“Azərbaycan hökuməti hələ də özünü kövrək hiss edir” - Bakıdan şərh
Anar Məmmədli Azərbaycanda insan haqları haqda
Azərbaycan hökuməti hələ də özünü kövrək hiss edir – hüquq müdafiəçisi Anar Məmmədli belə hesab edir. Onun sözlərinə görə, güclü hökumət qeyri-hökumət təkilatlarından, siyasi partiyalardan, mediadan, ictimai birliklərdən çəkinməz.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Azərbaycanda insan haqları məsələsində Qərb ölkələrinin və təşkilatlarının fəallığı məsələsinə də toxunub.
- Azərbaycanda “Siyasi partiyalar haqda” yeni qanun hazırlanır. Siyasətçilər nə düşünür?
- Erməni maraqları nəzərə alınmayan regional proseslər? Rəy
- “Jurnalist Muxtarlını qaçırmaq əmrini İvanişvili verib” – həbsxanadan etiraf
“Son illərdə qeydə alınan yeganə aktivlik”
Seçki Monitornqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, son illərdə diplomatik korpusların və beynəlxalq təşkilatların Azərbaycanla bağlı fəallığı görünmür.
“Bu qurumlarla uzun illər əməkdaşlıq etmiş bir şəxs kimi deyə bilərəm ki, elə bir ciddi fəallıq yoxdur.
Yəni, Azərbaycan əvvəlki qaydada Avropa Şurası ilə əməkdaşlıq edir və Avropa Şurasının strukturlarının da Azərbaycanda fəallığı son illərdə artmayıb. ATƏT, BMT və Avropa İttifaqı da eyni şəkildə”, – hüquq müdafiəçisi bildirib.
Onun fikrincə, ikinci Qarabağ müharibəsindən sonra bəzi xarici təşkilatlar, xarici ölkələrin diplomatik korpusları yaranmış vəziyyətdə, xüsusən də sülh quruculuğu məsələsində aktiv olmağa çalışırlar:
Avropa İttifaqının fəallığını qeyd etmək istəyərdim. İttifaq Azərbaycan və Ermənistan arasında olan münaqişənin həlli və sülh danışıqları prosesində vasitəçi kimi çıxış etməyə başlayıb. Mən deyərdim ki, bu, son illərdə qeydə alınan yeganə aktivlikdir.
Həyata keçirilən səfərlər isə hər il olur. Həm Avropa İttifaqının, həm Avropa Şurasının, həm də müxtəlif ölkələrin nümayəndələri Azərbaycana səfərlər edirlər, görüşlər keçirirlər. Yəni, bunu xüsusi yenilik kimi təqdim etməyin tərəfdarı deyiləm”.
“Ölkədə azadlıqlar təmin edilməlidir”
Qərb ölkələrinin və təşkilatlarının Azərbaycanla böyük iqtisadi sazişləri, bu sazişlərin ölkədə demoktarik proseslərə töhfəsi haqda danışarkən, Məmmədli vurğulayıb ki, Qərb ölkələri ilə həyata keçirilən layihələrin həcmini dəyərləndirməyə çətinlik çəkir.
“Düşünmürəm ki, Azərbaycana külli-miqdarda maliyyə vəsaitləri axır. Müəyyən banklardan kreditlər var, Avropa İttifaqının qrantları var, amma bu prosesin demokratik vəziyyətə təsir edəcəyini də gözləmirəm.
Demokratik vəziyyətə təsir etməsi üçün ölkədə demokratik institutların çalışmasına imkan yaratmaq lazımdır. Ölkədə azadlıqlar təmin olunmalıdır. Siyasi partiyalar, həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti qurumları, beyin mərkəzləri, ayrı-ayrı ictimai qruplar, analitik mərkəzlər rahat şəkildə çalışa bilməlidirlər. Bizdə isə bu yoxdur.
Yəni bizdə bir neçə ictimai birlik, 5-6 siyasi partiya və müstəqil bloqerlər çalışırlar, ancaq ciddi fəaliyyət göstərən böyük siyasi partiyaların, həmkarlar ittifaqlarının, beyin mərkəzlərinin, müstəqil akademik mərkəzlərin yaranmasına manelər var və mənə elə gəlir ki, bu manelər bir neçə maliyyə dəstəyilə aradan qalxası deyil”.
“Azərbaycan hökuməti özünü kövrək hiss edir”
Anar Məmmədli Rərbin Azərbaycan hökuməti ilə əməkdaşlığının inkişaf etməsi ilə paralel olaraq vətəndaşların konstitusion haqlarının məhdudlaşdırılması məsələsinə də toxunub:
Bu problemlərin aradan qalxmaması siyasi iradənin olmadığını göstərir. Hökumət hələ də özünü kövrək hiss edir. Güclü hakimiyyət QHT-lərdən, siyasi partiyalardan, medialardan, ictimai birliklərdən çəkinməz. Qısa desək, tənqiddən çəkinirlər. Ona görə də maksimum şəkildə bu məhdudiyyətləri qorumağa çalışırlar. Bunların qabiliyyəti tənqidə adekvat cavab vermək deyil, zorakılıqla cavab verməkdir.
“Bazarlıqlarını etsinlər, paralel şəkildə də insan hüquqları sahəsindəki durumu təftiş və tənqid etsinlər”
“Bir sıra Qərb ölkələrinin Azərbaycandakı fəaliyyətlərində çatışmazlıqların olmasını qeyd etmişəm. Bunu qapalı görüşlərdə də, ictimai şəkildə də vurğulamışam. Mənə elə gəlir ki, uzun illər Azərbaycana enerji təchizatçısı kimi yanaşmaq, hakimiyyətin insan hüquqları sahəsində pozuntularına göz yummağa sövq edib. Yəni, Qərb ölkələrinin Azərbaycana enerji təchizatçısı kimi və ya bu enerjinin daşınması üçün tranzit ölkə kimi baxması onların insan hüquqları sahəsində ayıqlıqlarını, barışmazlıqlarını arxa plana keçirib. Bu, qəbuledilməzdir.
Yəni, əgər normal iqtisadi münasibətlər qurublarsa, hər iki tərəfin də ehtiyacları varsa, daha minnətə nə gərək var? Bazarlıqlarını etsinlər, paralel şəkildə də insan hüquqları sahəsindəki durumu təftiş və tənqid etsinlər.
Ukrayna müharibəsindən sonra Qərbin alternativ qaz mənbələrinə ehtiyacının artması Azərbaycanı bir matah ölkəyə çevirib. Bu da hakimiyyətin işinə yarayır. Bundan istifadə edərək Qərbin insan hüquqları sahəsindəki təzyiqlərini zərərsizləşdirməyə çalışırlar”, – Məmmədli “Abzas” nəşrinə müsahibəsində bildirib.
“Ukrayna öz demokratiyasını qoruya bilsə…”
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycanda ictimai-siyasi vəziyyətə təsir edəcək ən ciddi amil Ukrayna müharibəsinin nəticələri olacaq:
“Çünki bu mübarizə bir postsovet ölkəsinin suverenliyi ilə yanaşı, qurduğu demokratiyanın müdafiəsidir. Yəni, Rusiya Ukraynaya təkcə ölkənin suverenliyini pozmaq üçün hücum etməyib.
Ukrayna öz demokratiyasını qoruya bilsə, bu, qonşu xalqlara ciddi siqnal ola bilər. Artıq postsovet ölkələrində demokratik və ya qeyri-demokratik ölkələrin blokları arasında Azərbaycan hökuməti də öz seçimini edə bilər.
İkinci məsələ isə Rusiyanın və ya hansısa üçüncü ölkənin təşviqi ilə Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşdirilməsidir.
Nəhayət, ölkənin ictimai-siyasi həyatına təsir edəcək faktor Azərbaycanda marağı olan beynəlxalq təşkilatların öz aktivliklərini nə qədər artıracağıdır. Yəni söhbət Avropa Şurası və Avropa Birliyi kimi qurumlardan gedir.
Daxili faktorların içində isə ən ciddisi sosial-iqtisadi vəziyyətdir. Əgər sosial-iqtisadi durum getdikcə daha da pisləşərsə, bu, ölkədə ictimai fəallığın artmasına səbəb ola bilər. Yəni, düşünürəm ki, hazırda ölkədə ictimai-siyasi fəallığı artıra biləcək ən ciddi faktor getdikcə dərinləşən sosial-iqtisadi bərabərsizlikdir”.