Azərbaycan Qarabağda alternativ yolları nəzarətə götürüb
Azərbaycan Qarabağda alternativ yollara nəzarət edir
Azərbaycan ordusu Qarabağın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsində Laçın dəhlizinin şimalındakı torpaq yolları nəzarətə götürüb. Azərbaycan tərəfinin məlumatına görə, bu yollar Ermənistandan Xankəndiyə silah daşınmasına xidmət edib. Qarabağın erməni əhalisi isə bu yollarla yaxınlıqdakı bəzi kəndlərlə daxili əlaqənin aparıldığını iddia edir.
- “Bəzi nazirliklər Nazirlər Kabinetindən güclüdür”. Azərbaycan hökumətinin parlament qarşısında hesabatı
- Avropa Parlamenti Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır
- “Bakıya başqa seçim qoymurlar” – Bakıdan şərh
Şənbə günü, martın 25-də axşam saatlarında Azərbaycan Müdafiə Nazirliyi təcili məlumat yayıb.
“Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”, – Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Az sonra Azərbaycan Xarici İşlər Nazirliyi də analoji bəyanat yayıb.
“Məlum olduğu kimi, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib”, – XİN-in məlumatında deyilir.
Nə baş verib?
Rusiya sülhməramlılarının məlumatına görə, martın 25-də Azərbaycan Silahlı Qüvvələri 2054 metr hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) zəbt edib və postu təchiz edib. Bu yer əlavə edilmiş xəritədə göstərilmişdir.
Bu yerdə Şuşadan yan keçərək Laçın yoluna çıxan üç torpaq yol birləşir.
Mütəxəssislərin fikrincə, beləliklə Azərbaycan ordusu Laçın yolundan yan keçərək və Azərbaycanın nəzarətindən yayınaraq Ermənistana gedən bir deyil, üç yolu birdən bağlamağa nail olub.
Öz növbəsində, tanınmamış DQR-in hakimiyyət orqanları Şuşa rayonundakı bir sıra erməni yaşayış məntəqələrinin Xankəndi ilə əlaqəsinin kəsildiyini etiraf ediblər. Onlar həmçinin qeyd ediblər ki, rabitə bərpa olunmasa, “Qarabağ üçün vəziyyət kritikləşəcək”.
Eyni mənbələrə görə, sülhməramlılar Azərbaycan hərbçilərinin yanında dayanaraq “vəziyyətə nəzarət edirlər”, lakin Rusiya sülhməramlılarının özləri bu barədə heç bir məlumat verməyiblər.
Azərbaycan mediasının yaydığı video kadrlarda da bu görünmür. Görürsən ki, Azərbaycan və Ermənistan hərbçiləri torpaq yolda üz-üzə dayanıblar, yaxınlıqda sülhməramlılar yoxdur.
Ekspert rəyləri
Hərbi icmalçı Ədalət Verdiyev bildirir ki, əməliyyat nəticəsində Azərbaycan ordusunun bölmələri “Ermənistandan rusların nəzarəti altında olan ərazilərə silah daşındığı” Turşsu-Xəlfəli yolu üzərində itkisiz nəzarəti bərpa edib:
“Fərrux, Qırxqız, Sarıbaba və Turşsu-Xəlfəli yolunun üzərindəki 2054 metr yüksəkliyində olan dağ zirvəsinin Azərbaycan Ordusunun nəzarətində olması separatçı rejimin cilovlanması və onların ərazidən təmizlənməsi məqsədi ilə həyata keçiriləcək əməliyyatlarda mühim plasdarm kimi də istifadə oluna bilər.
Nəticə etibarı ilə bu yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olması Qarabağdakı erməni silahlılarının silah və sursatla təminatının məhdudlaşdırılmasında böyük əhəmiyyət daşıyır”.
Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli hesab edir ki, Azərbaycanın əsas məqsədi Ermənistandan Laçın dəhlizinin girişində sərhəd zastavasının yaradılmasıdır:
“Rusiyaya, Ermənistana, Dünyaya açıq və qəti demək lazımdır ki, əgər gizli bir işiniz yoxdursa, Laçın yolundan ancaq dinc əhali gedib-gəlirsə, ərzaq və digər ləvazimat daşınırsa, nədən Azərbaycan öz sərhədində buraxılış, nəzarət məntəqisi qura bilməz?! Bunun nə ziyanı ola bilər ki?!
Yox, əgər siz o yolla silah-sursat daşıtırsınızsa, terrorçuları silahlandırmaq üçün istifadə edirsinizsə, o zaman bizim də təhlükəsizliklə bağlı addımlar atmağa haqqımız var.
Lavrovun, Rusiyanın, Ermənistanın həyasızcasına, “10 noyabr sazişində bu nəzərdə tutulmayıb”, demələri boş sözdür – yoxdur, lap yaxşı, olmayan nə varsa, Azərbaycan qanunları ilə tənzimlənir!
Ölkə 10 noyabr sazişi ilə deyil, Azərbaycan konstitusiyası ilə idarə olunmalıdır, sərhəd məsələsi məhz Konstitusiyada təsbit olunub və tənzimlənir”.
Politoloq, “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlu da əmindir ki, Azərbaycan ordusunun Qarabağdakı son əməliyyatı Laçın yolundakı sərhəd-keçid məntəqəsi məsələsini aktuallaşdırıb:
“Azərbaycanlı fəallar Laçın yolunda etiraza başladıqdan sonra Ermənistan bu yoldan separatçılara böyük həcmdə silah və sursat göndərməyə risq etmirdi. Doğrudur, Rusiyanın nəqliyyat vasitələrində yüklər göndərilə bilərdi, ancaq bunun risqlərini hesablayırdılar.
Buna görə də Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbi kontingenti ilə birgə Qarabağ separatçılarına hərbi yükləri Laçına alternativ torpaq yolundan göndərməyə başladı.
Hazırda bu yol Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyinə görə, Ermənistan və Rusiya hərbi yükləri yoxlanılmayan nəqliyyat vasitələrində yenidən etirazın keçirildiyi yoldan keçirməyə çalışacaqlar. Çünki başqa yolları qalmayıb.
Bunun qarşısını almağın yeganə alternativi Laçın yolunun qurtaracağında sərhəd-keçid məntəqəsinin yaradılmasıdır ki, bütün, o cümlədən Rusiyaya məxsus nəqliyyat vasitələri də yoxlanmalıdır”.