Məşq zamanı uşağın döyülərək öldürülməsinə görə kim məsuliyyət daşıyır?
Məşqçi 7 yaşlı uşağı öldürüb
Mayın 1-i axşamdan sosial şəbəkələrin Azərbaycan seqmenti 7 yaşlı uşağın sambo məşqində məşqçi tərəfindən döyülərək öldürülməsini əks etdirən video ilə çalxalanır. Hadisə dövlət məktəblərinin birinin idman zalında baş versə də, Elm və Təhsil Nazirliyi yaydığı açıqlamada bütün məsuliyyəti sadəcə məşqçinin üzərinə qoyub və öz yaxasını kənara çəkməyə çalışıb. Uşaq hüquqları ilə məşğul olan qeyri-dövlət təşkilatları isə uşaqların idmanla məşğul olduqları zalların dövlətin nəzarətindən tamam kənarda qalması və həmin idman zallarında uşaqlara qarşı zorakılıq hallarının geniş vüsət alması ilə bağlı həyəcan təbili çalır.
- Ləpirsalan. Seks-terapevt Bakı məktəbində cinsi tərbiyə dərsi keçməyə başlayıb
- Azərbaycanda məişət zorakılığına görə cəzanın sərtləşdirilməsi təklif olunur
- “Cəhənnəmdə idim, indi cənnətə düşmüşəm”
Nə baş verib?
Hadisə aprelin 29-da Sumqayıt şəhərinin 19 nömrəli tam orta məktəbinin idman zalında baş verib.
Yayılan videoda məşqçi Mehman Xəlilovun məşq zamanı bir qrup azyaşlı uşağa qarşı zorakı davranışı əks olunub. Onlardan birinə – 7 yaşlı Fərid Bakarova qarşı isə o, xüsusilə amansız davranır. Yerə yıxılan uşağı saçından tutub sürüyür, başından tutub yuxarı qaldırır, yerə çırpıb bir daha qaldırır, uşaq ayağa qalxa bilməyəndə isə onu təpikləyir.
Bütün bunlardan sonra huşunu itirən uşaq xəstəxanaya çatdırılıb. Məşqçi uşağın valideynlərinə zəng vuraraq, onun yıxılaraq xəsarət aldığını deyib. Müşahidə kamerasının görüntüləri yayıldıqdan sonra isə həqiqət ortaya çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanları CM-in 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıb. Məhkəmə Mehman Xəlilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Həkim rəyi
Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən verilən xəbərə görə, uşaq xəstəxanaya daxil olarkən vəziyyəti həddən artıq ağır olub.
“Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb. Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub”.
Xəstəxanadan bildirilib ki, həkimlərin səylərinə rəğmən bir saat sonra uşaq keçinib. Meyiti təşrihə göndərilən zaman ölüm səbəbinin dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olduğu qeyd edilib.
Elm və Təhsil Nazirliyinin açıqlaması
Təhsil Nazirliyi faciə ilə bağlı iki açıqlama yayıb və hər ikisinin məzmunundan bəlli olur ki, dövlət qurumu uşağın ölümü ilə bağlı özünü məsul bilmir.
Nazirlikdən bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Mehman Xəlilov da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olduğundan, bu fəaliyyət çərçivəsində ümumtəhsil məktəbinin idman zalında sambo məşqçisi kimi fəaliyyətinə imkan yaradılıb.
“Fərid Bakarov həmin məktəbin şagirdi deyil. Mehman Xəlilov isə həmin məktəbin müəllimi deyil. M.Xəlilov azyaşlını öz təşəbbüsü ilə qeydiyyatdan kənar olaraq məşqlərə cəlb edib. Qeyd olunan hadisəyə qədər belə bir fakt baş verməyib və onunla bağlı hər hansı şikayət olmayıb”, – deyə nazirliyin açıqlamasında bildirilib.
Sambo Federasiyasından açıqlama
“Mehman Xəlilov üçqat Avropa mükafatçısı, II Avropa Oyunlarının bürünc medalçısıdır. Hər zaman komandanın lideri kimi öz ədəb-əxlaqı ilə seçilib. Həmişə məşqçi heyətinə qarşı sayğılı olub. Heç zaman ondan belə hərəkət gözləməzdim. Videonu görəndən sonra onun bu cür insanlığa sığmayan hərəkət etməsinə inana bilmədim”, – Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov bildirib.
Federasiya rəhbərliyi azyaşlının ölümü ilə nəticələnən zorakılıq hadisəsində federasiyanın adının hallanmasını doğru saymır.
“Hadisə milli komandanın məşqi zamanı baş verməyib. Biz idmançılarımızın hərəkətlərinə onlar milli komandada olarkən cavabdehlik daşıyırıq. İndiki halda isə bu məsələ bizə aid deyil. Onun məşqçilik etməsinə gəlincə, biz ona heç bir məşqçilik lisenziyası verməmişik. O, Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur, müəllimliyi bitirib”.
Ceyhun Məmmədovun açıqlamasına görə, Mehman Xəlilov milli komandadan uzaqlaşdırılıb.
Ailəsi nə deyir?
Həyatını itirən azyaşlının atası Eyvaz Bakarovun sözlərinə görə, hadisə zamanı onun digər oğlu da məşqdə olub. İki qardaş birlikdə Mehman Xəlilovun məşqlərinə gəlirmiş. Üstəlik, uşağın anası da həmin vaxt məktəbin həyətində olub.
“Məşq zalında səs-küy olub, anası eşidib, iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, “qız kimi böyütmə”. Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb”, – Eyvaz Bakarov jurnalistlərə danışıb.
“Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm”, – o deyib.
Son iki ayda 6 şikayət
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin İcraçı direktoru Kəmalə Aşumova “Turan” informasiya agentliyinə müsahibəsində bildirib ki, hazırda uşaqların idmanla məşğul olduqları dərnək və zallar dövlət nəzarətindən kənarda qalıb.
“İstər təhsil sahəsi olsun, istər idman sahəsi olsun, biz dəfələrlə vurğulamışıq ki, uşaqlarla işləyən şəxslər yoxlanışdan, psixoloji müsahibədən keçməlidirlər. Psixoloji müsahibələr yarım saatlıq ilkin söhbətlə kifayətlənməməlidir. Həmin insanların davranışları öyrənilməli, diaqnostika olunmalıdır. Yalnız sonra onlar uşaqlara təmasa, ünsiyyətə buraxıla bilərlər.
İndi istənilən şəxs uşaqların idmanla məşğul ola biləcəyi dərnəklər aça bilir. Gəlin baxaq, onlar nə dərəcədə uşaq hüquqları ilə bağlı məlumatlıdırlar? Onlar xüsusi təlimlərdən keçirlərmi? Xeyr! Sadəcə özünün aid olduğu idman sahəsi üzrə bacarıqlarını uşaqlara, gənclərə ötürməklə, onlar sırf öz idman sahəsi istiqamətində yetişdirməyə yönəliblər. Buna nəzarət də yoxdur. Rəsmi lisenziyalaşma həyata keçirilmir”.
Kəmalə Aşumovanın sözlərinə görə, bu hadisə heç də birinci deyil. O bildirir ki, son iki ayda təmsil etdiyi təşkilatın “uşaq qaynar xəttinə” altı müraciət daxil olub.
“Biz də aidiyyatı qurumlara yönləndirmişik. Amma bunların nəticələri necə olub, bilmirik. Çünki bizə bildirilmir. Son hadisələrdən biri də idman zalında 16 yaşlı oğlanın bıçaqlanaraq qətlə yetirilməsi idi ki, hazırda bu iş üzrə məhkəmə prosesi gedir”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, valideynlər də uşaqlarını yazdırdıqları dərnəklərə, onlarla məşğul olan məşqçilərə nəzarət etmirlər.
“Əksər valideynlər uşaqlarını hər hansı dərnəyə gətirəndə suallar verməkdən çəkinirlər. Sizin uşaqlarla məşğul olmaq üçün hər hansı sənədiniz varmı, təlim prosesində mənim uşağıma təsir edəcək hansısa qaydalar varmı? Nə qurumlar, nə də valideynlər bu insanları nəzarətdə saxlamadığı üçün onlar da istədiklərini edirlər.
Nəzarət, monitorinq və superviziya çox vacibdir. Bununla bərabər, əhali arasında təbliğat, maarifləndirmə aparılmalıdır”, – ekspert vurğulayıb.