“Rusiya olan yerdə xəyanət və alçaqlıq var”. Gürcü ekspertlər Qarabağda baş verənləri dəyərləndirirlər
Qarabağ hadisələri Rusiyanın Qafqazdan qovulmasıdır
Qarabağdakı prosesləri necə qiymətləndirirsiniz, bu, Gürcüstan və bütövlükdə Qafqaz regionu üçün nə deməkdir?
JAMnews bu sualla gürcüstanlı ekspertlərə müraciət edib.
Konfliktoloq Paata Zakareişvili
Baş verənlər tamamilə gözlənilən idi. Markesin məşhur “Üstü açılmış ölüm salnaməsi” romanı var və Qarabağda da məhz bu baş verdi.
Bu hadisələrdən cəmi bir neçə saat əvvəl mən Bakıdan gəldim və ondan əvvəl bir həftə Yerevanda olmuşdum, orada bir çox ekspertlərlə görüşmüşdüm.
Hamı Qarabağda müharibə olacağından danışırdı.
Burada vacib olan dörd oyunçunun müəyyənləşdirilməsidir. Təəssüf ki, onların arasında Gürcüstan nəzərdə tutulmayıb. Gürcüstanın bu hadisələrdən əlaqəsi kəsilib, nəbzi belə hiss olunmur.
İlk oyunçu Türkiyədir. O, kölgədədir və Azərbaycanın təhlükəsizliyinin təminatçısıdır, sanki bütün dünyaya deyir: Azərbaycanın əleyhinə danışsanız, qarşınızda məni görəcəksiz.
Əsas oyunçu təbii ki, Azərbaycandır. Siyasətini Türkiyə ilə razılaşdırır, Türkiyəyə ümidlə, Türkiyənin dəstəyi ilə həyata keçirir.
Üçüncü oyunçu isə Rusiyadır. Türkiyə və Azərbaycan onu fəhləyə çevirdi. Sanki Rusiyaya deyirdilər ki, əgər bir müddət Qafqazda qalmaq istəyirsənsə, çirkin işləri gör. Məsələn, Ermənistandan imtina edin. Yəni Türkiyə və Azərbaycan Türkiyə-Azərbaycan oyununun qaydalarını Rusiyaya tətbiq etdi, Rusiya bu qaydanı qəbul etdi və Ermənistana münasibətdə həyata keçirdi.
Dördüncü oyunçu isə Ermənistandır. Türkiyə və Azərbaycanın hazırladığı və Rusiyanın nəzərə aldığı oyun qaydalarını qəbul etməyə məcburdur. Ermənistanın praktiki olaraq heç bir müttəfiqi yoxdur.
Ermənistanın səhvi Rusiyanın satqın olduğunu anlamamasıdır.
Rusiyanın kim olduğu 2016-cı və 2020-ci illərdə birinci və ikinci eskalasiyanın baş verdiyi zaman bəlli olmuşdu və Azərbaycan Qarabağ istiqamətində müəyyən uğurlar əldə etmişdi. Sonra Rusiya Ermənistanı susdurdu, Ermənistan o zaman Rusiyanın satqın olduğunu başa düşmədi.
▇ Amma indi Ermənistanda artıq dəqiq bilirlər ki, Rusiyanın olduğu yerdə problemlər, xəyanət, alçaqlıq, riyakarlıq var.
Fikrimcə, Ermənistanın mövqeyi hər şeydən önəmli olacaq. Ermənistan hara getdiyi barədə dəqiq qərar verməlidir: Rusiya siyasətinin bir hissəsi olaraq qalacaq, yoxsa Cənubi Qafqazda siyasətin mühüm oyunçularından birinə çevriləcək.
Olar Bakı və Ankara ilə danışıqları başlamalıdırlar. Brüssellə əlaqələr qurmalıdırlar.
Rusiyanın Cənubi Qafqazdan tamamilə qovulması baş verməlidir.
- Qarabağ ermənilərinin reinteqrasiyası. “Bu fantastikadır!”
