Qarabağda prezident seçkiləri keçiriləcək, bu dəfə seçilən prezident 2020-ci ilə qədər vəzifədə qalacaq
foto: Anaid Danielyan
İyulun 19-da Dağlıq Qarabağda keçid mərhələsinin prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə iki namizəd iştirak edəcək: onlardan biri hazırkı prezident Bako Saakyan, digəri isə DQ Parlamentinin deputatı Eduard Aqabekyandır.
Konstitusiya islahatlarına dair fevralın 20-də keçirilən referendumun nəticələrinə görə, Qarabağda prezident üsul-idarə sistemi təsdiqlənib, bu sistem 2020-ci ildə qüvvəyə minəcək. Amma yeni Konstitusiyaya əsasən yaxın üç ildə Qarabağ keçid mərhələsi rejimində idarə olunacaq. Və bu mərhələdə DQ-a parlamentin bu səfər seçəcəyi prezident rəhbərlik edəcək.
Qarabağ Parlamentindəki beş siyasi qüvvədən üçü – “Azad Vətən”, “Artsax Demokratik Partiyası” və “Daşnaksutyun” Ermənistan İnqilab Federasiyası Bako Saakyanın namizədliyini dəstəkləyir. Üç mandat sahibi olan “Hərəkat-88” fraksiyası təbii ki, öz liderləri Eduard Aqabekyanın namizədliyini dəstəkləyir. Yeri gəlmişkən, Aqabekyan 2004-2007-ci illərdə Stepanakertin meri, 2008-ci ildə isə baş nazirin müşaviri olub.
Qarabağın parlament qüvvələrindən yalnız “Qayıdış” müxalif fraksiyasının prezidentliyə namizədi yoxdur. Fraksiyanın yeganə təmsilçisi Hayk Xanumyan hələ öz seçimini müəyyənləşdirməyib. O, KİV-ə bildirib ki, birmənallı şəkildə hazırkı prezidentin əleyhinə səs verəcək, amma Aqabekyana səs verib-verməyəcəyini hələ qərarlaşdırmayıb.
Atrsax hakimiyyəti ikinci namizədin irəli sürülməsini dəstəkləyir. Hakimiyyət qolundan olan deputat Varqes Baqryan deyib ki, hamı Eduard Aqabekyanın namizədliyinə hörmətlə yanaşır və ikinci namizədin irəli sürülməsi sayəsində seçkilər rəqabət şəraitində keçəcək.
“Düşünürəm ki, Aqabekyanın qələbə şansı çox deyil. Bilirsiz ki, prezidenti parlament seçəcək. Milli Məclisdə çoxluğu təşkil edən üç qüvvə isə Bako Saakyanın namizədliyini dəstəkləyir. Amma istənilən halda alternativin olması yaxşıdır”, – o qeyd edib.
Hazırkı prezidenti dəstəkləyən üç siyasi qüvvənin nümayəndələri bildiriblər ki, onların qərarı heç də gözlənilməz deyil, çünki onlar əvvəlki iki prezident seçkisində də Bako Saakyanı dəstəkləyiblər. Hakimiyyət qanadının deputatları bildirirlər ki, bununla Bako Saakyana yarım qalan işləri davam etdirmək imkanı verirlər.
Qarabağ müxalifəti isə hələ konstitusiya islahatları zamanı bəyan edib ki, Bako Saakyanın hakimiyyətinin uzadılması üçün mümkün olan hər şey edilir və bu plan hamının gözü qarşısında həyata keçirilir. Onların fikrincə, yeni Konstitusiya Bako Saakyana 2020-ci ildən sonra da namizədliyini irəli sürməyə imkan verəcək, bu da on ildən artıq müddətdə hakimiyyət dəyişikliyinin olmayacağı deməkdir.
Eduard Aqabekyan qeyd edib ki, DQ-da bir sıra problemlər var və o, Bako Saakyanın rəhbərliyindən narazıdır. O, razılaşıb ki, onun seçilmək üçün şansı çox deyil və o, Qarabağda mövcud olan problemləri səsləndirmək üçün seçkilərdə iştirak edir.
Qarabağda baş verən proseslər haqda Ermənistanın siyasi xadimləri də öz fikirlərini səsləndirir.
Ermənistan Milli Məclisinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, Bako Saakyan 2020-ci ilə qədər vəzifədə qalsa, demokratik prinsiplər heç də pozulmayacaq. “Franklin Ruzvelt (32-ci ABŞ prezidenti) prezident postunu 1932-ci ildən tutub və dörd dəfə bu vəzifəyə seçilib. Və həmin dövrdə heç kim Birləşmiş Ştatları demokratiya çatışmazlığında ittiham edə bilməzdi”, – Ermənistan Parlamentinin vitse-spikeri deyib.
Politoloq Suren Zolyan öz növbəsində bildirib ki, Qarabağda keçid mərhələsində keçirilən prezident seçkiləri siyasi proses deyil, trivial prosedurdur və əvvəlcədən hazırlanmış plana uyğun olaraq həyata keçirilir. “Əgər kimsə Bako Saakyanın deyil, başqa birinin seçiləcəyini güman edirsə, mən bu yeni baxışlı insanla görüşmək istərdim”, – Zolyan istehza ilə bildirib.
Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır