Mənim alman evim
Tbilisidən 64 kilometr aralıda əvvəllər almanca Katarinenfeld adlanan şəhər yerləşir. Bu, rus çarlığı dövründə Qafqaza köçürülən alman kolonistləri tərəfindən tikilən yaşayış məntəqələrindən biridir.
Almanlar artıq çoxdandır ki, orada yoxdur – 1941-ci ildə Stalin onları bir daha köçürdü. Bu gün bu, bir vaxtlar kiçik Avropa şəhərciyi olan yerdə unikal 200 illik arxitektura məhv olur. 2018-ci ildə Bolnisi bu yerlərə almanların köçürülməsinin 201 illiyini qeyd edəcək.
Məqalə müəllifi Mariko Tsikoridze özü Bolnisidə, almanların tikdiyi evlərdən birində yaşayır. O, özünün “alman” əcdadlarının tarixçəsini danışır.
Bolnisinin mərkəzində, keçmiş lüteran kilsəsi – kirxanın yerləşdiyi yerdə geniş, daş döşənmiş küçə, böyük eyvanlı evlər var. Mənim alman evim elə ilk döngədə yerləşir.
1821-ci ildən 1941-ci ilə qədər bu evdə aptek işçisi Otto Frans yaşayıb. Anası Qreta Valker Katarinenfelddə məşhur əczaçı və həkim olub. Babam tez-tez xatırlayırdı ki, 1941-ci ildə, bir payız gecəsində Stalinin əmriylə almanları Bolnisidən köçürəndə, onların evlərində isə gürcüləri məskunlaşdıranda, çoxları zirzəmilərdə almanların çəlləklərində hisə qoyulmuş donuz əti aşkar etdilər, bizim zirzəmidə isə ancaq şüşə kolbalar tapıldı.
Frants ailəsinin alman kolbaları hələ də evimdə qalır. Amma indi başqa funksiyanı yerinə yetirirlər – atam onlarda Milad bayramı üçün içkilər saxlayır. Bütün alman qaydaları və ritualları ilə.
Kolbalardan başqa, Frants ailəsini həm də evin divarlarından birində alman dilində “Hause Otto Franc 1821” yazısı xatırladır.
Bolnisidə mənim evimdən kənarlarda da alman izləri çoxdur. Bolnisidə 12 kilometr uzunluğunda olan yolun hər iki tərəfində qoz ağacları əkilib, ətrafda isə hamar şumluq var. Bu da bizim almanlardan xatirədir.
Şəhərimin unikal tarixini Vürtenberq şvabları (Vürtenberq Almaniyada diyar, şvablar isə bu regionun əhalisidir) yaradıblar.
Vürtenberq kraliçasının rəiyyəti
Bu tarix 200 il əvvəl, 1817-ci ildə, Rusiya imperatoru I Aleksandrın manifestinə əsasən, arası kəsilməyən müharibələrə görə həmişə aclıq içində yaşayan Almaniya kolonistlərinin Cənubi Qafqaza köçürülməsi başladı.
Kvemo Kartliyə ümumilikdə 15 min ailə köçürülüb, onlardan 1600 ailə Katarinenfeldə, yəni indiki Bolnisiyə gəlib. Onlara etiqad azadlığı verdilər və vergidən azad etdilər.
Öz məskənlərini onlar o vaxtkı Vütenberq kraliçası Yekaterinanın şərəfinə adlandırdılar. Arxiv şəkillərindən görünür ki, hardasa 10 il ərzində burada Gürcüstanın heç bir başqa hissəsində analoqu olmayan Avropa şəhərciyi yarandı. Bunu Bolnisi sakinlərinin özləri də təsdiq edir.
Alman kolonistlərinin böyük təcrübəsi və zəngin bilikləri olub. Babamın xatirələrindən bilirəm ki, Bolnisiyə aparan yollar çox səliqəliydi. Şəhərin özündə də yollar bu cür idi və hətta səkilər də varıydı. Almanlar çoxlu ev heyvanı saxlayırdılar, amma küçələrdə inəyin gəzişdiyini görməzdiz.
Kolonistlər əvvəlcə kənd təsərrüfatı və heyvandarlığı inkişaf etdirirdi, tezliklə də dəyirman və çaxır zavodunu tikdilər, onlar bu günə qədər də işləyir. Gimnaziya açdılar, nəfəs alətləri orkestri və düz dörd futbol komandası yığdılar!
Bazar günləri akkordeonla
84 yaşlı İra Dobrovolskaya qonşumdur. O, “alman evlərini” və özünün də bir vaxtlar oxuduğu “alman gimnaziyasını” yaxşı xatırlayır. Bu gün əsayla gəzir. Ehtiyatla köhnə alman şifonerinin siyirtməsindən bir qalaq jurnal çıxarır.
