Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar. Rusiyaya müdaxilə çağırışı
19.00, 16 noyabr
Noyabrın 16-da gün ərzində hərbi əməliyyatların baş verdiyi Ermənistan-Azərbaycan sərhədində hadisələrin inkişafı:
- Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində yaşanan toqquşmalar nəticəsində Ermənistan tərəfindən bir nəfərin həlak olduğu bildirilir. Yeddisi müqaviləli, beşi isə müddətli xidmət çəkən əsgər olmaqla 12 hərbçi əsir düşüb.
- “Bu gün sərhəddə Ermənistan tərəfindən növbəti təxribat törədilib və buna adekvat cavab verilib. Azərbaycan tərəfindən yaralananlar var. Sərhəddəki vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası rəhbəri Şarl Mişellə söhbətində deyib.
- Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Suren Papikyanla telefon söhbətində “hərbi əməliyyatların dayandırılması, hərbi əsirlərin qaytarılması və vəziyyətin nizamlanması üçün səy göstərməyə” hazır olduğunu ifadə edib.
·
16.00, 16 noyabr
Ermənistan və Azərbaycanın müdafiə nazirlikləri sərhəddə vəziyyətin gərginləşdiyi haqda məlumat verirlər. Qalan məqamlarla bağlı hərbi qurumların məlumatları və dəyərləndirmələri fərqlidir. Tərəflər eskalasiyaya görə məsuliyyəti bir-birinin üzərinə qoyur.
Hər iki münaqişə tərəfindən bu məqama olan bütün təfərrüatlar.
- Ermənistan sərhədində gərginlikdir, müdafiə naziri istefaya göndərilib. Nə baş verir?
- Ermənistandan Xankəndiyə gedən yol qumbara insidentindən sonra yenidən açılıb
Yerevandan informasiya
Təhlükəsizlik Şurası katibinin bəyanatı
Rəsmi Yerevan Moskvanı 1997-ci il ikitərəfli sazişinə əsasən Ermənistanın suveren ərazilərini müdafiə etməyə çağırıb. Bu haqda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində bildirib.
O bildirib ki, Ermənistanın Təhlükəsizlik Şurası strateji müttəfiqi Rusiyanın, üzvü olduğu KTMT hərbi blokunun və bütün beynəlxalq istimaiyyətin diqqətini Azərbaycan SQ-nin davam edən təcavüzkar əməllərinə çəkib. Ermənistan tərəfi vurğulayır ki, bu əməllər Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə, regional təhlükəsizliyə və ölkənin stabilliyinə yönəlib, o cümlədən də 2020-ci il 9 noyabr üçtərəfli bəyanatın maddələrinə ziddir.
Müdafiə Nazirliyinin məlumatı
Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, “16 noyabr 13:00 civarında Azərbaycan SQ bölmələri Ermənistan Respublikasının şərq sərhədləri istiqamətində növbəti təxribat başladaraq Ermənistan mövqelərini atəşə tutub. ER Siilahlı Qüvvələrinin bölkmələri rəqibin hücumunun qarşısını almaq üçün cavab addımları atıb”.
Daha sonra hərbi qurumdan bildirilib ki, 14:30-a olan məlumata görə şərq sərhədində vəziyyət daha da pisləşib, lokal döyüşlər gedir, “rəqib artilleriyadan, zirehli texnikadan, müxtəlif çaplı odlu silahlardan istifadə edir”. Müdafiə Nazirliyinin məlumatında yenidən deyilir ki, Ermənistan tərəfi cavab addımları atır.
15:00-a olan məlumatda Ermənistan tərəfi dörd yaralı haqda məlumat verib, ölənlər haqda informasiya dəqiqləşdirilir. Müdafiə Nazirliyinin bəyanatında həmçinin deyilir ki, bu saata qədər sərhədin şərq istiqamətində vəziyyətdə əhəmiyyətli dəyişiklik yoxdur. Artilleriya qurğularından, zirehli texnikadan və odlu silahdan istifadə etməklə lokal döyüşlər davam edir.
