“Gəncləri teatra cəlb edib, çayxanadan daha maraqlı yerin olduğunu göstərmək lazımdır”
Rəhman Şıxıyev – regionda mədəniyyət
Günel İsayeva
“Bütün ölkəni, bölgələri gəzirdim sənət eşqi ilə. Çalışdığım illərlə bağlı xatirələr yaşadır məni. Yaxşı ki, teatrda çalışdım, mədəniyyət sahəsində oldum. İndi “Xalq Teatrı”nın tək adı qalıb. İnsanlar artıq teatra maraq göstərmir. O dövrün insanında teatr, mədəniyyət anlayışı vardı. İndikilərdə isə boz çayxana təəssüratları. Bu məni incidir, kövrəldir”.
82 yaşlı qocaman mədəniyyət işçisi Rəhman Şıxıyev ömrünün böyük hissəsini xalq teatrına həsr edib. Onu “göyçaylı Mixaylo” kimi də tanıyırlar.
Əslində Rəhman Şıxıyev Zərdabın Əlvənd kəndində dünyaya gəlib. Orta təhsilini bitirdikdən sonra Bakıda o vaxtkı Maliyyə-İqtisad Texnikumuna qəbul olub. Tələbəlik illərində təhsil ocağının dram dərnəyində fəal iştirak edib. Elə həyatının ən gözlənilməz təklifini də burada alıb.
- Prezidentin tövsiyəsinə rəğmən nazirlik Söyüdlüdə müstəqil monitorinqə şərait yaratmayıb
- Azərbaycanda 20 yaşlı qız Ermənistana casusluqda ittiham olunur
- Azərbaycan ordusunun zabiti Vaqif Xaçatryanın ailəsinə müraciət edib
18 yaşında Mixaylo olacaqdı
“Dərnəkdə “Qaçaq Nəbi” tamaşası hazırlanırdı. Mən də Nəbi obrazındaydım. 18 yaşım vardı. Azdramanın aktyoru Mənsur Mədətov gəlib dedi ki, bəs “Uzaq sahillərdə” filminin çəkişlərinə hazırlıq gedir və Mehdi Hüseynzadə obrazı üçün aktyor axtarılır. Dedi ki, sən Mixayloya çox bənzəyirsən, gedək yoxlayaq. Cavanlıq şəklim birəbir eynisidir Mixaylonun. Müəllimim apardı məni ora. Üç ay Mixaylo obrazı üçün sınaq çəkilişləri oldu. Bəyənilirdi də. Amma sonra Dağıstan Teatrından Nodar Şaşıqoğlunu gətirdilər və filmə o çəkildi.
Sınaq çəkilişləri mənə çox təcrübə qazandırdı. Aktyor heyyəti, rejissor Həsən Seyidbəyli ilə tanışlığım. Evdən heç bilmirdilər çəkildiyimi, xəlvət getmişdim. Filmi bəyənirəm, hər dəfə izləyəndə o xatirələr yada düşür. Nodar Şaşıqoğlu da obrazın haqqını verib”, – Rəhman Şıxıyev xatırlayır.
1960-cı ildə isə o, o vaxtkı İncəsənət İnstitutuna imtahan verib.
“Adil İsgəndərov imtahan götürdü məndən. Mənə dedi ki, uşaq yatıb burda, sən “Qarğa və Tülkü” təmsilini söylə. Elə de ki, uşaq oynanmasın, ancaq mən eşidim. Keçdim imtahandan. Ancaq ailə həyatı qurmuşdum deyə əyani oxuya bilmədim. İncəsənət Universitetini qiyabi də olsa, uğurla bitirdim”.
31 həvəskar aktyor, 10-dan çox tamaşa
Qocaman sənətkar deyir ki, bir müddət Ucar rayonunda ilk təhsili üzrə mühasib işləyib və qəflətən gələn sel evini uçurduğundan ailəsi ilə birlikdə Göyçay rayonuna köçməli olub. Bu köç onun həyatını yenidən mədəniyyət sahəsinə bağlayıb.
1966-cı ildən Rəsul Rza adına Göyçay Mədəniyyət evinin rəhbəri olur, “Xalq Teatrı”nın rejissoru, ssenari müəllifi kimi fəaliyyət göstərir. Rəhman Şıxıyevin rəhbərlik dövründə teatr 31 həvəskar aktyor heyəti ilə 10-dan çox sevilən tamaşa hazırlayır.
“Göyçay Xalq Teatrı 1961-ci ildə yaradılıb. Səhnəyə qoyulan ilk tamaşa Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası olub. Heydər Haşımlı adlı şəxs hazırlamışdı. Məcnunu musiqi məktəbinin müəllimi – İbad müəllim, Leylini isə Dərya Əliyeva oynamışdı. Heç biri yoxdur həyatda.