- “Bütün DQ sakinlərini Ermənistana təxliyyə etmək. Başqa çıxış yolu yoxdur”. Şərh
- “Peşəkarca və ən qısa müddətdə” Bakıdan şərh
Bu gün Ermənistan hücuma məruz qalır, mən erməni xalqına rəğbət bəsləyirəm, onlar çox şeydən keçiblər. Amma onlar indi özlərinə baxmalı və harada səhv etdiyini başa düşməlidirlər. Problem ondadır ki, Ermənistanda bunu hamı başa düşür, amma heç kim bu barədə ucadan danışmır.
Azərbaycana gəlincə, geosiyasət əhəmiyyətli dərəcədə dəyişir və hər şey Azərbaycanın hansı strategiyaya malik olacağından asılıdır. Əsas sual budur ki, Azərbaycan həqiqətənmi erməni əhalisini inteqrasiya etmək niyyətindədir, yoxsa faktiki olaraq erməni əhalisinin Qarabağdan köçünü stimullaşdırmaq istəyir?
Ən başdan Azərbaycanın Qarabağı qaytaracağı bəlli idi. Amma məsələ Azərbaycanın şərait yaradıb-yaratmayacağıdır. Əgər yaratsa, aydındır ki, əhalinin bir hissəsi ora qayıdacaq.
Əgər real inteqrasiya olarsa, o zaman Azərbaycanın regionda Rusiyaya qətiyyən ehtiyacı yoxdur. İnteqrasiya olmasa, o zaman Azərbaycan əvvəllər olduğu kimi Rusiya ilə də əməkdaşlıq etməyi planlaşdırır.
Rusiya bununla razılaşacaq. O, Qafqazda qalmaq istəyir və bunun üçün Türkiyə-Azərbaycan maraqlarına xidmət etməyə hazırdır.
Türkiyənin Qafqazdakı mövqeyi çox önəmlidir. Türkiyə NATO-ya üzv dövlətdir, Gürcüstan NATO-ya üzv olmağa çalışır və buna görə də təhlükəsizlik məsələlərində strateji müttəfiqimiz Türkiyə olmalıdır.
Azərbaycanla Türkiyə arasında təhlükəsizlik və hərbi sahədə 16 saziş imzalanıb. Halbuki NATO-ya daxil olmaq arzusunu bəyan edən Azərbaycan deyil, Gürcüstandır.
Özümüzü Rusiyadan qorumaq üçün biz də Türkiyə ilə eyni sənədləri imzalamalıyıq.
Gürcüstan bu gün Rusiya ilə təkbətək qaldığını daim bəyan edir. Amma bu cəfəngiyyatdır. Biz tək deyilik, Türkiyə yanımızdadır və bundan yararlanmalıyıq.
- “Xalqa Rusiya yox, Avropa lazımdır” – Gürcüstan prezidentinin parlamentdəki çıxışı
- Roma Statutunun ratifikasiyası: Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxacaqmı?
- Ankara və Yerevanın yaxınlaşması fonunda Bakının mövqeyi. Bakıdan şərh
Zurab Batiaşvili, Gürcüstan Strategiya və Beynəlxalq Münasibətlər üzrə Araşdırmalar Fondunun elmi işçisi:
Qarabağda baş verənlər Rusiyanın qlobal miqyasda zəifləməsi ilə bağlıdır. Rusiya ordusunun başı Ukraynada müharibəyə qarışıb və heç bir yerdə ikinci cəbhə açmaq imkanına malik deyil. Azərbaycan bu vəziyyətdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Əliyev 2020-ci ildə başladığı işləri başa çatdıraraq, postsovet məkanında ölkəsinin ərazi bütövlüyünü bərpa edən ilk şəxs oldu.
Bu, presedentdir və keçmiş sovet məkanında qüvvələr nisbətinin dəyişməsi deməkdir. Ancaq bu hamısı deyil.
Rusiyanın Ukraynada apardığı müharibənin nəticəsi Avropa İttifaqının genişlənməsinin yeni dalğası oldu. Bu həm də böyük geosiyasi dəyişiklikdir.