XİN-in məlumatı
Ermənistan XİN-dən bildirilib ki, Azərbaycan tərəfinin hücumu qurbanlara gətirib çıxarıb:
“Sonuncu hücum Azərbaycan tərəfinin Ermənistan Respublikasının ərazilərinin işğalı üzrə ardıcıl siyasətinin davamıdır və bunun əvvəli bu il mayın 12-də Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sünik və Geqarkunik vilayətlərinə daxil olması ilə başlayıb. Bu əməlləri ilə Azərbaycan həm də 9 noyabr üçtərəfli bəyanatı pozub, çünki Azərbaycan tərəfi bu bəyanatın həyata keçirilməsi nəticəsində Azərbaycanın nəzarətinə keçən ərazilərdən Ermənistan Respublikasına qarşı hücum həyata keçirir.
Ermənistan Respublikası BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiqinin qarşısını bütün vasitələrlə almaq hüququna sahibdir.
Beynəlxalq ictimaiyyəti və bizim beynəlxalq tərəfdaşlarımızı – Rusiya, KTM, ATƏT-in Minsk Qrupu həmsədrlərini və həmsədr-ölkələri regional sülhü və təhlükəsizliyi pozan əməllərə qəti reaksiya verməyə və onların qarşısını almaq, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının ərazisindən qeyd-şərtsiz və tam çıxarılması üçün effektiv addımlar atmağa çağırırıq”.
Vətəndaş cəmiyyətinin tələbi
Ermənistanın bir sıra nüfuzlu təşkilatları ölkə hakimiyyətinin bir başa BMT Təhlükəszilik Şurasına müraciət etməsini tələb edən bəyanatla çıxış edib.
Onlar hesab edirlər ki, baş nazir və XİN rəhbəri Azərbaycanın təcavüzkar əməlləri və Ermənistan Respublikasının ərazi bütövleyene pozmaq cəhdləri haqda məlumat verməlidirlər:
“2021-ci il noyabrın 11-dən eskalasiyanın növbəti mərhələsi başlayıb. Ermənistan hakimiyyəti beynəlxalq təşkilatlara beynəlxaqlq standartlara əsasən delimitasiya və demarkasiya proseslərini başlatmaq xahişi ilə müracət etməyə tələsmədiyi müddətdə Azərbaycan “sürünən ilhaq” yolu ilə Ermənistanla sərhədin müəyyən hissələrinin işğalına başlayıb. […]
Aydındır ki, RF müdaxilə etməyi məqsədəuyğun hesab etmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə tərəfdaşlar isə KTMT çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdənsə, Azərbaycanla ikitərəfli münasibətləri qorumağa çalışırlar.
Yaranmış vəziyyətdə Ermənistan Respublikasının hazırkı hakimiyyəti Ermənistan Respublikası vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bilavasitə məsuliyyət daşıyır, onlar insan haqlarının pozulması və onların təhlükəsizliyinin təhdid edilməsinin qarşısını almaq üçün sürətli və qətiyyətli hərəkət etməlidirlər”.
Transparency International Korrupsiyaya qarşı Mərkəz, “Sərhədsiz Hüquq Müdafiəsi” QHT-i, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi və aralarında jurnalist təşkilatlarının da olduğu daha 14 təşkilat bəyanatlı çıxış edib.
Noyabrın 14-də, “Azərbaycan SQ şərq istiqamətindəki mövqelərdən Ermənistanın suveren ərazilərinə soxulduğu” zaman vəziyyət gərginləşib. Nəticədə Ermənistan SQ-in dörd mövqeyi mühasirədə qalıb. Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar nəticəsində Azərbaycan hərbçiləri və zirehli texnika Ermənistan ərazisindən çıxarılıb. Amma Ermənistanın hərbi bölmələri də dör mövqeni tərk etməli olub.
Bundan sonra Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib, buna qədər baş nazirin müavini olan Suren Papikyan isə yeni nazir təyin edilib.
Bakıdan informasiya
Azərbaycanın Ermənistanla sərhədində vəziyyət ciddi şəkildə gərginləşib. Azərbaycanın Müdafiə Nazirliyi noyabrın 16-da üç dəfə təcili rəsmi məlumatla çıxış edib.
“Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib”, – Azərbaycanın Müdafiə Nazirliyinin birinci məlumatında deyilir.
“Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.
Basarkeçər [Ermənistanın Geqarkunik vilayəti] və Qarakilsə [Ermənistanın Sisyan vilayəti] rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.
Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Yaralılara dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların həyatları üçün təhlükə yoxdur.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib”, – AR MN-dən bildirilib.
Daha sonra hərbi qurum ikinci məlumatı yayıb və orada bildirilir:
“Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür”.
“Sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq”, – Müdafiə Nazirliyinin üçüncü məlumatında deyilir.