Gürcüstanda kriptovalyuta bumu – “havadan” pullar vətəndaşlar və oliqarxlar üçün
Georgi Laliaşvili iş adamıdır. Onun Tbilisi kənarında ferması var. O, burada mal-qara və ya toyuq-cücə saxlamır, kriptovalyuta əldə edir.
O bu işlə ötən il maraqlanıb, sentyabrda ferma açıb. İlk mərhələdə qoyduğu pulu altı aydan sonra çıxarmağa ümid edirmiş. Amma işlər onun güman etdiyi kimi getməyib. Gözləniləndən daha yaxşı gedib.
“Artıq bir neçə həftədən sonra mən qoyduğum pulu tam çıxardım, hətta qazanc əldə etdim”, – Georgi danışır.
Onun Kutaisi şəhərində, azad sənaye zonasında ikinci, daha böyük ferması da var. İndi o, biznesini genişləndirmək üçün xarici sərmayəçilər axtarışındadır.
Georgi və Gürcüstandakı bir çox adamın aludə olduğu bu məşğuliyyət mayninq adlanır.
Mayninq blokçeyn texnologiyasına əsaslanır. Blokçeyn ardıcıl “bloklardan” ibarət və bir serverdə saxlanılmayan məlumat bazasıdır.
“Bloklar” zənciri mütəmadi olaraq genişlənir və ona yeni informasiya “blokları” əlavə olunur. Onların bütün ardıcıllığı eyni zamanda bütün şəbəkə iştirakçılarında saxlanılır, onlara dəyişiklik etmək və ya onları saxtalaşdırmaq mümkün deyil.
Mayninq kompüterin əvvəlcədən verilən parametrlərlə xüsusi rəqəmin (heş) əldə edilməsi üçün mürəkkəb hesablamalar həyata keçirdiyi prosesdir. Belə rəqəmin tapılması həmişəlik blokçeyndə saxlanılan yeni “blokun” yaradılması deməkdir. Bu prosesi həyata keçirən qurğu mayner adlanır. Uğurlu əməliyyat və heşin tapılması halında mayner və onun sahibi bitkoin (və ya başqa kriptovalyuta) vahidi ilə mükafatlandırılır.
Bitkoin 2009-cu ildə yaranan dünyadakı ilk kriptovalyutadır. Daha sonra eyni texnologiyaya əsaslanan digər, alternativ kriptovalyutalar da (altkoinlər) yaranıb. Onların məzənnəsi real (fiatlı) valyutalara nisbətən mütəmadi olaraq dəyişir, əsasən də yüksəlir. Hərçənd az əvvəl bitkoinin məzənnəsi qəfil düşüb.
Kriptovalyuta və onun məzənnəsi dövlətlərdən və hökumətlərdən heç cürə asılı deyil.
Son illərdə dünyada kriptovalyuta bumu müşahidə olunur, kiçik Gürcüstan isə hətta bəzi parametrlərinə görə bu sahənin liderləri sırasına yüksəlib.
Kembricin Global Cryptocurrency Benchmarking Study universitetinin tədqiqatına əsasən, Gürcüstan kriptovalyuta mayninqində istifadə olunan qurğuların gücünə görə dünyada Çindən sonra ikinci yeri tutub (60 meqavat).
Ölkədə kriptovalyutanın populyarlığı o qədər artıb ki, Milli Bank ötən ilin dekabrında vətəndaşlara xüsusi müraciətlə çıxış edib və bildirib ki, kriptovalyuta Gürcüstanda qanuni ödəniş vasitəsi deyil və qanunla heç cür tənzimlənmir, kriptovalyuta ilə bağlı problem yaranarsa, insanlara kömək edəcək və onların risklərini qoruyacaq bir orqan yoxdur.
BitFury, oliqarx və “fırıldaqçıların valyutası”
Xüsusi qurğu ala bilən hər kəs mayninqlə məşğul ola bilər. İlk mərhələdə adi kompüterlə də mayniqlə məşğul olmaq mümkün idi. Amma maynerlərin sayının artması ilə alqoritm mürəkkəbləşib və hesablamalar üçün böyük gücü olan qurğular tələb olunur. Ən sərfəlisi sənaye mayninqidir, yəni zavod kimi nəhəng “data mərkəzlərin” yaradılması.
Gürcüstan da dünyanın bu cür sənaye mayninqi mərkəzlərindən birinə çevrilir.
Adətən böyük mayninq şirkətləri elektrik enerjisinin ucuz olduğu və ya texnologiyanın inkişaf etdiyi ölkələrə üstünlük verirlər. Gürcüstan məhz ucuz enerjisinə görə cəlbedicidir, xüsusən də əyalətləri və Gürcüstanda mövcud olan bir neçə azad sənaye zonası.
Tbilisidə elektrik enerjisinin kilovat-saatı (yüksək gərginliyin kommersiya abonentləri üçün) hazırda 16,1 tetridir (6,5 ABŞ senti). Ölkə regionlarında qiymətlər daha ucuzdur, bəzi yüksək dağlıq ərazilərdə isə istehlakçılar üçün elektrik enerjisi ümumiyyətlə havayıdır.
Dünyanın bitkoin liderlərindən biri olan BitFury şirkəti Gürcüstanda nəhəng “kripto-təsərrüfat” qurub. Hansı ki, Tbilisi və Qoridə data-mərkəzlər yaradıb.
2016-cı ildə BitFury dünyada istehsal olunan bütün bitkoinlərin 15 faizinin sahibi idi.
Gürcüstana BitFury 2014-cü ildə gəlib və Qoridə ilk data-mərkəzi yaradıb. Bunun üçün şirkət Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvilinin təsis etdiyi Həmsərmayə Fondundan 10 milyon dollar kredit alıb.
Daha sonra şirkət Gürcüstan hökuməti tərəfindən əlavə olaraq bir sıra güzəştlərlə də təmin olunub.
BitFury-nin ikinci data-mərkəzi Tbilisidə inşa edilib. Hökumət şirkət üçün bir lari rəmzi qiymətə on yeddi hektar torpaq ayırıb.
Bir necə ay sonra hökumət bu ərazini azad sənaye zonası elan edib, bu da biznesin sadələşdirilmiş şərtlərlə idarə olunmasını nəzərdə tutur. Bu zonada işləyən şirkətlər əlavə dəyər vergisindən (ƏDV), həmçinin gəlir və əmlak vergilərindən azaddır. Bundan başqa, onlar elektrik enerjisini də ƏDV-siz ala bilər, bu da onun dəyərini 18 faiz ucuzlaşdırır.
Bu, mayninqlə məşğul olan və xərclərinin böyük hissəsini elektrik haqqının təşkil etdiyi şirkətlər üçün çox sərfəlidir.
BitFury üçün tətbiq olunan xüsusi üstünlüklərə görə Gürcüstanda şirkətin fəaliyyətini müxalifətin Gürcüstanın faktiki hökmdarı adlandırdığı Bidzina İvanişvilinin maliyyə maraqları ilə əlaqələndirməyə başlayıblar.
Yanvarda əhali üçün elektrik enerjisinin qiyməti artırılandan sonra müxalifət yenidən BitFury-ni diqqət mərkəzinə gətirib. “Avropa Gürcüstanı” müxalifət partiyası hesab edir ki, əhali üçün qiymət artımı hökumətin və konkret olaraq İvanişvilinin şirkətə təqdim etdiyi haqsız güzəştlərin nəticəsidir. Bu investisiyanın ölkə üçün xeyri isə şübhəlidir.
“40 meqavatdan daha artıq gücə sahib müəssisə elektrik enerjisini güzəştli qiymətlə alır, nəticədə də bunun yükü istehlakçı tarifi üzərinə düşür, buna görə də nizamlama komissiyası əhali üçün elektrik enerjisinin qiymətini qaldırmağa məcbur olub”, – partiya üzvü Akaki Boboxidze izah edib.
Gürcüstanın keçmiş prezidenti, hazırda Ukraynanın “Ruh – Yeni Qüvvələr” hərəkatının lideri Mixail Saakaşvili fikirlərini daha radikal ifadə edib. O bildirib ki, “İvanişvili enerji sektorunu özəlləşdirib və fırıldaqçı valyutasını – bitkoini havayı əldə etməklə məşğuldur”.
BitFury şirkətində müxalifətin arqumentlərini rədd edirlər və bildirirlər ki, Gürcüstanda onlara xüsusi, isti şərait yaradılmayıb.
Şirkət bəyan edir ki, İvanişvilinin fonduna krediti artıq qaytarıblar, üstəlik dövlət qarşısında investisiya öhdəliklərini də yerinə yetiriblər. Şirkətin yararlandığı güzəştlər isə Gürcüstan qanunvericiliyinə əsaslanır.
BirFury-Georgia nümayəndəsi Yefrem Urumaşvili bildirib ki, şirkətin dövlətdən aldığı Tbilisidəki ərazi “tamamən boş” olub və heç cür istifadə edilmirmiş.
“Biz 40 milyon dollar sərmayə yatırmışıq və dünyanın ən innovasiyalı, müasir mərkəzini yaratmışıq. Üç milyonu biz infrastruktura sərf etmişik, bununla bütün dünyanın 70-dən çox şirkəti maraqlanıb. Biz trend yaradıb, Gürcüstanı bütün dünyada tanıtmışıq”, – Urumaşvili deyir.
Bu yaxınlarda razılaşma haqda məlum olub – BitFury qrupu Tbilisidəki data-mərkəzini Çinin Honqkonqda qeydiyyatdan keçən Chong Sing Holding şirkətinə satır. Razılaşma detalları, o cümlədən də məbləğ məlum deyil.
“Qaçılmaz” gələcək
Sənaye mayninqinin miqyası ilə yanaşı Gürcüstanda bu biznesə kiçik şirkətlərin və fərdi şəxslərin maraqları da artır.
Forbes-Georgia jurnalının icraçı redaktoru Şota Diqmelaşvili hesab edir ki, Gürcüstan misalında bu bumun üç əsas səbəbi var.
Birincisi, elektrik enerjisinin nisbətən ucuz qiymətidir.
“Daha bir vacib məsələ Gürcüstanda işsizliyin yüksək səviyyədə (2016-cı ilin statistikasına əsasən 11 faiz), maaşların isə az olmasıdır. Öz maddi vəziyyətindən narazılıq insanları kiçik sərmayənin köməyi ilə özünə mütəmadi gəlir əldə etməyə sövq edir, hansı ki, çox zaman istənilən maaşdan daha yüksəkdir” – Diqmelaşvili izah edir.
Üçüncüsü isə, o hesab edir ki, Gürcüstanda biznes sahəsində liberal qanunların mövcud olmasıdır, bu da həm iri, həm də xırda biznesin inkişafına şərait yaradır.
İş adamı Georgi Laliaşvili hesab edir ki, Gürcüstanda kriptovalyuta mayninqi ilə məşğul olmaq üçün bütün şərait yaradılıb. “Buna görə də hamıya tövsiyə edirəm ki, buna qoşulsunlar. Bu, heç vaxt gec deyil”, – Georgi deyir.
O, skeptiklərə qulaq vermir və əmindir ki, gələcək kriptovalyutadadır, çünki blokçeyn texnologiyası stabilliyi və təhlükəsizliyi təmin edir.
“Təhlükəsizliyin yüksək səviyyəsinə görə gələcəkdə bütün maliyyə əməliyyatları kriptovalyuta ilə həyata keçiriləcək. Bu qaçılmazdır”, – iş adamı o qədər əmindir ki, əldə etdiyi kriptovalyutanı satmır, gələcəkdə onun məzənnəsinin çox yüksək olacağına inanır.
Dövlət xidmətlərində blokçeyn
Yeni texnologiyalarla Gürcüstan hökuməti də maraqlanıb və dövlət xidmətlərində blokçeyn texnologiyaları tətbiq etməyə başlayıb. Bu planda Gürcüstan dünyanın ilk ölkələri sırasındadır (oxşar layihələr Estoniya, İsveç və ABŞ-da start götürüb).
2016-cı ildə hökumət BitFury ilə əməkdaşlıq halında Gürcüstanın ictimai reyestr məlumatlarının – orada torpaq və daşınmaz əmlak qeydiyyatdan keçirilir – blokçeyn texnologiyası üzrə saxlanmasını nəzərdə tutan pilot layihəyə başlayıb. Bu da təhlükəsizliyi artırır və saxtalaşdırmanı mümkünsüz edir.
Tam mənada bu texnologiya ictimai reyestrdə 2017-ci ilin fevralından işləməyə başlayıb, o zamandan Gürcüstanda daşınmaz əmlak qeydiyyatı ilə bağlı tranzaksiyalar heşlənir və blokçeyndə saxlanır.
Ədliyyə Nazirliyi yeni texnologiyaların tətbiqini davam etdirir – layihə çərçivəsində biznes qeydiyyatının blokçeynə keçirilməsi, o cümlədən də smart-müqavilələrin – elektron yolla təsdiqlənən və qorunan müqavilələr – tətbiqi planlaşdırılır.