Əvvəllər Gürcüstanın Avropa perspektivi belə tanınmırdı. İndi isə nəinki bunu etiraf edirlər, əslində bizə yalvarırlar ki, şərtləri yerinə yetirək və Avropa İttifaqına üzv olmaq üçün namizəd olaq.
▇ Çox təəssüf ki, belə mühüm geosiyasi proseslər zamanı Gürcüstan hakimiyyəti bu qədər zəif və qeyri-adekvat xarici siyasət yürüdür.
İndi Paşinyan hökuməti çox ciddi sınaq qarşısındadır. Rusiyayönlü qüvvələr Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ictimai narazılıq dalğasından istifadə etməyə çalışır və gələcəkdə də çalışacaqlar. Hələ nəticə verməyib və ümid edək ki, alınmayacaq.
O zaman ola bilsin ki, Ermənistanın MDB-də qalıb-qalmayacağı sualı, eləcə də Rusiyanın Gümridəki bazası məsələsi gündəmə gələcək.
Gürcüstana gəlincə, təəssüf ki, biz çox sürətlə Rusiyaya doğru irəliləyirik. Bu, birbaşa sanksiyalar mövzusu ilə, eləcə də Gürcüstan hakimiyyətinin 12 bəndlik planı həyata keçirməməsi ilə bağlıdır. Həmçinin hansısa sui-qəsdlə bağlı son bəyanatlar və s.
Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməməsi və insanların küçələrə axışmasından sonra hakimiyyət orqanları repressiyalara hazırlaşır.
Geosiyasi vəziyyətə gəlincə, dəyişikliklərin başladığını görürük. Ermənistan böyük sürətlə siyasi oriyentasiyasını dəyişməyə çalışır. Əgər indiyə qədər yalnız Rusiyadan asılı idisə, indi Qərbdə tez bir zamanda möhkəmlənməyə cəhd edir – çünki Rusiya onlar üçün təhlükəsizliyin qarantı deyil.
Qarabağın erməni icması ağır vəziyyətdədir. Amma Paşinyan ikinci Qarabağ müharibəsindən sonra yenidən baş nazir seçiləndə bu, Ermənistanda cəmiyyətin Qarabağın itirilməsi ilə barışması demək idi.
Ümumiyyətlə, Paşinyanın hələ də hakimiyyətdə olması Ermənistanda cəmiyyətin həqiqətən də Qərbə doğru irəliləmək istədiyinə işarədir.
Həmçinin Paşinyanın Rusiya əleyhinə bəyanatlar verməsi də təbii ki, cəmiyyətdən gələn sifarişdir.
Bununla belə, Ermənistan NATO ilə yaxınlaşmaq da daxil olmaqla, uzun yol qət etməlidir. Ermənistan hələ də KTMT-nin üzvü olaraq qalır ki, bu da ona Qərbdən silah almağa imkan vermir, elə Qərb də rusiyapərəst ölkəyə bu silahları verməyə tələsmir.
Yəni Ermənistanın Avropaya inteqrasiya baxımından ən azı formal olaraq Gürcüstanla bərabərləşməsi üçün hələ çox var.
Lakin ola bilsin ki, hadisələr sürətlə inkişaf etsin və belə bir perspektiv çox yaxında yaransın.
Ən əsası odur ki, Qarabağda baş verənlər nəticəsində Ermənistan böyük yükdən xilas oldu. Bəlkə də indi onlar üçün çox ağrılıdır, amma əslində Qarabağ problemi Ermənistanı uzun müddət Rusiyanın əlində saxlayan yük idi.
Giorgi Bilanişvili, xarici siyasət üzrə mütəxəssis, İliya Universitetinin professoru:
Postsovet məkanında Rusiya münaqişə bölgələrində həmişə böyük rol oynayıb, istər münaqişələri qızışdırmaq üçün vasitəçi, istərsə də manipulyator rolu olsun.
Hazırda Qarabağda baş verən hadisələr ilk haldır ki, burada regionda nüfuzlu olan başqa bir dövlətin rolu Rusiyanın rolundan daha mühümdür.
Azərbaycan isə bir tərəfdən Rusiyanın Ukraynadakı müharibə ilə məşğul olmasından yararlanırdı. Digər tərəfdən isə Azərbaycanla Rusiya arasında böyük sövdələşmənin bağlandığı da faktdır.
Hər halda, Azərbaycan Rusiyanın müdaxilə etməyəcəyini bilirdi. Görünür, Paşinyan da bunu gözləyirdi və ona görə də son vaxtlar Rusiya əleyhinə bəyanatlar verirdi.
Bütün bunlar Rusiyanın regionda təsirinin azalmasından xəbər verir. Baş verənlər heç bir halda Rusiyanın maraqlarına cavab vermir.
Rusiya həmişə hesab edib ki, Qafqaz regionuna müstəsna nəzarət onun əlində olmalıdır. Həm Azərbaycana, həm də Ermənistana təsirini saxlamaq, Türkiyə və ya İranın oraya daha dərindən nüfuz etməsinə imkan verməmək üçün Qarabağ münaqişəsindən bu məqsədlə istifadə edirdi.
Rusiya üçün Qarabağ rıçaq idi. Amma 2020-ci il müharibəsindən sonra bu təsir rıçaqlarını qismən itirdi, çünki o zaman da Türkiyənin Azərbaycanın xeyrinə rolu göz qabağında idi. Bu rol bu gün də qalır.
Türkiyənin bölgədəki mövqeyi daha da güclənəcək. Bu o deməkdir ki, regionda vəziyyət tamamilə dəyişir.
Rusiya ilə Azərbaycan arasında sövdələşmənin olduğunu güman etsək belə, istənilən halda bu sövdələşmənin yalnız taktiki əhəmiyyəti olacaq. Strateji baxımdan, məncə, Rusiya uduzdu. Bu onun üçün uğursuzluqdur. Moskva yəqin ki, bütün bunları qəbul etməyə, bu yeni reallığa alışmağa məcbur oldu.
Presedent baş verdi. Rusiya bitərəf qaldı, Qərb isə ümumiyyətlə iştirak etmədi. Problemin həllində ən vacib olan regional aktorlar oldu.
▇ Ermənistanın ilk dəfə olaraq öz xarici siyasətini daha sərbəst həyata keçirmək imkanı var, o, artıq Rusiyadan asılı deyil. Ermənilər doğrudan da Qərbə getmək istəyirlərsə, indi bunun üçün şans var. Bu, region üçün həqiqətən müsbət məqamdır.
Gürcüstana gəlincə, Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri həll olunarsa, bu, regionda yeni mühit yaradacaq və bu, Gürcüstanın xeyrinə olacaq.
Eyni zamanda, Rusiyanın regionda mövqeyi zəifləyir ki, bu da Gürcüstan üçün yaxşıdır. Yeganə sual budur ki, indiki Gürcüstan hökuməti bu vəziyyətdən istifadə etmək istəyəcəkmi?
Problem ondadır ki, ondan istifadə etmək istəmirlər. Ona görə də hazırda gürcülər üçün çox şey dəyişmir, çünki imkanlar yaranıb, amma heç kim onlardan istifadə etmək fikrində deyil.
Tornike Şaraşenidze, beynəlxalq əlaqələr doktoru, GIPA-nın professoru
Qarabağda baş verənlər qaçılmaz idi. Qarabağın Azərbaycana qaytarılması baş verməli idi, xüsusən indi – Azərbaycan üçün əlverişli zamanda. Rusiya Ukrayna ilə məşğuldur, onun ümumiyyətlə Qarabağa vaxtı yoxdur.
Azərbaycan 2020-ci ildə Qarabağın 3/4-nü öz nəzarətinə qaytardıqdan sonra artıq aydın idi ki, nə Ermənistan, nə də Rusiya bunun qarşısını ala bilməyəcək.
