Azərbaycanda üzümçülük və şərabçılıq məmur kölgəsində inkişaf edir
Azərbaycanda üzümçülük və şərabçılıq
“Bu gün Şamaxıda kiçik və mikro sahibkarların 99 faizi üzüm bağını satışa qoyub, alan da yoxdur. Niyə almırlar? Çünki alanın biri mən, baxıram ki, burada mənfəət yoxdursa, nəyimə lazımdır o bağ?”
Şamaxı rayon Məlcək kənd sakini Qurbanəli Babaşov deyir. O, 25 ildir ki, üzümçülük üzrə ailə fermasının başçısıdır. Bu müddət ərzində 1.5 hektarlıq üzüm bağını genişləndirərək 12 hektara çatdırıb. Hər hektarın məhsuldarlığını 10 ton üzümdən 25-30 tona yüksəldib. Bu fəaliyyətinə görə hətta ölkə başçısı tərəfindən İkinci dərəcəli Əmək Ordeni ilə təltif edilib.
Amma fermerin fikrincə, hazırda dövlət səviyyəsində üzümçülüyə yanaşma doğru olmadığı üçün son illərdə Azərbaycanda yenidən inkişaf etməyə başlayan üzümçülük və şərabçılıq yaxın illərdə yenidən tənəzzülə uğraya bilər.
- ABŞ səfirliyində Söyüdlü hadisələrinə diqqət çəkmək istəyən aktivistlər polisə təhvil veriliblər
- “Gürcüstan 12 tövsiyədən 3-nə tam əməl edib” – Avropa Komissiyasının aralıq hesabatı
- “Valideynlər susur”: Ermənistanda yaşlılara qarşı zorakılıq halları artıb
Azərbaycanda üzümçülük və şərabçılığın keçmişi
Vaxtilə Azərbaycan SSRİ-nin əsas üzümçülük və şərabçılıq respublikalarından biri olub. 1980-ci il statistikasına əsasən, Azərbaycan üzüm bağlarının sahəsinə (263 min ha.) və istehsal olunan üzümün həcminə (1481 ton) görə ittifaq respublikaları arasında birinci yeri tutub.
Həmin il Azərbaycan bu məhsuldan 10.4 milyon dekalitr şərab, 936 min dekalitr konyak və 5,8 milyon şüşə şampan şərabı istehsal edib. Azərbaycan bu göstəricilərlə dördüncü olaraq Rusiya, Ukrayna və Moldovadan geridə qalıb.
Həmin dövrdə şərabçılıq zavodlarının sayına görə Azərbaycan respublikalar arasında 29 zavodla ölkə beşincisi olub.
Sovet dövründə respublikada üzümçülük və şərabçılığın inkişafı 1969-cu ildə Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilməsindən sonra başlayıb və onun adı ilə bağlıdır.
Həmin dövrdə Şamaxı rayonu Azərbaycanın üzümçülük və şərabçılıq mərkəzi hesab olunurdu.
2002-ci ildən başlayan dirçəliş
1985-ci ildə Mixail Qorbaçovun rəhbərliyi altında Kommmunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Kabineti el arasında “quru qanun” adlandırılan “Əyyaşlıq və alkoqolizmin qarşısının alınması, samaqon hazırlanmasının kökünün kəsilməsi istiqamətində tədbirlər haqqında” sərəncam verildi.
Bütün ölkədə antialkoqol kampaniyası başladı və bu çərçivədə bütün ölkənin, o cümlədən də Azərbaycanın üzüm bağlarının çox hissəsi məhv edildi. Ancaq süfrə sortları olan üzüm bağları qaldı.
SSRİ-nin süqutundan sonra isə keçmiş ittifaq respublikalarında, o cümlədən də Azərbaycanda iqtisdiyyatın bütün sahələri tənəzzülə uğradı. Bir vaxtlar dövlətə məxsus olan süfrə üzümü bağları da demək olar ki, tamam məhv oldu, sovxozlar dağıldı, zavodlar bağlandı.
Uzun fasilədən sonra 2002-ci ildə Azərbaycanda “Üzümçülük və şərabçılıq haqqında” qanun qəbul edildi. Bununla da ölkədə bu sahə yenidən inkişaf etməyə başladı.
10-15 il əvvələ qədər respublika ərazisində cəmi 3-4 min hektar üzüm bağı qaldığı halda hazırda 17 min hektara yaxın üzüm bağı var. Şamaxı yeni mərhələdə də Azərbaycanın üzümçülük və şərabçılıq mərkəzi olmağa iddialıdır.
“Sovet dövründə Şamaxı rayonu ərazisində 27 min hektardan yuxarı üzüm sahəsi vardı. Təxminən 235-245 min ton üzüm istehsal edirdik il ərzində. Daha sonra üzümçülük təsərrüfatı bütün respublikada olduğu kimi Şamaxıda da məhv olmuşdu. İndi isə yenidən dirçəlməyə başlayıb. Son 10 ildə rayonda üzüm bağları 300 hektardan 2 min hektara gəlib çıxıb. Bunun da 700-800 hektarı süfrə sortlarıdır, qalan ərazilər isə şərabçılıq üçün əkilmiş üzüm bağlarıdır”, – Şamaxı Aqrar Dövlət İnkişaf Mərkəzində Bitkiçilik sektorunun müdiri, aqronom Əhmədalı Əhmədov danışır.
Əhmədalı Əhmədov üzümçü ailəsində böyüyüb. Atası Sədrəddin Əhmədov əməkdar üzüm ustası, üzümçülük üzrə Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü olub. Atasının yolunu davam etdirən Əhmədalı Əhmədov aqronomluq üzrə ali təhsil alıb və ömrünün böyük hissəsini üzümçülük sahəsində çalışıb.
İş fəaliyyətinin ilk illəri sovet dövrünə düşüb. Azərbaycan müstəqil olandan sonra 15 il işsiz qalıb, üzümçülüyün yenidən inkişaf etməyə başlaması ilə o da öz ixtisasına qayıdıb.
Dövlət proqramı gözlənilən effekti verməyib…
Prezident İlham Əliyev 15 dekabr 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsinə dair” Dövlət Proqramının qəbul edilməsi haqda sərəncam imzalayıb. Həmin proqrama uyğun olaraq Azərbaycanda üzümlüklərin 50 min hektara, üzüm istehsalının 500 min tona, şərab istehsalının 30 milyon dekalitrə çatdırılması nəzərdə tutulub.
Amma statistika bu proqramın effektinin nəzərdə tutulduğundan xeyli az olduğunu göstərir. 2020-ci ildə ölkə ərazisində 15 978 hektar sahədə üzüm bağları olub ki, həmin sahədən də 63 582 ton üzüm yığılıb.
…Çünki marketinq yoxdur
Mütəxəssis deyir ki, üzüm bağlarının ləng inkişaf etməsinin əsas səbəbi üzümün satış qiymətinin ucuz olmasıdır.
“Sovet döründə az qala hər bir kənd ərazisində şərab zavodları mövcud idi. Şamaxıda düz 12 idi zavodların sayı. Onlar üzümü dövlətin qoyduğu standartlara uyğun camaatdan qəbul edirdi. O vaxtın pulu ilə kilosu 40-45 qəpiyə. Bu da üzümçülüyün inkişafına kömək edirdi. Hal-hazırda rayon ərazisində cəmi bir şərab zavodu mövcuddur, orada da alış qiyməti həddindən artıq ucuzdur. İndiki dövrdə dərman və gübrələrin, daşınma xərclərinin, fəhlə əməyinin baha olmasına görə 25-30 qəpik məhsulun alış qiyməti üzümçülük üçün çox pis haldır. Buna görə də üzümçülüyün inkişafı ləngiyir”, – Əhmədalı Əhmədov deyir.
Fermer Qurbanəli Babaşov da hesab edir ki, üzümçülüyün əsas problemi marketinqin olmamasıdır.
“İstehsal etdiyimiz yüksək keyfiyyətli məhsulu məcbur oluruq alverçilərə satırıq, onlar da bizdən 50-30 qəpiyə aldığı məhsulu aparıb bazarlarda bir manata, manat yarıma satırlar. Pulu qazanan onlar olur, əziyyət çəkən biz oluruq. Buna nəzarət yoxdur”, – o deyir.
Hava şarı festivalı, yoxsa “qapalı parti”?
Rayonda fərdi sabibkarlara məxsus zavodlar da var – “Şirvan şərabları”, “AzQranat”, “Meysəri şərabı” kimi. Amma bu zavodlar ancaq öz bağlarının üzümündən şərab istehsal edirlər, yerli əhalidən, xırda fermerlərdən məhsul almırlar.
Əhmədalı Əhmədovun dediyinə görə, bu fərdi sahibkarlar şərabçılıq sahəsində artıq beynəlxalq səviyyədə uğurlara da nail olublar. 2022-ci ildə “Şirvan şərabları” brendi altında istehsal olunan şərablar Yaponiyada keçirilmiş beynəlxalq festivalda 4 qızıl və 1 gümüş medal qazanıb. Eyni ildə “AzQranat”ın məhsuları isə Almaniyada keçirilmiş beynəlxalq festivalda 2 qızıl və 3 gümüş medal qazanıb.
“Bu uğuru inkişaf etdirməkdən ötrü şərab zavodlarının sayını artırmaq lazımdır. Və əvvəlki kimi dövlət üzümün satış qiymətini tənzimləməlidir, qiymət də üzümün şəkərliyinə görə təyin edilməlidir. Şəkərliyi yüksək olan məhsul yüksək qiymətləndirilməlidir. Belə olsa, fermerlərin də marağı olacaq, inkişaf etdirəcəklər üzümçülüyü”, – Əhmədov əmindir.
Son illərdə üzümçülüyə və şərabçılığa diqqət çəkmək üçün bu kimi festivallar Azərbaycanda da keçirilir. İyunun 17-18-də Şamaxının Meysəri kəndində “Meysəri” şərab zavodunun ərazisində Azərbaycanda ilk dəfə hava şarları festivalı təşkil olunub. Amma festivalın ilk günündə ancaq dəvətnamə ilə iştirak etmək mümkün olub. Azərbaycan prezidentinin qızı Leyla Əliyeva festivala ev sahibliyi edib.
Bu cür festivallarda iştirak kiçik sahibkarlar üçün məhsulunu reklam etmək, yerli və beynəlxalq tərəfdaşlar çevrəsini genişləndirmək imkanı olsa da, onlar hava şarı festivalına dəvət edilməyiblər. Sadə vətəndaşlar da festivalda iştirak edə bilməyiblər.
Sadə vətəndaşların hava şarlarının uçuşunu festivalın ikinci günündə izləyə biləcəkləri bildirilsə də, səhər erkəndən festival məkanına axışan insanlar, o cümlədən də JAMNews jurnalistləri hava şarlarının qablaşdırılıb, yük maşınlarına yükləndiyinə şahid olublar.
Üzümçülük inkişaf edir, amma məmur kölgəsində
Qurbanəli Babaşov deyir ki, hazırda üzümçülük sahəsindəki inkişaf aldadıcıdır. Onun sözlərinə görə, yalnız məmur dəstəyi olan böyük və orta sahibkarlar bu sahədə uğur qazana bilirlər.
“Üzümçülük Şamaxıda inkişaf edib, respublikanın hər yerində inkişaf edib, amma bunların hamısı arxasında məmur dəstəyi dayanan böyük və orta sahibkarlardır. Konkret olaraq belədir. O ki qaldı mikro, kiçik sahibkarlara, bunlar, dediyim kimi, bağlarını satışa qoyublar, alan da yoxdur. Beziblər, amma geriyə yol da yoxdur. Mən indi baltanı götürüm, 12 hektar bağı qırıb töküm ki, taxıl əkim? Bu mənim hobbimdir. 25 ildir bunun içindəyəm, buna canımı, malımı qoymuşam”, – Babaşov deyir və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hara baxdığını sorğulayır.
“Dövlət subsidiya verməkdənsə, satışı tənzimləsin”
Dövlət hazırda üzümçülüyün inkişafı üçün dəstək göstərir. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə fermerlərə yeni üzüm bağının salınması üçün 8 min manat birdəfəlik subsidiya verilir, geri qaytarmamaq şərtilə. Bundan başqa 4 il müddətində hər il təsərrüfat işlərinin davam etdirilməsi üçün 650 manat yardım ayrılır.
