Rusiya 2018-ci il Olimpiadasında iştirak etmir. Dünya Rusiya idmanında dopinq barədə necə xəbərdar oldu?
Dekabrın 5-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası baş tutub. Qərar qəbul edilib – Rusiya Pxençxanda keçiriləcək 2018-ci il Olimpiya Oyunlarında iştirak etməyəcək. Dopinq istifadəsində şübhəli bilinməyən “təmiz” idmançılar Olimpiya bayrağı altında iştirak edə bilər.
Amma Rusiya himni və rəmzləri qadağan edilib. Rusiya Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsində üzvlüyü dayandırılıb.
Bu cür görünməmiş sərt qərarın səbəbi Rusiya tərəfindən ölkə daxilində dövlət səviyyəsində idmanda dopinq proqramının dəstəklənməsi faktının etiraf edilməməsidir.
Dopinq qalmaqalı hekayəsi
1980-ci ildə Moskvanın dopinq əleyhinə laboratoriyası BOK-da akkreditasiyadan keçib və Moskvada keçirilən Olimpia-80-in başlanmasına cəmi bir neçə gün qalmış Olimpiya Oyunlarında nümunə analizi aparmaq haqqı qazanıb.
2005-ci ildən kimya elmləri namizədi Qriqori Rodçenkov bu laboratoriyaya rəhbərlik etməyə başlayıb.
2014-cü il Olimpiya Oyunlarında Dopinqlə Mübarizə Mərkəzi (Moskvanın dopinq əleyhinə laboratoriyasının yeni adı) Soçidə xüsusi laboratoriya təşkil edib, bu laboratoriyanın da rəhbəri Rodçenkov olub.
2015-ci il noyabrın 11-də Rodçenkov Dopinqlə Mübarizə Mərkəzinin direktoru vəzifəsindən istefa verib. Bu, Dünya Dopinqlə Mübarizə Agentliyi (DDMA) onu Rusiyanın olimpiya idmançılarına məxsus mindən çox dopinq-sınaq nümunəsini qəsdən məhv etməkdə günahlandırandan sonra baş verib.
İstefasından iki ay sonra Rodçenkovun özünün bildirdiyinə görə, “şəxsi təhlükəsizliyi üçün” Rusiyanı tərk edib.
Onun gedişinin ardınca 2016-cı ilin fevralında Rodçenkovun iki həmkarı qəfil vəfat edib. Rusiya Dopinqlə Mübarizə Agentliyində (RUSDMA) rəhbər vəzifələri tutan Vyaçeslav Sinev və Nikita Kamayev müvafiq olaraq 50 və 51 yaşlarında dünyalarını dəyişib. Rusiya mediası iddia edir ki, Kamayev infarkt nəticəsində vəfat edib, Sinevin ölüm səbəbi isə hələ də bəlli deyil.
Nəticədə Rodçenkov bildirib ki, Rusiyadan getmək ərəfəsində o, təhdid olunub, NYT yazır.
2016-cıı ildə Qriqori Rodçenkov The New York Times-ın müxbirinə müsahibəsində danışıb ki, Soçidə keçirilən Olimpiada zamanı Rusiyanın idman rəhbərliyi tərəfindən Rusiya idmançılarının dopinq qəbuluna dair sistem işləyib hazırlamışdı, Moskvanın dopinq əleyhinə laboratoriyası isə bunu qəsdən gizlədirdi.
“Qələbə kokteyli”
Rodçenkovun sözlərinə görə, uzun illər aparılan tədqiqatların nəticəsində o, üç qadağan olunmuş maddədən kokteyl hazırlayıb və bu qarışığı onlarla Rusiya idmançısına verib. Gecələr Soçidə təşkil olunmuş laboratoriyada xüsusi təlim keçmiş insanlar tam məxfi şəraitdə Rusiya olimpiya idmançılarının “çirkli” sidik nümunələrini bir neçə ay əvvəl götürülmüş “təmiz” nümunələrə dəyişib.
Rodçenkov iddia edir ki, dopinqlə mübarizə qaydalarını yan ötməyin bu sistemi İdman Nazirliyi və şəxsən o zamankı nazir Vitali Mutko tərəfindən sanksiyalaşdırılıb. Bu qanundankənar əməllərin həyata keçirilməsində Dopinq Əleyhinə Mərkəzin əməkdaşlarına Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yardım edib.
Müsahibəsinin dərc olunduğu gün Rodçenkov ona Rusiyadan getməyə yardımçı olan və dopinq qalmaqalının detallarının açılması üçün əlindən gələn hər şey edən amerikalı sənədli film rejissoru Brayan Foqellə birlikdə Dünya Dopinqlə Mübarizə.
Agentliyinə və Beynəlxalq Olimpiya Komitəsinə Rusiyanın dopinq əleyhinə qaydaları pozması haqda əlində olan məlumatları onlarla bölüşməyi təklif edib.
Hazırda Rodçenkov Dünya Dopinqlə Mübarizə Agentliyinin əsas informasiya mənbəyi olduğu üçün Amerika hakimiyyətinin müdafiəsi altındadır. Onun harada olduğu açıqlanmır. Rusiyada Rodçenkova qarşı cinayət işi açılıb.
2016-cı ildə müsahibə NYT-də dərc olunandan sonra məlum oldu ki, DDMA kanadalı hüquqşünas Riçard Maklareni Qriqori Rodçenkovun irəli sürdüyü ittihamları araşdırmaq üçün yaradılan komissiyaya rəhbərlik etmək üçün dəvət edib.
Maklarenin komissiyası İsveçrədə saxlanılan Rusiya idmançılarına məxsus bir neçə sidik konteynerini tədqiq edib. Bütün konteynerlərin qapaqlarının daxili hissəsində cızıqlar aşkarlanıb, bu da nümunələrin dəyişdirildiyinə dair dolayı sübutdur.
Komissiyanın əsas məqsədi Rusiya idmançılarının dopinq istifadə etdiyinə dair konkret halları üzə çıxarmaq deyildi, Rusiya hakimiyyətinin iştirakı ilə Olimpiada qaydalarının fəal şəkildə pozulub-pozulmadığını aydınlaşdırmaq idi.
Tədqiqatın nəticələri Rusiya üçün təsəlliverici olmadı. Maklarenin yekun hesabatında Rodçenkovun ittihamlarının doğru olduğu bildirilirdi.
Maklaren komissiyasının apardığı işin nəticələri Rusiya məmurlarının dopinq əleyhinə qaydaların pozulmasında iştirakını təsdiqlədiyi üçün BOK Rusiyaya qarşı çox sərt sanksiya tətbiq etdi: paralimpiya yığması tam tərkiblə Rio-de-Janeyro Olimpiadasında iştirakdan uzaqlaşdırıldı. Bir sıra idmançı Soçidə qazandığı medaldan məhrum oldu. Bəzi idmançılar ömürlük diskvalifikasiya edildi.
Rusiya hakimiyyəti hesabata bir neçə kiçik məmurun istefası ilə reaksiya verməklə kifayətləndi.
Rusiyanın Olimpiya yığmasının Soçidə dopinq istifadə etməsi ilə bağlı müzakirələrin yeni dalğası bir həftə əvvəl, NYT Rodçenkovun Dopinqlə Mübarizə Mərkəzinə rəhbərlik etdiyi və Soçi Olimpiadasına fəal hazırlıqların getdiyi dövrə aid gündəliklərinin dərcindən sonra yaşandı.
İki gün əvvəl isə Rodçenkovun yeni şərhləri yayımlanıb, o, bildirib ki, Rusiyanın idman məmurları yalnız öz idmançılarının dopinq istifadəsini gizlətməyə çalışmayıb, əcnəbi idmançıların nümunələrini də saxtalaşdırıb. Rodçenkov bildirib ki, idman nazirinin müavini Yuri Naqornıx ondan Ukrayna biatlonçularının “təmiz” nümunələrini dəyişdirməyi xahiş edib.