Azərbaycanın Baş Prokurorluğu: “Xaçatryan Meşəli cinayətilə bağlı axtarlan 9 nəfərdən biridir”
Meşəli faciəsi, Vaqif Xaçatryan
“1991-ci ildə baş vermis Meşəli cinayəti ilə bağlı doqquz nəfər təqsirləndirilən şəxs qismində axtarışa verilib, onlardan biri – Vaqif Xaçatryan saxlanılıb. Digər təqsirləndirilən şəxslərin axtarışı davam edir”. Bunları Azərbaycanın Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib. O, həmçinin Meşəli faciəsi ilə bağlı araşdırmanın detalları, Xaçatryanı nələrin gözlədiyi, Qarabağ ətrafında Ermənistan və Azərbaycan arasında yaşanan münaqişə zamanı dinc sakinlərə qarşı törənmiş digər cinayətlərin araşdırılması istiqamətində hüquq-mühafizə orqanlarının fəaliyyəti haqda danışıb.
- Afiəddin Məmmədov həbsdə aclıq aksiyasına başlayıb
- Gürcü dilini necə öyrəndim? Video
- İlham Əliyev: “Onlar çox pis və məqbul arasında seçim etməlidirlər”
İlqar Səfərov APA informasiya agentliyinə verdiyi müsahibədə bildirib ki, Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, daha sonra tərcüməçi və vəkillə təmin edilib:
“O, tibb müəssisəsinə yerləşdirilib, səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Çünki o, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə müalicə adı altında ölkə sərhədini tərk etmək istəyirdi. Tibbi müayinəsi təmin edildikdən sonra tərcüməçi və vəkillə təmin edilib. Həmin ittihamlar ona elan olunub və dindirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri davam etdirilir”, – deyə Səfərov bildirib.
Vaqif Xaçatryan iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq üçün Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Ermənistan XİN Vaqif Xaçatryanın Azərbaycanın hüquq-mühafizəçiləri tərəfindən saxlanmasını “insan oğurluğu” elan edib və beynəlxalq ictimaiyyəti onun geri qaytarılması üçün Azərbaycana təsir etməyə çağırıb.
“Xaçatryan 9 axtarılandan biridir”
Baş prokuror köməkçisinin sözlərinə görə, Vaqif Xaçatryanla bağlı axtarış qərarı 2013-cü ildə zərərçəkənlərin ifadələri əsasında verilib.
“İlkin olaraq istintaq zamanı Meşəli qətliamında iştirak etmiş 9 nəfər erməni silahlısının şəxsiyyəti müəyyən edilib, onlar axtarışa verilib. Onlardan bir nəfər – Vaqif Xaçatryan saxlanılıb. Digər axtarışda olan şəxslərin tapılması, o cümlədən də cinayətin digər iştirakçılarının kimliklərinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir”.
İlqar Səfərovun sözlərinə görə, Vaqif Xaçatryan saxlanılandan sonra bu şəxs tərəfindən zərər gördüyünü bildirən insanlardan yeni müraciətlər daxil olur.
“İlkin istintaq dövründə müəyyən edilən bütün şəxslər dindirilib, o cümlədən onların zərərçəkmiş şəxs qismində tanınması təmin olunub. İstintaqın gedişində artıq yeni müraciətlər də daxıl olmağa başlayıb. Həmin şəxslərin hazırda dindirilməsi davam etdirilir. Əgər onların zərərçəkmiş şəxs qismində tanınmasını zəruri edən hal müəyyən edilərsə, zərərçəkmiş şəxs qismində tanınacaqlar”, – deyə o bildirib.
Meşəli faciəsi 1991-ci il dekabrın 23-də baş verib. Azərbaycan tərəfinin rəsmi məlumatına əsasən, həmin gün erməni silahlıları Azərbaycanın keçmiş Əsgəran, hazırkı Xocalı rayonunun Meşəli kəndinə hücum ediblər. azərbaycanlılardan ibarət könüllülər kəndi müdafiə etməyə çalışıblar. Atışmalar nəticəsində 28 nəfər həlak olub, 14 nəfər yaralanıb. Həlak olanlar arasında 8 qadın və 3 uşaq da var. Evlər və inzibati binalar qarət olunub, dağıdılıb və yandırılıb. Kəndə 5.5 milyon manat civarında ziyan dəyib.
Bu faktlarla bağlı 11 yanvar 1992-ci ildə Şuşa şəhərində cinayət işi başlanılıb.
“Hərbi cinayətlərdə müddət nəzərə alınmır”
Jurnalistin Meşəli faciəsindən 30 ildən çox vaxt keçdiyi üçün cinayət məsuliyyətinin qüvvədən düşüb-düşmədiyi ilə bağlı sualını cavablayan İlqar Səfərov bildirib ki, müharibə cinayətlərində, sülh və insanlığa qarşı yönəlmiş cinayətlərdə belə bir müddət yoxdur.
“Bu norma həmin cinayətləri törətmiş şəxslərə şamil edilmir. Qaldı ki, hazırda Vaqif Xaçatryan barəsində istintaq aparılır. Onun hansı formada cəzalandırılması, hansı müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı indidən fikir bildirmək hüquqi cəhətdən düzgün deyil. Bu, təqsirsizlik prezumpsiyasına ziddir. Çünki şəxsin barəsində məhkəmə hökmü yoxdur.
İstintaq yekunlaşdıqdan sonra Vaqif Xaçatryanın barəsində toplanmış sübutlar kifayət edəcəyi təqdirdə onun haqqında ittiham aktı tərtib edilməklə cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəmə baxışı zamanı artıq hansısa cəza təyinindən, hansısa yüngülləşdirici, ağırlaşdırıcı hallardan söhbət gedə bilər.
Əgər qanunvericilikdə nəzərdə tutulan yüngülləşdirici hallar varsa, hamısı Vaqif Xaçatryana şamil edilməlidir. Çünki o, Azərbaycan Respublikasının vətəndaşıdır və bütün digər vətəndaşların istifadə etdikləri hüquqlardan yararlana biləcək”, – Səfərov əlavə edib.
“88-dən bəri törədilən bütün cinayətlər araşdırılır”
İlqar Səfərov qeyd edib ki, yalnız Meşəli faciəsi deyil, “1988-ci ildən bəri ermənilər tərəfindən törədilmiş bütün faktlara dair” cinayət işi başlanılıb.
“Hər bir fakt prokurorluq orqanlarında qeyd olunub. Qətlə yetirilmiş, xəsarət almış zərərçəkənlər müəyyən edilib. Hazırda da Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsində və Baş Prokurorluqda bu növ cinayət işlərinin istintaqı davam etdirilir”.
Baş prokuror köməkçisi bildirir ki, araşdırılan cinayət işləri üzrə yerlərdə istintaq hərəkətlərinin aparılmasına ehtiyac var. Amma bu proses ərazilərin minalanması ilə əlaqədar ləngiyir.
“Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərin böyük hissəsi minalanmışdı. Üçtərəfli bəyanatdan sonra humanitar addım kimi Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsi təklif olunsa da, onlar ilkin olaraq vədlərinə əməl etmədilər. Təqdim olunan mina xəritələri cəmi 25 faiz reallığı əks etdirirdi. Bu səbəbdən də ərazilərin tam təmizlənməsi və təhlükəsiz şəraitin yaranması bir az uzun müddət tələb edir. Lakin artıq minalardan təmizlənmiş, təhlükəsizlik tədbirlərinin görüldüyü ərazilərdə zəruri istintaq hərəkətləri aparılır.
İstintaq olunan cinayət işləri bir neçə istiqamətdədir – soyqırım cinayətləri, işgəncə cinayətləri, ermənilərin müasir dövrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlər, ekoloji cinayətlər və s. Bu cinayətlərlə bağlı yerlərə baxış keçirilməsini zəruri edən hallar mövcuddur. Ərazilər təmizləndikcə bu proses davamlı olaraq gedir”, – Səfərov deyib.