“Paşinyan hadisələri qabaqlamağa çalışıb”. Bakıdan reaksiya
Paşinyanın çıxışına Bakıdan reaksiya
Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət toplantısı zamanı çıxışında Azərbaycan tərəfini əldə olunmuş razılaşmaları pozmaqda ittiham etməsi Bakıda mənfi reaksiyaya səbəb olub. “Ermənistan rəhbərliyinin bu yanaşması iki dövlət arasında münasibətlərin normallaşması və regionda sülhün bərqərar olması prosesinə növbəti zərbədir”, – Azərbaycan XİN-dən bildiriblər. Siyasi icmalçı Aqşin Kərimov hesab edir ki, Paşinyan çıxışında yaxın gələcəkdə proqnozlaşdırıla biləcək hadisələri qabaqlamağa çalışıb.
- “Ondan sonra nə olacaq, onu həyat göstərər” – İlham Əliyev Ermənistanla danışıqlar haqda
- Ermənistan və Azərbaycan sülh müqaviləsini Tbilisidə imzalayacaq: bu mümkündürmü?
- “Azərbaycan və Ermənistan növbəti fikir ayrılığı mərhələsinə girib”. Bakıdan şərh
Nikol Paşinyanın Ermənistan hökumətinin iclasındakı çıxışı bir çox ekspertlər tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin ikinci Qarabağ müharibəsində Zəfər günü ilə bağlı noyabrın 8-də Şuşada səsləndirdiyi fikirlərə cavab kimi dəyərləndirilir.
Rəsmi Bakı öz növbəsində Ermənistanın baş nazirinin çıxışını cavabsız qoymayıb.
“Azərbaycan vicdanla öz öhdəliyini yerinə yetirir”
“Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidentinin Şuşada 8 noyabr tarixli çıxışını təhrif etmək və sanki Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyi təəssüratını yaratmaq cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir.
Ermənistan rəhbərliyinin bu yanaşması iki dövlət arasında münasibətlərin normallaşması və bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir”, – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
“Azərbaycan 2020-ci il 44 günlük müharibədə BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə beynəlxalq tanınmış ərazilərini işğalçı qüvvələrdən azad edərək ərazi bütövlüyünü bərpa edib”, – Hacızadə vurğulayıb.
“Ermənistan isə, şəxsən baş nazir N.Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı, o cümlədən bəyanatın 4-cü, 6-cı və 9-cu bəndlərini hələ də yerinə yetirməkdən boyun qaçırır, beləliklə də beynəlxalq öhdəliklərini pozur.
Üçtərəfli bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid törətməkdə davam edən erməni silahlı birləşmələrinin müxtəlif hərbi təxribatlarına Azərbaycanın verdiyi adekvat cavablar qanunidir”, – XİN rəsmisinin bəyanatında deyilir.
“Məhz Ermənistan tərəfi üçtərəfli bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır.
Azərbaycan isə öz növbəsində, yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirir. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia etməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyildir”, – deyə XİN-in bəyanatında vurğulanıb.
Sənəddə qeyd olunur ki, üçtərəfli bəyanatla Azərbaycan Respublikası yalnız Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir, yolun hərbi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir.
“Ermənistan rəsmiləri tərəfindən də etiraf edildiyi kimi, erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tam çıxarılmayıb, həmçinin 2021-ci ildə Ermənistanda istehsal edilən minalar Azərbaycan ərazisinə ötürülür. Bu isə o deməkdir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə zidd olaraq Ermənistan tərəfindən Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir”, – deyə XİN nümayəndəsi bildirir.
“Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yanlış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur”, – deyə XİN rəsmisinin ərhində qeyd olunub.
“Üçtərəfli bəyanatın müddəalarını yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən, razılaşdırılmış bəyanatlarda hər hansı şəkildə qeyd olunmayan “Qarabağın statusu” məsələsini gündəmə gətirməyə çalışan Ermənistan baş nazirinə xatırladırıq ki, bununla bağlı mövqeyimiz Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə, o cümlədən beynəlxalq platformalarda səsləndirilib: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək”, – Ayxan Hacızadə vurğulayır.
Bundan başqa, Hacızadə Ermənistanın baş nazirinin “Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prsesinə mane olduğu” haqda bəyanatına da cavab verərək bildirib ki, “Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistanın, qonşularının sərhədlərini tanımayan bir ölkənin baş nazirinin Azərbaycanı Türkiyə-Ermənistan normallaşma prosesinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır”.
“Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir.
Azərbaycan öz növbəsində, bölgədə sülh və sabitliyin qurulmasına sadiqdir və beynəlxalq hüququn ona verdiyi əsasla bu istiqamətdə tədbirlərini davam etdirəcək”, – Hacıyev əlavə edib.
