44 günlük müharibəni işıqlandıran fotoqrafın hekayəsi
Fotoqraf Vəli Şükürov müharibədə
“Fotoqrafiyaya 21 yaşımdan başlamışam. Böyük bir layihəmiz var idi, “United Colors of Azerbaijan” adlanırdı. Küçədə insanların portret şəkillərini çəkirdik və onlara bir sual verirdik: “Həyatda ən böyük məqsədiniz nədir?”. Təxminən 8500-ə yaxın insana ünvanladığım sualda onların 90 faizinin məqsədinin olmadığını görürdüm”.
Vəli Şükürov fotoqrafdır. O, 44 günlük müharibəni işıqlandıran azərbaycanlı fotoreportyorlardan biridir. Deyir ki, müharibə fotoqrafı olmaq onun üçün məqsəd, qərar olmayıb. Hər şey ani baş verib.
- Uşaqlar, qırıcılar və tanklar
- Qarabağ qaçqınlarının fotolarını və digər xatirələrini qoruyan avtomobil
- “Düşmənlə” bir kursda
“30 binadan 29-u dağılmışdı”
“Sentyabrın 27-i idi. Eşitdik ki, müharibə başlayıb. Səhər tezdən dostum Əzizlə (o da fotoreportyordur) ilk işimiz maşına minib, Füzuli bölgəsinə getmək oldu. Təxminən 2-3 gün Füzuli rayonunda olduq. Orada çox irəliləməyə icazə vermədilər. Buna görə Tərtərə yol aldıq.
Tərtərdə gördüklərimiz, çəkdiklərimiz və müşahidə etdiklərimiz çox ürəkağrıdıcı idi. Məsələn, Tərtərin Mərgüşəvan qəsəbəsində təxminən 30 bina var. Hansı ki, birinci Qarabağ müharibəsində məcburi köçkün düşən insanlar üçün tikilib. Həmin binalardan, demək olar ki, 29-u dağıdılmış, məhv edilmişdi.
Biz orda olanda Tərtərdə bir nəfər də olsun qadın, uşaq yox idi. Ancaq kişilər qalmışdı ki, onların da bir hissəsi zirzəmiyə sığınmışdı. Çünki bütün rayon fasiləsiz artilleriya atəşi altında idi.
Biz o insanları zirzəmidə çəkmişdik. Onlardan müsahibə aldıqda, demək olar ki, hamısı bir ağzdan “Qarşı tərəfin – ermənilərin atdığı mərmilər bizim evlərə dəysin. Biz evlərimizi yenidən quracağıq. Amma əsgərlərimizə bir şey olmasın, onlara zərər dəyməsin”, deyirdi”.
“Növbəti mərmi 150-200 metrliyimizə düşdü”
“İlk dəfə idi silah, mərmi səsi eşidirdim (gözlərini bir nöqtəyə zilləyib, həyəcanla nəsə düşünür, nəsə xatırlayır sanki). Tərtərin bir bölgəsinə raket düşmüşdü, amma partlamamışdı. Biz dostlarımızla yaxınlaşdıq və onu çəkdik.
Müharibədə belə bir şey var. Atırlar, sonra 5-10 dəqiqə keçir, yenidən atırlar. Sonra haradasa bir az keçmişdi, növbəti mərmi 150-200 metr yaxınlığımıza düşdü və partladı. Həmin gün qorxudan ayaqlarım əsdi durmadan. Amma bu qorxu maksimun 2 gün çəkdi. Sonra artıq öyrəşmişdik səslərə.
Müharibənin fəsadlarından biri budur ki, insana psixoloji təsir edir və insana elə gəlir ki, elə belə də olmalıdır. Biz bir növ o səslərə öyrəşmişdik qısa müddətdə. Hətta səs eşitməyəndə deyirdik ki, nə əcəb atmırlar. Adi hal kimi gəlirdi…”
“Arxa cəbhəni çəkirdik, səngərə buraxmırdılar”
“Əsas arxa cəbhəni çəkirdik. Səngərə heç kim düşməmişdi fotoqraflardan. Qoymurdular. Əsasən əhali ilə işləyirdik. Dağılmış evləri çəkirdik, insanların kədərini çəkirdik. Ən təsirli fotolardan biri bir ananın şəkli idi. Üç övladını müharibəyə göndərən məğrur ananın şəkli. Həmin ana ilə söhbət edəndə bizə dedi ki, üç övladımı vətən uğrunda fəda etməyə hazıram.
