Ermənistanın yeni prezidenti: o kimdir və nə etmək niyyətindədir?
Ermənistanda yeni prezident seçilib. Bu, yüksək texnologiyalar sənayesi naziri vəzifəsini tutan Vaaqn Xaçaturyandır. Onun namizədliyini parlamentin iqtidar çoxluğu irəli sürüb. Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyiblər, hakimiyyətin namizədini də dəstəkləməyiblər.
Əvvəlki prezidentin istefası və yeni prezidentin seçilməsi haqda təfərrüatlar, Vaaqn Xaçaturyanın ilk bəyanatları, onun Ermənistanın gələcəyilə bağlı düşüncələri.
Əvvəlki prezidentin istefası və yenisinin seçilməsi
Vaaqn Xaçaturyanın sələfi gözlənilmədən yanvarın 23-də, bazar günü gecə istefaya getdiyini açıqlayıb. Armen Sarqsyan bəyanatında vurğulayıb ki, bu, qətiyyən emosional qərar deyil, hadisələrin inkişafının «müəyyən məntiqinə uyğundur”. O, qərarını ölkədə böhran müşahidə olunması və onun prezident, dövlətçiliyin qarantı kimi böhranın öhdəsindən gələ bilməməsi ilə izah edib, çünki konstitusiyaya əsasən, bunun üçün real və yetərli alətlərə sahib deyil.
Bu, onunla izah edilir ki, 2015-ci ildə Ermənistan konstitusiyasına olunan dəyişikliklərə əsasən, ölkə yarıprezident üsul-idarəsindən parlament idarəçiliyinə keçib. Ölkənin idarəetməsi baş nazirin səlahiyyətinə keçib.
Armen Sarqsyan 2018-ci ilin martında yeddi il müddətinə prezident seçilmişdi. Vəzifəyə qədəm qoyduğu zaman o, prezident səlahiyyətlərinin məhdudluğu haqda bilirdi. Buna görə də Armen Sarqsyanın tələsik istefası suallar və istefasının əsl səbəbi ilə bağlı müxtəlif versiyalar doğurub. O özü həmin bəyanatında 2018-ci il “məxməri inqilab”ından sonra yaranan “məyusluğa” işarə edib. Onun namizədliyini keçmiş hakimiyyət irəli sürüb.
Sarqsyanın istefasının səhəri günü Ermənistanın baş naziri Nikol Paşinyan “prezidentin istefası nədən irəli gəlib” sualının cavabında mümkün versiyaları şərh etmək istəməyib, gələcəyi müzakirə etməyin vacib olduğunu bildirib. Baş nazir bildirib ki, növbəti prezident hazırkı hakimiyyətlə həmrəy olmalıdır ki, Armen Sarqsyan dövründə olduğu kimi ziddiyyətlər olmasın.
Artıq fevralın əvvəlində iqtidar partiyası bu kürsüyə öz namizədinin adını rəsmən açıqlayıb. Bu, həmin vaxt yüksək texnologiyalar sənayesi naziri vəzifəsini tutan Vaaqn Xaçaturyan idi.
Seçkilərin birinci turu martın 3-də ikincidən bir neçə saat öncə baş verib. Bu mərhələdə iqtidar partiyasının namizədinin seçilməsi üçün səsləri yetərli olmayıb. 81 səsə ehtiyac olduğu halda iqtidar çoxluğunun on səsi əskik olub. Parlament müxalifəti isə əvvəlcədən elan edib ki, prezident seçkilərində heç bir halda iştirak etməyəcək. Amma ikinci turda yalnız 69 səsə ehtiyac olub və iqtidar fraksiyasının bütün deputatları, onların sayı isə 71-dir, Vaaqn Xaçaturyanın namizədliyinə səs veriblər.
Ermənistanın yeni prezidenti kimdir?
Vaaqn Xaçaturyan iqtisadçıdır. 1992-1996-cı illərdə Yerevan meri və Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. İstefasından sonra iqtisadi məsələlər üzrə müstəqil ekspert kimi çıxış edib. 1996-1999-cu illərdə parlament deputatı olub.
2007-ci il parlament seçkilərində “İmpiçment” blokunu təmsil edib. Bu blokda birləşən partiyaların əsas tələbi həmin vaxt Ermənistan prezidenti olan Robert Koçaryan və baş nazir Serj Sarqsyanın istefası idi. Blokun seçki siyahısının ilk ismi hazırkı baş nazir Nikol Paşinyan olub.
2021-ci ildə Vaaqn Xaçaturyan yüksək texnologiyalar sənayesi naziri vəzifəsini tutaraq Paşinyan hökumətinin üzvü olub.
“Prezident səlahiyyətləri kifayət qədərdir”
Prezident seçilmək ərəfəsində Vaaqn Xaçaturyan bildirib ki, onun üçün müxalifətin də seçkilərdə iştirakı vacibdir. O, həmçinin bildirib ki, yalnız iqtidar çoxluğu üçün yox, bütün Ermənistan vətəndaşları üçün prezident olmaq niyyətindədir:
“Mən cəmiyyətimizi əmin etmək istəyirəm ki, o, dövlət və dövlət institutları tərəfindən müdafiə olunacaq, hamımızın istədiyi dərəcədə təhlükəsizliklə təmin olunacaq, hamımızın arzuladığı həyatı yaşayacaq və gələcəyə sahib olacaq”.
Yeni prezident hesab edir ki, Ermənistan cəmiyyəti bu gün parçalanıb və ağır sosial-iqtisadi vəziyyətdədir, buna görə də “birləşdirici prezident institutunun” işə düşməsi vacibdir. Amma o, probemləri təkbaşına yox, parlamentlə, hökumətlə və vətəndaş institutları ilə birlikdə həll etmək niyyətindədir.
Prezident səlahiyyətlərinin məhdud olması məsələsinə gəlincə, Vaaqn Xaçaturyan vurğulayıb ki, işləmək istəyi varsa, səlahiyyətlərin önəmi yoxdur. Onun fikrincə, prezident səlahiyyətləri hakimiyyətin bu qolunu idarə etmək üçün kifayət qədərdir.
Prezidentin sözlərinə görə, Ermənistanın prioritet vəzifəsi təhlükəsizliyin təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsidir. Üstəlik o hesab edir ki, təhlükəsizlik sistemləri işə düşəndə, Ermənistan iqtisadiyyatı da inkişaf edəcək:
“Biz yalnız təhlükəsizlik sistemlərimiz işlədiyi, sərhədlərimizin müdafiə olunduğunu hiss etdiyimiz, regionda müharibə təhlükəsinin olmadığı hiss olunan atmosfer yarandığı zaman iqtisadi uğura nail ola biləcəyik”.
Xaçaturyanın fikrincə, Ermənistan regionda stabilliyə can atmalıdır. Hökumətin bu gün həyata keçirdiyi “sülh gündəmi” haqda danışdığı zaman o qeyd edib ki, “Ermənistanın inkişafı üçün başqa yol görmür”:
“Biz qorxulardan azad olmalı, anlamalıyıq ki, bizim region əməkdaşlıq üçün meydança olmalıdır. Bizim qonşularımız var, biz onlarla sülh içində yaşamağı bacarmalıyıq. Əgər cəmiyyətdə başqa anlayış varsa, deməli, biz ölkəni məhvə aparırıq”.