Azərbaycanda çörək yenə bahalaşıb, müxalifət ƏDV-ni azaltmağı təklif edir
Azərbaycanda çörək bahalaşıb
Bu gün Azərbaycanda çörək 7-9 faiz bahalaşıb. İstehsalçılar ən çox istehlak edilən çörək növlərinin “qiymətinin yuxarı həddinin müəyyən edildiyini” açıqlayıblar. Onların bildirdiyinə görə, çörəyin bahalaşmasının səbəbi Ukrayna müharibəsi və dünya iqtisadiyyatındakı qeyri-müəyyənlikdir. Müxalifət isə hökumətə əhalinin yükünü azaltmaq üçün ƏDV-nin 2 faizə qədər azaldılmasını təklif edir. Sosial şəbəkələrdə hökumətyönlü nəşrlərdə qiymət artımının təqdim edilməsi üslubu ironiyaya səbəb olub.
- ABŞ Dövlət Departamenti: “Korrupsiya Azərbaycanda işləyən şirkətlər üçün ciddi problem olaraq qalır”
- “Fantastik məşğuliyyət”. Jurnalistikadan arıçılığa transfer
- Yerli hüquq müdafiəçiləri həbsdəki Ermənistan vətəndaşlarına baş çəkiblər
2022-ci il avqustun 19-da Azərbaycanda bu iliniçində ikinci dəfə çörəyin qiyməti bahalaşıb. Yanvarda çörəyin qiyməti 30 faiz qalxmışdısa, bu gün növündən və çəkisindən asılı olaraq 7 faizdən 9 faizə qədər qalxıb.
Ölkənin un və çörək istehsalçıları bahalaşma ilə bağlı birgə məlumat yayıblar.
Məlumatda qeyd olunur ki, “COVID-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir”.
“Əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib”, – istehsalçılar qeyd ediblər.
Geniş məlumatın yükununda unun və çörəyin yeni qiymətləri qeyd olunub:
“Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi – 40,70 manat.
Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti – 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti – 70 qəpik təşkil edəcəkdir”.
Müxalifət ƏDV-ni azaltmağı təklif edir
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov ƏDV-ni (əlavə dəyər vergisi) hazırkı 18 faizdən 2 faizə qədər endirməyi təklif edir.
“Ölkə əhalisinin 80%-ə yaxını bazarlığını, ərzaq ehtiyacını şəbəkə marketlərdən təmin edir. Onlar da ƏDV ödəyiciləridir. Yəni bu gün Əbdül dayı, Tükəzban xala 50 manatlıq ərzaq alanda marketdə 59 manat ödəyir.
REAL isə deyir ki, ay hökumət, zatən ölkə büdcəsində profisit var, Allahın bəxş etdiyi neft-qaz gəlirləri də artır, ölkənin xarici ticarətində 15 mlrd. dollarlıq müsbət saldo var, ona görə də 18% ƏDV-i 2%-ə endirin.
Əbdül dayı və Tükəzban xala 50 manatlıq ərzaq alanda 59 manat yox, 51 manat ödəsin. 8 manat cibində qalsın, ona da gedib kommunal xərclərini ödəsin. Yəni o pul da sizə – hökumətə gedəcək, amma camaatın bahaçılıqdan bükülən beli bir az düzələcək.
REAL sədri İlqar Məmmədov həftələrdir bu təklifi səsləndirib – amma hökumətdən tık yoxdur. Ərzaq və dərmanlar satışında ƏDV-nin 18%-dən 2%-ə endirilməsi istənilən sosial yardımdan daha effektivdir”, – Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli izah edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə un və çörək idxalı və satışı 2024-cü ilə qədər ƏDV-dən azad edilib.
“Bahalaşma yox, yuxarı həddin müəyyən edilməsi”
Azərbaycanda bütün hökumətyönlü media çörəyin bahalaşması xəbərini “artım” və “bahalaşma” sözlərindən istifadə etmədən işıqlandırıb. Onlardan çoxu “qiymətlərin yuxarı həddinin müəyyən edilməsi” ifadəsi ilə kifayətlənib.
Bu, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri arasında ironiyalı şərhlər dalğasına səbəb olub.
“Bu gün çörək bahalaşmayıb, sadəcə dünən ucuz idi”.
“Qiymətlərin yuxarı həddi nə deməkdir ki? Bunlar kolxoz, sovxoz dövrünə qayıtmağı düşünürlər? Dövlət bazarda qiymət həddini müəyyən edir?”
“Bizdə qiymətlər heç vaxt qalxmır, sadəcə dəyişir. Ancaq sadəcə bir istiqamətdə”.