Minlərlə azərbaycanlı 1918-ci ilin martında Bakıda həlak olub
2018-ci ilin martın 31-də Bakıda baş verən “mart qırğınından” yüz il ötdü. 1998-ci ildən bu hadisələr Azərbaycanda rəsmən “azərbaycanlıların soyqırımı” adlanır.
1918-ci il martın 31-də Bakıda müxtəlif dəyərləndirmələrə görə, 3 mindən 12 min nəfərə qədər dinc əhali qətlə yetirilib. Mənbələrin çoxu qətl edilənlərin əksəriyyətinin “müsəlman” olduğu fikrində uzlaşır, o zamanlar azərbaycanlıları belə adlandırırdılar.
Sovet tarixşünaslığında bildirilirdi ki, Bakıda baş verən 1918-ci il mart-aprel hadisələri 1918-ci ildən 1922-ci ilə qədər davam edən vətəndaş müharibəsi əsnasındakı döyüşlər olub.
Bu hadisələrin tədqiqi bir çox amillər üzündən mürəkkəbləşir. Birincisi, bir çox mənbələrin məlumatı bir-birindən fərqlənir, buna görə də bir hadisənin bir neçə versiyası ortaya çıxır və bu versiyalar adətən ziddiyyətli olur. İkincisi, mənbələr hadisələri müxtəlif cür interpretasiya edir.
Erməni tarixçilərin versiyası ilə buradan tanış olmaq mümkündür: yerevanlı tarixçi Vahan Melikyanın məqaləsi
Üçüncüsü, 1918-ci ildə Bakının siyasi həyatında hər şey yetərincə mürəkkəb idi: o qədər çox partiya, hərəkat, etnik qrup vardı ki, çox zaman münaqişənin ermənilərlə azərbaycanlıların, yoxsa iki partiya arasında baş verdiyini dəqiq demək çətin olur: hər bir partiyanın daxilində müxtəlif etnik qrupun nümayəndələri, etnik qrupların daxilində isə müxtəlif partiyaların təmsilçiləri ola bilərdi.
Bəzən heç bir hərəkatı və ya partiyanı, dini və ya peşə icmalarını təmsil etməyən mühüm ictimai fiqurlar hamıdan kənarda qalırdı – bütün bunlar Bakının o zamankı qəribə mozaikasını təşkil edirdi.
Bakıda 1918-ci ildə siyasi kontekst
1918-ci ilə qədər Azərbaycan 90 il müddətində Rusiya İmperiyasının tərkibinə daxil olub. 1917-ci ilin noyabrında Rusiyada inqilab baş verəndən və hakimiyyətə bolşeviklər gələndən sonra Azərbaycanda bir növ “hakimiyyət vakuumu” yarandı.
Reallıqda bu, iqtidar olmağa iddia edən eyni zamanda bir neçə hakimiyyətin və qrupun mövcudluğu və rəqabəti demək idi.
Faktiki olaraq hakimiyyət strukturları iki dənə idi. Onlardan biri icra orqanı timsalında İcra Komitəsi olan “Bakı Fəhlə, Əsgər və Matros Deputatları” idi və Bakıda yerləşirdi. Digəri isə “Zaqafqaziya Seymi” adlanırdı və mərkəzi o zaman Tiflis adlandırılan bugünki Tbilisidə fəaliyyət göstərirdi.
Etnik icmalar iki komitədə təmsil olunurdu, bu, faktiki olaraq ağsaqqallar şurası kimi bir şey idi: Bakının erməni əhalisi Erməni Milli Komitəsinə, müsəlmanlar isə Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tabe idi.
Eyni zamanda Bakıda ermənilərin Daşnaktutyun [erməni millətçi partiyası, onilliklər boyu öz məqsədinə çatmaq üçün fərdi terrordan istifadə edib – JAMnews]. Müsəlmanlar arasında isə Azərbaycanın Sovet Rusiyasına tabe olmasının əleyhinə çıxan Müsavat Partiyası (“Bərabərlik”) çox populyar idi.
Hər şey rus ruletkasından başladı
Bakıda siyasi böhrandan başqa ərzaq böhranı da başlamışdı. Yemək çatışmırdı, şəhərdə gərginlik artır və bütün ərzaqın “xristian hərbçilərə verildiyi” haqda şayiələr dolaşırdı.
Bakıda həmin günlərdə Bakı limanı vasitəsilə cəbhədən qayıdan qoşunlar, yəni Rusiya İmperiyasının ordusu – ruslar və ermənilər vardı. Prinsipcə, müsəlmanlar Rusiya Ordusunda xidmət edə bilməzdi, onlar hərbi xidmətə çağırılmırdı.
“Vəhşi diviziya” adlanan hərbçi müsəlmanlar könüllü idilər və onlar da Birinci Dünya Müharibəsində iştirak edirdilər. 120 nəfərlik “vəhşi diviziya” dəstəsi ölkənin cənubunda Lənkəran şəhərində yerləşdirilmişdi.
Zabitlər arasında Azərbaycanın iri sənayeçilərinin övladları vardı. Onlar az əvvəl rus bolşevikləri Lənkərandan qovub çıxarmışdılar. Zabitlər darıxırdı. Yəqin buna görə “rus ruletkasını” xatırladılar.
Rus ruletkası sonu ölümlə nəticələnən oyundur. Revolverin boş barabanına bir güllə qoyulur, bundan sonra baraban bir neçə dəfə fırladılır ki, oyunçular güllənin harada olduğunu bilməsinlər. Daha sonra isə oyunçular növbə ilə “bəxtə-bəxt” öz başına atəş açır.
O vaxt ölkənin ən iri sənayeçilərindən biri Hacı Zeynalabdin Tağıyevin oğlu Məmmədin bəxti gətirmədi.
Səhəri gün Məmməd Tağıyevi doğma torpağında basdırmaq üçün müsəlman diviziyasının 15-20 zabiti “Evelina” paraxodu ilə Bakıya yola düşdülər.
Dəfndən üç gün sonra martın 29-da zabitlər Lənkərana qayıtmaq qərarına gəldilər. Amma limanda təsadüfən bolşevik dəstəsilə rastlaşdılar. Onların sırasında Şevkunov soyadlı biri də vardı, iki həftə əvvəl “müsəlman diviziyası” onu Lənkərandan qovub çıxarmışdı. O, zabitlərin arasında onu qovanları tanıdı.
İki qrup arasında insident baş verdi və zabitlərə uzaqlaşmağa imkan vermədilər. Onlar da məsələni aydınlaşdırmaq üçün İcra Komitəsinə getmək istədilər, amma bolşeviklər onları atəşə tutdu. Zabitlər tərksilah edildi.
Müsəlmanlar etiraz edir
Bundan sonra Bakıda müsəlman əhalinin etirazları başlayıb – insanlar “müsəlman diviziyasının” zabitlərinə silahlarının qaytarılmasını tələb ediblər.
Martın 30-da səhər saat təxminən 9-da Bakıdakı bütün bazarlar bağlanıb, müsəlmanlar və ermənilər öz kvartallarının ətrafında səngər qazmağa başlayıblar. Şəhərdə silahlı patrullar peyda olub. Buna baxmayaraq, hər iki tərəf məsələnin sülh yolu ilə həllini tapmağa çalışıb. Bakı Soveti İcra Komitəsi və Müsəlman nümayəndə heyəti arasında danışıqlar aparılıb.
Onlar silahların müsəlmanlara qaytarılması üçün plan hazırlayıblar, bu planı erməni icmasının təmsiçiləri də dəstəkləyib.
Bu səylərə baxmayaraq, Bakıda demək olar ki, dərhal atışma başlayıb.
Birinci kim başlayıb?
