Tarixi seçkilər ərəfəsində fəlakət: Türkiyədə nə danışırlar? İstanbuldan icmal
Tarixi seçkilər ərəfəsində fəlakət
5 fevraldan 6 fevrala keçən gecə, yerli vaxtla 04:17-də, Türkiyənin cənubunda yerləşən Maraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verdi.
Cəmi 9 saat sonra birinci sarsıntının episentrinə çox yaxın, 7,6 maqnitudalı ikinci zəlzələnin də yaşanması ilə Türkiyə Respublikası tarixinin ən böyük insan fəlakətinə səbəb olan tektonik hadisələr Suriyanın şimalında da hiss edildi.
- “Ədalət bərqərar olmalıdır”. Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd olunur
- “Ermənistan Laçın yolundakı etiraz aksiyası ilə Bakının əlaqəsini sübut edə bilməyib”. Şərh
- Ruben Vardanyan vəzifədən getdi. Ardınca nələr olacaq? Bakıdan şərh
Hazırlıq səviyyəsi kafi olmayıb
Həm ABŞ, həm Rusiya Elmlər Akademiyalarının üzvü olan, etibarlı geoloq Cəlal Şengör və Naci Görür kimi mütəxəssislər, illərdir, bu regionla bağlı xəbərdarlıq etsələr də, hətta Prezident Rəcəb Tayyib Ərdoğan və Daxili İşlər naziri Süleyman Soylu da fəlakətə hazırlığın tam olmadığını etiraf etdilər.
Bu yazının yazıldığı anlarda rəsmi açıqlamalara görə, 42 mini Türkiyədə, təxminən 7 mini Suriyada olmaqla 49 min insanın öldüyü bu böyük zəlzələyə hazırlığın və müdaxilələrin qeyri-kafi olması Türkiyə Respublikasının ikinci əsrinə keçiddə kimlər tərəfindən idarə ediləcəyini müəyyənləşdirəcək tarixi parlament və prezident seçkilərinə 3 ay qalan dövrdə ciddi siyasi gərginliklərlə nəticələnib.
1999-cu ilin avqust ayında, 17 mindən çox insanın ölümü ilə nəticələnən Mərmərə zəlzələsindən sonra Türkiyədə bina tikintisi ilə bağlı requlyasiyalar dəyişmiş və tektonik sarsıntılara qarşı dayanıqlı binaların inşası planlaşdırılmışdı. Buna baxmayaraq, bu dəfə dövlət tərəfindən yenicə tikilən dövlət xəstəxanalarının, magistral yolların, hətta havalimanının dağıntılara görə yararsız hala düşməsi tikinti sahəsindəki korrupsiya ilə bağlı müzakirə yaradıb.
Siyasətçilərin reaksiyası birmənalı deyil
Tarixi əhəmiyyətli seçkilərə bu qədər az qalmış bir müddətdə baş vermiş zəlzələnin yaratdığı ictimai gərginliyə bütün müxalifət partiyaları eyni şəkildə cavab verməyib.
Ana müxalifətdəki Respublikaçı Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilk gündən çox sərt bəyanatlar verib.
Kılıçdaroğlu ilk açıqlamasında “bu hökumətlə eyni tərəfdə dayanmağı, bu günahı bölüşməyi rədd edirəm” deyib. Elə eyni gün Prezident Rəcəb Tayyib Ərdoğan sıra ilə bütün müxalifət liderləri ilə zəng edib danışsa da, CHP sədri ilə əlaqə qurmayıb.
Kılıçdaroğlu daha sonra dövlətin fəlakət zonasındakı yardımları mərkəzdən koordinasiya və dövlət nəzarəti ilə gerçəkləşdirmək istəyinə qarşı bütün partiya təşkilatlarına və bələdiyyələrə çağırış etmişdi ki, həbs olunmaq bahasına da olsa, əllərindəki bütün imkanlarla insanlara yardım etməlidirlər.
Jurnalist Altan Sancarın açıqladığı məlumata görə, Kılıçdaroğlunun bu sərt reaksiyası ilk gün partiya daxilində müzakirələr yaradıb. Bəzi müşavirləri sədrə “bu qədər aqressiya yaxşı qarşılanmaya bilər, bəlkə bir neçə gün gözləyək?” deyə təklif etsə də, Kılıçdaroğlu bu mövqeyində inadkar davranıb.
CHP ilə eyni tərəfdə, “Millət İttifaqı” koalisiyasında yer alan İYİ Partiyanın lideri Akşener isə, fərqli davranıb. Maral Akşener fəlakətdən sonrakı ilk açıqlamasında “bu gün biz susacağıq və dövlətin səsinə qulaq asacağıq” deyə bildirib.
