Lelo
İldə bir dəfə Quriyanın Şuxuti kəndi bütün ölkənin diqqət mərkəzində olur. Yeganə yerli mehmanxana qonaqların hamısını yerləşdirə bilmir. Pasxada yeganə yol bağlanır və bütün sakinlər, çoxsaylı turistlər, gürcü və xarici jurnalistlər əsas mərasimi lelo oyunu olan bir günlük bayrama toplaşır.
Lelo oyunu ənənəsi Osmanlı imperiyası dövründə, kiçik quriyalı ordusu çoxsaylı türk qoşunu üzərində qələbə çalanda yaranıb. Oyun həmin o əlamətdar qələbə şərəfinə təşkil olunub və keçirilib.
Lelonu tez-tez “qaydasız reqbi adlandırırlar”, amma bu oyunda da müəyyən qaydalar var:
- Oyunda iki komanda iştirak edir – Zemo (Yuxarı) Şuxuti və Kvemo (Aşağı) Şuxuti: oyunçuların dəqiq sayı yoxdur – istənilən qədər ola bilər, oyunçu nə qədər çox olsa, komanda üçün də o qədər yaxşıdır, çünki bu qalib olmaq şansını artırır.
- Leloda istifadə olunan topun içində qum və taxta kəpəyi olur, çəkisi 1 kilo olmalıdır.
- Oyuna kəndin mərkəzindən başlayırlar. Oyunçular topu çayın o biri tayına çatdırmalıdırlar. Aralarında məsafə təxminən 500 metrdir. Çaylar arasında olan hər şey, həyətlər, bağlar, bostanlar da daxil olmaqla oyun meydançası sayılır.
- Çayın o tayına topu çatdıran komanda qalib gəlir. Qalib oynanılan topu bu yaxınlarda dünyasını dəyişən kənd sakininin qəbri üstünə aparmaq kimi şərəfli haqq qazanır.
- Oyunçulardan biri ağır travma alırsa, qalanları əllərini yuxarı qaldırmaqla bu haqda xəbər verirlər. Bu zaman zərərçəkən oyundan çıxarılana qədər oyun dayandırılır. Yarışda qadağan olunmuş fəndlər yoxdur, bütün vasitələrdən istifadə olunur, buna görə də travmalar adi haldır. 2015-ci ildə isə faciə baş verib – orta yaşlı kişi aldığı zədələrdən ölüb. Amma oyun davam edib.
- Oyunçular ayıq olmalıdır.
Bayrama hazırlıq xeyli əvvəl başlayır. Oyuna bütün yerli fəallar, mədəniyyət və idmana aidiyyəti olan bütün insanlar hazırlaşır. Uşaqlar, komandalar, musiqi kollektivləri məşq edir, yerli istehsalçılar isə satış üçün məhsulun həcmini artırır.
Bir gün əvvəl yerlilər yığışır və ənənəvi Pasxa liturgiyasında görüşürlər. Liturgiya bütün gecəni davam edir, bu, pravoslavların ən mühüm bayramıdır. Eyni zamanda insanlar qarşıdakı oyunla bağlı son detalları müzakirə edir və razılaşdırır.
Növbəti gün bütün bələdiyyə işçiləri oyunun keçiriləcəyi yerdə toplaşır, 11.00-da isə tədbir başlayır.
Bu il lelo oyunu hava çox isti olduğundan axşam saat 5-də başlayıb. Yarış bir neçə fasilə və hardasa bir saatlıq anlaşılmazlıqla təxminən 3 saat sürüb – top (onunla birlikdə də bir neçə oyunçu) su axınına düşüb. Nəticədə oyun Zemo (Yuxarı) Şuxuti komandasının qələbəsi ilə başa çatıb.
Lelonu o qədər çox adam oynayır ki, topun özü də bəzən gözdən yayınır. Kimsə topun kimdə olduğunu görən kimi tərəfdaşlarına onu göstərir və hamı topu ələ keçirmək üçün həmin istiqamətdə qaçır.
Oyunçular təhlükəsizlik qaydalarına riayət etməyə çalışır, bununla belə, sınıqlar və təngnəfəslik nadir hal deyil.
Gün qəbiristanlıqda təşkil olunan qonaqlıqla bitir. Onu birlikdə oyun iştirakçılarının ailələri təşkil edir. Əvvəlki oyunlar, onların iştirakçıları, rəhmətə gedən qohumları və dostları üçün sağlıq deyilir.