Amma gözlənilmədən saat 5-ə yaxın Bakının kənarında atışma səsləri ucaldı və bir saat ərzində döyüş bütün şəhəri bürüdü. Döyüşlər müsəlman və erməni kvartallarları arasındakı sərhəd böyu davam edirdi.
O zamanın ən görkəmli müsəlman siyasi xadimlərindən biri Zaqafqaziya Müsəlman Milli Şurasının rəhbəri Əlimərdan bəy Topçubaşov xatırlayıb ki, ilk dəfə şəhərdə atışma səslərini martın 30-da təxminən 17-17.30-da eşidib.
Şahidlərin ilk dəfə kimin atəş açdığına dair söylədikləri diametral şəkildə fərqlənir. Bütün tərəflər bir-birini günahlandırır.
Şahidlərin əksəriyyəti atışmanın bütün gecə davam etməsi məlumatında uzlaşır.
Bolşeviklər “müsəlmanların” gizləndiyi evləri atəşə tuturdu. Onlar da cavab atəşi açırdı. Səhəri gün daşnaklar da bolşeviklərə qoşuldu və bolşeviklərin döyüş adlandırdığı vəziyyət milli zəmində qırğına çevrildi.
Siyasi liderlərin atəşi dayandırmaqla bağlı cəhdləri fayda vermirdi. Görüşlər alınmırdı, çünki nümayəndələr ara verməyən atışma üzündən görüş yerinə gəlib çıxa bilmirdilər.
Atışma başlayandan bir sutka keçəndən sonra şəhərdə vəziyyətə hətta bolşeviklər də nəzarət edə bilmirdi.
Döyüşlərdən dərhal sonra Bakı Soveti İcra Komitəsi İnqilab Müdafiə Komitəsini yaratdı və döyüş müddətində hakimiyyət bu quruma verildi. Komitənin tərkibinə Bakı Sovetinin əsas partiyalarının liderləri daxil oldu. Rəhbərlik isə bolşevik Stepan Şaumyana tapşırıldı.
Aprelin 1-də faktiki olaraq müsəlman icmasını təmsil edən Topçubaşov Şaumyanla telefonla danışmağa müvəffəq oldu. Onlardan təcili müsəlmanlardan ibarət nümayəndə heyəti yaratmaq tələb edildi.
Gündüz saat 12-ə qədər vaxt verildi ki, İcra Komitəsinin binasına gəlib çatsınlar. Şəhərdə baş verənlər üzündən onlar yalnız axşam saat 5-də ora çata bildirlər. İclas 5.30-da başladı.
İclası Bakı Sovetinin nümayəndəsi bolşevik Prokofi Caparidze açdı:
“Mən heç vaxt bu formada və bu vəziyyətdə iclas çağırmalı olmamışam. Amma faktla barışmalı oluram. Bu müharibəni biz başlatmamışıq. Biz həmləyə cavab verməyə məcbur qalmışıq, çünki biz Sovet hakimiyyətinin darmadağın edilməsi ilə razılaşa bilməzdik”.
Daha sonra Sovet hakimiyyətinin ultimatumu oxunub:
- Sovet hakimiyyəti tanınmalıdır,
- Şəhərdən müsəlman və erməni hərbi hissələri çıxarılmalıdır,
- Regionda dəmiryolu xəttinin işinin bərpası üçün təcili tədbirlər görülməlidir.
Müsəlman liderləri bu şərtləri qəbul etdi.
İclasda iştirak edənlərdən beş nəfərlik çoxmillətli nümayəndə heyəti seçildi. Onlar ağ bayraqla şəhərə yollandılar ki, hamıya əldə olunmuş sülh haqda məlumat versinlər. Amma bunu eləyə bilmədilər. Onlar güllələndi və bunu kimin etdiyi bəlli olmadı. Bu qrupun yalnız bir nümayəndəsi Hacı Molla Cavad sağ qaldı.
Aprelin 1-i axşam vəziyyət pisləşdi. Daşnaklar müsəlmanların şəhərin qədim hissəsində – İçərişəhərdə guya rusları qarət edib, öldürdükləri haqda şayiə yaydılar.
Bu şayiələrə cavab olaraq hələ Rusiya İmperiyası dövründən Bakı limanında dayanan Xəzər Donanmasının rus dənizçiləri İçərişəhəri atəşə tutdular. Sonra onlar yenə də ora nümayəndə heyəti göndərmək qərarına gəldilər.
Heyət əmin oldu ki, “240 nəfər xristian kişi, qadın və uşaq (aralarında çoxlu erməni də vardı) …təhlükəsizlikdədir”.
Amma üç saatdan sonra dənizçilər geri qayıtmalı oldular, çünki “guya onlar Qaladan gedəndən sonra müsəlmanlar bütün xristianları qətl ediblər” deyə yeni məlumat almışdılar.
Nümayəndə heyəti yenidən xristianların salamat olduğuna əmin oldu və bu cür şayiələrin qarşısını almaq üçün Qala qapısına 20 dənizçi qoydular.
Səhəri gün aprelin 2-də şəhər özünə gəlməyə başladı. Küçələrdən meyitləri toplayırdılar, yandırılmış binalar nəzərdən keçirilirdi.
İran konsulu Məhəmməd Səid Marağayi öz xatirələrində yazıb ki, o öz adamları ilə birlikdə küçələrdən 5 mindən çox müsəlmanın cəsədini toplayıb.
Nəticələr
Hadisələrin ayrı-ayrı iştirakçıları nəticələri də müxtəlif cür təsvir edirdilər:
Bolşevik Stepan Şaumyan yazırdı:
“Döyüşlərin nəticələri bizim üçün parlaqdır. Rəqib tamamən darmadağın edilib. Biz onlara qeyd-şərtsiz imzaladıqları şərtləri diktə etdik. Hər iki tərəfdən üç mindən çox insan həlak olub… [Daşnak qoşunlarının] iştirakı vətəndaş müharibəsinə müəyyən dərəcədə milli qırğın xarakteri qatdı, amma bunun qarşısını almaq imkanı yox idi. Biz buna bilərəkdən getdik. Müsəlman yoxsullar çox böyük ziyan gördü, amma onlar indi bolşeviklərin və Sovet hakimiyyətinin ətrafına toplaşır”.
Müsavat partiyasının liderlərindən biri Məmməd Əmin Rəsulzadə vəziyyəti tam əksinə görürdü:
“Zaqafqaziyanı təhlükə türk qoşunlarının dayandığı Cənubdan yox, Şimaldan təhdid edir. Oradan bizim üstümüzə odla və qılıncla gəlirlər… Bütün imkanlarla bolşeviklərə qarşı, şimalın hücumuna qarşı çıxmaq lazımdır”.
Bakıdakı Britaniya konsulu Ronald Makdonell yazırdı:
“Bir zamanlar mən Erməni Milli Şurası qarşısında etiraz edirdim və indi müsəlmanlara qarşı bolşevikləri dəstəkləməklə onların öz tarixlərində ən böyük səhvlərdən birini etdiyini israrla bildirirəm. Bu siyasətə görə bütün günahı erməni siyasi təşkilatı “Daşnatutyunun” üzərinə qoymaq lazımdır”.
İranın Bakıdakı konsulu Məhəmməd Səid Vəzare Marağayi bu hadisələri yerli müsəlman əhalinin erməni silahlı qüvvələri tərəfindən milli zəmində qırğını kimi xarakterizə edib.
Bütün bu hadisələr Bakıda bolşeviklərin mövqelərinin möhkəmlənməsinə gətirib çıxardı, bu da onlara üç həftə sonra Bakı Komunnasını yaradıb, Bakıda Sovet Rusiyasının siyasətini yaymağa imkan verdi.
Amma mart qırğını onlara ziyan da vurdu, onlar regionların dəstəyindən məhrum oldular.