Fermer Qurbanəli Babaşov hesab edir ki, bu, doğru yanaşma deyil:
“Mənə niyə yardım etməlidilər? Ara yerdə dövlətin pullarını xərcləməsinlər. Fermerlərə yardım etməkdənsə, satış qiymətini maya dəyərinə, çəkilən əziyyətə və məhsulun keyfiyyətinə uyğun tənzimləsinlər. Zavodların sayını artırsınlar. Saxlama anbarları tiksinlər. Bir saxlama anbarı var, elə böyük xərc tələb olunur ki, məhsulumuzu ora qoya bilmirik. Mənim kimi minlərlə fermerin məhsulunu dolu vurur, nə qədər ziyana düşürük. Dolu dağıdan müasir lazer qurğuları var, onlardan alıb qoymaq lazımdı. Sovetin dövründə toplar vardı, bircə dənə dolu düşə bilməzdi məhsulun üstünə. İndi bunarı niyə eləmirlər?”
Fermer əmindir ki, belə davam edərsə, dövlət subsidiyaları bitən kimi üzümçülük və şərabçılıq sahəsində yenidən tənəzzül başlayacaq.
“Baxmayaraq ki, Şamaxıda 36 min hektar pay torpağı verilib, bundan cəmi 1900 hektar üzüm bağı əkilib. Nəyə görə camaat əkmir? Ona görə ki, iqtisadi cəhətdən səmərəsizdir, onun marketinqi yoxdur, dövlət səviyyəsində buna baxılmır. Ona görə də heç kim əkmək istəmir. Əkənlər də subsidiya alırlar deyə əkirlər. Mən sizi inandırıram ki, onlar dörd il müddətində əkəcək, becərəcək, o pulu alıb yeyənə qədər. Pul qurtaranın səhəri günü onların hamısı ziyanla işləyəcək. Ziyanla işləyəndə də təbii olaraq 5-6 ildən sonra üzüm bağlarını ləğv edib, yerinə taxıl, başqa məhsul əkəcəklər”.
“Bizdə də İtaliyadakı kimi ola bilər”
Qurbanəli Babaşov şərab istehsalı qarşısında süni maneələrin yaradıldığını da deyir.
“Mən özüm istəmişəm ki, rəsmi şərab sexi açım, şüşə qablaşdırmada şərab buraxım. Amma elə şərtlər qoyurlar qarşına ki, deyirsən, mənə lazım deyil, istəmirəm. 20 min manat aksiz üçün pul istəyirlər. Mən bunu niyə ödəməliyəm?! Sadələşdirsinlər şərtləri, vergimizi ödəyək, qida təhlükəsizliyi gəlib keyfiyyətini yoxlasın, satım da məhsulumu. Bu qədər süni maneələr nəyə lazımdır?”, – deyə o, sual edir.
Fermer hesab edir ki, üzümçülük və şərabçılıq sahəsində böyük tarixi keçmişi olan başqa ölkələrin təcrübəsindən yararlanaraq Azərbaycanda da eyni şəraiti qurmaq mümkündür.
“İtaliyada biz 11 min hektar üzüm bağlarına baxdıq. Hər bir sahibkarla şərab zavodlarının xüsusi müqavilələri var, məhsul istehsalı və satışına görə. Hətta məhsula ehtiyacı varsa, 70 faizi qədər nağd yardım edirlər ki, get, bağını becər, sonra məhsul ilə ödə. Orqanik olmaq şərtilə, ancaq kükürd və göy daş vururlar. O hesabla indi mənim bankda 50 milyon pulum vardı. Hansı ki, bizdə üzümçülük faktiki olaraq ziyanla işləyir.
Üzümçülüklə məşğul olan təbii olaraq şərabçılıqla da məşğul olmalıdır. İtaliyada şərabçılıqla tanış olanda gördük ki, orada aqroturizm inkişaf edib. Kişinin çox yox, bir hektar üzüm bağı var. Baxırsan ki, elə üzüm bağının içində ikimərtəbəli bina var, altında şərab sexləridir, üstündə qonaqların qalması üçün otaqlar, restoran. Qəşəng xudmani otel kimi. Biz də belə eləmək istəyirik. Orada onlar bütün növ vergiləri ödəyirlər. Bizə niyə subsidiya verilməlidir? Qoy verilməsin, amma bizə marketinq imkanları yaradılsın. Biz həm qazanaq, həm də dövlətə vergi ödəyək”, – Qurbanəli Babaşov deyir.
“Mediaşəbəkə”nin dəstəyilə