“Ermənistan Laçın yolundakı etiraz aksiyası ilə Bakının əlaqəsini sübut edə bilməyib”. Şərh
Azərbaycan və Ermənistanın qarşılıqlı iddiaları
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddialarına baxıb. Məhkəmənin hökmü elan edildikdən sonra ilk saatlarda hüquq elminin ağır dili və aydın şərhlərin olmaması həm Bakıda, həm də Yerevanda müxtəlif yozumlara səbəb olub. Erməni mənbələrinin məlumatına görə, məhkəmə Azərbaycan üzərinə Laçın yolunda aksiyanı dayandırmaq öhdəliyi qoyub. Bakıda isə tam əksini düşünürlər.
- Əvəz Hafizli qətlinin birinci ildönümündə yad edildi
- “Sərhədləri bağlı olan yeganə ölkə”. Azərbaycanda karantin müddəti uzadılıb
- Bəxtiyar Hacıyevə azadlıq tələb edən iki fəal həbs edilib
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına münasibət bildirmək üçün JAMnews Fransada yaşayan azərbaycanlı hüquqşünas Səyyad Yusifliyə müraciət edib.
Azərbaycanın Ermənistana qarşı iddiası haqda
“BMT-nin Ədalət Məhkəməsində Azərbaycan-Ermənistan çəkişməsi davam edir. Dünən Məhkəmə həm Azərbaycana, həm də Ermənistana münasibətdə müvəqqəti tədbirlərin görülməsi tələbləri ilə bağlı qərarlar qəbul edib.
Azərbaycan Məhkəməyə ünvanladığı müraciətdə “Ermənistanın 2021-ci ildə Məhkəmə qarşısında etdiyi təqdimatlara zidd olaraq, məcburi köçkün düşmüş azərbaycanlıların qayıtması nəzərdə tutulan mülki zonalara 2021-ci ildə və ya ondan sonra qəsdən mina yerləşdirməyə davam etməsi ilə bağlı yeni sübutların meydana gəldiyini” bildirib.
Ərizəçi hökumətin təqdimatına əsasən, Azərbaycan ərazisində 2022-ci ilin avqust ayından bəri 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-dən çox mina aşkar edilib və həmin minaların yarıdan çoxu azərbaycanlı mülki şəxslərin qayıtması nəzərdə tutulan ərazilərdən tapılıb.
Azərbaycan tərəfi həmçinin 2022-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilən və ya yerləşdirilməsinə yardım edilən partlayıcı tələlərin aşkarlandığını da əlavə edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistan indiyə qədər Azərbaycanın nəzarəti ələ keçirdiyi bölgələrdə minalanmış və partlayıcı tələlər quraşdırılmış ərazilər barədə özündə olan informasiyanı bölüşməkdən imtina edir. Azərbaycan Məhkəmədən xahiş edib ki, Ermənistandan minaların və digər partlayıcı qurğuların yerləşdiyi ərazi, miqdarı, növü və xarakteristikası barədə məlumatları bölüşməsi, eləcə də Laçın dəhlizindən istifadə daxil olmaqla, hansısa üsullarla yeni minaların və partlayıcı qurğuların yerləşdirilməsini və ya bu cür fəaliyyətlərin dəstəkləməsini dayandırması və həmin fəaliyyətlərdən çəkinməsi ilə bağlı qərar qəbul etsin.
Ermənistan tərəfi isə “minalama fəaliyyətini Ermənistan Respublikasının suveren ərazisində və yalnız özünümüdafiə məqsədi ilə həyata keçirdiyini” bildirib. Ermənistan əlavə edib ki, üçtərəfli bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının 2020-ci ilin noyabr-dekabr aylarında Azərbaycana qaytarılması nəzərdə tutulub və həmin ərazilər o vaxtdan bəri Azərbaycanın nəzarətində olub. Ermənistan tərəfinin bildirdiyinə görə, həmin ərazilərdə minalar tapılsa belə, bu fakt onunla izah edilə bilər ki, münaqişənin sonunda Dağlıq Qarabağın içərisində və ətrafında hələ də “təmas xətti” mövcud olub və Üçtərəfli Saziş silahlı qüvvələrin öz mövqelərini möhkəmləndirməyinin qarşısını almaqla bağlı hansısa müddəa nəzərdə tutmayıb.
Partlayıcı tələlərlə bağlı isə Ermənistan tərəfi bildirib ki, onlar yalnız “köhnə Laçın dəhlizi”ndəki yaşayış məntəqələrində tapılıb və bu ərazi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Ermənistan əlavə edib ki, erməni silahlı qüvvələrinin rus sülhməramlıları tərəfindən aşkar edilmədən həmin ərazilərə daxil olması mümkün deyildi və bunun əksini göstərən heç bir sübut yoxdur. Ermənistan tərəfi son olaraq bildirib ki, partlayıcı tələlər öz evlərini tərk etməyə məcbur edilmiş şəxslər tərəfindən də yerləşdirilə bilərdi.
Məhkəmə 7 dekabr 2021-ci il tarixli qərarındakı mövqeyini təkrarlayıb (Azərbaycan onda da oxşar tələblərlə çıxış etmişdi) və bildirib ki, Azərbaycan tərəfi iddia etdiyi minalama və partlayıcı tələləri yerləşdirmə fəaliyyətinin milli və etnik kimliklə bağlı olması, yəni “irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan əsaslarla şəxslərin hüquqlarının ləğvi və ya onların həyata keçirilməsinin pisləşdirilməsi məqsədilə həyata keçirilməsi, yaxud belə bir effektə malik olması ilə bağlı sübut təqdim etməyib. Nəticədə, Məhkəmə Azərbaycan tərəfinin tələbini təmin etməyib”.
Ermənistanın Azərbaycana qarşı iddiasına dair məhkəmə qərarı
“Ermənistanın Məhkəməyə ünvanladığı müraciətdə isə “Azərbaycan tərəfindən 12 dekabrda Dağlıq Qarabağdakı 120.000 etnik ermənini xarici dünya ilə əlaqələndirən yeganə yolun blokadasının təşkil edildiyi” bildirilib. Ermənistan Məhkəmədən Azərbaycan tərəfindən təşkil etdiyi və dəstəklədiyi iddia edilən, Laçın dəhlizində hər iki istiqamətdə maneəsiz hərəkət azadlığını bloklayan “etirazların” dayandırılması və Laçın dəhlizində bütün şəxslərin, nəqliyyat vasitələrin və yükün maneəsiz hərəkətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş edib.
Ermənistan tərəfi iddia edib ki, blokada Azərbaycanın uzun müddətdir davam etdirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsidir, məqsəd isə etnik ermənilər üçün yaşam şəraitini dözülməz hala gətirmək və onların ərazini tərk etməsinə nail olmaqdır.
Ermənistan əlavə edib ki, blokada özlərini “eko-aktivistlər” kimi təqdim edən bir qrup şəxs tərəfindən təşkil edilib, onların çoxu “sosial şəbəkələrdə anti-Ermənistan nifrət nitqi yaymaqla” tanınır və “Azərbaycan hökuməti ilə birbaşa əlaqələri var”, hətta hökumət tərəfindən dəstəklənirlər.
Azərbaycan tərəfi isə cavabında Laçın dəhlizinin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu bildirib. Azərbaycan tərəfi əlavə edib ki, etirazların başlamasından bəri 1000-dən çox nəqliyyat vasitəsi Laçın dəhlizindən keçib və azərbaycanlı etirazçılar, dəhlizdən istifadə edənlər və rus sülhməramlıları arasında hər hansı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan iddia edib ki, etirazların Ermənistandan tibbi yardıma çatımlılığa, eləcə də Dağlıq Qarabağa ərzaq, dərman və digər zəruri məhsulların çatdırılmasına maneə yaratması ilə bağlı sübut yoxdur.
Məhkəmə Azərbaycandan iş üzrə yekun qərar qəbul edilənə qədər Laçın dəhlizində hər iki istiqamət üzrə şəxslərin, nəqliyyat vasitələrinin və yükün maneəsiz hərəkətinin təmin edilməsini tələb edib. Etirazların dayandırılması ilə bağlı Ermənistan tərəfinin tələbi isə təmin edilməyib.
Uzun sözün qısası, Məhkəmə Azərbaycandan Laçın dəhlizində maneəsiz hərəkətin təmin edilməsini istəyib, etirazların dayandırılması ilə bağlı hər hansı tələb irəli sürməyib”.