Mən də 1966-da bura gələndə çalışdım ki, çoxlu tamaşalar hazırlayım. Mədəniyyət evinin zalında eyni zamanda 6-7 tamaşanı oynamağa həvəskar aktyor heyyətimiz vardı. Aralarında ali incəsənət təhsilli 7-8 aktyor da vardı.
Göyçay Dövlət Dram Teatrı 1949-cu ildə artıq bağlanmışdı. Ancaq 12 il fərqlə Xalq Teatrı yenidən o ənənəni geri qaytara bildi”.
“Səhnəyə çıxarmağa qız tapmaq üçün kənd-kənd gəzirdim”
Rəhman Şıxıyev deyir ki, o vaxt teatr ən çox aktrisa tamaq sarıdan çətinlik çəkirmiş.
“Mənə deyirdilər ki, nə vaxt qadın üzü, siması görəcəyik səhnədə? Kəndbəkənd düşüb aktrisalığa cəlb etmək üçün qızlar axtarırdım. Çərəkədən, Yeniarxdan, İncə kəndindən güc bəla qızlar tapırdım ki, səhnəyə çıxaraq. Tapan kimi 80 manat maaş verirdim ki, həvəsi yaransın. Çətinliklə tapırdıq, aylarla öyrədirdik.
Bölgələrə ildə bir dəfə qastrol səfərlərimiz olurdu. “Könül” xalq çalğı alətləri ansamblımız da vardı. Bədii rəhbəri Yaqub Mürsəlov idi. Bakıda televiziyada tez-tez çıxış edirdik, konsertlərimiz olurdu”.
“Qızıl medalları teatrın arxivində saxladım, sonra hamısını dağıtdılar”
Qocaman mədəniyyət insanı deyir ki, fəaliyyətinə görə əsas mükafatı xalqın alqışı olub, dövlətdən hansısa ad, status almayıb. Amma səhnəyə qoyduğu tamaşalar dəfələrlə mükafatlandırılıb.
“1975-76-cı illərdə Zəhmətkeşlərin I Ümumittifaq Festivalı keçirilirdi. Biz ora “Vaqif” tamaşası ilə getmişdik. Rejissoru Muxtar Dadaşov idi. 31 nəfər kollektivi vardı. İzləyən bəyənirdi. Ağdam Dövlət Dram Teatrının rəhbəri İsmayıl Dağıstanlı gəldi baxdı. Dedi ki, bizdən güclü hazırlamısız “Vaqif” tamaşasını. Həvəslənib Bakıya apardıq. Təqdim etdik, izlədilər. Həmin tamaşaya görə Göyçay Mədəniyyət Evinə böyük, 31 nəfərlik teatr heyyətinə kiçik qızıl medal verdilər.
Tarix, yaddaş üçün qızıl medalları teatrın arxivində saxladım, ancaq yadigarı qorumadılar. Bizdən sonra hamısını məhv etdilər, biri belə qalmayıb.
Sonra “Dağılan Tifaq”, “Xəlifə”, “Məlikməmməd”, “Qəmbərqulu”, “Pəri Cadu”, “Oqtay El Oğlu” kimi ondan çox tamaşa hazırladıq. Afişalar vurub oynayırdıq. Özümün də oynadığım bir tək “Oqtay El Oğlu” tamaşası idi.
İldə bir dəfə Mədəniyyət Nazirliyi bizi Qarabağ zonasına qastrol səfərə göndərirdi. Qubadlı, Zəngilan, Laçında bir ay tamaşalar verirdik. Məktəblərə, dövlət təşkilatlarına biletləri yayırdım, gün ayırırdım onlar üçün ki, gəlib bilet alsınlar. Pambıq vaxtı kəndlərdə olurduq, briqadalarda konsertlər verirdik. O illərin xoş xatirəsi hələ də məni yaşadır. 30 il dayanmadan çalışdım, amma heç yorulmadım”.
“Zeynəb Xanlarova dedi, narahat olma, bacın oxuyan kimi hamı yerləşəcək”
Rəhman Şıxıyev tanımış aktyor və ifaçılarla birlikdə çalışıb, onlarla birgə günlər keçirib, regionlarda, kəndlərdə onların konsertlərini təşkil edib. Deyir ki, o vaxt mədəniyyət, incəsənət sadə region insanlarına çox yaxın idi…
“Tanınmış sənət adamları tez-tez bura gəlirdi. İl boyu onların konsertlərini təşkil edirdik. Lütvəli Abdullayev, Nəsibə Zeynalova, Səməndər Rzayev, Mikayıl Mirzə, Yaşar Nuri, Hacıbaba Bağırov, Siyavuş Aslan, Zeynəb Xanlarova, Sabir Mirzəyev, Arif Babayev, Şövkət Ələkbərova, Rəşid Behbudov… Kimlər gəlmirdi ki?! Çox doğmalaşmışdım onlarla. Günlərlə konsertləri olurdu. Hətta 1961-ci ildə Siyavuş Aslanla Quba Teatrında 4 ay işləmişəm. Əli Kərim və İskəndər Coşqun da burda çalışardı. Çox maraqlı adamlar idi, səmimi söhbətimiz alınardı. Əli Kərim uşaq kimi səmimi idi.