Bir ağsaqqalın şəklini çəkmişdik. Onun övladı yaralanmışdı. Evi tamam dağılmışdı. Bu hadisə Tərtərdə idi. Evini əli ilə göstərib deyirdi ki, bu evlərin on dənəsi də məhv olsa, hamısının dağılmağına razıyam, təki səngərdəki əsgərlərimizin burnu qanamasın, onlara güllə dəyməsin.
Təsirli fotolar çoxdur. Hər birinin hekayəsi fərqlidir.
Məsələn, bir ailəyə qonaq getmişdik. Ailədə üç körpə uşaq var idi. Onların xəbərləri yox idi ki, ataları şəhid olub”.
“Fotoreportyor soyuqqanlı olmalıdır, mən elə deyiləm”
“Biz sentyabrın 27-də ora gedəndə düşünmədik ki, bu qədər uzun çəkəcək. Buna görə hazırlıqsız getmişdik. Üstümüzdəki paltarlar, əlimizdəki kameralar, vəssalam.
Mən 15 gün sonra geri qayıtdım ki, özümə gəlim. Çünki istirahət etmək çox vacib idi. Qayıdanda nə evdə, nə işdə, demək olar ki, heç kimlə söhbət etmirdim. Soruşurdular ki, nə görmüsən, nə çəkmisən. Deyirdim ki, sizin elə televizorda gördüklərinizdir. Ondan əlavə heç nə çəkməmişəm. Heç nə görməmişəm.
Danışa bilmirdim. Haradasa 10 gün sonra yenə cəbhə xəttinə qayıtdım.
Müharibədən sonra psixoloji drumum… Haradasa 2-3 həftə özümü toplamağa çalışdım. Dörd şəhid basdırmışdıq Bərdədə.
Gəncə hadisəsi zamanı (44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən kənarda olan Gəncəyə 5 dəfə raket zərbəsi endirib, nəticədə 26 mülki şəxs həlak olub, 175 nəfər xəsarət alıb – red.) Bərdədə yatmışdıq. Gəncə-Bərdə arasında təxmini 30 dəqiqəlik məsafə var.
Bilirsiniz, fotoqraf, jurnalist soyuqqanlı olmalıdır. Amma çox əfsuslar olsun ki, mən soyuqqanlı deyiləm. Bəzən kədər qarşısında kim olduğunu, məqsədini unudursan. Mən müharibədə bunu yaşadım”.
“Mən də ağlamağa başladım”
“Tərtərlə Bərdə arasında bir yol var. Sarıcalı qəsəbəsi deyilən yolda hündür bir təpə var idi. İnsanlar həmin təpənin üstünə çıxıb Tərtərə baxırdılar sadəcə. Ümumi müharibənin gedişatını izləyirdilər. Biz də fotoqraflarla gəldik ora.
Həmin təpənin üstünə qalxdıqda gördüm ki, yaşlı bir kişi ağaca söykənib ağlayır. Dostlarım davam etdilər. Mən dayandım, həmin ağsaqqalın yanında, əlimi çiyninə qoyub soruşdum ki, dayıcan, nə olub? Danışın, bəlkə kömək edə bilərik sizə.
Qayıtdı ki, neçə gündür oğlumla danışırdım. Amma dünəndən bəri oğlumla danışa bilməmişəm. Oğlum ön cəbhədədir. Vuruşur. Güman edirəm ki, yaralanıb. Buna görə mənimlə danışmır. Bunu deyib ağlayırdı.
Bu mənə çox təsir etdi. Özümdən asılı olmadan ona qoşulub ağlamağa başladım. Həmin anlar elə idi ki, jurnalist, fotoqraf olduğunu unudursan, reportajı da unudursan… Çünki insanlıq üstün gəlir”.