Rəngi solmuş üz qabıqlarında böyük sarı hərflərlə “Caucasus Caitung” yazılıb. Bu jurnallarda Qafqaz almanlarının hekayələri yığılıb. 2002-ci ilə qədər o, hər ay Ştutqartdan jurnal alıb. Jurnalı əcdadları 1941-ci ilə qədər Bolnisidə yaşayan almanlar çap edir. Ştutqartda onlar Qafqaz Almanları İcmasını yaradıblar, onun “format”ında da Ernest Almendinqer hətta “Katarinenfeld – Qafqazda almanların kəndi” kitabını da buraxıb.
Kitabı o, öz əcdadlarının xatirəsinə həsr edib. 1992-ci ildə Bolnisidə qalan almanlar dəvətlə icmanın yaradılmasına həsr olunan tədbirdə iştirak üçün Ştutqarta gediblər. O vaxtdan da Bolnisidəki bütün alman ailələri “Caucasus Caitung” jurnalını almağa başladılar.
İra Dobrovolskaya özünün alman üslubunda düzəldilmiş eyvanında şezlonqda öz yerini rahatlayır, qırmızı qızılgüllü şala bürünür və danışmağa başlayır:
“Bazar günlərini xüsusiylə yaxşı xatırlayıram. Yaxşı bir musiqiçi varıydı, Aleksandr Reytenbax. O, eyvana çıxıb, akkordeonda ifa etməyə başlayırdı. Evi parkın yanında yerləşirdi. Akkordeonun sədalarını eşidən kimi, biz – uşaqlar parka qaçırdıq.
Orada da bəzəkli paltarda xanımlar gəzir və alman şirniyyatı olan tsukerkuxenlərini yeyirdilər. Bu, həqiqətən də kiçik Avropa şəhərciyiydi”.
Uşaqlar ağlayırdı, itlər də hürürdü
82 yaşlı Yuliya Ferenqer payız olduğunu xatırlayır. Payız gecələrindən birində də onun nənəsi, babası və əmisi yoxa çıxır.
“Bu günə qədər də qapı döyüləndə qorxuram. Həmin gecə inəklərin böyürtüsü, itlərin hürməsi və uşaqların ağlamağı bir-birinə qarışdı. Balacaydım, ətrafda hər kəsin niyə ağladığını və niyə cəmi bir saat ərzində Katarinenfeldin təmiz boşaldığını anlamırdım.
Niyə biz qaldıq, amma kimlərsə yoxa çıxdı. Özü də elə yoxa çıxdılar ki, şam yeməyinə açılan süfrələrə toxunan olmadı. Bu, işgəncə gecəsiydi, heç vaxt da yaddaşımdan silinmədi bu gecə”.
Ferenqer ailəsini köçürmədilər, çünki onun alman olan atası yerli qadınla evliydi, Yuliyanın anası milliyətcə erməni olan bolnisili tacirin qızıydı.
Sovet İttifaqında alman kolonistlərinin repressiyaları 30-cu illərdə başladı. 1935-ci ildə 600 alman Azərbaycandan Kareliyaya köçürülmüşdü. Həmin ildə də 352 nəfər Gürcüstandakı Lüksemburqda həbs olundu, köçürüldü və öldürüldü (Gürcüstana Qızıl Ordu daxil olandan sonra XX əsrin 20-ci illərində Katarinenfeld inqilabçı qadının şərəfinə adlandırıldı).
1941-ci ildə Almaniyayla müharibə başlayandan sonra isə beşinci kolondan ehtiyatlanan Stalin yerli sakinlə evli olmayan Qafqaz almanlarının hamısını Sibirə və Qazaxıstana köçürdü.
Sonra da Bolnisidə almanlardan qalan bütün izlərin məhvi əmri verildi. Ənənəvi alman memarlıq formalarını dəyişdilər, alman üslubunda düzələn eyvanları dağıtdılar, alman qəbiristanlığını yerlə yeksan etdilər – bu gün orada alman kolonistlərinin xatirəsinə abidə qoyulub.
Leykuhen və tsukerkuhen
Bununla belə, Bolnisidə alman izlərini məhv etmək asan olmadı. Xeyli il keçəndən sonra da bu iz görünür. Zəif, çətin sezilən olsa da var. Həm də təkcə arxitekturada deyil, həm də bolnisililərin adətlərində və qaydalarında.
Misal üçün, Bolnisidə bu günə qədər də kolonistlərin Milad bayramı və Pasxada bişirdikləri leykuhen və tsukerkuhen alman şirniyyatını hazırlayırlar.
10 ildən çoxdur ki, Bolnisidə Alman Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Hər Pasxanı burada kuliçə bənzəyən leykuheni bişirməklə qeyd edirlər. Bununla da burada alman adətlərini davam etdirir, eyni zamanda da onlara hörmətlərini göstərirlər.
Liana Taranovanın anası alman olub. Buna görə də o, bu şirniyyatı hamıdan yaxşı hazırlayır. Onun hətta tələbələri də var, Liana biliklərini gənc bolnisili qızlara ötürür.