Güclü aktyorlar çox idi. Siyavuş Aslanın, Nəsibə Zeynalovanın səhnəyə çıxması yetərdi. İnsanlar onları tələb edirdi, bir gün artıq qalıb konsert verirdilər. Xanəndələrin konsertinə də eyni tələb vardı. Zeynəb Xanlarova burda konsert verdi, 400 nəfərlik yerə 700 nəfər gəlmişdi, bütün stullarım sındı. Dedim, Zeynəb xanım, vallah burda ölüm olacaq. Dedi narahat olma, bacın oxuyan kimi hamısı yerləşəcək. Şövkət Ələkbərovanı xalq çox sevirdi, hər gələndə mütləq bir gün artıq konsert verirdi.
Bir dəfə Rəşid Behbudov gəldi, on gün onun qulluğunda durdum. Maraqlı adam idi, ancaq yaman kaprizli idi sənətkar”.
“İndi günüm gah evdə, gah çayxanada keçir”
Rəhman Şıxıyev 1989-cu ildə Xalq Teatrı dağıldığı üçün yenidən öz ilk peşəsinə – mühasibliyə qayıdıb. Hazırda təqaüddə olan sənət fədaisi həyatını tənha yaşayır. Həyat yoldaşı və beş övladından birini – oğlunu itirib. Qalan övladları müxtəlif peşə sahələrini seçib, fərqli yerlərdə yaşayırlar. Heç birinin mədəniyyətlə əlaqəsi yoxdur. Arada uşaqlarına və nəvələrinə baş çəkən Rəhman müəllim doğma rayonunda tək qalır.
“İndi günüm gah evdə, gah çayxanada keçir. Yaşıdım azdır. Əsas gənclərdir. Onların söhbəti məni açmır, mədəniyyət, teatr anlayışı, dünyagörüşü yoxdur. Yaşlanmışam, bir oğul itkisindən sonra çox sarsılmışam. Televizorda ancaq köhnə filmləri izləyirəm. “Nəsimi” ən sevdiyim filmdir. Digər verilişlər və aparıcılar məni qane etmir, vəziyyət bərbaddır ekranlarda.
2012-ci ildən təqaüddəyəm. Düzdür, 2018-ci ilə qədər çalışdım Məşğulluq İdarəsində. Çünki teatr yox idi artıq. Hazırda sosialdan bir qadın gəlib yeməyimi hazırlayır, evi səliqəyə salıb, gedir. Ancaq heç bir qurum nə bayramlarda, nə teatr günündə yada salmır. Dəvət də yoxdur”.
“Hər şeyin başı iqtisadiyyatdı, dəstək olan yoxdur”
Mədəniyyətlə sıx bağlı olduğu illər, günlər indi lent kimi gözü önündən keçir. Vaxtilə incəsənətlə qaynayan Göyçayın indiki boz, teatrdan, kinodan, musiqidən uzaq düşmüş mənzərəsi ustadın ürəyini ağrıdır.
“Vaxtilə mədəniyyətin beşiyi olan Göyçayda indi bir regional mədəniyyət idarəsi yoxdur, nəinki teatr. Sovetlər birliyi dağılandan sonra regionlar mədəniyyət, teatr, kino baxımından geriyə getdi. Canlı mədəniyyəti heç nə əvəz etmir”, – Rəhman Şıxıyev təəssüflə deyir.
O deyir ki, yenidən Göyçayda teatr ənənəsini yaratmaq mümkündür. Sənət adamının fikrincə, böyük tamaşalar olmasa da, kiçik həcmli işlər görmək mümkündür.
“Gəncləri, məktəbliləri Xalq Teatrına zaman-zaman cəlb etmək, sənətlə əyani tanış etmək lazımdır. Düzdür, keçmiş qayıtmayacaq, ancaq teatr mədəniyyətinin bərpasına nail olmaq olar. Bu, cəmiyyətə ancaq xeyir verər.
Məktəblərdən başlamaq lazımdır, yuxarı siniflərdən. Gətirib göstərmək lazımdır ki, çayxanadan daha önəmli yer var. Gəncləri teatra cəlb etmək və teatr yaratmaq üçün də orada savadlı, səviyyəli, sənətdən, teatrdan anlayışı olan adamlar çalışmalıdır. Hər şeyin də başında iqtisadiyyat dayanır. İnsan mənəviyyatını ancaq iqtisadiyyatla qorumaq olar. İqtisadi təminat olsa, istedadlı gənclər çox iş görər. Dəstək yoxdur”, – qocaman teatr xadimi deyir.