Erməni xalqı “Qarabağ klanı”ndan azad olundu – Ermənistandakı hadisələrə Azərbaycanda reaksiya
Azərbaycanda son günlərdə ən çox müzakirə olunan mövzulardan biri qonşu Ermənistandakı vəziyyətdir. Yeni seçilmiş baş nazir Serj Sarqsyan 10 gün sürən və müxalifət lideri Nikol Paşinyanın başçılıq etdiyi küçə etirazlarından sonra könüllü şəkildə istefa verir. Azərbaycanda isə qonşu dövlətdə yaranan vəziyyətin nə ilə nəticələnəcəyi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə, regiondakı vəziyyətə təsir edib-etməyəcəyi üzərində baş sındırırlar.
Ermənistanda baş verənlər barədə daha ətraflı JAMnews-un Yerevandan olan reportajında
“Erməni xalqı 20 ildən çoxdur ki, Qarabağ kartını oynayan, nəticədə də ölkəni regional və beynəlxalq layihələrdə iştirak imkanından məhrum edərək, bunlardan təcrid olunmasına gətirib çıxaran “Qarabağ klanı”ndan azad olunub”, – Azərbaycan mətbuatı Serj Sarqsyanın istefasını bu cür şərh edir.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Facebook” sosial şəbəkəsində Ermənistda hadisələrin sonrakı inkişafını müzakirə edərkən, cəbhə xəttində eskalasiyanın mümkünlüyünü istisna etməyib.
“Qulpsuz çamadan” – Rusiyada Ermənistanı məhz bu cür adlandırırlar, artıq Rusiyaya lazım deyil. Hakimiyyətə Ter-Petrosyanın əhatəsindən olan realistlər gəlsə, irəliləyiş mümkündür, əgər öz mövqelərini möhkəmləndirmək üçün “təzələr” populizmlə məşğul olmağa başlasalar, müharibə qaçılmazdır. Onları gözdən salmaq üçün “məsələhətçiləri” onlara ikinci variantı təklif edəcək…”, diplomat belə hesab edir.
Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov da bu fikirləri bölüşür.
“Qorxuram ki, Ermənistandakı vəziyyət tezliklə sabitləşməyəcək. Əlbəttə, Qərb və Rusiyadan olan himayədarlar hər cür Ermənistandakı “demokratiya”ya təriflər yağdıracaq və bizi Yerevanda güzəştli sülhə görə məsuliyyəti öz üzərinə götürməyə qadir olan hökumətin formalaşmasını gözləməyə çağıracaq. Amma mən Tofiq müəllimlə razıyam (Tofiq Zülfüqarov – red.) ki, biz əhəmiyyətli danışıqlara başlamaq üçün vaxt limitini dəqiq müəyyən etməliyik. Onlar payızda başlamasa, “Qarabağ adında irin yerini” silah gücünə açmalı olacağıq”, – deyə o, özünün “Facebook” səhifəsində yazıb.
CBC telekanalının studiyasına dəvət olunan politoloq Elxan Şahinoğlu bildirib ki, Serj Sarqsyan ultimatum nəticəsində istefa verib.
“Ordu müxalifətin tərəfinə keçməyə başladı. Sarqsyanın qarşısında ultimatum qoyuldu, buna görə də o, istefa verdi”, – Şahinoğlu deyib və xatırladıb ki, vaxtıykən Sarqsyanın özü o vaxtkı baş nazir Robert Koçaryanla birlikdə analoji şəkildə, yəni hərbçilərin köməyilə Ermənistan prezidenti Levon Ter-Petrosyanı istefa verməyə məcbur edib. Ermənistanda sonrakı hadisələrin inkişafına toxunan politoloq bildirib ki, yeni Ermənistan hakimiyyəti anlamalıdır ki, siyasi kursu dəyişmək lazımdır. Ermənistanın Azərbaycan və Türkiyəylə düşmənçiliyi ölkəyə yaxşı heç nə vəd etmir.
“Rusiyanın sükutu, proseslərə müdaxilə etməməsi, Qarabağda döyüşləri başlamaması onu deməyə əsas verir ki, oyunun içindədirlər, hətta oyun quranlardır. Ermənistanda elə bir vəziyyətdir ki, kimliyindən asılı olmayaraq udan tərəf Rusiyanın maraqlarını tam təmin etməyə məhkumdur”, politoloq Natiq Cəfərli belə hesab edir.
Bu zaman azərbaycanlı “Facebook” istifadəçilər də qonşu dövlətdəki vəziyyətə öz münasibətlərini bildirirlər.
“Yerevanın küçələrində kütləvi bayram başlayıb – hiyləgərcəsinə hakimiyyəti ələ keçirmək istəyən Serj Sarqsyan xalqın iradəsinin təzyiqi altında istefa verib. Tam haqqı olduqlarına nail olanlara sayğılar. Tanrı, konstitusiya və vicdan tərəfindən verilən haqq. (…) Güc, hakimiyyət, silah və qüdrətli havadarların xalq qəzəbinin qüdrəti qarısında istənilən gücünü itirməsi necə də gözəldir”, – deyə istifadəçi Rövşən Kərimov yazır.
Toto Mehdiyev adlı istifadəçi yazır:
“Ermənistanın dəstəklədiyi müxalifətçi Nikol erməni işğalının əsas tərəfdarlarından biridir. O hesab edir ki, Sarqsyan Rusiyanın “eqidası” altında Qarabağ münaqişəsi məsələsində zəiflik göstərib. Bir şey tam aydındır ki, hakimiyyətə Respublika partiyasından olMAYan nümayəndə gəlsə, Rusiyanın artıq orada da, Gürcüstan və Ukraynadan sonra təsiri sona çatacaq. Vaxt keçdikcə Rusiya Qarabağ münaqişəsində daha çox Ermənistanın deyil, bizim tərəfimizi tutacaq (Rusiya üçün Qafqaz regionunun strateji əhəmiyyəti var). Buna görə də bu, daha çox onların deyil, bizim xeyrimizədir. Erməni tərəfinə sevinmək hələ tezdir”.
“Xalqın birliyindən xoşum gəlir. Bəli, onlar bizim düşmənlərimizdir, amma onlar bacardılar. 10 günə çoxminlik insan axını hökuməti devirməyi bacardı”, – Arzu Əhmədova yazır.
“Mən həmişə belə hesab etmişəm və indi də bu fikirdə qalıram ki, Qarabağ nəticədə daha demokratik tərəfə nəsib olacaq”, – Dadaş Sarıtorpaq adlı yuzer yazır. İstifadəçi Qasım Abdullayev isə hesab edir ki, “Ermənistandakı nümayişçilər ləyaqət və qanuniliyin tərəfindədirlərsə, qalib gəlsinlər. Bizim qanuni torpaqlarımızdan da ləyaqətlə gedəcəklər”.
Ümumilikdə tipik şərhlər aşağıdakı kimidir:
“Sağ əlləri bizim başımıza”.
“Bax, bu, demokratiyadır, ta bizdəki kimi yox”.
“Siz nəyə sevinirsiz, Qarabağı almısız?”
“Nə fərqi var, onun yerinə də erməni gələcək, hamısı eynidir”.