"Çirkli əllərinizi "Georgian Airways"dən çəkin!" - Gürcüstanda Rusiyaya uçuşlar ətrafında qalmaqal
Gürcüstanın “Georgian Airways” aviaşirkətinin bəyanatı
“Çirkli əllərinizi “Georgian Airways”dən çəkin!” – Gürcüstan aviaşirkətinin əməkdaşları adından Facebook səhifəsində yerləşdirdiyi rəsmi məktub belə başlanır.
Aviaşirkət bu yazı ilə Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpası qərarından sonra gələn tənqidlərə cavab verib.
Rusiya prezidenti Vladimir Putin Gürcüstana birbaşa uçuşlar və Gürcüstan vətəndaşları üçün vizasız rejimi bərpa etmək qərarına gəldikdən sonra “Georgian Airways” Rusiyaya birbaşa uçuşlar həyata keçirmək qərarına gəlib. “Georgian Airways” mayın 20-dən Tbilisi-Moskva reysi üçün biletlər satmağı planlaşdırır.
Bu qərara görə aviaşirkətin Facebook səhifəsində çoxlu şərhlər yer alıb, Gürcüstan Hava Yollarını xəyanətdə ittiham edib və onu boykot etməyə çağırıblar. Minlərlə mənfi şərhdən sonra şirkət şərh yazmaq imkanını məhdudlaşdırıb və cavab olaraq rəsmi məktub yayıb.
Gürcüstan Hava Yolları öz məktubunda tənqidçi vətəndaşları “kənar adamlar”, “iki qəpik üçün hər şeyi edəcək əclaflar” və xarici dövlətlərin nəzarətində olan “komik alçaqlar” adlandırıb.
Aviaşirkət yazıb ki, siyasi təşkilat deyil və uçuşların bərpası qərarını hər iki ölkə verib.
Aviaşirkət həmçinin qeyd edib ki, uçuşların bərpası insanların istəyidir və aviaşirkət onların sifarişini yerinə yetirir:
“Biz gürcü xalqının maraqlarına hətta müharibə dövründə də xidmət etmişik, sülh dövründə də onlara xidmət edəcəyik”.
Məktubda şirkət vətəndaşlara xatırladır ki, o, 1992-93-cü illərdə Abxaziyada və 2008-ci ildə Cənubi Osetiyada döyüş əməliyyatlarında iştirak edib və fədakarlığa görə dövlət mükafatlarına layiq görülüb.
Məktubda deyilir: “2008-ci il müharibəsi zamanı Gürcüstan Hava Yolları uçuşları dayandırmayan və yüzlərlə xarici jurnalist və siyasətçini Gürcüstana çatdıran, gürcü xalqının hazırkı faciəsini bütün dünyaya nümayiş etdirən yeganə aviaşirkət idi.
“Georgian Airways” ona qarşı kampaniyada “xaricdən göndərilmiş” qüvvələri günahlandırır:
“Açıq gözlə belə aydın görünür ki, bu çirkin kampaniyanın arxasında xaricdən alınan qrantlara haqq qazandırmaq üçün öz ölkəsinin və xalqının mənafeyinə zidd getməyə hazır olan qüvvələr dayanır.
Təxribatçılara müraciət edirik – siz bunu Vətənə xəyanət hesab edirsiniz?! Ancaq sizin açıqlamalarınıza əsasən, bu, təəccüblü deyil.
Aviaşirkət bildirib: “Biz siyasəti yürüdən əclaflara deyirik ki, biz düşmən artilleriyasından, tanklarından və hərbi təyyarələrindən qorxmadıq, sizin komik gülüşlərinizdən heç qorxmayacağıq”. Aviaşirkətə qarşı hər hansı təxribat barədə düşünməyin, əks halda qanunla nəzərdə tutulmuş ən sərt cavabı alacaqsınız”.
Aviaşirkətin bu açıqlaması çoxlu mənfi rəylərə səbəb olub. “Facebook” istifadəçiləri bu təhqiramiz mətndən şoka düşüblər. Bəziləri belə bir mətnin rəsmi ola bilməyəcəyi və aviaşirkətin səhifəsinin sındırılaması ehtimalını irəli sürüblər. Bununla belə, mətnin görünməsindən bir neçə saat keçsə də, aviaşirkətin nümayəndələrindən heç bir şərh alınmayıb.
Facebook-da yazılan 5000-dən çox şərhin əksəriyyəti qəzəb və istehza xarakterli yazılardır:
“İnşallah iflas edərsiniz, satqınlar!”
“Georgian Airways”in təyyarəsi, s… burdan.
“Bu nə mətndir belə? İnsanları təhqir etməyə necə cürət edirsən? Bu cəfəngiyyatı sizinçün kim yazıb ki, yayırsız?
“Ey satqınlar, Abxaziya və avqust müharibəsini xatırlayanda o zaman Rusiyanın özünün işğalçı olmasını unutmusuz?”
Gürcüstanın “Georgian Airways” aviaşirkətinin Moskvaya ilk birbaşa reysi mayın 20-də həyata keçiriləcək. Bir gün əvvəl, mayın 19-da Rusiyanın aşağı büdcəli “Azimut” aviaşirkəti Rusiyadan ilk birbaşa reys həyata keçirəcək. Gürcüstan Hava Yollarının sərnişinləri Tbilisidən saat 08:00-da yola düşəcək və Moskva vaxtı ilə saat 10:15-də “Vnukovo” hava limanına enəcəklər.
Bir tərəfə biletin qiyməti 897 lari [təxminən 350 dollar]dır.