Azərbaycan 2017-ci ildə
Yeni 2018-ci il maraqlı hadisələrlə zəngin olmağı vəd edir. Azərbaycan Cənubi Qafqazdakı qonşuları ilə birlikdə ilk müstəqil respublikaların yüz illiyini qeyd etməyə hazırlaşır. Həm də bu, prezident seçkiləri ilidir.
Bəs arxada qoyduğumuz 2017-ci il azərbaycanlıların yaddaşında nəylə qaldı?
1. Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi
Azərbaycanın vitse-prezidentləri vəzifəsinin təsis edilməsi 2016-cı ilin sentyabr ayında respublika Konstitusiyasına daxil edilən ən vacib düzəlişlərdən biridir. Düzəlişlərə əsasən, prezident öz səlahiyyətlərini icra edə bilmədiyi halda, dövlət başçısı vəzifəsi əvvəlki kimi baş nazirə deyil, birinci vitse-prezidentə keçir.
Bu vəzifəyə birinci xanım Mehriban Əliyevanın təyin edilməsi çox da gözlənilməz olmadı. Müxalifət təbii ki, ailə hakimiyyətinin möhkəmlənməsindən danışır, “Monarxiyaya yox” şüarları altında mitinqlər keçirirdi, ümumilikdə isə ölkənin həyatında heç bir ciddi dəyişiklik baş vermədi.
Hələlik Mehriban Əliyeva haqqında müstəqil siyasi fiqur kimi danışmaq tezdir. O, uğurla özəyi yaxşı təhsili olan kifayət qədər gənc məmurlardan ibarət komandasını formalaşdırır və əsasən humanitar məsələlərlə məşğul olur.
Amma 2018-ci ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçirilməlidir. Maraqlıdır ki, artıq indidən, rəsmi kampaniya başlamadan birinci vitse-prezidenti hakim partiyadan namizəd kimi irəli sürməklə bağlı təkliflər səsləndirilir. Prezident administrasiyasında hələlik Mehriban Əliyevanın prezidentliyə namizəd kimi irəli sürülməsinin mümkünlüyünü heç bir şəkildə şərh etmirlər.
2. Bloqer Lapşinin işi
Məşhur bloqer, Rusiya, İsrail və Ukrayna vətəndaşı Aleksandr Lapşinin Belarusda həbsi və ekstradisiyası payızın əvvəllərinə qədər tək Azərbaycanda deyil, digər ölkələrdə də internet cəmiyyətinin diqqət mərkəzində olub. “Ötkəm bloqer” təkcə qeyri-qanuni şəkildə dövlət sərhədini keçərək, Dağlıq Qarabağa getməyib, həm də açıq şəkildə bununla lovğalanıb. Arzuolunmaz şəxslərin “qara siyahısı”nda ola-ola o, yenə də Azərbaycana gəlir və bunu təkrarlayacağına söz verir. Yəni Lapşinin “cəzası” bütün Azərbaycan sərhədçilərini barmağına dolayıb, sonra da bununla qürurlanmaq istəyənlər üçün özünəməxsus “piar-aksiya” oldu.
Lapşini Minskdən Bakıya gətirirlər, burada onu Dövlət Təhlükəsizliyi xidmətinin əməkdaşları təhlükəli terrorist kimi qara maskalarda qarşılayır. Əvvəlcə onu 6,5 il həbs cəzası gözləyirdi, amma o, məhkəmədə öz günahını etiraf edir, üzr istəyir və üç il müddətinə həbs cəzası alır.
Sentyabrın 11-də prezident Əliyev bloqeri əfv edir. Amma iş bununla bitmir. Bir həftə sonra İsrailə gələn Lapşin bildirir ki, Azərbaycan həbsxanasında maskalı adamlar onu boğub öldürməyə çalışıb. Azərbaycan hakimiyyəti isə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun simasında bildirir ki, Lapşinin özü kamerada intihara cəhd edib, mühafizə isə vaxtında onu xilas edib.
Hazırda bloqer sağ-salamatdır, əvvəlki kimi dünyanı gəzib-dolaşır, vaxtaşırı olaraq Azərbaycan həbsxanasında necə öldürülməsi haqda memuarlar yazır.
3. Jurnalist Əfqan Muxtarlının oğurlanması və həbsi
Azərbaycanda insan haqları ilə bağlı məsələ ağır olaraq qalır. Aralarında müxalif partiyaların liderləri və media nümayəndələri olan yüzdən çox adam yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Yazda bir neçə müstəqil və müxalif sayta giriş bloklanıb.
Amma bu gərgin vəziyyətin fonunda belə jurnalist Əfqan Muxtarlının işi fərqlənir. O, 2014-cü ildə Gürcüstana gedir və orada müvəqqəti sığınacaq alır. Muxtarlı Tbilisidə 30 may 2017-ci ildə yoxa çıxır.
Bir qədər sonra Muxtarlı öz vəkili vasitəsilə xəbər verir ki, naməlum şəxslər onun başına qara torba keçirərək, avtomobilə oturmağa məcbur edir və Bakıya gətirirlər. Jurnalist sərhədi pozma, qaçaqmalçılıq və sərhədçiyə müqavimət göstərməkdə ittiham olunur.
Muxtarlının işi həm Azərbaycanda və Gürcüstanda, həm də Qafqazın hüdudlarından kənarda böyük səs-küyə səbəb olub. Bu günlərdə ona qarşı sürülən bütün ittihamları rədd edən jurnalistin işi üzrə məhkəmə keçirilir.
4. Qarabağ münaqişəsi zonasında iki yaşlı qızın ölümü
2016-cı il “dördgünlük aprel müharibəsindən” sonra Qarabağ münaqişəsi zonasında vəziyyət çox gərgin olaraq qalır. Hər gün hər iki tərəfin mətbuat xidmətləri düşmən tərəfindən atəş açılması barədə məlumat verir. Az qala hər həftə münaqişə zonasında əsgərlərin və ya mülki şəxslərin həlak olması barədə xəbər yayılır.
Azərbaycan cəmiyyətini iki yaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü sarsıdıb. Artilleriya mərmisi Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində, Quliyevlərin evindən on metr aralıda partlayıb. Daha bir qadın yaralansa da, onun həyatını xilas etmək mümkün olub.
Ermənistan tərəfi bildirib ki, “düşmən canlı sipər kimi dinc sakinlərin arxasında gizlənərək, kənddən atəş açıb”, onlar da sadəcə bunun qarşısını almağa çalışıblar. Azərbaycanın Müdafiə Nazirliyi isə bildirib ki, kənddə heç bir atəş nöqtəsi olmayıb, ən yaxın post kənddən 40 kilometr aralıda yerləşib.
Bu insident Azərbaycanda coşqun reaksiyaya səbəb olub. Həlak olan qızın tezliklə qisasını almaq tələbilə kütləvi çıxışlar olub. Ajiotajı həlak olan qızın qana boyanmış sifətinin fotolarını dərc edən bir çox KİV və saytlar da dəstəkləyib.
İlin sonuna yaxın cəbhədə vəziyyət bir qədər sakitləşib, buna da yəqin ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşləri və daha sonra xarici işlər nazirlərinin baş tutan əlaqələri səbəb olub.
5. Bakı-Tbilisi-Qars dəmir yolu magistralının açılışı
Oktyabrın on üçündə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun çoxdan gözlənilən açılışı baş tutub.
Bu magistralın tikintisi on ildən çox çəkib. Layihənin ümumi dəyəri 600 milyon ABŞ dollarından çox olub. Açılış dəfələrlə müxtəlif siyasi və iqtisadi səbəblərdən təxirə salınıb. Bəziləri hətta Bakı-Qarsı məşhur sovet Baykal-Amur magistralı ilə müqayisə edirlər. Amma dörd dövlətin – Azərbaycanın, Gürcüstanın, Türkiyənin və Qazaxıstanın liderləri birinci qatarın yolunda “yaşıl işıq” yandırdılar və ilk yük qatarı Bakıdan yola salınandan 21 saat sonra Türkiyənin Qars şəhərinə gəldi.
Rəsmi açılış mərasimindən sonra iki ay keçməsinə baxmayaraq, hələ ki, bu trasla sərnişin qatarlarının nə vaxt yola düşəcəyi məlum deyil.
P.S.
Diqqətdən kənarda qoya bilməyəcəyimiz daha bir hadisə var. Bu da Azərbaycanın “Qarabağ” futbol klubunun Avropa Çempionlar Liqasında uğurlu çıxışıdır.
İlk dəfə Cənubi Qafqazdan olan klub Avropanın ən nüfuzlu futbol turnirinin qrup mərhələsinə keçə bilib. “Qarabağ” İngiltərə, İtaliya və İspaniyadan olan çox güclü rəqiblərlə mübarizədə iki dəfə heç-heçə oymaya bilib ki, bunu da debütant üçün uğurlu nəticə hesab etmək olar.
Daha xoş bir məqam da ondan ibarətdir ki, “Qarabağ”ın öz meydanında keçirdiyi hər oyunda Bakının Olimpiya stadionu ağzına qədər dolu olub.