Azərbaycanda əhali və seçici sayında qəribə təzad: 2 milyon nəfər haradadır?
Bu günlərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri bildirib ki, ölkədə 2,7 milyon yaşı 18-ə qədər olan uşaq yaşayır. Azərbaycanın ümumi əhalisinin sayının 10,1 milyon nəfər olduğunu nəzərə alsaq, seçki hüququ olan şəxslərin sayı 7,4 milyon nəfər olmaldır. Lakin ölkədə cəmi 5,4 milyon seçici var. Bəs yerdə qalan 2 milyon nəfər haradadır? JAMnews bu məsələni aydınlaşdırmağa çalışıb.
- Yerevandan İstanbula uçmaq daha ucuzdur – Milli Məclisin deputatları aviabiletlərin bahalığından şikayətləniblər
- Azərbaycanda veqan olmaq: Ətdən imtina işin heç yarısı da deyil
- Azərbaycanda 19 yaşlı tələbə təhsil hüququndan məhrum ola bilər
Ötən həftə verdiyi yerli jurnalistlərə müsahibədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkədə yaşı 18-ə qədər olan uşaqların sayı 2,7 milyon nəfərdir.
Dövlət Statistika Komitəsinin 2021-ci ilin sentyabr ayına olan məlumatına görə, hazırda Azərbaycan əhalisinin ümumi sayı 10 milyon 142 min 392 nəfərdir.
Adi hesablama ilə tapırıq ki, ölkədə yaşı 18-i keçmiş, başqa sözlə, səs hüququ olan təxminən 7,4 milyon nəfər yaşayır. Lakin 2020-ci ilin fevral ayında keçirilmiş parlament seçkilərindən əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun verdiyi açıqlamaya görə, ölkədə seçicilərin sayı 5,3 milyon nəfərdir.
Bəs yerdə qalan 2 milyondan da bir az artıq adam haradadır? Məsələni aydınlaşdırmaq üçün JAMnews ekspertlərə üz tutub.
“Seçki komissiyasının siyahılarında 12% xəta var”
İqtisadiyyat üzrə ekspert Toğrul Vəliyevin fikrincə, əhali sayı ilə seçici sayının arasında belə gözlə görünən fərqin hər hansı iqtisadi əsaslandırması yoxdur:
“Bu problem çoxdan mövcuddur. Səbəbini isə demək çətindir.
Bir çox hallarda bizdə insanlar qeydiyyat ünvanlarını dəyişdirir, mənzil-istismar idarələri onları siyahılarından silir, başqa yerdə isə qeydiyyata düşməyə tələsmirlər. Mərkəzi Seçki Komissiyası isə məhz mənzil-istismar idarələrinin siyahıları üzrə işləyir. Bəzən hətta suyahılarda artıq vəfat etmiş adamların da adlarına rast gəlinir.
Ola bilsin ki, həmin şəxslər, ümumiyyətlə, ölkədə deyillər və seçki siyahıları reallığa daha yaxındır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda xeyli insan qeydiyyat ünvanında yaşamır və Dövlət Statistika Komitəsinin hesablamaları necə aparması da maraqlıdır. Məsələn, Bakıda əhalinin sayı, statistikaya görə, çox ləng artır, amma faktiki paytaxtda yaşayanların sayı bundan qat-qat çoxdur.
Təəssüf ki, Azərbaycanda əhalinin siyahıya alınması qeyri-effektiv aparılır və sonradan statistika komitəsi məhz həmin siyahıyaalmanın nəticələrinə əsaslanaraq digər hesablamaları aparır. Başqa sözlə, istinad olunan əsas say özü xətalı olur.
MSK-nın siyahılarına gəlincə, bəzi tədqiqatların nəticələrinə görə, həmin siyahılarda 12 faizə qədər xəta var.
Bir versiya da ondan ibarətdir ki, seçici saylarındakı bu xəta Mərkəzi Seçki Komissiyasının işi ilə bağlıdır. Belə ki, hər bir seçki dairəsində müəyyən qədər insan olmalıdır və əhali seçki dairələri arasında nisbətən bərabər paylanmalıdır. Ola bilsin ki, məhz bu məsələdə dəyişikliklər arzu olunan deyil deyə, say dəyişməz qalır”.
“Problem sırf idarəçilik və inzibati problemdir”
Toğrul Vəliyevin son səsləndirdiyi versiya ilə ekspert Hüseyn Babayev də razılaşır.
Onun sölərinə görə, hazırda Azərbaycanda qüvvədə olan Seçki Məcəlləsinə əsasən, bütün növ, o cümlədən Milli Məclisə və bələdiyyələrə seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində MSK hər 5 ildən bir 125 seçki (referendum) dairəsi yaradır.
Başqa sözlə, seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir.
Hal-hazırda Azərbaycanda seçicilərin orta təmsilçilik norması 40 min nəfərdən bir qədər artıqdır.
“Azərbaycanda seçki dairələrinin və deməli, Milli Məclisdəki təmsilçiliyin artırılması məsələsi dəfələrlə gündəmə gətirilib. Lakin rəsmilər, habelə Mərkəzi Seçki Komissiyası bu yeniliyi həyata keçirməkdə maraqlı görünmür”, – deyə, H.Babayev bildirib.
Onun fikrincə, əgər 7,4 milyon seçici varsa, hazırda hər deputatın əhatə etdiyi seçicilərin orta sayı 60 min nəfərə yaxınlaşır: “MSK-nın göstəricilərinə görə isə, bu rəqəm 42 min nəfər təşkil edir. Deməli, ya hər bir deputatın təmsil etdiyi əhali sayı artırılaraq 60 min nəfərə çatdırılmalıdır, ya da təmsilçilik 40 min nəfərlə hesablanarsa, Milli Məclisdə 185 deputat yeri olmalıdır.
Yəni problem sırf idarəçilik və inzibati problemdir. Ümid edirəm ki, bu məsələni nə vaxtsa birdəfəlik həll edəcəklər ki, belə absurd vəziyyət yaranmasın”.