İlham Əliyev: “Sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik”
Əliyev quru sərhədlərin bağlı qalması haqda
Azərbaycan prezidenti 2020-ci ilin aprelindən bağlı qalan sərhədlərlə bağlı suala cavab verib. “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin”, – İlham Əliyev qeyd edib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək”, – Azərbaycanın dövlət başçısı deyib. Əliyev onunla görüşdə Ermənistan qoşunlarının Qarabağdan çıxarılması məsələsi ilə bağlı Rusiya tərəfinin vədi haqda da danışıb.
- İlham Əliyev: “ATƏT MQ-nin həyata qayıtması mümkünsüzdür, o, artıq ölüb”
- “Konkret təkliflər var”. Əliyev və Lavrov sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər
- “Azərbaycanda bütün millətlər bərabər hüquqa malikdir, o cümlədən də ermənilər”
İyulun 15-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin altı ayının yekunlarına həsr olunmuş iclası keçirilib. O, iclasda nitqlə çıxış edib.
Quru sərhədlərinin bağlı qalması haqda
Azərbaycanda koronavirus pandemiyasına görə 2020-ci ilin əvvəlindən tətbiq olunan məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılsa da, ölkənin quru sərhədləri hələ də bağlı qalır. Ekspertlər Azərbaycan hakimiyyətinin bu qərarının səbəblərinə dair bir sıra versiyalar irəli sürür – siyasidən tutmuş iqtisadiyə qədər.
İlham Əliyev bu mübahisələrə nöqtə qoyub.
“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik.
Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək”, – o bildirib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü haqda
Bu gün, iyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın vasitəçilər olmadan ilk ikitərəfli görüşü baş tutub. İlk dəfə bu görüşün keçiriləcəyi haqda cəmi bir gün əvvəl Əliyevin çıxışından məlum olub.
“Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir.
Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər”.
Rusiya Azərbaycana nə vəd edib?
Çıxışında Ermənistan qoşunlarının Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində qalması məsələsinə toxunaraq İlham Əliyev deyib:
“Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır.
10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir.
Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır.
Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq.
Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir.
Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir”.
Zəngəzur dəhlizi haqda
Azərbaycan prezidenti regionda kommunikasiyaların açılmasının ləngiməsindən şikayətlənib.
“10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər bizə bu imkan verilmədi.
Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik.
Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün”, – o bildirib.