Aylarla sürən qalmaqallı diskussiyalardan sonra Rusiya ilə birgə cinayətkarlıqla mübarizə mərkəzi yaradılıb
Cəmiyyətdə bir neçə ay sürən qızğın müzakirələr və müxalifətlə hökuməti arasında mübahisələrdən sonra Abxaziya Rusiya ilə birgə cinayətkarlığa qarşı informasiya-koordinasiya mərkəzinin yaradılması haqda müqaviləni ratifikasiya edib.
Parlamentin iclasında bütün deputatlar iştirak edib. Mərkəzin yaradılmasının lehinə 23, əleyhinə 9 nəfər səs verib, 2 nəfər bitərəf qalıb.
Razılaşmanı onun ilkin məzmununda ratifikasiya ediblər, müxalifət tərəfindən tənqidçilərin narazılıq və tələbləri nəzərə alınmayıb.
Hadisələrin gələcəkdə necə cərəyan edəcəyi hələlik məlum deyil. Bir qədər əvvəl “Amtsxara”nın sədri Alxas Kvitsiniya deyib ki, müqavilə müxalifət nümayəndələrinin razı olmadığı bu şəkildə ratifikasiya olunsa belə, küçələrdə etiraz aksiyalarının keçirilməsi planlaşdırılmır. Müqavilənin digər tənqidçisinin – parlament deputatı və “Kərazaa” respublika ictimai təşkilatının sədri Dmitri Dbaranın da mövqeyi belə idi, o jurnalistləri əmin edir ki, “Hər şey qanun çərçivəsində olacaq. Təşkilatımız heç bir mitinq keçirməyəcək”.
JAMnews əsas informasiyanı təqdim edir – Abxaziya-Rusiya İnformasiya-Koordinasiya Mərkəzi nə üçün yaradılıb və siyasi dairələrdə və cəmiyyətdə ona qarşı çıxanlar nədən narazıdır
Abxaziya-Rusiya İnformasiya-Koordinasiya Mərkəzinin işinin forma və vəzifələri
Abxaziya ərazisində bu cür mərkəzin yaradılması Rusiya ilə Abxaziya arasında müttəfiqlik və strateji tərəfdarlıq haqqında Müqavilənin 10-cu maddəsində qeyd olunub.
Onun əsas vəzifəsi Rusiya ilə Abxaziyanın hüquq-mühafizə orqanları arasında operativ informasiyanın mübadiləsinin təşkili, mütəşəkkil cinayətkar qruplaşmaları haqqında məlumat bankının formalaşdırılması, cinayət təqibindən qaçıb gizlənən şəxslərin axtarışı və təhvil verilməsində kömək.
Deputat qrupunun hansı narazılıqları var?
Cinayətkarlıqla mübarizə üzrə birgə Rusiya-Abxaziya mərkəzinin yaradılması əvvəlcədən Abxaziyada böyük ehtiyatla qəbul edildi və indiki ratifikasiya problemə çevrilə bilər.
Təxminən bir ay əvvəl müqavilə parlamentə təqdim olunub, 35 deputatdan 15-i Abxaziya prezidenti Raul Xadjimbaya və daxili işlər naziri Aslan Kobaxiyaya onun imzalanmasını təxirə salmağı və layihənin ayrı-ayrı maddələri üzrə qeyd və təkliflərin bütöv bir siyahısını nəzərdən keçirmək təklifi ilə müraciət ediblər.
Maraqlıdır ki, imza atanların arasında təkcə müxalifət nümayəndələri deyil, mövcud hakimiyyətə kifayət qədər loyal olan deputatlar da varıydı.
Abxaziyanın keçmiş daxili işlər naziri, deputat Raul Lolua o vaxt JAMnews-a bildirib ki, “sənəd nə üslub, nə də texniki baxımdan hazır deyil”.
Sorğunun mətninə müqavilənin mətninin redaktəsi üzrə konkret təkliflər siyahısı daxil edilib, bəzi hissələri kifayət qədər əsaslı dəyişiklikləri nəzərdə tuturdu. Müqaviləyə həm də bir neçə bəndin əlavə edilməsi təklif olunurdu – o cümlədən qeyd olunmalıdır ki, Abxaziya parlamentinin mərkəzin respublika ərazisində fəaliyyəti haqqında istənilən informasiyanı almaq haqqı var və mərkəz hər il parlamentə öz fəaliyyəti haqqında hesabat təqdim etməlidir.
Deputatlarla birlikdə müqavilənin kəskin tənqidi ilə bir neçə siyasi partiya və ictimai təşkilatlar da çıxış edib. Əsas arqumentləri nəzərdən keçirək.
Müxalif “Amtsxara” partiyasının narazılıqları nədən ibarətdir?
Müxalif “Amtsxara” partiyası bildirib ki, “müqavilədə çox sayda ziddiyyətli və ən əsası milli qanunvericiliyə zidd olan və ağla sığmayan müddəalar var”.
“Amtsxara”nın müqavilənin mətninə şərhi bir neçə səhifə tutub. O cümlədən aşağıdakı arqumentlər gətirilib:
1.
Müqavilənin 4-ci maddəsinin 1-ci bəndi Mərkəzə kommersiya fəaliyyətində iştirakı qadağan edir. Amma elə həmin maddənin 2-ci bəndi ona mülki-hüquqi müqavilələr bağlamaq, bank hesabları açmaq və bağlamaq, əmlak almaq və onu idarə etmək, məhkəmələrə iddia ərizələri ilə müraciət etmək, məhkəmə araşdırılmasında iştirak etmək icazəsi verir.
Bu zaman mümkün mülki-hüquqi müqavilələrin xarakteri, bank hesablarının açılması və bank əməliyyatlarının həyata keçirilməsinin məqsədləri, hansı əmlakı əldə edə bilməsi, məhkəməyə müraciətin predmeti və məhkəmə araşdırılmasında iştirakın vacibliyi ilə bağlı konkretlilik gətirilmir.
2.
Müqavilənin 8-ci maddəsi mərkəzin vəzifəli şəxsləri, əməkdaşları və onların ailə üzvlərinə diplomatik immunitet təqdim edir. Buna heç bir ehtiyac görmürük, çünki daxili işlər orqanlarının öz vəzifə səlahiyyətlərini yerinə yetirən əməkdaşları immunitet, qüvvədə olan milli qanunvericiliklə qorunur. Aydın deyil ki, Mərkəzin əməkdaşlarının Rusiyaya aid hissəsini və onların ailə üzvlərini müqavilənin müəllifləri nədən sığortalamağa çalışırlar.
3.
Müqavilənin 11-ci maddəsi də hüquqi cəhətdən çox səhvdir, burada qeyd olunur ki, “bu müqaviləyə ayrı-ayrı protokollarla tərtib olunan və onun ayrılmaz hissəsi olan dəyişikliklər daxil edilə bilər”. Bu protokollar kim tərəfindən tərtib olunur? Bu maddə o deməkdirmi ki, iki ölkənin daxili işlər nazirliklərinə parlamentlər tərəfindən ratifikasiya olunan dövlətlərarası müqaviləyə dəyişiklik etmək haqqı verilir? Belə çıxır ki, daxil edilən dəyişikliklər hakimiyyətin ali orqanlarına tabe olmayacaq, daxili işlər nazirliklərinə bu düzəlişləri onlarla razılaşdırmaq öhdəliyi qoymur ki, bu da hüquqi cəhətdən absurddur.
4.
Heç bir sənəddə qeyd olunmur ki, mərkəz öz fəaliyyətində hansı qanunvericiliyi rəhbər tutacaq və Abxaziya Respublikasının baş prokurorluğuna tabe olacaqmı.
“Amtsxara” xüsusilə qeyd edib ki, müqavilədəki boşluqlarla bağlı narazılıqlar məhz Abxaziya rəhbərliyinə irəli sürülür və “Rusiya tərəfinə bunun heç bir dəxli yoxdur”.
“Biz İnformasiya-Koordinasiya Mərkəzinin yaradılmasına qarşı deyilik, biz bəzi bəndlərə düzəlişlərin edilməsini istəyirik. Bəziləri bizi Rusiyaya qarşı çıxan təşkilat kimi qələmə verməyə çalışıb. Belə bir şey yoxdur. Biz, əksinə Rusiya ilə daha ciddi və sıx münasibətlərin tərəfindəyik”, – “Amtsxara”nın sədri Alxas Kvitsiniya deyib.
Müxalif “Aynar” partiyasının hansı narazılıqları var?
Daha bir müxalif “Aynar” partiyası bildirib ki, o bir sıra düzəlişlər hazırlayıb, hansı ki, onun fikrincə “müdafiə mexanizmləri yaratmaq və Abxaziya Respublikasının suverenliyini, vətəndaşlarının konstitusiya hüquqları və azadlıqlarının pozulmasının qarşısını almağa kömək edə bilərdi”.
