Ermənistanda qadınlar Avropa İttifaqının, kişilər isə Avrasiya İttifaqının tərəfdarıdır
Foto: Gevork Kazaryan, JAMnews və Media Mərkəz
Son dörd ildə Ermənistanda Avropa İttifaqı tərəfdarlarının sayı artıb, Avrasiya İqtisadi İttifaqının tərəfdarları isə azalıb. Bu haqda bu gün Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts və “İctima Tədqiqatlar Aparıcı Qrupu” ictimai təşkilatının sədri Ruben Sarqsyan bildirib. Onlar təmsil etdikləri təşkilatların birgə həyata keçirdiyi sosioloji sorğunun nəticələrini təqdim ediblər.
Ermənistan Avrasiya İqtisadi İttifaqına 2015-ci ildə daxil olub. Avrasiya məkanına inteqrasiya perspektivi ölkə qarşısında 2013-cü il sentyabrın 3-də, Ermənistan prezidenti Serj Sarqsyan ölkənin Avropa İttifaqı ilə Assosiasiya və genişlənmiş, hərtərəfli ticarət zonasının yaradılması haqda Sazişi imzalamaqdan imtina etdiyini bəyan edəndən sonra açılmışdı. Bununla belə bu sənədlər üzrə danışıqlar 3,5 il müddətində davam edib. Üstəlik prezident Ermənistanın Gömrük İttifaqına daxil olmaq niyyətini açıqladı ki, bu da AAİİ-ə inteqrasiyanın başlanğıcı oldu.
“İctimai Tədqiqatlar Aparıcı Qrupu” ictimai təşkilatının rəhbəri Ruben Sarqsyan deyib ki, 2014-cü ildə respondentlərin 38 faizi AAİİ-nin tərəfdarı kimi çıxış edib, 2017-ci ildə isə cəmi 32 faizi. Tədqiqatın aparıldığı illərdə Aİ-ə qarşı rəğbətin maksimal səviyyəsi 2016-cı ildə qeydə alınıb – 44 faiz. Həmin 2016-cı ildə AAİİ-ni dəstəkləyənlər 25 faiz olub.
“Səbəb, zənnimizcə, 2016-cı ildə Qarabağ-Azərbaycan təmas xəttində baş vermiş dörd günlük müharibə zamanı Azərbaycanın Rusiya hərbi texnikası ilə təchiz edilməsi faktının ortaya çıxması olub”, – Ruben Sarqsyan qeyd edib.
Tədqiqatın nəticələrinə əsasən, əhalinin hansı təbəqəsinin AAİİ-ə, hansı təbəqəsinin isə Aİ-ə meyilləndiyi də aydın olub.
Avropa İttifaqının tərəfdarları əsasən 18-45 yaş arası insanlardır, əksəriyyətini Yerevanda və ölkənin digər ölkələrində yaşayan, 150 min dramdan (315 dollar) yuxarı əməkhaqqı alan qadınlar təşkil edir.
Avrasiya İqtisasi İttifaqının tərəfdarları 45 yaşdan yuixarı insanlardır, əksəriyyəti kəndlərdə yaşayan, aylıq gəliri 150 min dramı aşmayan kişilərdən ibarətdir.
Çox güman ki, kütləvi informasiya vasitələri də cəmiyyətə təsir göstərib. Televizora baxmağı üstün tutanlar Avrasiya İqtisadi İttifaqına rəğbət bəsləyir, daha çox çap və online nəşrləri izləyənlər isə Avropa İttifaqına doğru meyillənirlər.
Sorğu 2014-cü ildən 2017-ci ilə qədər dörd il müddətində hər ay keçirilib. Bu sorğuda 18 yaşdan yuxarı Ermənistanın bütün vilayətlərinin əhalisi və paytaxt sakinləri, qadınlar və kişilər bərabər nisbətdə iştirak edib.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts qeyd edib ki, tədqiqatın məqsədi ölkə Avrasiya İqtisadi İttifaqına daxil olandan sonra cəmiyyətin əhvalında baş verən dəyişiklikləri ortaya çıxarmaqdır.