Bakıda “Siyasi partiyalar haqda” qanun əleyhinə etiraz aksiyası keçirilib
Baklda etiraz aksiyası keçirilib
Bakının mərkəzində “Siyasi partiyalar haqqında” qanunun parlamentdə qəbul edilməsinə qarşı etiraz aksiyası baş tutub. Aksiya Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təşkil edilib. Tədbir başlayandan xeyli əvvəl polis ehtimal olunan aksiya iştirakçılarının həbsinə başlayıb. Həbslər aksiya zamanı parlament binası qarşısında da davam edib.
- Azərbaycandakı siyasi məhbusların yenilənmiş siyahısı 99 nəfərdən ibarətdir
- Əfqan Muxtarlı Gürcüstanın daxili işlər nazirinin səlahiyyətlərinin dayandırılmasını istəyir
- “Məni uzadıb, əllərimi bağladılar, üç gün ac-susuz qaldım”
Bir neçə gün əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da parlament binası qarşısında “Siyasi partiyalar haqqında” qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası keçiriləcəyini elan edib.
Qanunvericiliyə əsasən, aksiya təşkilatçıları bu haqda icra hakimiyyətinə xəbərdarlıq etməlidir. Amma Bakı şəhər İcra Hakimiyyəti aksiya təşkilatçılarına etiraz edib, cavab məktubunda qeyd edib ki, bu tədbirin keçirilməsi “məqsədəuyğun deyil”.
Şəhər icra hakimiyyətinin cavabı dərc olunandan sonra Daxili İşlər Nazirliyi aksiya təşkilatçılarına xəbərdarlıq edib:
“Əgər icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyanı keçirmək cəhdləri olsa, bu, qeyri-qanuni hesab ediləcək və aksiyanın qarşısının alınması üçün bütün tədbirlər görüləcək”.
Onlarla iştirakçı saxlanılıb
Aksiya yerli saatla 16:00-a təyin olunub, amma artıq səhər saatlarından ehtibal olunan aksiya iştirakçılarını saxlamağa başlayıblar.
İlk saxlanılanlardan biri tanınmış müxalifətçi Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu olub.
Saat 16-a qədər sosial şəbəkələrdə müstəqil jurnalistlər tərəfindən yenilənən saxlanılanların siyahısında onlarla müxalifətçi, jurnalist və mümkün aksiya iştirakçılarının ailə üzvlərinin adları olub.
Saxlanılmalar müxalifətçilərin kiçik qruplarla toplaşdıqları parlament binasının bilavasitə önündə də davam edib. Polis həmçinin aksiya təşkilatçılarına bəyanatlarını oxumağa imkan verməyib.
Saxlanılanlar günün sonunda sərbəst buraxılıblar.
“Siyasi partiyalar haqqında” qanun müxalifətçilərin niyə xoşuna gəlmir?
Ekspertlərin fikrincə, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi partiya təsisçiləri üçün sərt tələblər nəzərdə tutur.
Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsinə əsasən, partiyalar son 20 ildə fasiləsiz Azərbaycanda yaşayan minimum 200 nəfər ölkə vətəndaşı tərəfindən təsis edilə bilər. Ekspertlər hesab edirlər ki, bu müddəa 20 yaşı tamam olmamış vətəndaşların hüquqlarını pozur, çünki ölkə vətəndaşlarının 18 yaşdan etibarən seçkidə iştirak etmək hüququ var.
Qanun layihəsinin digər maddəsində siyasi partiyalardan minimum 10 min nəfər üzvünün olması tələb olunur. Əvvəllər bu limit 1000 nəfər təşkil edirdi. Üstəlik partiyalar hökumətə öz üzvlərinin tam siyahısını, onların dəqiq ev ünvanlarını və telefon nömrələrini təqdim etməlidirlər.
Hazırda Azərbaycanda 60 siyasi partiya fəaliyyət göstərir. Bu tələblərin onlara da tətbiq edilməsi gözlənilir.
Həmçinin yeni qanun layihəsində iki dəfə ardıcıl parlament və bələdiyyə seçkilərində iştirakdan imtina edən partiyanın ləğv edilməsinin nəzərdə tutulduğu maddə də yer alıb.