“Danışıqlar prosesi Xankəndi və Bakının daxili işi olmalıdır”. Bakıdan baxış
Ermənistan-Azərbaycan danışıqları
“Mişelin liderlərin sülh prosesinə sadiqliyini yüksək qiymətləndirməsinə və onları daha cəsarətli addımlara çağırmasına baxmayaraq, ötən ilin oktyabrında Praqa görüşündən bəri cüzi irəliləyiş əldə edilib”. “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Avropa İttifaqı Şurasının prezidentinin vasitəşiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən son görüşünün nəticələrini belə dəyərləndirib.
Rusiya XİN-in bəyanatını şərh edən ekspert qeyd edib ki, “artıq nə Moskva, nə Brüssel, nə də hər hansı digər vasitəçi paytaxtlar regiondakı vəziyyətə görə məsuliyyət daşımırlar və danışıqlar prosesi ilk növbədə Xankəndi və Bakının daxili işi olmalıdır”.
- Gürcüstanda bu ilin 5 ayı ərzində 75 halda yetkinlik yaşına çatmayanlar cinsi zorakılıq qurbanı olub
- “Hər kəs azan səsinə, biz zindan səsinə oyanırıq”
- Reabilitasiya mərkəzində 12 gün…
Şarl Mişelin bəyanatı
İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında görüş baş tutub. Şarl Mişel danışıqlardan sonra bəyanatla çıxış edib.
“Bizim görüşümüz mayın əvvəlindən Brüsseldə, Kişinyovda, Vaşinqtonda, Moskvada və ikitərəfli sərhəddə Ermənistan və Azərbaycan liderlərinin, baş nazir müavinlərinin və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən intensiv və məhsuldar yüksək səviyyəli görüşlərin sonuncusu idi.
Biz Ermənistan və Azərbaycan arasında danışıqların ən dolğun və enerjili mərhələlərindən birini keçirik”, – deyə Mişel görüşdən sonra bildirib.
O, liderləri “sülh prosesinə güclü sadiqliklərinə” görə “tərifləyib” və onları “normallaşma istiqamətində qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa” çağırıb.
“Biz razılaşdıq ki, komandalarımız bu gün müzakirə edilənlərin konkret işlənməsini təmin etmək üçün sıx əlaqədə qalacaqlar.
Real irəliləyiş yaxın gələcəkdə atılacaq növbəti addımlardan asılıdır. Sülh danışıqları və normallaşma üçün lazımi şərait yaratmaq üçün ilk növbədə zorakılıq və sərt ritorika dayandırılmalıdır.
Mən həmçinin Ermənistan və Azərbaycan liderlərini yaydan sonra Brüsseldə keçiriləcək növbəti görüşə, həmçinin Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində (oktyabrda keçiriləcək) Fransa və Almaniya liderlərinin iştirakı ilə Qranadada keçiriləcək növbəti beştərəfli görüşə dəvət etmək niyyətimi bir daha təsdiqlədim”, – deyə o, yekunlaşdırıb.
Ekspert rəyi
Şarl Mişelin nikbinliyinə baxmayaraq, azərbaycanlı ekspert hesab edir ki, ötən ilin oktyabrında Praqa görüşündən bəri Ermənistan-Azərbaycan danışıqlarında cüzi irəliləyiş əldə edilib
“Praqada Paşinyan mövcud sərhədlərin tanındığı 1991-ci il Alma-Ata bəyannaməsi əsasında Qarabağın erməni əhalisinin məskunlaşdığı ərazi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımağa razılıq verib.
Lakin Brüsseldə gündəliyin altı bəndindən heç biri üzrə əhəmiyyətli irəliləyiş olmayıb, bəzi parametrlər isə daha da pisləşib. Bunlara Azərbaycanla Ermənistan arasında, əsasən də Laçın dəhlizində sərhəd məhdudiyyətlərinin gücləndirilməsi, hərbi əsirlərlə bağlı problemlərin qalması, sərhədin delimitasiyası və sülh müqaviləsinin bağlanmasında irəliləyişin olmaması, həmçinin Qarabağda hərbi insidentlərin artması daxildir”.
Mehman Əliyevin fikrincə, faktlar danışıqlar prosesində durğunluğu göstərir, hər iki tərəf öz maraqlarından irəli gələrək sülhü həvəssiz təbliğ edirlər.
“Azərbaycan Qarabağın erməni əhalinin məskunlaşmış ərazisinə ayrıca status verməkdən imtina edir, Ermənistan isə bu ərazinin Azərbaycandan qoparmağa ümid edir. Görünür, Avropa İttifaqı Mişelin bəyanatında göstərildiyi kimi, 1923-cü ildə Stalinin yaratdığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki statusunu qəbul etdirməyə çalışaraq Qarabağın erməni əhalinin məskunlaşmış ərazisini potensial vaxt bombası kimi saxlamağa çalışır. Bu, Mişelin bəyanatındakı “DQMV” ifadəsindən aydın görünür.
Əksinə, Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldəki görüşlə eyni gündə yaydığı bəyanatda DQMV-nin adı çəkilmir. Bunun əvəzinə, 9 noyabr 2020-ci il tarixli bəyanatın əsasında Qarabağda ermənilərin hüquq və təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyi vurğulanır. Moskva Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını qeyd edir ki, bu da onun bildirdiyinə görə, bəyanatın imzalanma şərtlərini, həmçinin Rusiya sülhməramlı kontingentinin statusunu dəyişdirib.
Rusiya XİN bəyan edir ki, Qarabağda erməni əhalinin taleyinə görə məsuliyyət artıq üçüncü tərəfin üzərinə qoyulmamalıdır. Bu, ondan xəbər verir ki, artıq nə Moskva, nə Brüssel, nə də hər hansı digər vasitəçi paytaxtlar regiondakı vəziyyətə görə məsuliyyət daşımırlar və danışıqlar prosesi ilk növbədə Xankəndi və Bakının daxili işi olmalıdır”, – deyə ekspert bildirib.
O, həmçinin deyir ki, bu hadisələrin fonunda Rusiya Dağlıq Qarabağda normal vəziyyətin bərpası üzrə beynəlxalq səylərə fəal kömək etmək niyyətini ifadə edir:
“Rusiya hökuməti sülh müqaviləsi üzrə danışıqlar da daxil olmaqla, sazişlərin icrasının gedişatını yüksək səviyyədə müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsini təklif edir. Sözügedən sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitinin çağırılması təklif olunur”.
Mehman Əliyevin fikrincə, bu, onu göstərir ki, Kreml payıza planlaşdırılan iki Avropa görüşünün nəticələrini gözləmək istəmir.
Lakin Qərblə qlobal qarşıdurmanı nəzərə alsaq, Moskvanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olub-olmayacağı bəlli deyil. Ermənistan Fransanın ermənilərlə həmrəy olmasına dair son bəyanatlarına və Avropa Şurasın prezidentinin “DQMV” terminini xatırlamasına arxalanaraq prosesi uzatmağa davam edə bilər. Avropanın son hərəkətləri Ermənistanın ehtiyatlı yanaşmasına müəyyən bəraət qazandırır”, – deyə Mehman Əliyev fikrini yekunlaşdırıb.
Rusiya XİN-in bəyanatı
Həmin gün Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlər zamanı Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb.
“Rusiya hökuməti Ermənistanın suveren qərarına hörmətlə yanaşsa da, bu tanımanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixində imzaladıqları Bəyanatın şərtlərini, habelə Rusiyanın regionda yerləşdirdiyi sülhməramlı kontingentin statusunu əsaslı şəkildə dəyişdiyini vurğulayıb”.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Qarabağdakı erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü tərəflərin üzərinə qoyulmamalıdır. Əvəzində Xarici İşlər Nazirliyi Bakı ilə Yerevan arasında əvvəllər razılaşdırılmış şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına dərhal hazırlıq görməyə çağırıb. Bəyanatda sazişin tərkib hissəsi kimi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə etibarlı və aydın təminatların verilməsinin vacibliyi vurğulanıb. O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının açılmasını və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanmasını özündə əks etdirən üçtərəfli sazişlərin ciddi şəkildə həyata keçirilməsinin zəruriliyi qeyd edilib.
Bu məqamların fonunda Rusiya Dağlıq Qarabağda normal vəziyyətin bərpasına yönəlmiş beynəlxalq səylərə fəal töhfə vermək niyyətində olduğunu bildirib. Rusiya hökuməti sazişlərin yüksək səviyyədə icrasını, o cümlədən sülh müqaviləsi üzrə danışıqları müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyi təklif edib. Bəyanatda sözügedən sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitinin çağırılması təklifi irəli sürülüb.
Rusiya tərəfi Dağlıq Qarabağdakı vəziyyətin mənfi trayektoriyasından narahatlığını bildirib və regionda dərinləşən humanitar böhranı, yerli əhalinin ərzaq, dərman, ilkin tələbat malları və elektrik enerjisi, qaz kimi əsas xidmətlərin kəskin çatışmazlığı ilə üzləşdiyini vurğulayıb.
Azərbaycan rəhbərliyi hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini asanlaşdıran Laçın dəhlizinin açılması üçün təcili addımlar atmağa çağırılıb. Bundan əlavə, ən mühüm tədbir kimi regionun enerji təchizatının bərpası müzakirə olunub.
Azərbaycan XİN-in cavab bəyanatı
Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatının “anlaşılmazlıq” və “məyusluq” doğurduğunu bildirib.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir”, – Azərbaycan XİN-in bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Sənəddə həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara Azərbaycanın daim sadiqlik nümayiş etdirdiyi vurğulanıb.
Bəyanatda o da qeyd olunub ki, uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.
“Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib.
Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, 15 iyun tarixində məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib.
Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir”, – Azərbaycan XİN-in məlumatında deyilir.