Qarabağ münaqişəsinin əksi: kino və ədəbiyyat
“Tevanik” filmindən səhnə
“Tevanik” filmindən səhnə
“Yarıda qırılmış uşaqlıq” filminin plakatı
“Yarıda qırılmış uşaqlıq” filmindən səhnə
Pafos və nifrətdən humanizmə, insani dəyərlərin təbliğindən hərbi-vətənpərvərlik ruhuna, düşmənçilikdən pasifizmə, qələbələrdən insan faciələrinə qədər: Ermənistan incəsənətində Dağlıq Qarabağ münaqişəsi ən rəngarəng palitrada əks olunub.
Qarabağ müharibəsinin lap əvvəlindən, 1991-ci ildən bu günə qədər Ermənistanda minlərlə şeir, bədii və sənədli əsər dərc olunub, bədii və sənədli filmlərin sayı yüzdən çoxdur, dörd teatr tamaşası qoyulub.
1994-cü ildə münaqişəyə cəlb olunmuş tərəflər arasında atəşkəs haqda razılaşma əldə ediləndən sonra bu həlli tapılmayan münaqişə hələ də insanları həyatdan qoparır. 2016-cı il aprelin 2-ə keçən gecə başlayan və dörd gün davam edən hərbi əməliyyatlar öz həcminə görə presedentsizdir. Ermənistanda bu dövrü dördgünlük müharibə adlandırırlar: hər iki tərəfdən yüzlərlə insanın həlak olması, artıq mövcud olan etibarsızlığın və düşmənliyin güclənməsi, yeni insan faciələri, bütün bunlar ermənilər və azərbaycanlılar arasında daha böyük maneələr ucaldır.
2016-cı il “aprel müharibəsindən” sonra Qarabağ münaqişəsi Ermənistanın mədəniyyət həyatında yenidən aktual mövzuya çevrildi.
Bədii film
Ölkənin 25 illik müstəqilliyi ərzində Ermənistan kinematoqrafı Qarabağ münaqişəsinə həsr olunmuş onlarla film yaradıb. Bədii filmlərdə münaqişənin tarixi hadisələrini əks etdirən, xalqın vətənpərvərlik və milli ruhunu yüksəldən, itkilərdən bəhs edən və eyni zamanda qələbələri mədh edən səhnələr üstünlük təşkil edir.
2016-cı ildə rejissor Mher Mkrtçyan “Həyat və müharibə” bədii filmini təqdim etdi. Müəlliflərin sözlərinə görə, film “Artsaxın azadlığı uğrunda həlak olanlara” həsr olunub. Film məktəb illərindən bəri bir yerdə olan iyirmi beş yaşlı dörd dostdan və onların iki bacısından bəhs edir. Qəhrəmanların taleləri müxtəlifdir, amma onları bir şey birləşdirir – Qarabağ müharibəsi. Hadisələr 1991-1992-ci illərdə baş verir – müharibə, sevgi, sədaqət. Miqrasiya o illər üçün xarakterik olan yeganə problemdir ki, filmdə işıqlandırılıb. Vicdanlı və sadiq əsgərlər, hədsiz cəsur və ədalətli komandir, varlı övladlarının Yerevandakı qayğısız həyatı və bütün bunlar müharibə fonunda yaşanır. Müəyyən mənada satqın da var – sovet vaxtı yetimlər evində birlikdə böyüdüyü azərbaycanlı dostunun həyatını qurtarmaq məqsədilə ona məlumat ötürən adam. Filmin vicdanlı qəhrəmanlarının nümunəsi bir növ nümayiş etdirir ki, güclü kişi olmaq üçün cəbhə və müharibədən keçmək lazımdır.
Film geniş reklam olunub, kinoteatrlarda və İctimai telekanalda nümayiş edilib, filmin afişaları aylarla şəhərin reklam lövhələrini bəzəyib. Kinoteatrlar dolub-daşır, həyəcanlı tamaşaçılar zallardan gözüyaşlı çıxırmış.
Bununla belə, bəzi tənqidçilər hesab edir ki, filmdə hərbi-vətənpərvərlik təbliğatının stereotipləri istifadə olunub, münaqişə həllini tapmayana qədər bunlardan imtina etmək mümkün deyil.
Kino tənqidçisi Raffi Momsisyanın fikrincə, Qarabağ münaqişəsinin hələ də siyasi həllini tapmaması və sərhəddə hər gün gərginliyin sürməsi incəsənətə bilavasitə təsir edir.
