“Qarabağ erməniləri” məsələsi sülh müqaviləsinə maneə törədə biləcəkmi? Bakıdan şərh
Sülh sazişi və Bakı-Xankəndi dialoqu
Azərbaycan və Ermənistan arasında arasında münasibətlərin nizamlanmasının Vaşinqton variantına görə, Bakı-Yerevan danışıqları Bakı ilə Qarabağın erməni əhalisi arasındakı danışıqlara paralel aparılmalıdır. Amma belə danışıqların aparılması üçün Bakının öz şərtləri var: tanınmamış rejimin “rəhbərliyi”nə qarşı Azərbaycanın Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin ekspertlərinin fikrincə, Azərbaycan hakimiyyətinin regiondakı bu şəraitdə problemi həll etmək üçün üç seçimi var.
- Xocalıda Azərbaycan məmurları sülhməramlıların komandanlığı ilə görüşüb
- İsveçdə Kadırova qarşı kampaniya aparan çeçen bloqer Tumso öldürülüb
- Bakıda dini hərəkatın iki üzvü yoxa çıxıb
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ən çox müzakirə olunan mövzuya çevrilib. Azərbaycanın təqdim etdiyi prinsiplər əsasında gedən danışıqların ən böyük dəstəkçisi ABŞ-dır. ABŞ-ın məqsədi Rusiyanı zəiflətməkdir. Vaşinqton Yerevan-Bakı və Yerevan-Ankara münasibətlərinin normallaşdırılmasını, Bakı-Xankəndi arasında dialoqun yaradılmasını zəruri sayır”, – Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin (CQTM) ekspertləri bildirir.
Paralel danışıqlar
Azərbaycanlı analitiklər hesab edirlər ki, Yerevan-Ankara münasibətləri Bakı-Yerevan münasibətlərindən asılı olduğundan ABŞ ilk olaraq Bakı və Yerevan arasında sülh sazişinin imzalanmasına çalışır:
“Sülh sazişi ərazi bütövlüyünün tanınması əsasında imzalanmalıdır.
Bununla belə, ABŞ-ın fikrincə Yerevan və Bakı arasında danışıqlar Bakı-Xankəndi arasındakı danışıqlara paralel aparılmalıdır.
“Vaşinqton sənədinin” III bəndinə əsasən, Azərbaycan höküməti Qarabağdakı etnik erməni icması ilə işləmək üçün nümayəndə təyin etməlidir.
Ermənistanın Bakı və Ankara ilə münasibətlərini nizamlaması Yerevanın Moskvadan asılılığını azaldıb, Rusiyanın CQ-da mövqelərini zəiflədəcəkdir. Bakı-Xankəndi arasında dialoq isə Rusiya sülhməramlılarını qeyri-aktual edib, Rusiyanın 2025-ci ildə Azərbaycandan getməsini şərtləndirəcəkdir.
Bunu qabaqlamaq üçün Rusiya Qərb variantını fərqli səviyyələrdə və müxtəlif platformalarda Ermənistanın maraqlarına zidd ssenari kimi təqdim edir. Paralel olaraq Vardanyan kartından istifadə edib, Bakı-Xankəndi danışıqlarına müdaxilə edərək öz mövqelərini təmin etmək istəyir”.
İslahedici ayrılma prinsipi
“Bakı-Xankəndi formatı Paşinyana Qarabağ yükünü Ermənistanın üzərindən atmaq baxımından vacibdir. Paşinyan Bakı və Xankəndi arasında dialoqu, beynəlxalq qurumlardan mediatorların iştirakı ilə (iki xalqın seçilmiş nümayəndələri arasında) danışıqlar formatı kimi təqdim etməyə çalışır”, – CQTM analitikləri qeyd edir.
Ekspertlər vurğulayırlar ki, Ermənistanın hədəfi dəyişməz qaldığı halda, yanaşması tranformasiyaya uğrayıb.
“5 illik hökümət proqramına görə Qarabağ probleminin həlli “remedial secession” (islahedici ayrılma) prinsipinə əsaslanmalıdır. Qarabağın islahedici ayrılmasının təşkil edilməsinin ilkin şərti isə Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. Buna görədir ki, Paşinyan son müsahibələrində Ermənistanın hələ 2007-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirmişdir. Əsas hədəf çərçivə sənədi imzaladıqdan sonra “soyqırım” narrativini irəli çəkərək Qarabağın Azərbaycandan islahedici ayrılmasını təşkil etməkdir”.
Bakının danışıqlara dair şərtləri
CQTM analitikləri bildirirlər ki, digər ölkələrdən fərqli olaraq Bakının yanaşması ciddi dəyişikliyə uğramayıb.
“2020-ci il Münxen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, biz o vaxt Qarabağ erməniləri ilə danışmağa hazır olarıq ki, Ermənistan qeyri-qanuni rejimin maliyyələşdirilməsini dayandırsın və bütün hərbi qoşunları Qarabağdan çıxarsın: “Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin, nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək”, -Əliyev vurğulayıb.
Təcrübə göstərir ki, Bakı və Xankəndi arasında təmaslar (nəqliyyat, Sərsəng su anbarı, cənazələrin verilməsi və s.) olub. Hazırda baş prokurorluq A.Arutyunyan və bir çox digər separatçılara qarşı cinayət işləri açıb, onları beynəlxalq axtarışa verib. Aydındır ki, Bakı nə cinayətkarlarla, nə də ki “Moskvadan çox aydın bir gündəliklə göndərilən” Vardanyan kimiləri ilə danışıqlar aparmayacaq”, – onlar əlavə edib.
Problemin həlli üçün üç seçim
Regionda yaranmış vəziyyəti xülasə edən ekspertlər hesab edirlər ki, Bakının indi problemin həlli üçün üç seçimi var:
“Bakının mövqeyi budur ki, ermənilər Azərbaycan vətəndaşları və etnik azlıqdır. Ermənilərə Konstitusiya ilə müəyyən edilən bütün hüquqlar şamil olunacaq və onların mövqeyi Azərbaycanda yaşayan digər etnik azlıqlara bərabər tutulacaqdır. Ölkədə azlıqların hüquqları Ombudsman institutu tərəfindən qorunur. Azərbaycanın qoşulduğu milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasının 25-ci maddəsinə əsasən, dövlət azlıqlara mənsub olan şəxslərin hüquqlarına dair hesabatlar təqdim edir.
Beləliklə, Bakı qarşısında üç seçim var:
- Qarabağ erməniləri ilə təmaslar qurandan sonra Ermənistanla sülh sazişi imzalamaq.
- Ermənistanla sülh sazişi imzaladıqdan sonra erməni azlıq ilə danışıqlara getmək.
- Ermənistanın Qarabağla bütün əlaqələrini kəsmək istiqamətində addımlar atmaq; Yerevanı və vasitəçiləri fakt qarşısında qoymaq.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube