ABŞ və Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri Ankarada nə haqda danışıblar? Türkiyədən icmal
Ankarada Börns-Narışkin görüşü
Həftənin əvvəlində Ankarada ABŞ və Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri arasında görüş keçirilib. Tərəflərin heç biri bu görüşün təfərrüatlarını açıqlamayıb və əksər beynəlxalq media bu mühüm hadisəni işıqlandırmayıb. Bəzi ekspertlərin fikrincə, İstanbulun mərkəzində baş verən terror aktı bu görüşə kölgə salıb. Sui-qəsd nəzəriyyəçiləri isə belə bir görüş ərəfəsində altı nəfərin həyatına son qoyan faciəli hadisənin təsadüfi olmadığına əminliklərini bildirirlər.
- Rusiyanın yerinə – Türkiyə və Azərbaycan. Bəs Gürcüstan? Gürcüstanlı ekspertin şərhi
- Azərbaycan və Türkiyə liderləri Zəngilanda yeni beynəlxalq hava limanını açıblar
- Azərbaycan və Türkiyə liderləri Zəngilanda yeni beynəlxalq hava limanını açıblar
Türkiyə Rusiya və Qərb arasında körpü kimi
Rusiyanın Ukraynanı işğal etməyə başlaması ilə yaranan yeni reallıqda dünya dövlətlərinin əksəriyyəti öz tərəflərini müəyyənləşdirsələr də, bəzi əhəmiyyətli rola sahib dövlətlər “boz sahədə” qalmağı seçdilər. Bunlardan biri, bəlkə də ən birincisi Türkiyə oldu.
Ağır sanksiyalara görə Avropadan kənarlaşan rus şirkətləri Türkiyəyə gəldi. Artıq Qərb dövlətlərinə səyahət edə bilməyən rusiyalı turistlər türk kurort mərkəzlərini seçdilər. Putin Avropaya qaz nəqli üçün Türkiyəni “təbii qaz habı”na çevirməyi təklif etdi. Bütün bunlardan daha önəmlisi, Türkiyə müharibənin tərəfləri – NATO, Ukrayna və Rusiya arasında vasitəçilik məsuliyyətini öz üzərinə götürdü.
Bu unikal diplomatik kanalın varlığı sayəsində bir-birləri ilə olan müharibələrinə görə dünyaya buğda ixracını əhəmiyyətli dərəcədə azaldan iki ən böyük istehsalçı – Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbula gələrək, buğda ixracı ilə bağlı razılığa gəldilər. Nəticədə “qlobal cənub” kimi bilinən region ölkələrində böyük aclıq ehtimalı nisbətən azaldıldı.
Mariupolda əsir düşmüş Azov batalyonu döyüşçüləri yenə məhz Türkiyənin vasitəçiliyi ilə azad edildi, müharibənin sonuna qədər türk dövlətinin nəzarətində qalmaları və yenidən cəbhəyə qayıtmamaları şərti ilə rus əsirlərlə dəyişdirildilər.
Müharibədən sonra iki dövlət arasında ilk böyük ölçülü görüş – Ukrayna XİN rəhbəri Kuleba və Rusiya XİN rəhbəri Lavrov arasındakı konfrans mart ayında, məhz Türkiyənin Antalya şəhərində keçirildi.
İndi isə, 1962-ci ildəki Kuba böhranından bəri iki atom dövlətinin ən yüksək toqquşma ehtimalı ilə qarşı-qarşıya gəldiyi və diplomatik kanalların əksəriyyətinin kəsildiyi bir dövrdə Türkiyənin paytaxt şəhəri Ankara həyati əhəmiyyətli bir görüşün mərkəzi oldu.
Ankarada nə haqda danışılıb?
14 noyabr tarixində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Vilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) sədri Sergey Narışkin Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) vasitəçiliyi ilə Ankarada görüşdülər.