“Belə vəziyyətdə rejissorlar fövqəladə ehtiyatlı olurlar. Qarabağ münaqişəsi haqda filmlər vektoru daha çox daxilə hesablanıb, xaricə deyil. Bu filmlər hərbi xidmətə gedəcək olan gənclərə hədəflənib. Yəni bunlar daha çox vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəlmiş filmlərdir və indi fərqli ola bilməz”, – kino tənqidçi deyir.
Elə həmin rejissorun 2017-ci ildə çəkilmiş “Həyat və müharibə: 25 il sonra” filmi 25 il sonra əvvəlki qəhrəmanların həyatı və Ermənistan haqda bəhs edir. Artıq bir dəfə müharibəni görmüş qəhrəmanlar ikinci dəfə hərblə qarşılaşırlar, bu dəfə “dördgünlük aprel müharibəsində”.
“Həm Ermənistanda, həm Azərbaycanda bu nifrət fonunda öz xalqının öymək sistemi o qədər güclüdür ki, kino vasitəsilə sülhə və ya dialoqa səsləmək ikinci, hətta üçüncü plandadır. Dünyada bu vəziyyət, bu cür yanaşma həmişə mövcud olub, bu sxem münaqişə vəziyyətində olan istənilən ölkədə işləyir. Gürcüstanda və Ukraynada da Rusiya ilə münaqişə ilə bağlı vəziyyət eynidir”, – Movsisyan bildiri.
Kino industriyası sahəsində Qarabağ münaqişəsi haqda əslən Dağlıq Qarabağdan olan kinorejissor Civan Avetisyanın üç filmi özünəməxsusluğu ilə seçilib: “Yarıda qalmış uşaqlıq” (2013-cü il), “Tevanik” və “Son sakin”.
“Yarıda qırılmış uşaqlıq” filmi Qarabağ müharibəsi zamanı Marağadakı faciəvi hadisələrdən bəhs edir. Balaca erməni qızı Lena girov düşür və azərbaycanlı qadının evində 129 gün yaşayır, daha sonra o, geri qaytarılır. Rejissor bu real və dramatik hekayəni humanitar və insanı məsələlərə vurğu edərək canlandırıb.
2014-cü ildə çəkilən “Tevanik” bədii filmi Çində, İtaliyada, Rumıniyada, Polşada, Rusiyada, ABŞ-da və digər ölkələrdə çox sayda mükafat qazanıb, “Qızıl ərik” beynəlxalq kinofestivalının “Erməni panoraması” proqramında ən yaxşı film elan olunub. Filmin əsas qəhrəmanları 14 yaşlı üç yeniyetmədir – Aram, Astğik, Tevanik. Qəhrəmanlar fərqlidir, amma onların hekayəsi eynidir – müharibə ailələri dağıdır və ayrı salır.
Hər iki film Kann beynəlxalq kinofestivalının kino bazarında nümayiş olunub.
Civan Avetisyanın Qarabağ münaqişəsi mövzusunda üçüncü bədii filmi – “Son sakin”in premyerası “aprel müharibəsindən” sonra baş tutub. Bu film 70 yaşlı bənna Abqardan bəhs edir. Milli münaqişə nəticəsində o, kənddə tək qalır və qızının axtarışı ilə məşğul olur, sonradan məlum olur ki, qızı psixi xəstədir, o, Sumqayıtda ərinin vəhşiləşmiş kütlə tərəfindən yandırıldığını görəndən sonra ağlını itirib.
“Yarıda qırılmış uşaqlıq” və “Tevanik” filmlərinin ssenari müəllifi, dramaturq Karine Xodikyanın sözlərinə görə, filmin əsas mesajı belədir – “Ey insanlar, ayılın və müharibənin uşaqların başına nələr gətirdiyini görün”.
“Müharibəyə nifrət edirəm. Bu iki filmdə yaradılmış insan taleləri, bu talelərin paralellərinin toqquşması bu sözlərin əksidir – “Müharibəyə nifrət edirəm”. “Yarıda qırılmış uşaqlıq” filmində balaca qızın bəxti gətirir ki, onun qarşısına qadın-ana çıxır. Mən azərbaycanlı demirəm, çünki analıq milliyyət tanımır. Bu filmdə insanlıq qalib gəlir, o mənada ki, bu qız fiziki və psixi cəhətdən zərər görmədən, insanlara inamını itirmədən ailəsinə qovuşa bilir. Yəqin ki, bu, balaca qızla azərbaycanlı ananın müharibə üzərində çala biləcəkləri ən böyük qələbədir”, – Xodikyan deyir
Civan Avetisyanın filmlərindən başqa kino tənqidçisi Raffi Movsisyan 2013-cü ildə Nika Şekin 2013-cü ildə çəkdiyi “İki dünyadan yadigar” filmini də qeyd edir. Bu film Azərbaycanın Sumqayıt şəhərində 1988-ci il fevralın 27-də erməni əhaliyə qarşı zorakılıqlar əks olunub.
