Avropada təhsil və yaxşı həyat arzusu. Azərbaycanda ingilis dilini niyə öyrənirlər?
Azərbaycanda son zamanlar xarici dil bilmədən hər hansı işə qəbul olunmaq müşkülə çevrilib. Ən aşağı maaş vəd edən sahibkarlar da vakansiya tələblərindən biri kimi rus və ya ingilis dili biliyini tələb edirlər.
Lakin ingilis dili öyrənən gənclərin əsas məqsədi heç də Azərbaycanda iş tapmaq deyil. Onlar xaricdə oxumaq və mümkün olduqca vətənə qayıtmamağı arzulayırlar.
- Ömürlük damğa. Azərbaycanda keçmiş məhkumlar problemlər məngənəsində
- Bakıda “Qadına qarşı zorakılıq nədir?” kitabının təqdimatı keçirilib
- Səhnəyə qayıtmış sevilən qrupun konsertində Sevgi ilə
Əməkdaşımız bu meyllərin səbəbini və gənclərin xarici dillərə maraq səviyyəsini aydınlaşdırmağa çalışıb.
İngilis dili öyrənənlərin əsas məqsədi nədir?
Rövşən Xəlillinin 28 yaşı var və hal-hazırda ingilis dili, IELTS imtahanına hazırlıq kursunun rəhbəri kimi fəaliyyət göstərir.
“Özümə iş qurmaq təbii proses oldu. Həm ətrafım çox geniş idi, mənlə işləyə biləcək müəllimlər tapmaqda çətinlik çəkmədim. İllər ərzində bu sahədə çalışaraq bilik və bacarıqlar əldə etmişəm.
Müəllim olsam da, tələbələr mənim müştəri bazam hesab edilir. Tələbələrim çox olduğuna görə bu fikrə gəldim ki, artıq azad olmalı və fərdi fəaliyyət göstərməliyəm. Amma illər ərzində bununla bağlı planım yox idi”.
Rövşən deyir ki, kursa müraciət edənlər əsasən xarici ölkədə magistr təhsili almaq istəyən tələbələrdir. Çox nadir hallarda xaricə miqrasiya etmək və ya işləməyə getmək üçün yaxınlaşırlar. Tələbələrin əksəriyyəti 20-24 yaş aralığındadır. Məqsəd isə IELTS beynəlxalq sertifikatını əldə etməkdir.
Xarici dil biliyi nə qədər vacibdir?
“İş yerlərində ingilis dili lazım olsa da, olmasa da, tələb edilir və mən bunu düzgün hesab etmirəm. Birinci növbədə insanın öz sahəsində nə qədər bilikli, bacarıqlı olması önəmlidir”, – Rövşən deyir.
Onun sözlərinə görə, ingilis dili biliyi o kəslərdən tələb edilməlidir ki, onlar öz ixtisasları üzrə biliklərini artırmaq üçün ingilis dilinə ehtiyac duyurlar, yaxud xarici müştərilərlə işləyəcəklər:
“Əvvəllər rus dili önəmli dil idisə, hazırda əsas ingilis dilidir. Rus dili artıq önəmli dillər arasında ilk üçlükdə də yer almır. Alman dili, Avropa dilləri gənclər üçün daha vacibdir. Buna əsas səbəb dünya ölkələrinin iqtisadi inkişafıdır.
İngilis dili gəncləri inkişafa aparır. Həm təhsildə, həm şəxsi həyatda, səyahətdə, işdə. Bütün sahələrdə ingilis dili önəmlidir və tapa biləcəyimiz ədəbiyyatlar da əsasən bu dildədir.
Alman dili isə tibb işçiləri, həkimlər arasında əsas ehtiyacdır. Almaniyaya miqrasiya etmək, orada yaşamaq istəyən insanlar da çoxluq təşkil edir. Bu ölkəyə meyil çoxdur. Həm də alman dili Avropada bir neçə ölkələrdə danışılır. Bu dili öyrənən insanlar azı 3-4 ölkədə yaşaya bilərlər.
Rus dili ilə bağlı stereotiplərin artıq qırıldığını düşünürəm”.
Gənclər ölkəni niyə tərk edir?
“Gənclərin ölkəni tərk etmək səbəbləri fərqlidir. İnsanlar arasında ölkədən getmək trendi yaranıb və insanlar bunu xüsusi bacarıq hesab edir.
Əsas səbəb iqtisadidir. Hər kəs rahat və daha yaxşı həyat istəyir. Hansı ki, Avropa İttifaqı ölkələrində həyat daha yaxşıdır. İnsanlar düşünür ki, təhsil almaq üçün xarici ölkəyə getsə, orada iş tapa və yaşaya bilər. Bu reallıqdır.
Digər bir səbəb isə düşüncə tərzindəki fərqlilikdir. Sovet dövründən gələn ənənəvi, köhnəlmiş düşüncəylə müasir gənclərin düşüncələri arasında böyük bir uçurum var. Bu da gəncləri ölkəni tərk etməyə vadar edir”, – Rövşən söyləyir.
Müəllimin fikrincə, Azərbaycandakı təhsillə xaricdəki təhsil arasında əsas fərq təhsilə sistematik yanaşmadır:
“Azərbaycan universitetlərində xaricdə təhsil almış çox savadlı müəllimlər var. Əsas məsələ təhsilin düzgün təməllər üzərində qurulmasıdır. Təhsil ənənəsi Qərbdə, Çində daha güclüdür. Eyni zamanda, insanlar təhsil alarkən həqiqətən də təhsil aldıqlarını hiss etmək istəyirlər. Bunun üçün də düzgün təhsil mühiti olmalıdır. Hansı ki, Azərbaycanda bu yoxdur.
Kamp, yaxşı kitabxana və s. mövcud olmalıdır. Bu zaman tələbə universitetdə oxuduğunu hiss edir.
Dünya reytinqinə də baxsaq, əsasən Qərb universitetlərin reytinqi yüksəkdir. Əlbəttə ki, gənclər də daha yaxşı universitetlərdə təhsil almaq istəyirlər”.
Rövşən deyir ki, yüksək məvacib təyin olunarsa, xaricdə yaşayan bir çox şəxs Azərbaycana qayıtmağı düşünə bilər.
Bəs gənclər özləri nə düşünür?
“Bu gün az qala kassir işinə vakansiya elanında da ingilis dili, ən yaxşı halda rus dili tələb olunur. Anlaya bilmirəm ki, əcnəbilərlə tez-tez ünsiyyətdə olmayacaqsansa, xarici dil biliyi işçinin nəyinə lazımdır”, – tələbə Zümrüd Babayeva deyir.
Onun sözlərinə görə, ingilis dilini Azərbaycanda iş tapmaq üçün öyrənmir:
“Əsas məqsədim IELTS imtahanında yaxşı qiymət alıb, xarici ölkələrdən birində təhsilimi davam etdirməkdir. Təbii, orada özümə iş tapıb, həyatımı qura bilsəm, çox yaxşı olardı. Bunu indidən demək çətindir, yalnız arzulamaq olar”.
Başqa bir tələbənin – Akif Səmədovun planları fərqlidir.
“Sözün açığı, dövlət xətti ilə Avropa ölkələrindən birində təhsilimi davam etdirmək arzusundayam. Sərbəst, öz hesabıma bunu bacarmaram.
Dövlətin isə məlum şərtləri var – xaricdə təhsil aldıqdan sonra mütləq azı 5 il Azərbaycanda işləməliyəm.
Düzdür, bu yaxınlarda təhsil naziri Emin Əmrullayev demişdi ki, Azərbaycana qayıtmaq istəməyənlər dövlətin onlara xərclədiyi pulu geri qaytarmalıdırlar, amma bunun bir mexanizmi açıqlanmayıb. Yəni mən Avropada qalıb, dövlətin mənim təhsilimə çəkdiyi xərci ödəmək istəsəm, bunu necə etməliyəm? O hələ məlum deyil”, – Akif deyir.