaşın hansı ünvanda nə qədər yaşamasını müəyyənləşdirmək üçün mexanizm mövcud deyil. Eyni zamanda praktikada bunu təmin etmək də kifayət qədər çətindir. Sən necə biləcəksən ki, mən filan yerdə 59 gün yaşamışam, ya 60? Milyonlarla insanın hərəkət trayektoriyasını necə nəzarətdə saxlaya bilərsən? Absurddur. Belə olduğu halda adamları necə gəldi cərimələyə bilərsən ki, onsuz da praktikada vəziyyət məhz bu cürdür. Bu da hüquqi qeyri-müəyyyənlik yaradır”.
Azərbaycan Respublikasının qanunlarına görə hər bir vətəndaşın hərəkət azadlığı hüququ var. Bu – insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Rüfət Səfərov deyir ki, yaşayış yeri haqqında qanun praktikada bu hüquqla ziddiyyət təşkil edir.
“Hərəkət azadlığı vətəndaşların konstutision hüququdur. Bu qanun hərəkət azadlığı anlayışına ziddir. Məsələn, hakimiyyət bu fikrə qarşı deyə bilər ki, biz insanların hərəkətlərini məhdudlaşdırmırıq, sadəcə istəyirik ki, bu azadlıqdan istifadə etdikləri zaman vətəndaşlar bizi məlumatlandırsın. Məsələnin bu tərəfi isə təməl insan haqlarına cavab vermir. Yəni, “sən yaşadığın yeri bildir, bildirmədinsə cərimələyirik” praktikası, məncə, vətəndaşlara xidmət üçün nəzərdə tutulmayıb. Bu, dövlətə xidmət və vətəndaşların mənasız yerə yüklənməsidir”.