Kürdlərin partiyası HDP-nin keçmiş sədri, hazırda həbsdə olan Səlahəddin Demirtaş isə, Kılıçdaroğluna dəstəyini açıqlayıb. Həbsdən vəkili vasitəsilə bəyanat verən Demirtaş CHP sədrinin açıqlamalarını “həm güclü bir həmrəylik, həm güclü bir siyasi duruş” deyə şərh edib.
Siyasi gərginlikləri artıran şeylərdən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın zəlzələdən sonrakı ilk nitqi olub.
Ərdoğan çıxışında “bu gün deyilən, edilən hər şeyi bir dəftərə qeyd edirik, vaxtı gələndə o dəftəri açacağıq” deyərək sərt və təhdid dolu bəyanat verib.
Fəlakət bölgəsində qadağalar
Daha sonra hökumət “Tvitter” sosial şəbəkəsinə girişi məhdudlaşdırıb. Yardım fəaliyyətlərinin ən çox koordinasiya edildiyi, hətta dağıntılar altında qalmış insanların da kömək istədiyi sosial şəbəkəyə gətirilən qadağa ictimai müzakirələri daha da şiddətləndirib.
İstanbulun müxalif meri Ekrem İmamoğlu “Prezident belə bir fəlakət dövründə məhz tənqidləri dayandırmaq üçün qadağalar gətirməməlidir. Türkiyənin tənqidlərdən qorxmayan, daha özünəinamlı idarəçilərə ehtiyacı var” deyə bəyanat verib.
Hazırda Türkiyədə ən populyar sosial şəbəkələrdən biri olan, 25 ildir fəaliyyət göstərən yerli “Ekşi Sözlük” şəbəkəsi də hökumətin qərarı ilə qadağan edilib.
Seçkilər nə vaxt olacaq?
Təbii fəlakətin yaratdığı müzakirələrdən biri də seçkilərin necə keçirilməsi ilə bağlı olub. Rəsmi olaraq 18 iyun tarixində baş tutacaq, ancaq daha əvvəl Ərdoğanın və müttəfiqi Bahçelinin 18 Mayda baş tutmasını istədiyi seçkilərlə bağlı da müzakirə yaranıb.
Daha əvvəl AKP-nin 5 il parlament sədri, 6 il Baş nazir müavini postunu tutmuş Bülənd Arınç müzakirəli bir bəyanatla çıxış edib ki, bu dövrdə seçkilər keçirilə bilməz, ən az 1 il təxirə salınmalıdır.
Konstitusiyaya görə, sadəcə müharibə şəraitində belə bir şeyin mümkün olması ilə bağlı tənqidlərə Arınç “lazım olsa, konstitusiyanı pozmaq olar, Quran ayəsi deyil ki” deyə cavab verib.
Müxalifətin ciddi, sərt reaksiyasına səbəb olan bu çağırış əvvəl hökumət tərəfindən səssizliklə qarşılansa da, daha sonra Ərdoğanın Arınç haqqında “bu niyə hələ də danışır?” dediyi xəbəri çıxıb. AKP-nin müttəfiqi MHP-nin sədri Devlet Bahçeli də “nə sandıqdan qaçarıq, nə demokratiyanı heçə sayarıq” deyərək seçkilərin təxirə salınmayacağını ifadə edib.
Siyasi analitik Özgün Emre Koç Arınçın bu çıxışını Ərdoğanın ictimaiyyətin reaksiyasını yoxlamaq cəhdi kimi şərh edib.
Bülənd Arınç AKP-nin qurucularından olan və Davutoğlu, Babacan kimi sonradan partiyadan ayrılan şəxslərlə birlikdə nisbətən mülayim, liberal şəxslərindən biridir. Xüsusilə, 2017-ci ildə yaranmağa başlayan Cümhur İttifaqı və MHP ilə koalisiyadan sonra Arınç, demək olar ki, partiyadakı bütün vəzifələrindən kənarlaşdırılıb.
Arınç daha əvvəl AİHM-nin siyasi məhbus kimi tanıdığı Səlahəddin Demirtaş və Osman Kavala üçün azadlıq çağırışı edərək də müzakirələrə səbəb olmuşdu.
Fəlakətə əvvəlcədən hazırlığın aşağı səviyyədə olması, ilk bir neçə gün bəzi şəhərlərə çatışmazlıqlardan ötrü heç bir köməyin edilə bilməməsi, Tvitter, Ekşi Sözlük kimi sosial şəbəkələrə gətirilən qadağalardan əlavə, hökumətin bütün ölkədə universitetləri yaya qədər bağlaması və uzaqdan təhsilə keçirməsi də etirazlara səbəb olub.
Prezident Ərdoğan evsiz qalan ailələrin ölkə boyunca tələbə yataqxanalarına yerləşdiriləcəyini və buna görə, universitetlərdə dərslərin ləğv edildiyini açıqlayıb. Tələbələr və müxalif partiyalar pandemiyadan sonra təhsilin bir daha zərbə almasını qəbuledilməz deyə şərh edib.