“Abzas Media”nın dördüncü əməkdaşı həbs edilib
Abzas Media işi
Azərbaycanda “Abzas Media” müstəqil internet nəşrinin daha bir əməkdaşı həbs edilib. Reportyor Nərgiz Absalamova da sayt rəhbərliyi kimi qaçaqmalçılıqda ittiham olunur.
- “Google maps”in belə tanımadığı “Məzunlar evi”nə yolüstü səfər
- Azərbaycanda son 10 ildə diabet xəstələrinin sayı 3 dəfə artıb
- “Kanal 13”ün direktoru saxlanılıb
Dekabrın 1-də Bakının Xətai rayon Məhkəməsi “Abzas Media” internet nəşrinin jurnalisti Nərgiz Absalamova haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilməsinə qərar verib. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxslə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Jurnalist Absalamova peşəkar fəaliyyətinə görə təqib olunduğunu bildirərək günahsız olduğunu bəyan edib. İstintaq Absalamova ilə “AbzasMedia”nın daha əvvəl həbs edilmiş digər üç əməkdaşı – direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və direktor köməkçisi Məhəmməd Kekalovun qaçaqmalçılıq cinayətində əvvəlcədən əlbir olduğunu iddia edir.
Məhkəmə binası yaxınlığında toplaşan Absalamovanın həmkarları polis zorakılığı ilə üzləşiblər.
Absalamova noyabrın 30-da saxlanılıb. O, şahid qismində ifadə vermək üçün növbəti dəfə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Üç saatdan çox vaxt keçdikdən sonra onun təqsirləndirilən şəxs kimi saxlanıldığı elan edilib.
Bu hadisələrə cavab olaraq, “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı Avropa Şurasının media azadlığı platformasını məsələyə müdaxilə etməyə, Azərbaycanda jurnalistlərə qarşı artan repressiyaları dayandırmaq və onların azadlığa buraxılmasını təmin etmək üçün tədbirlər görməyə çağırıb.
DİN jurnalistlərin konkret cinayətə görə həbs edildiyini bildirib
Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinə məktub göndərib.
Komitənin saytındakı məlumatda deyilir ki, Eyvazov elektron poçtla bildirib ki, Həsənli, Vaqifqızı və Kekalova qarşı ittihamların onların işilə əlaqəli olması barədə iddialar “tamamilə əsassızdır”.
Eyvazov bildirib ki, həmin üç nəfər «“gömrük nəzarətindən kənarda və ya gizli və bəyannamə olmadan” Azərbaycanın dövlət sərhədindən “böyük miqdarda xarici valyuta” keçiriblər və “Abzas Media”nın ofisində tapılan 40 000 avro qaçaqmalçılıqla keçirilən valyutanın “bir hissəsi” olub.
XİN diplomatik missiyaları “Abzas Media”nı qanunsuz maliyyələşdirməkdə günühlandırıb
Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar.
XİN-in məlumatına görə, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “Abzas Media” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “Abzas Media”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırladılıb.
Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.
“Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb”, – deyə məlumatda bildirilir.
Almaniya səfirliyinin bəyanatı
Almaniya səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin ittihamları ilə bağlı aşağıdakı bəyanatı yayıb:
“Almaniya Səfirliyi 3 dekabr 2021-ci il Beynəlxalq Əlillər Günü münasibətilə ”KEKALOVE ADAPTIVE” tərəfindən təşkil edilən moda nümayişi ilə əlaqədar 1500 Avro maliyyə yardımı da daxil olmaqla, Məhəmməd Kekalovu və əlillər üçün sosial öhdəliyini davamlı olaraq dəstəkləmişdir. Ən son bu ilin may ayında Almaniya səfirinin iqamətgahında bu moda nümayişinə dəstək verdik.
Biz cənab Kekalova qarşı irəli sürülən ittihamlardan çox narahatıq və onun ədalətli mühakimə olunmasını gözləyirik”, – deyə bəyanatda bildirilir.
ABŞ Dövlət Departamenti nümayəndəsinin bəyanatı
Birləşmiş Ştatlar da Azərbaycan hakimiyyətinin ittihamlarına cavab verib.
“ USAID-in yardım layihələrilə bağlı bu cür ittihamlar yalandır və bizim yardımın məqsədini kökündən yanlış xarakterizə edir. Hər zaman olduğu kimi, bizim köməyimiz şəffafdır. Bütün dünya USAID proqramları azad və dinc cəmiyyətlərə yönəlmiş demokratik dəyərləri təbliğ edir”, – ABŞ Dövlət Departamenti nümayəndəsi Turan informasiya agentliyinin sualını cavablayarkən bildirib.
“Jurnalistlər xidmət müqavilələri əsasında xaricdən maliyyə ala bilərlər”
Media hüquqları sahəsində ekspert Ələsgər Məmmədlinin Turan Agentliyinə verdiyi açıqlamaya görə, Azərbaycan qanunvericiliyinə görə KİV-in birbaşa xaricdən maliyyələşdirilməsi həqiqətən qadağandır. Qanunvericiliyə əsasən, xarici donorlar Azərbaycanda qeydiyyatdan keçməlidir.
“Bununla belə, qanunvericilik jurnalistlərin fərdi qaydada, xidmət müqavilələri əsasında xaricdən maliyyə vəsaiti almasını məhdudlaşdırmır.
Redaksiyalar da kommersiya müqavilələri əsasında iş yerinə yetirə bilər.
Qadağa media subyektlərinin xərclərinin: ofisin saxlanılması, işçilərə əmək haqqı ödənilməsi və s.-nin birbaşa maliyyələşdirilməsi ilə bağlıdır.
Media qurumlarının maliyyələşdirilməsinə qadağa Azərbaycanın müstəqil mətbuat nümayəndələrinin, beynəlxalq təşkilatların tənqidinə məruz qalan və Avropa Şurası Venesiya Komissiyasının mənfi rəyini alan media haqqında yeni qanunla tətbiq olunub”, – deyə Məmmədli qeyd edib.