Radioaktiv ağaclar Belarusdan dünya bazarına necə çıxarılır?
Nəşrin orijinalı Euroradio saytındadır
“Усё, Коля, нагаварыў ты сабе ўжо гадоў на пяць» (Vəssalam, Kolya, azı beş illik iş tikdin özünə), ― biz onların rəisi Nikolayla danışdığımız müddətdə meşəqıranlar briqadasının uşaqları öz aralarında zarafatlaşırlar.
Kolya Xillçan meşə təsərrüfatında meşəbəyi köməkçisidir, o, Polessk Dövlət Radiasiya-Ekoloji Qoruğunda artıq 21 ildir ki, işləyir. Narovlyanlıların anlayışına görə, özünə yaxşı yer edib – maaşı zərər kompensasiyası ilə birlikdə 510 rubl (222 avro) təşkil edir, paylar da əlavə olunanda üstünə 120 rubl (52 avro) da gəlir, geyimini, ayaqqabısını da verirlər. Nikolaydan olsaydı, öz həyatında heç nəyi dəyişməzdi və bir on ildən sonra rahatca təqaüdə çıxardı. Düzdür, meşəbəyi köməkçisi hər şeyin olduğu kimi qalacağına çox da inanmır. Yaxın zamanda qoruğun böyük hissəsinin kəsib təsərrüfat dövriyyəsinə qatmaq planlaşdırılıb. Bunun işçilər üçün nə ilə nəticələnəcəyi hələlik bəlli deyil. Nikolay bu xəbərdən yaxşı heç nə gözləmir: “Biz zonadan çıxsaq, əlavələr olmadan quru maaş cəmi 300 rubl olacaq, kim bu pula radiasiyanın içində işləyəcək?”
“Kəsilməzdən əvvəl sahə yoxlanılır. Hektardan nümunəlik üç ağac götürülür, laboratoriyada seziuma analiz edilir. Əgər çirklənmə aşkar edilərsə, ağac məhv edilir. Mənə nəyə icazə verilibsə, onu da edirəm. Mən çirklənmiş ağacı satışa göndərəsi deyiləm ki, sonra da həbsə düşüm. Elə vaxtlar olub ki, ağaclar sərhədə qədər gedib çıxıb, orada yoxlayıb, bütün partiyanı geri qaytarıblar. Amma bu, çoxdan baş verib və qoruqda olmayıb. Əlbəttə, mən anlayıram ki, ağaclardan biri radiasiyanın təsirinə düşə, digəri düşməyə bilər. Risk həmişə var, elə buna görə də hər şeyi yoxlayırlar”, – meşəbəyi köməkçisi Nikolay deyir.
Bütün ağac nümunələri qoruğun elmi şöbəsinin spektrometriya və radiokimya laboratoriyasında öyrənilir.
Qoruğa aid oduncaqla qalanan qazanxanadan götürülmüş külün üzərində dozimetr radiasiya fonunun normadan 5 dəfə yüksək olduğunu göstərir. Yəni yanında durmaq belə təhlükəlidir və bu yalnız səthi şüalanma qammasıdır.
“Müəyyən xətalar həmişə olur. Mənim nöqteyi-nəzərimcə, bu oduncağı ancaq qoruq ərazisində istifadə edərdim, başqa heç yana çıxarmazdım. Çirklənmiş ağacların analiz üçün seçilmiş nümunələrin arasına düşməyəcəyi ehtimalı həmişə var. Bizdə Belarusda daha təmiz meşələr də var”, – alim Vyaçeslav Zabrodski deyir.
Zzabrodski “Prirodnıye resursı” jurnalında bu mövzuda məqalə dərc edib. Məlum olub ki, qoruğun ağac qırımı həyata keçirilən təsərrüfat-eksperiment zonasından götürülmüş 2000 nümunənin 50 faizi çirklənmiş olub.
Bundan başqa, alimin apardığı araşdırmaların nəticələrinə görə, seziumdan şərti təmiz oduncağın 40 faizdən 70 faizə qədərinin tərkibində hətta yetəri qədər yumşaq olan Rusiya normalarını da aşan böyük həcmdə stronsium var. Bu element beta-şüadir və insan həyatı üçün çox təhlükəlidir, bu element seziumdan daha mobildir və bitkilərin tərkibinə daha yaxşı sirayət edə bilir.
Zabrodskinin araşdırmalarının nəticəsinə əsasən, yandırılmış qoruq ağaclarının külünün 80 faizi radioaktiv tullantılardan ibarətdir və onları xüsusi məzarlıqlarda basdırmaq lazımdır.
Öz araşdırmasında o, belə bir nəticəyə gəlib ki, Belarusda stronsium üzrə normalaşdırmanın olmaması radioaktiv stronsiumun çirklənmiş ərazilərdən təmiz rayonlara daşınmasına səbəb olur və bu da əhalinin nəzarətsiz şüalanmasına gətirib çıxara bilər.
Xoynikdə qoruğun yanında taxta-şalban təsərrüfatı var, zonadan çıxan bütün ağaclar ora gedir. Ərazinin girişində qəşəng çardaqlarda məhsul nümunələri qoyulub. Qiymətlər yazılıb, arzu edən hər kəs ala bilər. Qoruğun eksperimental-təsərrüfat fəaliyyəti sahəsinin rəisi Nikolay Voronetski qürurla ağac emalı dəzgahlarını göstərir, pəncərənin qarşısında gələcək stulun fiqurlu ayaqları qoyulub, yanında palıd ağacından kəsilmiş məmulat qurumaqdadır.
Nikolay böyük həvəslə istehsalı böyütmək və yeni, daha güclü dəzgahları işə salmaq planlarını bölüşür: “İndi yenidən bizim məhsulun ixracına başlanıb, artıq Moldovaya ağac göndəririk, Almaniya, Litva ilə müqavilələrimiz var… Bax bizim litvalı tərəfdaşlarımız olan “Praslas” silindrləşdirilmiş oduncağı demək olar ki, yer üzünün hər yanına göndərir”.
Belə çıxır ki, qoruğun ağacları Belarusun dörd bir yanına, hətta hüdudlarından kənara da gedib çıxa bilər. Biz vəziyyəti Kənd Təsərrüfatı NazirliyininBelarus meşə resurslarının ixracı ilə məşğul olan ixtisaslaşmış operatorundan vəziyyəti aydınlaşdırmaq istədik.bizə dedilər ki, məsələn, Avropa İttifaqı Rusiya, Ukrayna və Çindən fərqli olaraq heç bir fito-sanitar sertifikat tələb etmir. Alıcının özü məhsulun mənşəyi haqda sertifikat tələb edə bilər, amma bir qayda olaraq tələb edən olmur. “Prinsipcə biz Avropaya heç bir sertifikat təqdim etmədən ağac ixrac edirik”, – idarədə bildirdilər.
Radioaktiv ağacların Avropanın başqa ölkələrə gedib çıxma ehtimalını tam aydınlaşdırmaq üçün Euroradio Litvanın Radiasiyadan Müdafiə Mərkəzi ilə əlaqə saxladı. Mərkəz direktoru Albinas Mastauskas suallarımızdan təəccüblənmədi: “Bir dəfə qazanxanalarımızdan birinin külündən raioaktiv tullantılara bərabər tutulacaq qədər sezium aşkarlananda biz bu məsələni çox ciddi müzakirə etmişik. Stronsium haqda biz danışmırıq”.
Sən demə son illərdə Litvada odun yanacaq kimi populyarlaşdığı zaman bu resrsun 10-15 faizi Belarusdan gətirilib. Eşelonlarla daşıyırlar, çünki çox ucuzdur. Mastauskasın sözlərinə görə, Aİ-də yanacaq odunu üçün seziumun norması 30 Bk/kq-dir (Bk – bekkerel – radioaktiv mənbənin aktivliyini göstərən ölçü vahidi – red. qeydi), inşaatda istifadə olunan ağac üçün isə Avropada ümumiyyətlə norma müəyyən edilməyib.
Onun sözlərinə görə, Belarusdan gedən ağac maşınlarını dəfələrlə Litva gömrüyündən geri qaytarıblar. Amma bununla belə, çirklənmiş zonadan ağacların Litvaya, oradan isə digər ölkələrə gedib çıxmadığına bu gün zəmanət vermək mümkün deyil.