Müharibə xatirələri
44 günlük müharibə
2020-ci il 44 günlük müharibə zamanı hər iki tərəfdən minlərlə hərbçinin həlak olması ilə yanaşı, mülki əhali də zərər çəkib: rəsmi məlumatlara görə, Ermənistan tərəfdən 76 nəfər, Azərbaycan tərəfdən 94 nəfər həyatını itirib.
Müharibə başlayanda sosioloq və fəal Sənubər Heydərova cəbhəyanı rayonların birində təlim keçirdi. Bakıya qayıdandan sonra o, demək olar ki, dərhal geriyə – Bərdəyə qayıdıb, humanitar yardım çatdırmaq üçün.
Sənubər Heydərovadan həmin günlər haqda danışmasını xahiş etdik. Artıq iki il keçmiş olsa da, bu xatirələr hələ də ağrılı və mühümdür. O, uzun aralarla danışır, sanki yaddaşının hansısa uzaq küncündən növbəti insan hekayəsini çəkib çıxarmaq və sonra yenidən gözdən uzaq yerə qoymaq üçün ona vaxt lazım olur.
Müharibə başladı
Müharibənin ilk günündən insanlar cəbhə xəttindən uzağa qaçmağa başladılar. Onlar bunu öz imkanları ilə, rəsmi evakuasiya olmadan edirdilər.
“Ayın 27-də Bakıya qayıtmaq üçün maşın tapmağa çalışırdıq, amma maşın tapmaq demək olar ki, müşkülə çevrilmişdi. Bərdədən çoxları kəndlərə getmişdilər ki, qohumlarını oradan toplayıb şəhərə gətirsinlər, düşünürdülər ki, ora daha təhlükəsiz olacaq. Maşını olan kəndlilər özləri gəlmişdilər. Onlar əyinlərində ev paltarı ilə nə edəcəklərini bilmədən maşınlara doluşub oturmuşdular. Bəziləri elə yol kənarınaca xalça sərib oturmuşdu. Özü ilə çörək gətirib qonşuları ilə bölüşən bir adam da vardı”.
Ərzaq çatışmazlığı və digər problemlər
Bakıya qayıdandan sonra Sənubər və digər fəallar cəbhə bölgəsinə humanitar yardım daşımaq qərarına gəliblər. Çünki orada ərzaq və digər əsas ehtiyac malları sarıdan qıtlıq yaranmışdı. Bir çox yollar bağlı idi, cəbhə bölgəsindəki şəhər və rayonlarda qeydiyyatı olmayanları ora buraxmırdılar. Həmin müddətdə cəbhə bölgəsinə mal demək olar ki, daşınmırdı, çünki daşıma prosesi daha çox vaxt aparırdı, baha başa gəlirdi və təhlükəli idi.
“Həmin günlərdə bir çox fəallar və sadə vətəndaşlar öz maşınlarında nəsə gətirməyə çalışırdılar. Nə qədər humanitar yardım mənimsənilmişdi, təyinat yerinə çatmamışdı. İnanırsız, hökumət hər humanitar təşkilata ora getməyə icazə vermirdi?” – Sənubər deyir.
“Ancaq Bərdəyə gedə bilirdik. Ordan o tərəfə yardım yox idi ki, köməkləşə bilək. Bərdədə oranın fəalları köməyimizə gəldi. Əvvəlcə bütün topladığımız ərzaqları aparırdıq, paylayanda isə gördük ki, birinə makaron, digərinə mərci və ya qarabaşaq düşür. Bu zaman düşündük ki, belə olmaz və işi sistemləşdirməyə qərar verdik”.
Sənubər danışır ki, insanlar könüllülərə daha çox inandıqca və öz problemləri haqda daha çox danışdıqca, tələb olunan ərzaq və malların siyahısı genişlənirdi. Gigiyenik vasitələrə, alt paltarlarına və aftafalara dəhşətli tələbat vardı. Gigiyenik ped əvəzinə qadınlar paltarları cırıb parçasından istifadə edirdilər.
Məktəb binalarında sığınacaqlar
“Biz gördük ki, digər rayonlarda – Naftalan, Goranboy, Yevlaxda da vəziyyət eynidir. Yevlaxa gələn insanlara yerli sakinlər öz evlərində yer vermişdi. Naftalanda isə istirahət otelləri çox olsa da, onların çox azı qapılarını evini tərk etmiş adamların üzünə açmışdı. Yevlax-Bərdə yolunun üstündə kafe vardı, sahibi qapılarını açmışdı ki, adamlar orda qalsınlar. Yerə salınan kilimin üstündə yatırdı camaat, kilim də yerə çəkilən neylon döşəmənin üstündən salınmışdı. Məktəbdəki sığınacaqlarda bir otaqda 10-15 ailə yatırdı, böyük maşınlarda yorğan-döşək çıxara bilənlər elə maşının yük yerindəcə yatırdı”.
Məktəbdə yenə insanların gigiyena problemi yaranmışdı: tualetlərin qapısı yox idi, odur ki, kişilər və qadınlar ora qruplarla və növbə ilə gedirdilər. Üstəlik mentalitetdən gələn tabular üzündən kişilərin gözü qarşısında əlində aftafa tualetə getmək məcburiyyətində qalmaq qadınlarda əlavə stress yaradırdı.
“Məktəblərdə biotualetlər də gördük. Bir məktəbdə biotualet açıq idi, digərində isə qapısına qıfıl asılmışdı. Bizə izah elədilər ki, camaat onlardan səliqəli istifadə edə bilmir, korlamasınlar deyə bağlayıblar”.
Sənubərin dediyinə görə, mülki əhalinin təhlükəsizliyi də müxtəlif yerlərdə fərqli təşkil olunubmuş.
“Ancaq Bərdədə 5 məktəbin zirzəmisini təmizləmişdilər və oranı sığınacağa çevirmişdilər. Deyirdilər, Beyləqanda və Ağcabədidə sığınacaq var, ancaq biz oralara getməmişdik”.
Bu məktəb-sığınacaqlarda yerli icra hakimiyyəti tərəfindən insanlara gündə üç dəfə isti yemək verilirdi.
Dərman yox idi
Sənubər danışır ki, müharibənin özü ilə birgə gətirdiyi bütün fəlakətlərin fonunda ən betəri əlil və xəstə insanların payına düşmüşdü:
“Mütəmadi dərman qəbul etməli olan xəstə insanlar, məsələn şəkər xəstələri dərmansız qalmışdılar. Gəlib Bərdədəki, Yevlaxdakı poliklinikalardan dərman istəyirdilər, amma onlara deyirdilər ki, bizə dərmanlar yalnız öz rayonumuzun əhalisi üçün sayla gəlir. Əliboş geri qayıdırdılar. Bu məsələ Bakıya gedib çatana, məsələ həllini tapana qədər çox vaxt aldı. Çünki o adamlar heç kimin vecinə deyildilər. Hamı yaralı əsgərlərə yönəlmişdi”.
Sənubərin sözlərinə görə, okoloji xəstələrin və hamilə qadınların vəziyyəti də eyni səbəbdən çox ağır olu – onlar tibbi yardım ala bilmirmişlər.
Uşaqlar
“Biz müharibədən sonra da həmin rayonlarda işləməyə davam etdik və necə çox insanın xəstələndiyini görürdük. Məişət zorakılığının səviyyəsi artmışdı. Uşaqlar arasında özünə zərərvermə halları çoxalmışdı. Bir uşaq qaşlarını yolurdu, əynindəki paltarları cırırdı. Sarsıntıdan uşaqlarda yaddaş pozğunluğu yaranmışdı, dərs oxuya bilmirdilər.
Tapqaraqoyunlu kəndində bir kişi vardı, onun uşağı ilə danışmaq istəyirdik. Atası deyirdi ki, uşağı evə gəlməyə qoymur, çünki anasını qəlpə evin qarşısında vurub, həyətdən qanını təmizləyə bilməyib. Qanı yusa da ləkəsi qalmışdı. Qorxurdu ki, uşaq gəlib dəli olar.
Ən pisi bilirsiz nədir? Birinci Qarabağ müharibəsindən sonra cəbhəyanı kəndlərdə doğulub böyüyən qadınlar və uşaqlar deyirdilər ki, biz onsuz da daima qorxu içində yaşayırdıq. Yəni bu qorxu 44 günlük deyil, otuz illikdir”.
“İnsanlar qorxmurlar”
“Heç yadımdan çıxmayacaq xatirələrdən biri – məktəbə getmişdik, məktəbin yarısı yox idi. Uçmuş divarların aralarında gəzirdim, şüşələr qırıq-qırıq idi, hər yer dağılmışdı, stadiounun üstü uçmuşdu. Uşaqların plakatları, şairlərin şəkilləri divarlarında asılı sinif otaqları, ortada isə böyük bir dəlik vardı…
Hakimiyyət insanlardan sipər kimi istifadə edirdi, onların o zonadan çıxmağını istəmirdilər ki, sonra “mülki əhalini atəşə tuturlar” deyə bilək. Uşaqlar bu 44 gündə o mərmi səslərinin altında yatdılar. Elə bir gecə olmadı ki, partlayış olmasın. Bütün günümüz və gecəmiz o səsələrin müşayiəti ilə keçirdi.
Dinc sakinlərin təhlükənin altından çıxarılmaması məni dəhşət əsəbləşdirirdi. Bir dənə PUA-nın, raketin qiymətinə 10 dənə avtobus tutub heç olmasa uşaqları, hamilə qadınları çıxarmaq olardı. Bunu belə etməmişdilər. Burda nağıllar danışırdılar ki, insanlar çəkinmir, qorxmur. Nə insanlar qorxmur, insanlar bilirsən, nə gündə idilər?”
Sənubər dərin ah çəkib söhbətini bitirir.
Mətndəki bütün fotolar Sənubər Heydərovaya aiddir
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.