Belorus qəlbli Keti. Minskli həkimlər gürcü qızı necə xilas ediblər?
İyunun əvvəlində Minskdəki “Kardiologiya” Respublika Elmi-Praktiki Mərkəzində ürək transplantasiyası edilən 13 yaşlı Keti avqustun 2-də axşam evinə, Tbilisiyə yollanıb. Onu valideynləri – Giorgi və Tamara, bir də həkim Oleq Çernookiy müşayiət edib, sonuncu gürcüstanlı həmkarlarına uşağın müalicəsi ilə bağlı tövsiyələrini verməlidir.
Uçuşdan əvvəl Euroradio Giorgi ilə görüşüb, Ketiyə də baş çəkib.
“Burada hər şey xoşuma gəlir – tibbin səviyyəsi, son dərəcə yaxşı həkimlər və insanların münasibəti. Amma biz Belarus vətəndaşları deyilik, Ketinin bir həftə klinikada qalması yeddi-səkkiz min dollara başa gəlir – bu, bizim üçün çox bahadır”, – Giorgi deyir. – “Biz əməliyyata görə yüz min dollardan çox pul ödəmişik. Amma qızımın əvvəlki xəstə ürəyi digər orqanlara da təsir etmişdi. Əməliyyatdan sonra hər şey fərqli oldu. Vəziyyət çox mürəkkəb idi. Buna görə də indi ağ ciyərlərini, böyrəklərini və s. müalicə edirlər. Belə çıxır ki, biz artıq klinikaya borcluyuq”.
Bu gün Ketinin Belarusdakı müalicəsinə görə yığılan borc 55 min dollar təşkil edir. Biz Giorgi ilə söhbət etdiyimiz müddətdə ailəni dəstəkləməyə gəlmiş (o cümlədən də maddi cəhətdən) gürcülər ara-sıra bizə yaxınlaşır. Giorgi deyir ki, beloruslar da kənarda qalmayıb, onlar da gah ərzaqla, gah pulla yardım edirlər.
“Məlum olub ki, qızları eyni ürək xəstəliyindən əziyyət çəkir”
Ketinin nadir xəstəliyə – restriktiv kardiomiopatiya – düçar olduğunu valideynləri təsadüfən öyrəniblər. 2012-ci ildə qızın böyük bacısı Mariam rəqslə məşğul olurmuş. O özünü pis hiss eləyib. Həkimə müraciət ediblər, onlar da xəstəliyi üzə çıxarıblar.
“Uşaqlar tamamilə sağlam idilər. Normal yaşayırdılar. Birdən birə belə bir xəstəlik, belə diaqnozlu insanlar dünyada çox azdır! Həkimlərdən biri Ketini də müayinə etməyi təklif edib – məlum olub ki, qızlar eyni ürək xəstəliyindən əziyyət çəkir. Biz şokda idik. Səbəb məlum deyildi, ola bilər ki, hansısa virus və ya peyvənd. Heç kim bilmir. Ketinin analizlərini Avstriya və Almaniyaya göndərdik. Onların həkimləri bu cür xəstəliklə rastlaşmayıblar”, – etinin atası davam edir.
Diaqnoz müəyyən ediləndən sonra hər iki qızın ürək transplantasiyası haqda danışmağa başlayıblar. Gürcüstanda transplantasiya mümkün olmadığı üçün İsrail, Almaniya və Belarus klinikaları variant olaraq nəzərdən keçirilirmiş. Giorgi bildirir ki, “Almaniyada ay ərzində üç beləəməliyyat həyata keçirilir, burda Minskdə isə 50! Maddi cəhətdən də burada Avropayla müqayisədə daha ucuz başa gəlir”. Üstəlik ailə başqa bir Giorgi ilə tanış olub – Giorgi Sarkisov Belarusda ürək transplantasiyası olunan ilk Gürcüstan vətəndaşıdır, indi özünü çox yaxşı hiss edir, elə o, ailəyə məsləhət görüb ki, seçimi Belarus klinikası üzərində saxlasınlar.
Amma Mariam yeni ürəyi gözləyə bilməyib – 2017-ci il aprelin 27-də dünyasını dəyişib. Mayın 12-də isə valideynləri Keti ilə birlikdə Minskə gəlib çıxırlar. Belarusda ürək transplantasiyası əməliyyatını 14 yaşı tamam olanlar üzərində aparırlar. Ketinin 14 yaşı oktyabrda tamam olacaq, insultdan vəfat edən 29 yaşı minskli gəncin ürəyi paramertlər üzrə tam uyğundu, buna görə də həkimlər qızı əməliyyat etmək qərarına gəlir.
“Çoxlu pul toplamalı idik. Quhumlarımız, dostlarımız, qonşularımız, bir az da dövlət kömək etdi. Üstəlik həyat yoldaşım Tamara bankda işləyir, 80 min dolları bizə onun bankı verdi. İndi Belarus Xalq Bankının baş direktoru Konstantin Sereteli mənə kömək edir. Çox insan kömək edir. Bir dəfə bir nənə gəldi – bağlamada banan və 20 rubl (on dollar – Euroradio-nun qeydi) gətirdi. Belə vəziyyətdə ağlamamaq mümkün deyil”, – Ketinin atası minnətdarlıqla deyir.
Əməliyyatdan sonra Ketinin çəkisi cəmi 26 kiloqramdır
Bir müddət sonra Giorgi və Keti artıq küçəyə çıxırlar. Arıq qızcığaz əlil arabasında oturub – əməliyyatdan sonra çəkisi cəmi 26 kiloqramdır, amma danışır, telefonla oynayır və Tbilisiyə, evə qayıdacqları anı gözləyir – Minskdə dostları və beş yaşlı balaca qardaşı üçün darıxır, o sağlamdır və indi evdə xalası ilə qalıb.
