"Hər kəs azan səsinə, biz zindan səsinə oyanırıq"
Dəmirçi Namiq ustanın hekayəsi
Günel İsayeva
Namiq usta 35 ildir zindanda dəmir döyür, ocaqda poladı qızdırıb, daş çarxda cilalayır. Kiçik, ancaq ötən əsrlərin ab-havasını xatırladan dəmirçixana onun doğma məskənidir. Sübh açılandan, axşam düşənədək. Sifarişləri bol, zəhməti çox, gördüyü iş sənətkar əməyidir.
52 yaşlı Namiq Rzayev Göyçayda hər kəsin yaxşı tanıdığı dəmirçi Dövlət ustanın nəvəsi, Möhlət ustanın oğludur. 18 yaşından bəri məşğul olduğu bu sənəti də elə atasından və babasından öyrənib.
- Reabilitasiya mərkəzində 12 gün…
- “Etiraz üçün qalxan əlin yorulsa, mən gəlib əlindən tutacağam”
- Azərbaycanda üzümçülük və şərabçılıq məmur kölgəsində inkişaf edir
“Sənəti öyrənənə qədər çox əziyyət çəkdim”
“Ulu babalarım 1915-ci ildə Dağıstandan Göyçaya köçüb. Milliyətcə ləzgiyik. Bura köçəndən dəmirçilik və qalayçılıq sənətilə məşğul olublar. Babam dəmirçi kimi sənətkar adı qoyub gedib. Mən çalışıram ki, onun sənəti və adı itməsin. Yaşadım hər ikisini. İki əmim və atam bu sənətlə məşğul olub.
Öncə idmanla məşğul olurdum deyə, marağım yox idi. Sonra hiss etdim ki, sənətə ehtiyac var. Atamın yanında əyləşib, baxa-baxa çalışaraq, öyrəndim. Sənəti öyrənənə qədər çox əziyyət çəkdim. Olub ki, alətləri sıradan çıxarmışam, amma öyrənmişəm. Dəmiri isti-isti döymək lazımdır ki, formaya düşsün. Sənəti öyrənmək də elə.
Səhər saat 6-da qalxıram və işə başlayıram. Axşam saat 8-ə qədər iş yerim açıqdır. Nə sifariş olursa, işləyib təhvil verirəm ki, məndən narazı qalmasınlar, sifarişçilər gələnə kimi hazır olsun. Dəqiq iş qrafiki yoxdur. Sentyabrdan marta qədər hər gün iş olur. Sonra sifarişlər azalır. Bir gün üç saat, bir gün beş saat işləyirəm. Dəryaz, məngəl, balta, elektriklə işləyən maşın dişləri daxil, kənd təsərrüfatı və məişət avadanlıqlarını təmir edir, cilalayıram. Hər kəs azan səsinə, biz zindan səsinə oyanırıq”.
“Keçmişin sənətkarlıq ab-havası üçün darıxmışıq”
Dəmirçixananın yaşı bir əsri ötüb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi tanınıb. Rayonun mərkəzi prospekti üzərində, yolun kənarında yerləşir. Qəribə görüntüsü var. Çiy kərpic divarlardan və nimdaş üst örtükdən içəriyə sızan günəş şüası ustanın işini yayda çətinləşdirsə də, digər fəsillərdə xoş ovqat yaradır.
İçəridəki avadanlıqların yaşı da ən azı dəmirçixananın yaşı qədərdir. Daş zindan, qədim çəkiclər, kəlbətinlər, daş körük, ocaq yeri, daş çarxı, küncdəki alətlər sandığı və divardan asılan polad kəsintilər.
Dəmirçixananın yerləşdiyi məhəllə Göyçayda “ləzgilər məhəlləsi” kimi tanınır. Vaxtilə bu məhəllə dəmirçilər və qalayçılar məhəlləsi kimi də məşhur olub.
Namiq usta deyir ki, hazırda məhəllədə 15 ləzgi ailəsi qalıb. Bütün rayon üzrə isə bu ailələrin sayı 400-ə yaxındır. Ötən əsrin 90-cı illərində birinci Qarabağ müharibəsi ilə müşayiət olunan ağır yaşam şəraiti rayonda yaşayan rus, erməni və yəhudi ailələrinin evlərini satıb köçməsinə səbəb olub. Həmin dövrdə ləzgilər də sayca azalıblar, amma doğma elində qalanlar da az olmayıb. Qalanlar Göyçayda mövcud olan tarixi sənətkarlıq mərkəzinə layiqli qiymət verilmədiyinə, əksinə sənətkarların sənətsiz, məkansız qalmasına görə narahatdırlar.
“Uşaq əyləncə mərkəzi var, onun yanında ona yaxın qalayçı, dəmirçi vardı. Sonra oranı varlılara satdılar və sənətkarlara yer olmadı. Ölənlər öldü, onların övladları arasında isə öz həyətlərində bu işi davam etdirən də var, etdirməyən də. Ancaq məşğul olanlar da artıq uzaqlaşır. Çünki tələbat, dəyər yoxdur. Həmin ərazini tarixi muzey kimi qoruyub saxlamaq olardı, ora daxil olanda el sənətlərini və sənətkarlığını anırdın. Mərkəzi sökdülər, satdılar. Sənətkarlar da qaldı öz evlərinin ümidinə. Gördülər ki, nə yer verən var, nə qiymət verən. Dağılışdı hərə bir yana. Onları qınamıram. Material tapa bilmirlər, mis yox, alüminium, turşu baha. Bir çaydanın təmiri 5-6 manata başa gəlir, yiyəsi də deyir ki, gedib təzəsini alaram. Keçmişin sənətkarlıq ab-havası üçün darıxmışıq”.
“Avadanlıqları təmiz poladdan düzəldirəm”
Dəmirçi əlavə edir ki, sənətkarlar didərgin düşəndən sonra bölgədə əsl sənətkara rast gəlmək olmur. Olanlar da peşəkarlıqdan uzaqdır. Onu həmkarları arasında özəl edən qədim dəmirçi sirlərinə bələd olmasıdır.
“Balaca yer düzəldib, balaca daş qoyub dəmirçi kimi işləməklə olmur. Mən ata-babadan keçib gəlmiş bu sənətin özünəməxsus sirlərini bilirəm və işi qədimi üsullarla icra edirəm. Poladdan istifadə edirəm, bu sənətkar dəmirçinin seçimidir. Digərləri isə ucuz başa gəlsin deyə, misdən istifadə edir. Avadanlıqları təmiz poladdan düzəldirəm. Keyfiyyət fərqi özünü göstərir. Onlar dəmiri 25-30 manatlıq “tatila” adlı qum presində cilalayır. Həm tez iş görürlər, həm də suyu səpmirlər. O da cilanı yandırır. Cilalayandan sonra poladın sulamaq qaydası var, sulamasan, kəsməyəcək. Sulamaq vaxtında da gözləmək lazımdır: bənövşəyi rəng almalıdır ki, biləsən dəmir poladlaşdı. Suya salıb çıxarmaqla olmur. Özü də odundan və odun kömürdən deyil, daş kömürdən istifadə etmək lazımdır”.
“Dövlət dəmirçixananın bərpasına dəstək olsun”
Sənətkarı hazırda narahat edən tarixi abidə sayılan dəmirçixananın bərpası ilə bağlı problemlər və daş kömürün bazarda tapılmamasıdır. Bərpa üçün verilən vəd gecikir, aylardır satışda daş kömür də yoxdur. Baha alınan daş çarxlar isə bəzən keyfiyyətsiz olur. Bu isə ustanın işinin keyfiyyətinə təsirsiz ötüşmür.
“Çətinlikləri çoxdur, ancaq sənət adına fədakarlıq etmək lazımdır. Ən əsası dəmirçixananın bərpasına dəstək olsun dövlət. Mədəniyyət və Turizm Nazirliyi gəlib baxış keçirdi. Təmirinə icazə verilmədi ki, tarixi abidə kimi qeydə alınıb. Ancaq yaxşı vəziyyətdə deyil. Bu ilin mart ayında icra başçısı gəlib baxış keçirdi, icra nümayəndəliyinə göstəriş verildi ki, dəmirçixananın üst örtüyü dəyişilsin, qədimi forması saxlanmaqla kənarları çöldən bərpa olunsun. Ancaq hələ vədə əməl yoxdur.
Ən çox daş kömürdən əziyyət çəkirəm. Yanvar ayından tapılmır. Bu sənətə də daş kömür lazımdır. Odun kömürü dözmür, 3000-3500 dərəcə istiliyi vermir. Ağır texnikaların cilalanması ancaq daş kömürdə mümkündür. İşimin 70%-i ocaqdan keçir. Dəhrə, məngəl, balta küpü belə güclü od olmasa, yaxşı döyülmür. Su çarxı daşının qiyməti 480 manatdır. Döyüldükdən sonra orada cilalanır. Ölkədə tapılması çətindir. Heç kim istifadə etmir. Onda itilənən əşya korlanmır, əyilmir, yandırmır. Çünki su daşı poladdır. Bizə də məhz o su daşına görə üstünlük verirlər. Rusiyadan gətirdirik. Amma bir il də, üç il də, hətta bir ay da gedə bilər. Sərt soyuqda tez sınır”.
“İndiki cavanlar bu işə səbr və maraq göstərmir”
Namiq ustanın əlavə məşğuliyyəti yoxdur. Dolanışığı ancaq bu sənətdən çıxır. Deyir ki, indiki gənclərin qədim el sənətlərinə marağı yoxdur. İndiyə qədər ustanın 50-dən artıq şagirdi olsa da, sənətin çətinliklərindən dolayı hamısı yarımçıq qoyub gedib. Odur ki, sənətkar qədim el sənətinin və dəmirçixananın gələcəyindən nigarandır.
“Ağır sənətdir. Fiziki güc və maraq lazımdır. İndiki cavanlar bu işə səbr və maraq göstərmir. Qınamıram, indiki gənclərdə fiziki güc də yoxdur. Tək zindanın 80 kq çəkisi var. Ən zəif çəkicin çəkisi 3 kiloqramdır. Elə olur ki, 6 kiloqramlıq lomu tək qolla işlədirəm. Kənardan baxan uşaq, gənc də qaçır. Onların əsas məşğuliyyəti texnologiyadır”.
Usta deyir ki, dəmirçilik sənəti getdikcə aktuallığını da itirir, çünki tələbat azalır.
“Əvvəllər iş sistemi daha ağır, yük daha çox idi. Rayonlardan axışırdı sifarişçilər. Atam görürdü çatdırmır, məhəllədəki uşaqlara deyirdi ki, ay bala, al bu beş manatı, gəl mənə kömək elə. Bəzən bütün sutka iş olurdu. Yeməyə belə vaxt tapmırdılar. Sonralar çox azaldı sifarişlər. İndi qazancım günə 50-100 manat arası dəyişir. Amma elə günlər olur, heç olmur”.
“Arzumdur ki, həm sənət, həm də tarixi abidə yaşasın”
Namiq usta dünyaya dəmirçi kimi gəlib, dəmirçi kimi gedəcəyini deyir. Nəfəsi yetdikcə bu sənəti davam etdirmək niyyətindədir. Tək təmənnası də dəmirçilik sənətinin və tarixi abidəyə çevrilmiş bu dəmirçixananın ondan sonra da yaşamasıdır.
“Atamın, babamın sənəti ilə qürur duyuram. Nə qədər sağam, bu sənət mənimlədir. Bu yaşımda belə, kimsə gəlir ki, mənə dəhrə lazımdır. Deyirəm ki, get iki saata hazır olacaq. O vaxta düzəldib verirəm ki, sözümdə düz çıxım. İşdə peşəkarlıqla yanaşı, düzgünlük də əsasdır. Ona görə, davamçım gərək bunları öyrənə və tətbiq edə. Arzumdur ki, həm sənət, həm də dəmirçixana yaşasın”.