24 fevralda müharibənin başlamasından bəri ilk dəfə üzbəüz görüşən iki dövlətin nümayəndələri arasında əsas mövzunun nüvə silahlarından istifadə barədə olduğu açıqlanıb.
Kremlin mətbuat katibi Dmitri Peskov görüşün Vaşinqtonun tələbi ilə keçirilməsindən başqa əhəmiyyətli bir detal verməsə də, ABŞ-dan gələn məlumatlara görə, Börns nüvə silahından əlavə Rusiya tərəfindən həbs edilmiş amerikalıların azad edilməsi məsələsi ilə bağlı danışıqlar da aparmağa çalışıb.
Eyni zamanda amerikalı mənbələrin verdiyi məlumata görə, danışıqlarda ABŞ Ukraynanın yerinə çıxış etməkdən və müharibənin potensial yekunları barədə əhəmiyyətli mövzuları həll etməkdən çəkinib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuatla əlaqələrindən məsul olan Fahrettin Altun görüşlə bağlı verdiyi açıqlamada bildirib ki, bu görüş Ərdoğanın dünyadakı sülhə verdiyi töhvələrdən yalnız biridir və gələcəkdə də Türkiyə bu cür mövzularda addımlar atmaqdan geri qalmayacaq.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube
Ekspert rəyləri
Türkiyənin Rusiya və Mərkəzi Asiya regionları ilə bağlı önəmli tədqiqatçılarından olan Dr. Hakan Güneş bu görüşü şərh edərkən bildirib ki, o bu cür danışıqların ənənəvi diplomatiyanın davamı olduğuna inanır və nə Rusiyanın, nə ABŞ-ın müharibəni dayandırmaqla bağlı istəyə sahib olduğunu düşünmür. Güneş deyib ki, “Avropanı qazsız qoymağa çalışan və səfərbərliklə hələ də cəbhəyə yeni qoşunlar göndərən Rusiyanın bu həmlələrindən qışın sonuna qədər nəticə görmədən hansısa sülh danışığına başlaması real görünmür və bu cür görüşlər sadəcə nüvə müharibəsi potensialına görə preventiv xarakter daşıyır”.
Türkiyənin Fransadakı keçmiş səfiri, təqaüdə çıxmış diplomat Uluç Özülker fikirləşir ki, görüşün Ankarada keçirilməsi hazırkı dövrdə bu ölkənin həm ABŞ, həm Rusiya üçün çox əhəmiyyətli bir məkana çevrilməsi ilə bağlıdır. Özülker bu mövqeyini izah edərkən deyib ki, “İstanbulda keçirilən buğda ixracı görüşlərində Rusiya XİN rəhbəri Lavrovun mətbuata 1,5 saatdan artıq açıqlama vermiş olması Rusiyanın təcrid edildiyi mühitdə dünyaya özünü izah etmək üçün Türkiyə kimi bir məkana ehtiyacı olduğunu göstərir”.
Diplomatın fikrincə, 8 noyabr ara seçkilərindən gözləniləndən daha uğurlu çıxan və Amerika ictimaiyyətinin dəstəyini hiss edən prezident Co Baydenin eyni həftədə həm Çin lideri Si Tsinpin, həm də Rusiya ilə görüşmüş olması nüvə silahlarından istifadə ehtimalını nə qədər ciddi qəbul etdiyini göstərir.
İstanbulda terror aktı və konspirologiya
Bütün bunlardan əlavə, 13 noyabr tarixində İstanbul şəhərinin mərkəzi İstiklal prospektində 6 nəfərin ölümünə və 81 nəfərin yaralanmasına səbəb olan terror aktına görə Ankaradakı bu görüş medianın diqqətindən müəyyən qədər kənarda qalıb.
Mövzuya konspirativ yanaşan bəzi türk sosial şəbəkə istifadəçiləri hətta İstiklal prospektindəki terror aktının məhz bu kəşfiyyat görüşünün mətbuatdan mümkün qədər kənarda qalması üçün törədilmiş olması ehtimalını müzakirəyə çıxarıblar.