Gürcüstanda romalar. Ölkədə ən marginal qrup necə yaşayır?
Gürcüstanda romalar (qaraçılar)
Romalar Gürcüstanın ictimai həyatında ən təcrid olunmuş və görünməz qrupdur. Onlar ali təhsil almır və heç vaxt özəl və ya dövlət müəssisələrində vəzifə tutmurlar. Romalara ən çox küçələrdə rast gəlmək mümkündür. Onlar onilliklər boyu ayrı-seçkiliklə üzləşirlər.
- Məcburi köçkünlər Qarabağa qayıdır. İki fərqli hekayə
- Cənubi Qafqazda dəhliz oyunları. Kim nəyə ümid edir? Bakıdan baxış
- Növbədənkənar prezident seçkisinə kim qatılacaq?
Falçılıq, zinət əşyalarının satışı, çalıb-oxumaq, rəqslər, dilənçilik, son zamanlar isə svetoforda dayanan avtomobillərin şüşələrini yumaq – bütün bunlar Gürcüstanda yaşayan romaların qazanc vasitələridir.
Gürcüstanda rəsmi olaraq 604 nəfər qaraçı (roma) yaşayır. Lakin bu rəqəm reallığa uyğun gəlmir. Tolerantlıq və Müxtəliflik İnstitutu qeyd edir ki, qeyri-hökumət təşkilatlarının statistikasına görə, onların sayı xeyli çox, üç minə yaxındır.
Gürcüstanda qaraçılar əsasən Tbilisi, Batumi, Kutaisi, Kobuleti, Telavi və Qardabanidə yaşayırlar.
Əsrlər boyu qaraçılar öz ənənələrini formalaşdıran və şəxsiyyətlərinin bir hissəsinə çevrilən köçəri həyat tərzi keçiriblər.
Qaraçılar Gürcüstana 19-cu əsrdə gəliblər və indi burada qaraçıların bir neçə qolu yaşayır. İkinci Dünya Müharibəsindən sonra Ukrayna və Rusiyadan olan qaraçılar köç etdikcə sayları artıb. Onların törəmələri bu gün burada qalır. Əksəriyyəti ukraynalı və rus soyadları daşıyır.
Tolerantlıq Mərkəzinin məlumatına görə, küçələrdə rast gəlinən qaraçılar “Dom” qoluna aiddir. Onların dili, dini və mədəniyyəti digər qaraçılardan fərqlidir. Çox vaxt digər qaraçılar onları öz icmalarının bir hissəsi kimi qəbul etmirlər. Bu qola aid qaraçılar mövsümi olaraq Azərbaycandan Gürcüstana gəlirlər.
Anastasiya: “Mən heç vaxt kafe və ya kinoteatrda olmamışam”
Anastasiya: “Mən heç vaxt kafe və ya kinoteatrda olmamışam”
Qardabani bələdiyyəsində bir neçə qaraçı qəsəbəsi var. Onlardan ikisinə – Ağtəkləyə və “Nuhun məhəlləsi” adlanan əraziyə baş çəkdik.
Ağtəklə kəndində çoxlu məktəb yaşında uşaqlar var. Həyətlərdə oynayan uşaqların səs-küyü, gülüşü eşidilir.
Buraya yad adamlar nadir halarda gəlir və görünüşümüzlə yerlilərin marağını çəkirik.
24 yaşlı Anastasiya Abdullayeva qaraçıdır. Evlənəndə onun 14 yaşı var idi. Bizə deyir ki, o və nişanlısı bir-birini sevsə də, qaraçı adətinə görə onu “oğurlayıb”.
16 yaşında ilk övladı, az sonra ikinci övladı dünyaya gəlib. İndi Anastasiya dörd uşaq anasıdır.
Anastasiyanın ailəsinin yaşadığı birmərtəbəli evin divarları çat-çatdır:
“Hər gecə qorxu içində yatırıq. Evimiz dəmir yolunun yanındadır və hər dəfə qatar keçəndə divarlar titrəyir. Uşaqlarımızla burada yaşayırıq, getməyə yerimiz yoxdur”.
Anastasiya bizimlə danışarkən kiçik qızı Mariya da yanında oturub bizi dinləyir. Amma bir ara harasa gedir və sonra təzə köynək geyinib qayıdır.
“O, fotolarda gözəl görünmək istəyir”, deyə Anastasiya gülür.
Anastasiyanın əri Tbilisidəki Lilo bazarında hambal işləyir. Bu işdəki gəliri qeyri-sabitdir, evə demək olar ki, heç nə gətirmədiyi günlər də olur. Ailə sosial ödənişlər də alır, amma hələ də dörd uşağını doyurmağa pulları çatmır:
“Uşaqlar həmişə acdırlar. Yemək və paltar üçün heç vaxt kifayət qədər pulumuz olmur”, – Anastasiya deyir.
Anastasiya 24 illik həyatında heç vaxt kafe, kinoteatr və ya başqa əyləncə məkanlarına getməyib. Bəzən başqa qaraçılar onları Qardabaniyə, Rustaviyə bayram və ya ad günü şənliyinə dəvət edirlər. O, bir neçə dəfə Tbilisiyə səfər edib.
Nə Anastasiya, nə də əri məktəbə gedib. Bu, Roma üçün ümumi hekayədir. Gürcü qaraçılarının əksəriyyəti oxuyub yaza bilmir və tez-tez imza yerinə xaç qoyurlar.
Lakin bu tendensiya tədricən dəyişir.
Anastasiya övladlarının oxumasını istəyir, lakin yoxsulluqdan qurtulmaq və uşaqlarını daha yaxşı gələcəklə təmin etmək asan məsələ deyil.
Ağtəklə kəndində bəzi uşaqlar ümumiyyətlə məktəbə getmir, bəziləri isə təhsil almaq üçün qonşu kəndə getməli olur.
“Sürücü uşaqları Rustavidəki məktəbə aparmaq üçün bizdən 300 lari (təxminən 112 dollar) istədi. Bu pulu hardan alaq? Odur ki, səhər tezdən durub piyada avtovağzala, oradan da 50 tetriyə Rustaviyə gedirik. Saat üçə qədər məktəbin yaxınlığında durub uşaqları gözləyirəm, sonra da evə gətirirəm. Hər gün beləcə…”, – Anastasiya deyir.
Uşaqlar rəqs etmək və başqa mühitləri görmək istəyirlər, lakin valideynlərin bunun üçün pulu yoxdur:
“İstəyirəm ki, onlar ingilis dilini yaxşı öyrənsinlər, amma bizim buna imkanımız yoxdur. Məni sevindirən tək şey hələ də məktəbə getmələridir. Bizdən fərqli olaraq onların təhsili olacaq”.
Niyə təhsil qaraçı icması üçün problemdir?
Təhsil sisteminə çıxışın olmaması qaraçılar üçün ciddi problemdir.
Uzun illər qaraçı uşaqların çoxu məktəbə getmirdi. Müxtəlif səbəblərdən, ən əsası da təhsilin vacibliyini dərk etmədikləri üçün. Hər bir yeni nəsil belə görüb böyüyüb, onların nə valideynləri, nə də valideynlərinin valideynləri oxuyub.
Sosial və maddi maneələr də təhsilin qarşısında maneə kimi dayanırdı. Başevamın romalar icmasında uşaqlar tez-tez məktəbə getmək əvəzinə sədəqə dilənmək üçün küçələrə göndərilir və ya valideynləri çörək qazanarkən kiçik qardaşlarına baxmaq üçün evdə qalırlar.
Bu problemlər bu günə qədər həll olunmamış qalır. Üstəlik, bunların üzərinə sənədlərlə bağlı problem də əlavə olunur.
Nərgiz Cinçaradze 2006-cı ildən Kobuleti şəhərindəki 5 nömrəli dövlət məktəbinin direktorudur və o, həm də qaraçıların təhsilə çıxış imkanlarını artırmaq məqsədi daşıyan qeyri-hökumət təşkilatına rəhbərlik edir.
O, məktəbin direktoru olduqdan sonra bu təşkilatı yaradıb və Kobuletidə yaşayan qaraçıların ümumiyyətlə məktəbə getmədiyini öyrənib:
“Adları şagirdlər siyahısında idi, amma əslində bu uşaqlar məktəbə getmirdilər. Biz məlumat bazasını tərtib etməyə və şagirdlərin şəxsi nömrələrini ora daxil etməyə başlayanda bu adlar yoxa çıxdı. Çünki bu uşaqların heç bir sənədi yox idi”.
Bundan sonra Kobuletidə yaşayan qaraçıların sənədlərini tərtib etməyə başlayıblar. İlk qaraçı şagird 5 nömrəli məktəbə 2007-ci ildə daxil olub.
“Növbəti il artıq üç şagirdimiz oldu, sonra altı. Kütləvi qeydiyyat 2010-2011-ci illərdə başladı və indi bizim 76 qaraçı şagirdimiz var”, – ümumi şagird sayı 330-a yaxın olan məktəbin direktoru Nərgiz Cinçaradze deyir.
Son illərdə uşağın məktəbə yazılması üçün qeydiyyat tələb olunur. Cinçaradze deyir ki, bu, qaraçı icması üçün də problemdir. Bəzi valideynlər gürcü dilini bilmirlər və buna görə də qeydiyyat prosedurunun öhdəsindən gəlmələri mümkün olmur:
“Bütün qanunları pozuram, şəxsiyyət vəsiqəsini, hətta telefonunu da götürürəm, çünki ona kod göndərilməlidir və uşağı qeydiyyata alıram. Biz deyirik ki, hər kəs qeydiyyatdan keçə bilər, amma belə deyil”.
Kobuleti Gürcüstanın ən böyük qaraçı məskənlərindən biridir. Burada 30-a yaxın ailə, ümumilikdə 400-ə yaxın qaraçı yaşayır. Eyni zamanda, Kobuletidəki qaraçılar daha yaxşı yaşayış şəraitinə malikdirlər və ölkənin digər bölgələrinə nisbətən daha inteqrasiyalıdırlar.
Buna baxmayaraq, Kobuletidən olan bəzi qaraçı uşaqlar heç vaxt məktəbə getməyiblər.
Tikinti tullantılarından tikilmiş baraklar
50 yaşlı Aleksandra Petrenko bütün həyatını Ağtəklə kəndində keçirib. O, son 12 ildir ki, evini özəlləşdirmək üçün müxtəlif qurumların qapısını döyür.
Qaraçı icmasının bir çox üzvləri mənzil problemi yaşayırlar. Onların böyük əksəriyyəti ya ikinci əl materiallardan tikilmiş baraklarda, ya da kirayə mənzillərdə yaşayır.
Ağtəklə kəndindəki qaraçı qəsəbəsi bir üçmərtəbəli binadan və barak tipli kiçik evlərdən ibarətdir. Bu evlərin divarları tikinti tullantılarından hörülmüş, damları müxtəlif vaxtlarda müxtəlif yerlərdə tapılmış kirəmit və metal parçaları ilə örtülüb. Külək və yağış çöldə olduğu kimi evlərin içində də hiss olunur.
Barakların döşəməsi yoxdur, çarpayı, stol və digər mebellər birbaşa torbağın üzərindədir. Rütubət, soyuq və sürünənlər burada gündəlik həyatın bir hissəsidir. Həmçinin kanalizasiya sistemi və içməli su da yoxdur. Fanerkadan hazırlanmış tualet kabinələri tarlanın ortasında, evlərdən uzaqda yerləşir.
Kristina Petrenko üç övladı və təqaüddə olan qayınanası ilə Ağtəklədə yaşayır. Evlərinin divarları rütubətlidir, çarpayı ayaqları əvəzinə üst-üstə yığılmış kərpiclər var.
Masada bir neçə yemək var. Kristina onların qapaqlarını açır və evdə bu axşam uşaqlara şam yeməyi hazırlayacağı makarondan başqa heç nə olmadığını bildirir. Ən qorxulusu qış fəslinin yaxınlaşmasıdır, o zaman istilik problemi də minlərlə başqa qayğıya əlavə olunacaq.
Kristinanın uşaqlarından birinin xüsusi ehtiyacları var:
“18 yaşlı oğlum autizmdən əziyyət çəkir. Övladlarıma ev verilməsini xahiş edirəm. Amma gürcü dilini bilmirəm, nə edəcəyimi, kimə müraciət edəcəyimi bilmirəm”.
Kristinanın özü də xroniki xəstəliklə mübarizə aparır. O, lazımi dərmanları yerli hökumətin sosial yardım proqramı vasitəsilə alır. Buna görə səlahiyyətli şəxslərə minnətdardır, lakin bu yardımın kifayət etmədiyini deyir.
Digər qaraçı qəsəbələrində də mənzil məsələsi kəskin problem kimi gündəmdədir.
Qardabanidəki “Nuhun məhəlləsi”ndə bir neçə kiçik ev tikilir. 22 yaşlı Nino Yunenko iki övladı ilə təpədə bir otaqlı evə köçmək üçün tikintinin başa çatmasını səbrsizliklə gözləyir.
“Bizə tikinti materialları lazımdır. Onu qışa qədər bitirsək, sığınacaqımız olacaq”, – Nino deyir.
Kobuletidə yaşayan romaların da mənzil problemi var. Qardabanidən fərqli olaraq, burada onların əksəriyyəti kirayə mənzillərdə yaşayır.
“Onların demək olar ki, hamısı sosial müdafiəsizlər bazasına daxildir və yardım alır, lakin bu vəsait hətta mənzil kirayəsinə belə çatmır. Mən hər fürsətdə deyirəm ki, dövlət bu insanlar üçün beşmərtəbəli bir sosial ev tiksəydi, onların həyat keyfiyyəti çox dəyişərdi və təhsil üçün vəsaitləri olardı”, – Nərgiz Cinçveladze deyir.
Lida: “Bizim yoxsulluğumuz sonsuzdur”
Ağtəklədən fərqli olaraq, “Nuhun məhəlləsi”ndə bizi inamsızlıqla qarşılayırlar. Dəfələrlə deyirlər ki, çoxları gəlib, problemlərini yazıb, amma heç nə dəyişməyib.
Evlərin yanında kiçik bir su kanalı keçir, içində də bir neçə ördək üzür. Evlərdən yüksək səslər gəlir. Görünüşümüzə maraq göstərən uşaqlar, gənclər qrup halında çölə çıxırlar.
Buradakı insanlar hakimiyyətdən razılığını bildirir, amma yoxsulluqdan şikayətlənirlər.
Altı uşağı ilə yarımçıq bir otaqda yaşayan yaşlı qadın Lida Disnenko deyir: “Bizim yoxsulluğumuz sonsuzdur”. Nazik taxta divarlar onları qışın soyuğundan qorumur.
“Mənə həqiqətən daş, dam, döşəmə örtüyü lazımdır. Bəlkə kimsə mənə materiallarla kömək edə bilər. Qışa qədər yetişməliyəm, altı uşağım var, donacağıq”.
Bir neçə il əvvəl “Nuhun məhəlləsi”ndə yanar xammaldan istifadə edən kiçik bir müəssisə açılıb, buna görə qaraçılara həyətlərində od yandırmaq qadağan edilib. Lakin müəssisənin rəhbərliyi qəsəbəyə giriş-çıxış yolu çəkdiyi üçün onlar buna etiraz etmirlər.
Burada ümid və qürurla ancaq uşaqlar haqda danışırlar. Məktəbə gedən yeni nəsil onlar üçün daha yaxşı gələcəyin simvoludur.
Nino deyir: “Oğlumun savadlı olmasını istəyirəm, məndən fərqli olaraq o, başqa həyat yaşayacaq”.
“Yoxsulluq və işsizlik, eləcə də təcrid və müxtəlif xidmətlərə çıxışın olmaması bu icma üçün ən mühüm problemlərdir”, – Etnik Mənsubiyyət və Multikulturalizmin Öyrənilməsi Mərkəzinin rəhbəri Giorgi Sordia izah edir.
Giorgi Sordia 2005-ci ildən qaraçı icmasının problemlərini araşdırır.
“Onların heç bir peşəsi yoxdur, orta təhsil ala bilmirlər, ümumiyyətlə, ali təhsil müəssisələrində oxumurlar. Zəif maaşlı ağır iş axtarmağa məcbur olurlar. Ən yaxşı halda xırda ticarətlə məşğul olurlar, əvvəllər kişilər metal qırıntıları toplayıb satırdılar. Bəziləri müavinət istəyir”, – deyə o bildirir.
Yoxsulluqdan qurtulmaq üçün qaraçılara nə lazımdır?
Yoxsulluqdan qurtulmaq üçün qaraçılara nə lazımdır?
Nərgiz Cinçaradze deyir ki, qaraçı icmasının problemləri çox mürəkkəb olsa da, təhsilə çıxış və mənzil probleminin həlli böyük fərq yarada bilər:
“Təhsil, səhiyyə, dövlət xidmətləri – bütün bunlar dövlət dilini bilmədikləri üçün problemdir. Yaşı 40-dan yuxarı olan insanlar gürcü və rus dillərini zəif bilirlər, məlumat ala bilmirlər. Hər şey təhsildən asılıdır, onlara oxumağa, problemlərini ictimailəşməyə imkan yaratsaq, qalan problemlər də həllini tapacaq”.
Onun sözlərinə görə, təkbaşına oxuyan və ya müxtəlif layihələrdə iştirak edən gənc valideynlərin münasibəti artıq xeyli dəyişib:
“Uşaqlarına kömək etməyə çalışırlar, repetitor tutmaq üçün borc götürürlər. Ancaq bunlar nadir hallardır”.
Bunu qeyri-rəsmi statistika da sübut edir. Məsələn, Nərgizin qaraçı şagirdlərindən heç biri ali təhsil almayıb. Yalnız bir oğlan Dənizçilik Məktəbinə daxil olub.
Nərgiz hesab edir ki, cəmiyyətin münasibəti də dəyişməlidir:
“Bir neçə işimiz oldu, onlara barmenliyi öyrətdik, amma yenə də rədd edildilər, dözə bilmədilər, bu peşədən imtina etdilər və getdilər”.
“Cəmiyyətdə geniş yayılmış stereotipik münasibət var, onlar haqda çox mənfi imic formalaşıb”, – Georgi Sordia deyir.
O, əlavə edir ki, küçədə sədəqə istəyənlərin hamısı qaraçı deyil, qaraçılar heç də həmişə cibgir olmur.
“Romalar Gürcüstanda bu dərəcədə təcrid olunmuş və marginallaşdırılmış yeganə icmadır”, – deyə Sordia təəssüflənir.
Nərgiz Cinçaradze də bunu təsdiqləyir:
“Kobuleti rayonu qarışıqdır, orada çoxlu etnik qruplar yaşayır, lakin yalnız qaraçı icması təcrid olunmuş vəziyyətdə yaşayır. Uşaqlara daha dözümlü yanaşırlar, amma valideynlərə münasibət hələ də mənfidir. Sadəcə, əvvəllər aqressiv formada ifadə oluna bildiyi halda, məsələn, “uşağımı başqa məktəbə köçürəcəm, oğlumla birlikdə qaraçının oxumasını istəmirəm”, kimi sözləri artıq ucadan demirlər.
Onun fikrincə, təhsil bir çox sağlamlıq problemlərinin həllinə də kömək edə bilər. 1990-cı illərlə müqayisədə mənzərə az-çox dəyişsə də, qaraçılar arasında evdə doğuşlar hələ də baş verir:
“Bu il üç məktəbyaşlı uşağın evdə doğulduqları üçün doğum haqqında şəhadətnamələri olmayıb. Bunu düzəltməkdən ötrü çox səy göstərdik”.
Dövlət nə edir?
“Dövlət qaraçıların varlığını tanıyır” deyən Giorgi Sordia uzun illər əvvəl “vətəndaş bərabərliyi və inteqrasiya üzrə dövlət strategiyası”nda qaraçılardan ümumiyyətlə bəhs edilmədiyini, dövlətin onları görmədiyini və nəzərə almadığını izah edir.
“Sonradan QHT-lərin və qaraçıların özlərinin cəlb olunması nəticəsində, bu qrup sənədə daxil edilib. Bu strategiyanın məsələlərindən biri kiçik və marginal qrupların problemidir və bu kontekstdə ilk növbədə qaraçılar nəzərdən keçiriləcək”.
Həqiqətən də, “2021-2030-cu illər Vətəndaş Bərabərliyi və İnklüzivlik üzrə Dövlət Strategiyası”nda qaraçılarla bağlı qeyd var.
Sənəddə icmanın üzləşdiyi bütün problemlər sadalanır: sosial proqramlarda və ictimai həyatda minimal iştirak, təhsillə bağlı problemlər, evdə doğuşlar, doğum haqqında şəhadətnamələrin olmaması. Qaraçı əhalisinin dəqiq sayının öyrənilməsi və “ictimaiyyətin ehtiyaclarına uyğunlaşdırılmış və nəticələrə yönəlmiş konkret fəaliyyətləri müəyyən etməyə” imkan verəcək rəsmi statistikanın hazırlanması zərurətindən bəhs edilir.
Amma praktikada bütün bunlar hələ həyata keçirilməyib.
“Bizim bu mövzunu müzakirə etməyə başlamağımızdan 20 il keçir və heç bir nəzərə çarpacaq nəticə yoxdur”, – Giorgi Sordia deyir.