Azərbaycanda müstəqil jurnalistlər “Media haqqında” qanuna qarşı
Bakıda müstəqil jurnalistlərdən ibarət böyük bir qrup Milli Məclis binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Milli Məclisin gündəliyindən “Media haqqında” qanun layihəsinin çıxarılmasını tələb ediblər. Bu sənəd artıq ikinci oxunuşda qəbul edilib. Bu, nə qanun layihəsidir və niyə müstəqil jurnalistlərin xoşuna gəlmir?
- Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb
- Azərbaycanda 19 yaşlı tələbə təhsil hüququndan məhrum ola bilər
- “Avtoritarizm əlamətləri, biz buna dözməyəcəyik” – Gürcüstanda hakimiyyətin telekanala hücumu haqda hər şey
Dekabrın əvvəlində “Media haqqında” qanun layihəsi Azərbaycan parlamentinə təqdim olunub. Ekspertlərin, hüquqşünasların və müstəqil jurnalistlərin bütün etirazlarına baxmayaraq, sənəd artıq dəyişiklik edilmədən Milli Məclisin ikinci oxunuşundan keçib və yalnız üçüncü, sonuncu oxunuşdan keçməsi qalıb. Bəzi jurnalistlərin məlumatına əsasən, parlament dekabrın 30-da, Yeni İl tətili ərəfəsində qanunu qəbul edə bilər.
Qanun layihəsində nələr var və müstəqil jurnalistlər nədən belə narazıdır?
Kimi jurnalist adlandırmaq olar?
Yeni qanun layihəsində qeyd olunur ki, jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.
Bu barədə “Media haqqında” qanun layihəsinin 1.1.4-cü maddəsində deyilir.
Ekspertlər hesab edirlər ki, beləliklə, yeni qanun pensiyaya çıxanları və heç bir təmənnasız bu işlə məşğul olanları, yeni nəslə kömək edənləri və ya jurnalistikanı peşə kimi tədris edənləri jurnalist adlandırmağa imkan vermir.
Azərbaycanda kim media sahibi ola bilər?
Qanun layihəsinin 26-cı maddəsinə əsasən, yalnız Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşları kütləvi informasiya vasitələrinin təsisçisi (fiziki şəxs olduqda) ola bilərlər. Əgər media təsisçisi hüquqi şəxsdirsə, səhmlərinin ən azı 75 faizi daima Azərbaycanda yaşayan Azərbaycan vətəndaşlarına məxsus olmalıdır.
Aşağıdakılar media subyektlərinin sahibləri ola bilməz:
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
- siyasi partiyalar (çap mediası istisna olmaqla);
- dini qurumlar (çap mediası istisna olmaqla).
Beləliklə, hətta Azərbaycan vətəndaşı olduqda belə, əgər şəxs xaricdə yaşayırsa, Azərbaycanda media yarada və ya idarə olunmasında iştirak edə bilməyəcək.
Ən ağrılı məsələ – jurnalist vəsiqələri
Azərbaycanda müstəqil jurnalistlər arasında ən böyük mübahisələri “Media haqqında” qanun layihəsinin 70-ci maddəsi doğurub.
Maddəyə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir. Hazırda bu qurum rəhbəri ölkə prezidenti tərəfindən təyin edilən MEDIA agentliyidir. Bu vəsiqəni alan bütün jurnalistlər “Media Reyestri”nə daxil edilir.
Başqa sözlə, bu agentlik müstəqil media əməkdaşlarına vəsiqə verməkdən asanlıqla imtina edə bilər.
Ekspertlərin fikrincə, bu maddə söz azadlığı haqda bütün beynəlxalq qanunları və konvensiyaları pozur və bütün medianı dövlət tərəfindən idarə olunan vahid mərkəzə tabe edir.
Redaksiyalar və digər jurnalist birlikləri tərəfindən jurnalist vəsiqələrinin verilməsi qanun layihəsində nəzərdə tutulmayıb.
Gələcəkdə bu, müstəqil jurnalistlər üçün problem yarada bilər, çünki hüquq-mühafizə orqanları və məhkəmələr onları jurnalist kimi tanımaqdan imtina edə bilər.
Qanun layihəsinin 72-ci maddəsində göstərildiyinə görə, yalnız “Media reyestri”nə daxil edilmiş jurnalistlərdövlət orqanlarından akkreditasiya ala biləcəklər.
Bu reyestrə daxil olma ilə bağlı başqa maneələr də var. Adının reyestrə daxil edilməsini istəyən jurnalist həmin bu reyestrə daxil olan media orqanında işləməlidir. Reyestrə ancaq ali təhsili olan jurnalsitlər daxil edilir.
“Əgər mən media sahibiyəmsə, orada kimlərin işləyəcəyinə mən qərar verirəm: ali təhsili olan və ya olmayan. Kiminlə işləyəcəyimlə bağlı heç kim mənə göstəriş verə bilməz. Və redaksiyanı kimlərdən toplayacağımla bağlı qərarı mənim əvəzimə başqa biri verə bilməz”, – media hüququ üzrə ekspert Ələsgər Məmmədli qanun layihəsinin bu maddəsini şərh edib.
Etiraz aksiyası
Son bir həftə ərzində Azərbaycanın parlament binası qarşısında müstəqil jurnalistlərin iştirakı ilə iki etiraz aksiyası keçirilib.
Dekabrın 24-də aksiya zamanı jurnalistlər parlament binası qarşısına ölkədə müstəqil mətbuatın öldüyünü simvolizə edən “qəbir daşı” gətiriblər. “Qəbir daşı”nı aksiya iştirakçılarını mühasirəyə alan polislər onların əlindən alıblar. Azərbaycanda keçirilən digər “mülki” etiraz aksiyalarından fərqli olaraq saxlanılan və həbs edilən olmayıb.
Jurnalistlərin dekabrın 28-də baş tutan daha böyük etiraz aksiyasında da saxlanılanlar olmayıb. Etirazçılar arasında JAMnews əməkdaşları da olub.
Polis əməkdaşları tərəfindən mühasirəyə alınan onlarla müstəqil jurnalist parlament binası qarşısında “Media haqqında” qanun layihəsinin əleyhinə şüarlar səsləndirib.
Polislərin kobud müdaxiləsi nəticəsində bir jurnalistin – Nərgiz Absalamovanın büzdüm sümüyü sınıb.
Aksiyanın yekununda etirazçılar bəyanatlarını oxuyublar və aksiya qətnaməsinin mətnini parlament üzvlərinə təqdim etmək istəyibər.amma onların qarşısına heç kim çıxmayıb. Qətnamə Milli Məclisin şikayət məktubları üçün qoyulmuş poçt qutusuna atılıb.
Qanun qəbul edilərsə, müstəqil jurnalistlər haqlarını məhkəmə yolu ilə müdafiə etmək niyyətindədirlər.