“Haşinyan hadisələri qabaqlamağa çalışıb”
Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında “Qarabağda yaşayan ermənilər üçün narahatlıq fonu yaradır və Azərbaycanı antiterror əməliyyatları keçirməyə sövq edir”, – siyasi şərhçi Aqşin Kərimov JAMnews-a şərhində bildirib.
“Cənab Paşinyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni silahlılarını Azərbaycanın qabağına çıxarmaq niyyətini güdməklə özünü baş verə biləcək hadisələrdən sığortalayır. Azərbaycanın guya Qarabağda soyqırımına hazırlaşması iddiası isə ənənəvi nağılların təkrarı və davamıdır.
Paşinyanın dediklərinin məhək daşı gələcək hadisələrin təsvirini göstərən əlamətlər kimi başa düşülə bilər”, – Kərimov hesab edir.
Ekspert öz fikrini belə izah edib:
“Paşinyan İlham Əliyevin qətiyyətini və iradəsini bildiyindən mesaj verir ki, gələcəkdə Azərbaycan Qarabağda dövlətə müqavimət göstərən silahlılara qarşı antiterror tədbirlərini tətbiq edə bilər.
Həmin anda isə Ermənistanın əlinə “soyqırımı” səfsətələri düşəcək və beynəlxalq aləmə car çəkiləcək ki, guya ermənilər genosidə məruz qalır. Azərbaycan Qarabağdakı ermənilərə öz vətəndaşı kimi baxır, lap perspektivdə onlar Azərbaycan Konstitusiyasının çətiri altına keçməkdən imtina etsə belə, Bakı mülki əhalini hədəfə alan siyasətə getməz. Bakının hədəfi erməni silahlı dəstələridir ki, onların da zərərsizləşdirilməsi heç bir halda genosid aktı ilə eyniləşdirilə bilməz. Çünki onlar terrorçu ünsürlərdir və dövlətin təhlükəsizliyi üçün zərərli ideyaların daşıyıcılarıdır”, – Aqşin Kərimov əlavə edib.
Siyasi icmalçının sözlərinə görə, bu, məsələnin Azərbaycan-Ermənistan kontekstindəki mənzərəsidir, ancaq Paşinyan üçüncü tərəflərin də maraqlarını dilə gətirir:
“Bəllidir ki, ermənilərin “genosid” əfsanələri Qərbin qulağına daha tez batır və bu məsələdə Rusiya üçün insan faktoru öndə gəlmir. Ona görə də, Paşinyan köhnə mifləri təkrarlamaqla Qərbdən dəstək umur, lakin oynadığı oyunda zərin birini də Rusiya tərəfinə atır.
Rusiya Qarabağdakı mövcudiyyətini daimi etmək məqsədlərini güdür və perspektiv üçün Moskvanın ən böyük planı orada rus icmasının yaradılmasına nail olmaqdır. İndiki şəraitdə həmin perspektivin bərqərar edilməsi üçün ən münbit vasitə erməni kartıdır, yəni Kreml ermənilərin əli ilə həmin icmanı yaratmağı hədəfləyir.
Paşinyanın “ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələlər həll olunanadək sülhməramlıların səlahiyyət müddəti artırılmalıdır” deməsinin alt qatında Moskvanın gələcək planlarının işartısı görünür.
Paşinyan indidən 10 Noyabr Bəyanatının 5 ili tamam olmamış sülhməramlıların xidmət müddətinin uzadılmasından dəm vurur, hərçənd ki, indi üçün bu, aktuallıq qazana bilməz. Baş nazir sadəcə olaraq Moskva ilə birlikdə Bəyanatın 4 il yarımında sülhməramlıların qalma müddətinin uzadılmasına zəmin formalaşdırmaq istəyir, lakin Əliyev rus qoşunlarının çıxarılmasında israrlıdır”.
Şərhinin sonunda Aqşin Kərimov regionda yaxın gələcəkdə baş verə biləcək hadisələrlə bağlı öz proqnozlarını bölüşüb:
“Proqnozuma görə, Azərbaycan antiterror əməliyyatlarının davamını gətirəcək, çünki Paşinyanın mövqeyi danışıqlarda Bakının qoyduğu şərtlərlə uyuşmur.
Azərbayacna Qarabağdakı, daha doğrusu, Xankəndidəki, Xocalıdakı təhlükəsizlik mühitini tamamilə öz suverenliyi altına almaqdan ötrü addımlarını itiləşdirdikcə Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq”.
Paşinyanın çıxışına Bakının reaksiyası