İlham Əliyev: “Bizə yeni müharibə lazım deyil”
Əliyev Xankəndidə hərbi paradda
“Əgər o vaxt və bu gün Ermənistan rəhbərliyi və onun arxasında duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydı, ikinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı”, – İlham Əliyev Xankəndidə hərbi paradda çıxışı zamanı deyib. “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik”, – deyə Azərbaycan prezidenti əlavə edib.
- “Reyestrdən kənar” KİV-lərin məhkəmə yolu ilə bağlanması prosesinə başlanılıb
- Hökumət Bakı metrosunda gediş haqqını artırmağa hazırlaşır?
- Danışıqlar prosesindəki fasilə nəyə gətirib çıxaracaq? Bakıdan şərh
Noyabrın 8-də Xankəndidə Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində qələbəsinin üçüncü ildönümü münasibətilə hərbi parad keçirilib. Azərbaycan prezidenti İlham Əliyev paradda çıxış edib.
“Tarixi hadisə”
İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qələbəsindən danışan İlham Əliyev bunu “tarixi hadisə” adlandırıb:
“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”.
O, həmçinin 44 günlük müharibədən əvvəlki dövrü və ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında davam edən danışıqları xatırladıb:
“İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi.
Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik.
Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.
“Müharibənin dayandırılması bizim şüurlu seçimimiz idi”
Əliyev çıxışında Şuşanın azad edilməsindən sonra ikinci Qarabağ müharibəsinin dayandırılması mövzusuna toxunub:
“Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik addım idi.
O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu.
Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”.
“Bundan sonra bizimlə heç kim zarafat etməsin”
“İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq.
Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir.
Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız, bu, sizin öhdəliyinizdir.
Amma həyatda biz bunun əksini gördük, nəinki Ermənistan silahlı qüvvələri çıxarılmadı, əksinə, daha çox qüvvə göndərilmişdi. O vaxt Laçın-Xankəndi yolu hələ bizim nəzarətimizdə deyildi, silah-sursat, minalar gətirilmişdi və Ermənistanın siyasi rəhbərliyi Qarabağdan öz silahlı qüvvələrini çıxarmaq istəmirdi.
Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir.
Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin”, – deyə prezident çıxışına davam edib.
“Bizə yeni müharibə lazım deyil”
Əliyev vurğulayıb ki, Azərbaycan öz məqsədlərinə nail olub və yeni müharibə istəmir:
“Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”.