“Evimiz üçün darıxmışam”. Xocalıya köçəcəyi günü gözləyən 70 yaşlı Vidadi Məmmədovun hekayəsi
Qarabağa qayıdış
Onunla Xətai rayonu ərazisində “Kvadrat”lar adlanan yerdə görüşürük. Dolanbac küçələrdə öndə gedə-gedə yolu izah edir:
“Buralar bir az qarışıq yerdir. Amma elə bir yolumuz qalmayıb. Bircə bu binanın axırına çataq”, – əli ilə köhnə yataqxana binasını göstərir.
Vidadi Məmmədov 1954-cü ildə Xocalıda doğulub. İndi Xətai rayonunda köhnə yataqxana binasına bitişik əlavə tikilidə, balaca otaqda oğlu, gəlini və nəvələri ilə birgə yaşayır.
Həyətlərindəki tut ağacını göstərib, gülümsəyərək deyir:
“Xocalıdakı evimizin həyətində çoxlu tut ağacı vardı. İndi burada özüm üçün balaca Xocalı yaratmışam”.
- Azərbaycanda məhkumlar artıq məzuniyyətə buraxılırlar
- Aktivistlər hüquq-mühafizə orqanlarında zorakılığa məruz qaldıqlarını deyirlər
- Zelenski Ukraynanın Abxaziyadakı Rusiya hərbi gəmilərinə hücum edəcəyini təsdiqləyib
19 sentyabr 2023-cü il tarixində Azərbaycan ordusunun başladığı hərbi əməliyyatlar nəticəsində Xocalı şəhəri Azərbaycanın nəzarətinə qayıdıb. Vidadi Məmmədov xəbəri televiziyadan eşidəndə sevincindən ağlayıbmış. Həmin gündən tezliklə Xocalıya qayıdacağı ümidi ilə yaşayır:
“Evimiz üçün darıxmışam. Məktəbə getdiyimiz yollar, bağımız-bostanımız gözümün qarşısındadır. Orada olanda Bakıdakı kimi yaşamırdıq, vəziyyətimiz çox yaxşı idi, heç nədən korluq çəkmirdik. Ehtiyacımız olan hər şeyi özümüz əkib-becərirdik. Südümüz, ətimiz isə saxladığımız mal-qaranın hesabına əldə olunurdu. Ora qayıdanda həmin təsərüffatı yenidən bərpa edəcəyəm”, – deyir.
“Ən çox Qırxqız dağının ətəyindəki Qasım bulağı üçün darıxıram”
Vidadi dayının 70 yaşı tamam olmaq üzrədir. Yaddaşı xeyli zəifləyib. Bəzən ünvanları, telefon nömrələrini unudur. Amma Xocalıdakı xatirələri həmişə çox canlıdır.
Danışır ki, atası Şükür Məmmədov arıçılıqla məşğul imiş. Həyətlərində xeyli arı pətəyi saxlayırmış. O isə həmişə onlardan uzaq gəzib, ehtiyat edirmiş.
Yeniyetməlik illərində yayda atası ilə bərabər Qırxqız dağının ətəyində yerləşən Qasım bulağına gedər, orada çadır qurar, günlərlə qalarlarmış.
“Ən çox o bulağa getməktən ötəri darıxıram”, – deyə, köks ötürür.
Xocalıda orta təhsil aldığı məktəb 8 illik olub. Qardaşı Vaqif ali təhsilli imiş. Onun da oxumağını istədiyindən Vidadini universitet imtahanlarına hazırlaşdırır. Vidadi dayı deyir ki, arzusu inşaatçı-mühəndis olmaq idi. Bu niyyətlə də universitet imtahanına girir. İstədiyi fakültəyə daxil ola bilməsə də, Gəncə Politexnikumunda (indiki adı: Gəncə Texniki Kolleci) təhsil almağa haqq qazanır. Bununla da həvəsdən düşür, ali təhsil arzularını bir kənara qoyur. Əvəzində isə o vaxt yaxşı qazanc mənbəyi kimi görülən sürücülük peşəsinə yiyələnir.
1974-cü ildə bir müddət Bakıya üz tutur. Burada 1 nömrəli avtobus parkında sürücü işləyir. Binə qəsəbəsindən Nərimanov rayonunadək uzanan marşrut xəttində dörd il avtobus sürür.
“Qız mənimlə evlənmək istəmədi, mən də qaçırdım”
Vidadi Məmmədov Bakıda bundan artıq qala bilmir. Bacısı Ofeliya onu evlənməsi üçün geri, Xocalıya çağırır. Ofeliya Xocalıda işlədiyi cins mal-qara fermasındakı iş yoldaşını qardaşına göstərib, ona elçi gedəcəklərini deyir, o da razılaşır. Amma elçi getdikləri qız onunla evlənmək istəmir. Beləcə Vidadi qərara gəlir ki, qızı qaçırsın. Belə də edir və Xocalıda toy mağarı qurulur.
“Xocalının hər yerindən dost-tanış toya yığılmışdı. O vaxt təriflənən bir aşığı da toya çağırmışdıq. Səhər tezdən başlayan toy, gecəyə qədər davam elədi. Rayonlarda indi də elədir, ya yox, bilmirəm. Amma o vaxt toylar azı bir tam gün çəkərdi. Gəlin isə nadir hallarda öz toyunda iştirak edər, iştirak etsə də, qol qaldırıb oynamazdı”.
Vidadinin bu evlilikdən iki oğlu dünyaya gəlir. Deyir, evləndikdən sonra Xocalı işğal edilənə qədər orada yaşayıblar.
Arada ətraf rayonlarda sürücü lazım olanda gedib günəmuzd işləyirmiş. Amma əsasən əkin-biçinlə dolanırmışlar. Deyir ki, Xocalıda torpaq əkin üçün çox yararlı idi, odur ki, bazardan, demək olar, heç nə almazlarmış, əksər meyvə-tərəvəzi özləri yetişdirirmişlər.
“Son ana qədər inanmadım ki, ermənilər Xocalıya girəcək”
“Mən erməninin evində gecələyirdim, birgə yeyirdik-içirdik”, – Xocalıdakı erməni tanışları barəsində şövqlə danışır.
Birinci Qarabağ müharibəsi başlayana qədərki dövrdə erməni dost-tanışları çox imiş. Çox azərbaycanlının uşağına ermənilər, ermənilərin uşaqlarına da azərbaycanlılar kirvəlik edirmiş:
“Mehriban idik, vallah. Atamın çox erməni dostları vardı. Həmişə gedib-gəlirdilər. Hələ Andrey adında bir erməni atamın ən yaxın dostlarından biri idi, Əsgaranda yaşayırdı. İndi qayıtsam ora, qapılarına kimi tanıyıram. Bilmirəm, necə başa salım. Onlardan adama qardaş olmaz deyirlər, amma biz qardaş kimi yaşayırdıq. Münasibətlər necə oldu bu səviyyəyə çatdı, heç birimiz başa düşmədik. Açığı, gözləmirdik də”, – deyib, dayanır.
Elə gözləmədiyindəndir ki, Xocalıya hücum başlayanda evini ən gec tərk edənlərdən biri olur. Erməni silahlı qüvvələri Xocalı ətrafını hərbi texnika ilə mühasirəyə alsa da, o, hərbçilərin camaata toxunacağını düşünmür. Ta ki 26 fevral gecəsi faciə yaşanana qədər:
“Axşamtərəfi camaata hay saldılar ki, evdən çıxın, ermənilər Xocalıya girəcək. Son ana qədər inanmadım. Deyirdim, əşi, elə şey ola bilməz”.
“Güllə dəyirdi yanındakına, yıxılırdı, baxa bilmirdin ki, ölüb, ya sağdı”
Gecə Xocalıda güllə səsləri eşidilməyə başlayanda ailəsi ilə birgə süfrə arxasında yemək yeyirmişlər. Səsə çölə çıxanda camaatın meşəyə tərəf qaçdığını görür. Uzaqdan baxır ki, tankları evlərin üzərinə sürürlər:
“Hamımız qaçırdıq. Elə olurdu ki, atılan güllə yanımızda qaçan adamlaradan birinə dəyirdi, adam yıxılırdı yerə. Çevrilib yerə yıxılan adama baxmağa da fürsət olmurdu ki, ölüb, yoxsa sağdır? Bircə ona sevinirdim ki, yoldaşım və oğullarım həmin gecə Bərdədə idi. O qaçhaqaçda halları necə olardı, düşünə bilmirəm”, – tələsik, söhbətin bu hissəsini tez yekunlaşdırmağa, həmin gecəni daha az xatırlamağa çalışırmış kimi sürətlə danışır.
Vidadi dayı deyir ki, o an tək istəkləri Qarqar çayını keçib (Şuşa şəhəri, Xocalı, Ağdam və Ağcabədidən keçir), silah səslərindən uzaqlaşmaq, Ağdama mümkün qədər tez çatmaqdı.
Saatlarla piyada yol gedir. Elə hesab edirmiş ki, donaraq öləcək. Xocalıda həmin qış çox sərt keçib, hər yer qar imiş. O soyuqda çayı keçib, ayaqyalın qarın içinə girən adamların çoxunun ayağını şaxta vurur.
“Deyirlər e, 8 ailə tamam məhv edilib, biri qardaşımın ailəsidir”
Fevralın 26-da hava işıqlanana yaxın Ağdam məscidinin qarşısına çatır. Amma bu yolu doğmalarının hamısı onunla birgə başa vura bilmir. Vidadi dayı həmin gecə 16 nəfərədək qohumunu itirir.
“Televiziyada Xocalıdan danışanda deyirlər e, 8 ailə tamamilə məhv edilib? Bax, onlardan biri mənim böyük qardaşım Vaqif Məmmədovun ailəsi idi. O, oğulları Azər, Ceyhun, Niyaməddin və həyat yoldaşı Afilə ilə birgə itkin düşdü. Onları gördüm deyən olmadı, ailəlikcə yoxa çıxdılar. Kiçik qardaşım Oqtayı da o qaçhaqaçda itirdik. Hələ mən yaxın ailə üzvlərimi deyirəm. Dayım Yaqub, qardaşım oğlu Nicat, qayınatam, bacım qızının həyat yoldaşı, iki xalamqızı, dayımqızı, qardaşımın qaynı, onun bacısı qızı… Yəni, uzaq qohumları da saysaq, 16 nəfərə qədər qohumu itirdik”, – deyir.
Xocalı faciəsi statistikada
Azərbaycan hökumətinin məlumatına əsasən, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə yaşanan Xocalı qəliamı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib.
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil.
Xocalıdan ancaq Ağdama 200 meyit gətirilib və onlarla meyitin təhqir edildiyi faktı aşkarlanıb. Ağdamda 181 meyit məhkəmə-tibbi ekspertizadan keçirilib. Müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb.
Azərbaycan və bir sıra xarici ölkələr Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Məcburi köçkünlük və qayıdış
Məcburi köçkünlük və qayıdış
Birinci Qarabağ müharibəsi zamanı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf yeddi rayondan (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər) 500 mindən çox azərbaycanlı məcburi köçkün düşüb. Onlar Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif şəhər və rayonlarında məckunlaşıblar.
İlk illərdə əsasən çadır şəhərciklərində, vaqonlarda, yataqxana otaqlarında yerləşdirilən məcburi köçkünlər üçün daha sonralar şəhərciklər inşa edilməyə başlayıb. 2003-cü ildən 2007-ci ilə qədər Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Saatlı rayonlarında 12 çadır şəhərciyi ləğv edilib.
Daha sonrakı mərhələdə vaqonlarda yaşayan bütün məcburi köçkün ailələri yeni mənzillərə köçürülüb və yataqxanalarda yaşayan ailələrin köçürülməsinə başlanıb.
2020-ci ilə qədər məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanın müxtəlif şəhər və rayonlarında onlarla qəsəbə salınıb.
İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərin Azərbaycanın nəzarəti altına qayıtmasından sonra işğal dövründə yaşayış məntəqələrinin məhv edildiyi Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam və digər ərazilərdə yeni yaşayış məntəqələrinin inşasına başlanıb. Artıq məcburi köçkünlərin öz doğma rayon və kəndlərinə qayıdışı prosesi də başlayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2023-cü ilin sonubna qədər 2000-ə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.
“Onların yenidən ərazi iddiası qaldırmayacağının təminatı yoxdur”
Vidadi dayı Xocalıdakı evlərini itirəndən sonra ailə üzvləri ilə bərabər Bakıya üz tutur. Onun artıq nə pul qazanacağı bir işi, nə də qalacağı bir evi vardı.
Xocalıdan ayrılanda evlərindən nə isə götürməyə də fürsəti olmayıb. Bircə həmin vaxt cibində gətirdiyi pulqabının içində olan fotosundan başqa.
O deyir ki, Bakıya gəldikdən sonrakı ilk üç günü həyat yoldaşı və oğulları ilə bərabər Ayna Sultanova adına parkın yaxınlığında, küçədə gecələməli olub. Ətraf binalardan insanlar onlara isinmələri üçün adyal, palto gətiriblər.
Vidadi dayı ətrafdakı insanların yönləndirməsi ilə Zığ qəsəbəsində yerləşən yataqxanalardan birinə gedib. Orada binanın inzibatçısını tapıb, vəziyyətlərini izah edib, deyib ki, qalmağa yerimiz yoxdur. Həmin adam da onlara yataqxanadan otaq tapmağa kömək edib:
“İnzibatçı mənə dedi ki, yuxarı mərtəbələrdəki otaqlardan birində bir oğlan qalır, gedək sizi ora yerləşdirəcəyəm. O subaydır, təkdir, özünə qalmağa yer tapar”.
Məmmədovlar ailəsi həmin yataqxana otağına yerləşir və 2006-cı ildə indi Xətai rayonu ərazisində yerləşən evlərinə köçənədək orada yaşayır.
İndi isə tək arzusu doğulub-böyüdüyü Xocalıya qayıtmaqdır. Amma ermənilərlə yenidən birgəyaşayış fikrini özünə yaxın buraxmır:
“Bilmirəm, bunu qorxu da adlandırmaq olar, etibarsızlıq da. Ermənilərlə birgə yaşamağa başlasaq, onların Qarabağda yenidən ərazi iddiası qaldırmayacağına əmin deyiləm, kim buna təminat verə bilər? Odur ki, indən belə Qarabağda sadəcə azərbaycanlılar yaşasa yaxşıdır”.