“Orada belə bir səhnə var, müxtəlif millətlərdən olan iki gəncin cənazəsi aparan insanlar qarşı-qarşıya gəlir. Civan Avetisyanın ilk iki filmində olduğu kimi bu filmdə də insanpərvərliyə və humanizmə səsləyən belə kiçik epizodlar var, amma bu gün kinoda bundan artığını etmək mümkün deyil. Bunlar səssiz bağırtılardır, çünki indi elə vəziyyətdir ki, pasifistləri düşmən elan edə bilərlər və bu prosesdə satqın kimi görünmək təhlükəsi də iki-üç dəfə daha güclüdür”, – Movsisyan deyir.
Sənədli filmlər daha rəngarəngdir və beynəlxalq layihələrin çoxluğu sayəsində sülh quruculuğu məqsədilə çəkilmiş çox sayda Ermənistan-Azərbaycan müştərək filmlərini tapmaq mümkündür.
Vardan Hovallisyanın tammetrajlı sənədli filmi – “Müharibə və sülh günlərində insan hekayələri” qeyri-adi dərəcədə insani filmdir. 2007-ci ildən film müxtəlif kinofestivallarda və kinozallarda nümayiş olunub.
Müəllif insanın müharibəni görəndən, yaşayandan və hərbi əməliyyatlarda iştirak edəndən sonra insanlığını necə qoruyub saxlaya bildiyini anlamağa çalışır.
Müharibə iştirakçısı, ön cəbhədə işləyən jurnalist Vardan döyüşçülər haqda danışır, onların müharibədə iştirak etdikləri illəri və atəşkəs elan olunandan sonrakı 20 ili birləşdirməyə salışıb.
Filmdə 20 metrlik cəbhə səngərlərində çəkilmiş nadir arxiv görüntüləri, o cümlədən sağ qalanların təsirli hekayələri yer alıb.
“O, bu zamanı 20 il fərqlə göstərir: bu insanların həyatında nə baş verib, müharibə onların psixikasına necə təsir edib. Bu, çox humanist yanaşmadır – müharibənin döyüşmüş adamın həyatından artıq heç vaxt çıxmadığı, müharibə bu insanı bütün ömrü boyu izləyə bilər, taleyini məhv edə bilər və bir cəmiyyətin bütün bir nəslinin taleyini məhv edə bilər”, – Movsisyan deyir.
Tanınmış beynəlxalq kino istehsalçıları – BBC (Böyük Britaniya), PBS (ABŞ), WDR (Almaniya), ARTE (Fransa), YLE (Finlandiya) tərəfindən müştərək çəkilmiş bu film 15 dilə tərcümə olunub və 20-dən çox nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Ədəbiyyat
Qarabağ münaqişəsi müharibənin ilk günlərindən etibarən erməni ədəbiyyatında öz əksini tapıb. Ədəbiyyatşünasların fikrincə, Qarabağ münaqişəsinə həsr olunmuş əsərlərdə – həm nəzm, həm nəsr- humanist və insanpərvər yanaşma üstünlük təşkil edir.
Münaqişə mövzusunda əsərlərin bir hissəsi döyüşlərdə, hərbi əməliyyatlarda şəxsən iştirak etmiş insanlar tərəfindən yaradılıb. Onların sırasında Levon Xeçoyan, Ara Nazaretyan və Ovik Vardanyanın işlərini qeyd etmək olar.
Bu müəlliflərdən başqa Qarabağ müharibəsində iştirak etməmiş, amma bu mövzuda əsərlər yaratmış digər qisim yazıçılar da var. Məsələn, Hraç Beqlaryanın “Generalı gözlərkən” hekayəsi, Hovannes Yeranyanın hekayələri və “Atəşkəs” povesti, Susanna Harutunyanın hekayələri və “Quru və susuz xəritə” povesti.
“Qarabağ münaqişəsi haqda danışdığımız zaman oxucular həmişə bizim qələbə yürüşünü vəsf və mədh edən əsərlər gözləyirlər. Bütün bunlar əlbəttə ki, var, məsələn, Norek Qasparyanın və Robert Yesanyanın pafos dolu şeirləri, Vardan Devrikyanın oçerkləri və Martiros Bobnun “Cəhənnəmdən gələnə sual verməzlər” romanı. Bunlarla yanaşı bizim görkəmli ədəbiyyatımız və yazıçılarımız var ki, müharibəni təsvir, qələbəni vəsf etmirlər, onlar üçün ədəbiyyatda ön planda insan dayanır”, – ədəbiyyatşünas Arkmenik Nikoqosyan deyir.
Nikoqosyan qeyd edir ki, bu münaqişə mövzusunda olan erməni ədəbi əsərlərinin böyük hissəsi ilk növbədə müharibəyə qarşıdır, özündə ən müxtəlif, faciəvidən tutmuş gülməli epizodlara qədər birləşdirir. Kino sənətindən fərqli olaraq erməni ədəbiyyatı sülhməramlı və insanpərvər dəyərləri təbliğ edən əsərlərlə dolub-daşır.
“Əsas ideya ondadır ki, müharibə insanlıq üçün bir bəladır və artıq fərqi yoxdur, bu qeyri-insani əməlləri kim törədib. Müharibə məngənəsində insanın özü korlanır və insanların ədəbiyyatla dialoq vasitəsilə belə münaqişələrin qarşısını alması, müharibəni davam etdirməməsi üçün ən böyük stimuldur”.
Bu kontekstdə ədəbiyyatşünaslar erməni yazarı, Qarabaö müharibəsi iştirakçısı Levon Xeçiyanın 1999-cu ildə nəşr olunmuş “Qara kitab, ağır böcək” romanını qeyd edirlər.
“Qara kitab, ağır böcək” romanı gündəlik üslubunda təqdim edilib, burada yalnız müharibə deyil, həm də dinc şərtlər altında gündəlik həyat epizodlar da əks olunub.
Ədəbiyyatşünas Qohar Akelian hesab edir ki, evon Xeçoyanın romanı ümumilikdə müharibə şəraitində insan faciəsini, insanın özünün özündən və sivilizasiyadan uzaqlaşmasını nümayiş etdirir.
“Romanda heç hərbi əməliyyatlar və faktlar yer almayıb, qarşı tərəf çox dumanlı təsvir olunub, kitabda azərbaycanlı-düşmən obrazı yoxdur. Öz əsərində Xeçoyan öz oxucusunu nifrət məcrasına yönəltmir, bu narahatlığa onunla üz-üzə dayanan azərbaycanlı ilə aparmır, o, buna ümumi inşalıq nöqteyi-nəzərindən baxmağa vadar edir. Romanda sadəcə müharibənin mərkəzində olan əsgərin hiss etdikləri təsvir edilir, onun ətrafındakı reallıq və dünya doğru deyil, çünki bu, insanın yaşamalı olduğu mühit deyil”, – Akelyan deyir.
“Qara kitab, ağır böcək” romanı sadəcə duyğular, təsvirlər, rənglərin və emosiyaların dərkindən ibarətdir, hansı ki, qarşı-qarşıya qoyularaq insan və təbiət arasındakı ziddiyyəti, insanlar arasındakı rabitəsizliyi göstərir.
“Romanın əsas ideyası və məqsədi məhz insanın bu vəziyyətdə ondan asılı olmayaraq törədilən bütün günahların üzərindən adlayıb keçə bilməsindən, günahsız qalmasından, insan qalmasından ibarətdir”, Akelyan deyir.
Nəsrdən fərqli olaraq erməni nəzmi Qarabağ münaqişəsi mövzusuna lap əvvəldən, həm də duyğular səviyyəsində müraciət edib. 1988-ci ildən bu günə qədər Qarabağ münaqişəsi haqda minlərlə şeir yazılıb.
Arkmenik Nikoqosyan Dağlıq Qarabağ əsilli Vardan Akopyanın “İsanın çiçəkləri” və Xaçik Manukyanın “Yüksəklik bizimdir, amma uşaqlar artıq yoxdur” şeirlərini insanpərvər və humanist yanaşmalı ədəbiyyat nümunələri hesab edir.
Yüksəklik bizimdir, amma uşaqlar daha yoxdur
Uşaqlar artıq başqa yüksəklikdədir
Ulduzlara toxundular, ulduzlar söndü
Quru çörəyimiz də hüznə büründü
Hə, ölkəm, uddun, ya uduzdun?
Yüksəkliyi aldıq, uşaqlar isə daha yoxdur… (Xaçik Manukyan)
Qarabağ münaqişəsi zonasında kəskinləşmə, atəşkəsin pozulması halları və sərhəddə gərginləşmə hər gün davam edir, bunların nəticəsində hərbçilər və mülki şəxslər həlak olur. Beynəlxalq KİV Qafqazın bu ağrılı nöqtəsinə nadir hallarda toxunur, amma bu ağrının əks-sədası bütün dünyaya incəsənət və ədəbiyyat vasitəsilə çatdırılacaq.