“Hər bazar günü Katarinenfelddə kletskili şorbadan başlayırdı. Sonra da bütün alman ailələri baş lüteran kilsəsində ibadətə toplaşırdılar. Almanlar təkcə zəhmətə dəyər vermirdilər, əylənməyi də bacarırdılar. Buna görə də burada bütün bayramlar fərqli olurdu – şəhərdə yerli orkestr dayanmadan ifa edirdi”, – kolonist pedaqoq Berta İoaness Muxrerin qızı Liana Taranova xatırlayır.
Onun anası rusla evləndiyi üçün kommunalar zamanı sürgündən canı qurtarıb. Halbuki evlərinin bir hissəsini müsadirə etdilər və onlara cəmi iki otaq saxladılar.
Liana və bacısı Qitinin xahişlərinə baxmayaraq, evin qalan hissəsini onlara kommunistlərdən sonra da qaytarmadılar. İndi yeni bir məqsədləri var – Bolnisidəki alman məhəlləsinin rekonstruksiyasına başlanılsa, bu gün idman kompleksinin yerləşdiyi həmin o lüteran kirxasının bərpasına nail olmaq.
Yeni Bolnisi
Bolnisinin alman məhəlləsində cəmi 300 ev var. Onlardan 156-sı ilkin görünüşünü saxlayıb. 2015-ci ildə Mədəniyyət Nazirliyi alman irsinin inventarlaşmasının birinci mərhələsinə başlayıb və Bolnisidəki 12 binaya mədəni irs statusu verib.
Şvab arxitekturası bu gün məhv olmaq üzrədir. Evlər köhnəlib, dağılır, divarlarda çatlar əmələ gəlib, dam artıq yağış sularına tab gətirmir.
Halbuki Gürcüstanın heç bir yerində artıq belə evlər yoxdur. Almanlar ikiyaruslu zirzəmisi, unikal çardağı və mansardaları olan, yaşayış üçün çox rahat evlər tikiblər. Zirzəmidə ilin istənilən fəslində temperatur 12-14 dərəcəydi. Bəzi zirzəmilərdə bu gün də 200 yaşı olan çəlləklər görmək olar.
Bolnislilər hər dörd ildən bir – seçkiqabağı dövrdə alman məhəlləsinin bərpası məsələsini xüsusiylə kəskin şəkildə qoyur. Siyasətçilər də vədlərini verir, bununla belə, işə başlayan olmayıb.
Əksinə, vaxt uzandıqca vəziyyət pisləşir. Halbuki Tbilisidən cəmi 64 kilometr aralıda yerləşən şəhər turistləri cəlb edə, bununla da yerli sakinlərə əməlli-başlı xeyir gətirə bilər.
2014-cü ildə aparılan son əhalinin siyahıya alınmasının məlumatlarına görə, bu gün Bolnisidə 8 min 967 adam yaşayır. Halbuki 1989-cu ildə onların sayı 15 min 047 idi.
Gürcüstanın bütün qalan hissəsində olduğu kimi işsizlik, sosial problemlər və yoxsulluq hər addım başı hiss olunur. Gənclər iş axtarışı ilə Bolnisini tərk etməkdə davam edir.
Burada ümid edirdilər ki, “Qafqazda ən böyük alman məskəni” olan Bolnisinin restavrasiyası məsələsiylə Almaniyada hər hansı bir fond maraqlanacaq. Amma bu günə qədər də nə Almaniya heç bir maraq göstərməyib, nə də heç bir yerli dövlət proqramı heç cür tarixi məhəllələrin restavrasiya məsələsinə toxunmadı.
Bolnisi bələdiyyəsinin abadlaşdırma və ifrastruktur xidmətinin rəhbəri Konstantin Korxadze deyir ki, təkcə yerli vəsaut rekonstruksiyaya kifayət etməyəcək.
“Bu dəfə biz “Kartu” fonduna müraciət etmək istəyirik (keçmiş baş nazir Bidzina İvanişvili tərəfindən yaradılan xeyriyyə fondu). Artıq sənədləri, layihəni hazırlayırıq və mayın axırlarında bütün bunları “Kartu”ya daxul edəcəyik.
Amma bu, tammiqyaslı rekonstruksiya layihəsi deyil. Tam restavrasiya və Bolnisinin turist məkanına çevrilməsi üçün bu işi dövlət səviyyəsinə çıxarmaq lazımdır”, – Kordzadze deyir.
Oktyabr ayında Bolnisidə yubileydir – bura almanların gəlməsinin 200 illiyi keçiriləcək. Yerli bələdiyyədə deyildiyinə görə, həmin günlərdə şəhərdə təmtəraqlı tədbirlər keçiriləcək. Bolnisinin alman hissəsində çox sayda fotoşəkillər ediləcək. Ola bilsin, mənim alman evim də bu şəkillərdən birində olacaq.