Üç il əvvəl, ikinci Qarabağ müharibəsi zamanı Rusiya faktiki olaraq müdaxilə etmədi. Əgər o zaman müdaxilə etmədisə, indi qarışmayacaq.
Ona görə də baş verənlər yaxşı ssenaridir, daha pis də ola bilərdi.
Mən regionda müharibə və zorakılığı qətiyyən alqışlamıram. Amma ola bilərdi ki, Azərbaycan birbaşa Ermənistan ərazisinə keçərdi.
Bu, təbii ki, ciddi böhrana səbəb olardı. O zaman çox çətin presedent yaranardı, çünki bu halda Azərbaycan başqa ölkənin ərazi bütövlüyünü pozmuş olardı.
Bu ssenari Paşinyanın devrilməsi ilə başa çatar və bu halda Ermənistanda mütləq rusiyayönlü qüvvələr hakimiyyətə gələrdi.
Çox yaxşı ki, Azərbaycan belə bir addım atmadı, çünki o, bunu asanlıqla edə bilərdi, düşünmürəm ki, bu halda Ermənistanı kimsə müdafiə edərdi.
Azərbaycan rəhbərliyi məqamdan yaxşı istifadə etdi və ən əsası, bu anı yaxşı hazırlıqla qarşıladı. İndi heç kim Azərbaycana müqavimət göstərə bilməz – ilk növbədə ona görə ki, bu, onun beynəlxalq səviyyədə tanınmış ərazisidir və ərazi bütövlüyünü bərpa edib.
Başqa bir arqument də var – Avropaya Azərbaycan dəhliz kimi lazımdır.
Hamı gördü ki, Qərbdən ciddi reaksiya yoxdur. Bu isə gözlənilən idi, çünki yalnız öz ərazilərini qaytaran Azərbaycana qarşı sərt bəyanatlar vermək, onunla qarşıdurmaya getmək tam dəlilik olardı.
Ermənistana gəlincə, üç il əvvəl Ermənistan elə bir sarsıntı keçirdi ki, indi onlar daha yeni müharibə istəmirlər və bunu etmək niyyətində deyillər.
Həmçinin Gürcüstanda olduğu kimi Ermənistanda da gənc nəsil təbii ki, qərbyönlüdür. Onlar başa düşürlər ki, Paşinyanın devrilməsi rusiyayönlü qüvvələrin üstünlüyünə gətirib çıxaracaq və bunu birmənalı şəkildə istəmirlər.
Mən Paşinyanı ideal rəhbər hesab etmirəm və ona ünvanlanan çoxlu tənqidi sual və şərhlərim var. Amma onun devrilməsi rusiyayönlü qüvvələrin qələbəsi olardı. Yəqin ki, bunu Ermənistanda ilk növbədə gənclər başa düşürlər.
Gənclərin fəal iştirakı olmadan isə hökumətin devrilməsini təsəvvür edə bilmirəm – təbii ki, hərbi çevriliş olmasa. Ümid edirəm ki, bu baş verməz.
Ümumi kontekstdə presedent çox vacibdir. Mən istərdim ki, Suxumi və Sxinvali sakinləri də oyansınlar.
▇ Ümid edək ki, Gürcüstan əhalisi müharibənin başlamasına razı olmayacaq əhvala köklənib. Bəs abxazlar və osetinlər necə, başa düşdülərmi ki, Rusiyaya arxalana bilməzlər?
Rusiyanın Qarabağ uğrunda döyüşmək üçün heç bir rəsmi öhdəliyi yox idi. Amma Rusiyanın bazası başqa ölkənin ərazisində olanda və o ölkə müharibə vəziyyətində olanda Rusiyanın müdaxiləsini gözləmək olardı.
Lakin Moskva müttəfiqini tək qoydu. Bu isə abxazları və osetinləri narahat etməlidir. Mən Ermənistanın dərhal Rusiyadan azad ediləcəyi fikrindən uzağam. Amma gələcəkdə bu mütləq baş verəcək.