Sülh müqaviləsinin beş prinsipindən üçü razılaşdırılıb. Bəs qalanları? Bakıdan baxış
Sülh müqaviləsinin beş prinsipi
Nikol Paşinyan bu gün bildirib ki, Azərbaycan və Ermənistan arasında üç əsas sülh və münasibətlərin normallaşdırılması prinsipləri razılaşdırılıb. 2021-ci ilin fevralında Azərbaycan beş prinsipə əsaslanan sülh müqaviləsi təklif edib. Bu beş prinsipdən hansı razılaşdırılmayıb? JAMnews bu məsələ ilə bağlı ekspert Hacı Namazovun fikrini öyrənib. Onun sözlərinə görə, “digər iki prinsip razılaşdırılmış üçünü tamamlayır, lakin onları əvəz etmir”.
- Ermənistan hökuməti Dağlıq Qarabağdan didərgin düşənlərə yardım edir
- “Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
- Azərbaycanda məhkumlar artıq məzuniyyətə buraxılırlar
Bu gün parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülhün və münasibətlərin normallaşdırılmasının üç əsas prinsipi razılaşdırılıb:
- Ermənistan Respublikası və Azərbaycan Respublikası bir-birinin ərazi bütövlüyünü tanıyır: Ermənistan Respublikası 29,8 min kv.km. Azərbaycan ərazisi isə 86600 kv.km.
- Tərəflər Almatı bəyannaməsi əsasında delimitasiya barədə razılığa gəliblər.
- Regional nəqliyyat tərəflərin suveren yurisdiksiyası əsasında açılacaq, qarşılıqlı və bərabərlik əsasında fəaliyyət göstərməlidir.
“Bu 3 prinsip üstəgəl, əlbəttə ki, daha bir fundamental haldır ki, bu münasibətlər zamanı tərəflər güc tətbiq etməkdən və ya güc tətbiq etmək hədəsindən imtina edirlər”, – Ermənistanın baş naziri bildirib.
Beş prinsip hansılardır?
2021-ci ilin fevralında, ikinci Qarabağ müharibəsi başa çatdıqdan üç ay sonra rəsmi Bakı İrəvana beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun hazırlanmış beş prinsip əsasında sülh danışıqlarını təklif etdi:
- dövlətlər tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, dövlət sərhədlərinin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı tanınması;
- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasını qarşılıqlı şəkildə təsdiq etmələri və gələcəkdə belə iddialarla çıxış etməmək barədə öz üzərinə hüquqi öhdəlik götürmələri;
- beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə xələl gətirməkdən, bir-birinin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə zidd olan digər hallardan çəkinmək;
- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyatın açılması, digər müvafiq kommunikasiyaların və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması.
Ekspert şərhi
Siyasi icmalçı Hacı Namazovun sözlərinə görə, Paşinyanın çıxışında qeyd olunan üç prinsip Azərbaycanın təklif etdiyi beş prinsipdən üçünü təkrar edir:
“Razılaşdırılmış prinsiplərin erməni variantında Azərbaycanın təklif etdiyi iki prinsip yoxdur.
Bunlar dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasını və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik götürmələrinin, habelə beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə xələl gətirməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən çəkinmək şərti və BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər halların qarşılıqlı təsdiqidir.
Əslində, Paşinyanın dəqiqləşdirmədiyi, lakin Bakının təkliflərində olan bu iki şərt ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması prinsipindən irəli gəlir. Ancaq vurğulamaq lazımdır ki, bu iki prinsip razılaşdırılmış üçünü tamamlayır, lakin onları əvəz etmir”.
Namazov qeyd edib ki, ərazi bütövlüyünün tanınması gələcəkdə iddiaları istisna etmək demək deyil:
“Məsələnin mahiyyəti nədir? Ermənistan konstitusiyasında qeyd olunur ki, bu ölkənin Azərbaycan ərazisinə iddiaları var. Orada açıq şəkildə göstərilir ki, Ermənistan “DQR-in müstəqillik elanını” tanıyır. Başqa sözlə, Ermənistan sülh danışıqları masasına oturmazdan əvvəl bu bəndi öz Əsas Qanunundan çıxarmağa borcludur. Əks halda Azərbaycanın ərazi bütövlüyünü tanımaq ikiüzlülükdən başqa bir şey kimi görünmür.
Sülh müqaviləsi imzalayan ölkələrin beynəlxalq münasibətlər çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini təhdid etməməsi də vacibdir. Son zamanlar, məhz Qarabağın erməni sakinləri Azərbaycan ərazisini könüllü tərk etdikdən sonra, demək olar ki, bütün beynəlxalq təmaslarında Ermənistan rəsmiləri Qarabağın guya mübahisəli ərazilər olması barədə danışırlar. Mən onların xarici opponentlərinin Azərbaycana, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində antiterror əməliyyatı keçirmiş ölkəyə qarşı hansısa sanksiyaların tətbiqi ilə bağlı gülünc bəyanatlarını demirəm.
Bütün yuxarıda deyilənlərdən mənə aydındır ki, Azərbaycanın təklif etdiyi beş əsas prinsipin hamısı qəbul edilmədən sülh müqaviləsindən söhbət gedə bilməz”.
“Azərbaycan sülh sazişi imzalamaqda israrlıdır”
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Ermənistanla sülh danışıqları mövzusu ilə bağlı mühüm açıqlamalar verib. “Azərbaycan dövləti sülh gündəminə sadiqdir. Prezident İlham Əliyev həmişə bu barədə danışır. Belə ki, 2021-ci ilin fevralında Azərbaycan Ermənistana hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı rəsmi təklif göndərib.
Təəssüf ki, erməni tərəfi bir ilə yaxın bu təklifə cavab vermədi. Bundan başqa, Azərbaycan Ermənistana sülh sazişinin 5 əsas prinsipi ilə bağlı təklif göndərib. Bu təklif ilk dəfə 2022-ci ilin fevralında qeyd olunub. Bu barədə beynəlxalq ictimaiyyət, üçüncü dövlətlər və bu prosesə yardım edən tərəflər də məlumatlandırılıb”, – nazir müavini AzərTaca verdiyi müsahibəsində xatırladıb.
O əlavə edib ki, Ermənistan Azərbaycan tərəfi ilə gələcək sülh sazişinin şərtlərinin müzakirəsinə yalnız 2022-ci ilin avqustunda keçirilən bir başqa görüşdən sonra başlamaq qərarına gəlib:
“Deyə bilərik ki, təxminən il yarım ərzində Ermənistan bu təklifə ümumiyyətlə cavab vermədi. Ötən ilə diqqət yetirsək, bir neçə platformada sülh danışıqları aparılıb, gələcək sülh sazişinin şərtləri ilə bağlı qarşı tərəfə konkret və ətraflı təkliflər verilib. Ermənistan da öz şərhini və mövqeyini Azərbaycana təqdim edib”.
Xarici işlər nazirinin müavini bəyan edir ki, Azərbaycan sülh sazişini imzalamaqda israrlıdır:
“Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də ilk addımları Ermənistan atmalıdır. Bu gündən etibarən sülh sazişinin əksər bəndləri tərəflər tərəfindən razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh sazişinin əldə edilməsi prosesi asanlaşıb və onun imzalanma ehtimalı yüksək olmalıdır”.