Sağ sükana əlvida?
Ermənistan sağ sükanlı avtomobillərin idxalına qadağa qoyub. Əsas səbəb təhlükəsizliyə riayətdir. Hökumətin planlarına çoxdan qarşı çıxan sürücülər hakimiyyətin arqumentləri ilə razı deyil. Gürcüstanda idxal qadağası qoymaq fikrindən daşındılar, amma onların idxal aksizini üç dəfə artırdılar. Gürcüstanda və Ermənistanda sürücüləri sağ sükanlı avtomobillərdə cəlb edən nədir, qadağa özünü nə dərəcədə doğruldur, bunu JAMnews-un müxbirləri Yerevan və Tbilisidə aydınlaşdırmağa çalışdı
Sağ sükan və demokratiya naminə
30 yaşlı Ara Melikcanyan iyirmi illik təcrübəsi olan sürücüdür. Sağ sükanlı avtomobili son üç ildir ki, idarə edir. Sağ sükanlı avtomobil sahiblərində yaranan problemlər Aranı da minlərlə başqa sürücü kimi küçəyə çıxmaq və hökumətin bu layihəsinə qarşı etiraz etməyə məcbur edib:
“Biz sağ sükanlı avtomobillərin idxalına qoyulmuş qadağaya, eyni zamanda konstitusiya hüquqlarımızın pozulmasına qarşı mübarizə aparırdıq. Bizim ölkədə insanların hər hansı bir qadağa və hüquqların pozulduğu bir vaxtda sadəcə bir “B” planı var, o da mühacirətdir. Bu qadağaya qarşı çıxanlar isə Ermənistanda qalıb, öz hüquqları uğrunda mübarizə aparacaqlarını deyirlər”, – Ara deyir.
Hər şey 2017-ci ilin sonlarında hökumət 1 aprel 2018-ci il tarixindən sağ sükanlı maşınların idxalının müvəqqəti, daha sonra isə istismarının tam qadağası təklifi ilə çıxış edəndən sonra başladı. Ancaq 2018-ci il aprelin birinə qədər idxal olunmuş avtomobillərin istifadəsinə icazə verilirdi, onların yenidən qeydiyyatına isə icazə verilmirdi.
Rəsmi məlumatlara görə, Ermənistanda 32 min sağ sükanlı avtomobil var. Amma layihəyə qarşı çıxanlar iddia edirlər ki, onların sayı hardasa yüz mindir:
“Problem ondadır ki, dörd-beş il bundan əvvəl maşının texniki pasportunda, sükanın sağ və ya sol tərəfdən quraşdırılması dəqiq qeyd olunmurdu. Belə olan halda da hökumətin əlində dəqiq məlumat yoxdur”, – Ara deyir.
Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin layihənin “lehinə” olan arqumenti ondan ibarətdir ki, sağ sükanlı avtomobillər tez-tez yol nəqliyyat hadisələri iştirakçıları olur. Bununla belə, yol polisinin yol qəzalarında sağ sükanlı avtomobil sürücülərinin xüsusi “günahı” ilə bağlı statistikası yoxdur:
“Biz nazirlə görüş zamanı bu cür iddialara əsas verəcək qəzalarla bağlı statistikanın, yəni məlumatın olmadığını bildirəndə hökumət bir gecə içində bu rəqəmləri uydurdu. Məlumatları da sığorta şirkətlərinin təqdim etdiyini bildirdi. Əgər bu doğrudursa, onda daha bir sual yaranır – nə üçün sığorta şirkətləri sürücülərin şəxsi məlumatlarını üçüncü şəxsə təqdim edir? Bu, Ermənistan hökuməti olsa belə. Hansı əsasla?”, – Ara deyir.
Bir neçə həftəlik mübarizə layihənin yenidən işlənilməyə göndərilməsinə gətirib çıxardı. Nəticədə layihədən sağ sükanlı maşınların satışına qadağa ilə bağlı bənd çıxarıldı. Yenidən işlənib hazırlanmış sənədə görə, aprelin birindən sonra sağ sükanlı maşınların idxalı qadağan olunacaq, amma avtomobili bundan əvvəl alanlar ondan sərbəst istifadə edə, qeydiyyata və yenidən qeydiyyata ala, başqa sözlə ehtiyac olduğunda sata biləcək.
Ara Melikcanyan isə bildirir ki, problem hələ həllini tapmayıb, fəalların mübarizəsi davam edəcək:
“Burada biz üç ciddi problemlə qarşı-qarşıyayıq. Birincisi, biz hesab edirik ki, hökumət ağla batmayan bir müddət qoyub – aprelin birinə qədər. Elə adamlar var ki, bu maşınları hələ keçən ilin sentyabr-oktyabr aylarında alıb, amma onların avtomobilləri aprelin birinə qədər Ermənistana gəlib çıxmayacaq. Cəmi bir vasitəçi şirkətin məlumatına görə, təyin olunmuş müddətə onlar Ermənistana ancaq 900 avtomobil çatdıra biləcəklər. Bəs bu maşınları alanlar nə etsin?
İkinci problem daha kəskindir. Sağ sükanlı maşınlar əsasən Yaponiya istehsalıdır və nisbətən daha ucuzdur. Məsələn, taksi sürmək və dolanışığını təmin etmək üçün illərlə maşın almaq üçün pul yığan insanlar bu gün belə bir problemlə üzləşib – indi bu, artıq mümkün olmayacaq. Onlar həmin qiymətə ən yaxşı halda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Rusiya istehsalı olan “Lada” ala bilərlər”, – Ara deyir.
Üçüncü problemi etiraz iştirakçıları Ermənistan hökumətinə təqdim etdikləri sənəddə də qeyd edib. Söhbət ekoloji təmiz nəqliyyatdan gedir:
“Biz qadağanın heç olmazsa qismən olmasını, ekoloji təmiz mühərriklərə, hibrid və ya elektrik mühərrikli avtomobillərə aid olmamasını istəyirik. Onların idxalı və istismarı bir çox ekoloji problemlərin həllinə təkan verəcək. Bu sahədə Yaponiya əsas istehsalçıdır, amma bu ölkə sol mühərrikli avtomobillər sadəcə istehsal etmir. Misal üçün deyə bilərəm ki, bir elektrik mühərrikli Yaponiya avtomobili təxminən dörd min beş yüz dollardır, ABŞ-da onun sol sükanlı analoqu isə təxminən 21 min dollardır”, – Ara deyir.
Layihəyə qarşı çıxanlar onların təkliflərinə baxılacağına və hökumətin qərar qəbul etdiyi zaman demokratik prinsiplərə əsaslanacağına ümid edirlər.
Sağ sükanlı maşınların azalması köhnə maşınların çoxalması deməkdir
Bir il əvvəl Gürcüstan hökumətinin sağ sükanlı avtomobillərə aksizin üç dəfə artırılması qərarı qüvvəyə mindi. Mütəxəssislər bildirir ki, hökumətin qərar qəbul ediləndən sonra Gürcüstan avtoparkının yenilənməsi ilə bağlı ümidləri doğrulmadı.
Sağ sükanlı avtomobillərin idxalının qadağası təşəbbüsünü hələ 2015-ci ilin dekabr ayında daxili işlər naziri Georqi Mqebrişvili irəli sürüb. O vaxt ölkənin baş naziri İrakli Qaribaşvili hətta nazirə təşəkkür də etmişdi. Amma hökumət daha sonra qərarını dəyişdi və tam qadağa yerinə sağ sükanlı avtomobillərin vergi rüsumu artırıldı.
2017-ci ilin yanvar ayının birindən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, istehsalı altı ildən çox olan avtomobillərin aksizi artırıldı, sağ sükanlı maşınların gömrük rüsumu isə üç dəfə qalxdı.
Daxili İşlər Nazirliyində bildirildiyinə görə, vergi dəyişikliklərinin əsas məqsədi Gürcüstana yeni maşınların gətirilməsinə təşviq və nəticədə yollarda təhlükəsizliyin artırılması idi.
“Hökumətin hesablamalarına görə, köhnə maşınların idxalı qismən azalmalıdır. Əlbəttə misal üçün, 14 illik maşın alıb, taksi kimi işlətmək istəyənlər təəssüflənirlər”, – o vaxtlar daxili işlər nazirinin müavini olan Şalva Xutsişvili bəyan edib.
Rəsmi məlumata əsasən, 2007-ci ildə Gürcüstanda qeydiyyata alınmış avtomobillərin sayı demək olar ki, iki dəfə artıb və 2016-cı ildə bu rəqəm 1 milyon 126 min 470-ə çatıb. DİN-in məlumatına görə, maşınların demək olar ki, yarısı, yəni 46 faizi 20 ildən əvvəl istehsal olunub və ölkə avtoparkının cəmi 3,6 faizi altı yaşdan “kiçik”dir.
Sağ sükanlı avtomobillərin idxalı isə Gürcüstana idxal olunmuş avtomobillərin ümumi sayının 38,9 faizini təşkil edib.
Hökumət sağ sükanlı avtomobillərin gömrük rüsumunun artımını onların sayının kəskin artması, sayın kritik həddə çatması, yaxın beş-yeddi il ərzində sol sükanlı ilə sağ sükanlı avtomobillərin sayının bərabərləşə biləcəyi ilə izah etdi. Bu isə hərəkətin nizamlanmasında və yol təhlükəsizliyi sahəsində ciddi problemlər yarada bilər.
DİN-də bildirirlər ki, sağ sükanlı maşınlar sol sükanlı maşınlar üçün nəzərdə tutulmuş yollarda riski yüksəldir, ötmə zamanı, sərnişin düşürəndə, gecə yanlı faralarla hərəkətdə riski artırır. Bununla belə, hökumət sağ sükanlı avtomobillərin risk artırması ilə bağlı heç bir araşdırma məlumatı təqdim etməyib.
2017-ci ildə Gürcüstana 66 479 avtomobil idxal olunub və onlardan 14 578-i sağ sükanlı olub, bütün idxalın 21,9 faizini təşkil edir. Başqa sözlə, 2016-cı illə müqayisədə sağ sükanlı avtomobillərin idxalı 17 faiz azalıb.
Nəqliyyat məsələlərində ixtisaslaşmış “Hub Geogria” platformasının icraçı direktoru Vaso Uruşadze deyir ki, hökumətin ölkənin avtoparkını yeniləmə ümidləri doğrulmadı, çünki əhalinin sosial-iqtisadi vəziyyəti səbəbindən 10-20 illik maşınlara tələbat qalır.
“Kasıb yaşayan əhali təzə maşın almır. Sağ sükanlı avtomobillərə aksizin bahalaşması səbəbilə texniki cəhətdən yaxşı vəziyyətdə olan yapon avtomobilləri əvəzinə, ölkəyə Avropa ölkələrindən və ABŞ-dan sol sükanlı, amma daha amortizasiyalaşmış avtomobillər gətirilməyə başladı. Yapon avtomobilləri ilə müqayisədə onlar daha çox yanacaq sərf edir, onların yürüşü daha çoxdur, onlar ətraf mühiti daha çox çirkləndirir. Və bu maşınlar yapon maşınları kimi texniki baxış şərtlərinə cavab verməyəcəklər”, – Uruşadze deyir.