Hələlik Keti Tbilisi xəstəxanasında reabilitasiya keçəcək. Yaxın üç ildə qızcığaz ildə iki dəfə Minskə müayinəyə getməlidir. Sonra isə ildə bir dəfə. O, məktəbə qayıdacağı günün xəyalını qurur, deyir ki, bu mütləq baş tutacaq. Atası deyir ke, qızı çox güclüdür.
Keti Belarusda ürək transplantasiyası keçirən altıncı Gürcüstan vətəndaşıdır. Birincisi isə Giorgi Sarkisov olub. “Kardiomiopatiya” diaqnozu ilə o iki il “aparatlar və dərmallarla” yaşayıb, sonra 2014-cü ildə gürcüstanlı həkimlərin məsləhəti ilə transplantasiya üçün Belarusa gəlib. Donoru çox gözləməli olmayıb – əməliyyat Giorginin Minskə gəldiyi ilk günlərdə baş tutub.
“Mayın 21-i idi. Mənə zəng vurub, dedilər ki, iki saat sonra əməliyyat olacaq, donor hepatit C xəstəliyindən vəfat edib. Mən tam sakit idim. Mən güclüyəm. Heç vaxt düşünməzdim ki, mənim problemim var, ürəyimi dəyişmək lazımdır. əməliyyatı səbirsizliklə gözləyirdim, narahat olmurdum, inanırdım ki, hər şey yaxşı olacaq”.
Keti və Giorgi Sarkisov
Giorgi hər gün velosipedlə 14 kilometr, 12 kilometr də piyada yol gedir
Keti kimi Giorgiyə də transplantasiya əməliyyatını professor Yuri Ostrovski edib. Giorgi klinikada 27 gün keçirib, rus dilini təkmilləşdirir və evə qayıdır.
“Ostrovski dedi ki, orqanizmim çox güclüdür. Bu həqiqətən də belədir. Bu yaxınlarda mən Minskdə idim, məni müayinədən keçirdilər və dedilər ki, hər şey yaxşıdır. Hər gün velosipedlə 14, piyada isə 12 kilometr yol gedirəm. Özümü əla hiss edirəm”, – Giorgi danışır.
Hələlik Giorgi işləmir – əməliyyatdan sonra işlə bağlı məhdudiyyət var. İkinci qrup əlil kimi 40 dollar həcmində pensiya alır, halbuki hər ay dərmanlara 150 dollara yaxın xərci çıxır. Amma o iş tapıb: Belarusda əməliyyat olunmaq istəyənlərə sənəd və pul toplamağa yardım edir. Üstəlik bunu şəxsi təşəbbüsü ilə edir. Deyir ki, bunun nə olduğunu bilirəm, mənə kömək etdilər, odur ki, mən də kömək etmək istəyirəm. Giorginin söylədiyinə görə, bu gün ən azı 27 nəfər Gürcüstan sakininin ürək köçürülməsinə ehtiyacı var.
“Birincisi, Belarusda pravoslavlar çoxdur, burada aparılan əməliyyatlardan sonra insanlar özlərini yaxşı hiss edir, üstəlik əməliyyatlar Avropadakından daha ucuz başa gəlir – orada minimum 350 min avro lazım olur”, – Giorgi Belarusdakı müsbətləri sadalayır. – “Şəxsən mənə dostlarım kömək etdi. Tbilisi meriyası 60 min dollar köçürdü. On min də Səhiyyə Nazirliyi. Belə vəziyyətlərdə aksiyalar da yaxşıdır – insanlar sənin problemin haqda mətbuatdan xəbər tutur və maddi yardım edir”.
“Üstünlük Belarus vətəndaşına verilir. Orqan parametrlərinə görə beloruslara uyğun gəlmirsə, əcnəbi əməliyyat olunur”
“Kardiologiya” Respublika Elmi-Praktiki Mərkəzinin büdcədənkənar fəaliyyət üzrə şöbəsinin rəhbəri Vitali Bunelyanın sözlərinə görə, ürək transplantasiyası əməliyyatının qiyməti əcnəbilər üçün yüz min dollar civarındadır. Müqayisə üçün deyək ki, eyni əməliyyat İsraildə 270-350 min dollara, Almaniyada isə 400 min dollaradır.
Belarus mərkəzinin pasiyentləri arasında keçmiş SSRİ ölkələrinin vətəndaşları, Baltikyanı ölkələrin sakinləri var. Bu yaxınlarda illər öncə Ukraynadan köçən İrlandiya vətəndaşını əməliyyat etdilər.
“Əlbəttə, üstünlük Belarus vətəndaşlarına verilir. Orqan parametrlərinə görə beloruslara uyğun gəlmədiyi halda əcnəbi vətəndaşlardan ibarət siyahıdan pasiyent seçilir. Və əgər bütün göstəricilər müxtəlif amillər üzrə uyğun gəlirsə,o zaman bu pasiyent ürək transplantasiyası üzrə operativ müalicəyə alınır”, – Vitali Bunel iizah edir.
Belarus vətəndaşı və ya əcnəbi pasiyentlərin gözləyənlər siyahısında nə qədər qaldığı bir çox amillərdən asılıdır – qan qrupu, boy, çəki – bu bir neçə gün də çəkə bilər, bir il də. Gər xəstənin vəziyyəti stabildirsə, o, ürəyi Minskdə klinikanın yaxınlığında gözləyir, məsələn, oteldə, ya da kirayə mənzildə. Adam özünü pis hiss edirsə, o zaman klinikada saxlanılır.