Bununla belə, partiyanın bəyanatında deyilir ki, “Abxaziya Respublikasının Daxili İşlər Nazirliyi onun naziri Aslan Kobaxiyanın simasında təqdim olunan təklifləri iqnor edib və müzakirə etməkdən birdəfəlik imtina edib”.
“Aynar” bir az da qabağa gedərək hakimiyyəti “Abxaziya cəmiyyətindən gizli şəkildə həmin müqaviləni Soçi şəhərində mayın 18-də imzalamaq niyyətində” olmasında ittiham etdi və yalnız məlumatların qeyri-qanuni yolla sızması bu xəbərin yayılmasına səbəb oldu ki, bu da Abxaziya DİN-ni mətbuata müvafiq izahatlar verməyə vadar etdi”.
“Kərazaa” ictimai təşkilatı nədən narazıdır?
Etirazla həm də “Kərazaa” ictimai təşkilatı çıxış edib.
“Biz yeni yaradılmış İnformasiya-Koordinasiya Mərkəzi ilə Abxaziya Respublikasının DİN-nin funksiyalarının dəyişdirilməsinə qarşıyıq. Abxaziya Respublikasının dövlət suverenliyini pozan bütün fəsadlara görə məsuliyyət daxili işlər naziri A. Kobaxiya və şəxsən R. Xadjimbanın üzərinə düşür”, – “Rərazaa” bildirib.
Abxaziya hakimiyyətinin mövqeyi
Abxaziyanın daxili işlər naziri Aslan Kobaxiya dəfələrlə bildirib ki, Abxaziya-Rusiya İnformasiya-Koordinasiya Mərkəzinin yaradılması “Abxaziyanın milli maraqlarına tam uyğundur”.
Onun sözlərinə görə, mərkəzin əsas vəzifələrindən biri narkotrafiklə mübarizə olacaq.
“Siz Abxaziyada necə narkotik dövriyyəsinin olduğunu görürsüz. Bu problemi həll etməyə nə qədər çalışsaq da, strateji tərəfdaşımızın dəstəyi olmadan, bunu etmək çox çətin olacaq”, – deyə Kobaxiya bildirib.
Abxaziya cəmiyyətində hansı fikirlər var?
Mərkəzin yaradılması ilə bağlı müqavilənin tərəfdarlarının arqumentlərini Abxaziya parlamentinin keçmiş deputatı Temur Quliya özünün müsahibələrindən birində yaxşı ifadə edib:
“Bizim DİN-nə hələ sovet illərindən qalan avadanlıq nəinki mənəvi cəhətdən artıq köhnəlib, həm də fiziki cəhətdən sıradan çıxıb… hesab edirəm ki, [yeni qurum] müasir xüsusi avadanlıqla təchiz olunmuş orqan olmalıdır və burada ekspert-kriminal hərəkətlər həyata keçirilsin, həm də Abxaziya Respublikasının DİN əməkdaşlarının peşəkar səviyyəsinin yaxşılaşdırılması məqsədilə onların yenidən hazırlanması və stajirovkası keçirilsin. Mən cinayətkarlıqla effektiv beynəlxalq mübarizə mexanizmlərin yaradılmasının tərəfindəyəm”.
Mərkəzin yaradılması Abxaziya cəmiyyətində də qızğın reaksiya və böyük tənqidə səbəb oldu. Sosial şəbəkələrdəki diskussiyalardan bir neçə şərh:
“Abxaziya ərazisində yerli hakimiyyətə tabe olmayan güc qurumları yaratmaq olmaz. Bunun qəti şəkildə əleyhinəyəm, bu, suverenliyimizi pozur”.
“Düzgün yanaşma olarsa, öz problemlərimizi özümüz həll edə bilərik! Bu, kənardan güc cəlb etmək üçün əsas deyil”.
“Məni ayrı-ayrı şəxslərin İKM-nin bizim cinayətkarlıqla bağlı problemlərimizi həll edəcəyi ilə bağlı bəyanatları valeh edir. Rusiyada görünür, artıq həll ediblər. İndi də bizə növbə çatıb”.
“Belə deyim: qanuna riayət edən vətəndaş heç nədən qorxmamalıdır, amma rusların Abxaziyada biznesini hansısa şəkildə ələ keçirənlərin axırı yaxınlaşır deyəsən!”.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır