“Ermənistan və Azərbaycan həll etmir – söz Rusiyanındır” – Yerevandan şərh
Ermənistanda yaxın zamanda ölkə üçün mühüm, hətta ağrılı məsələlərlə bağlı Azərbaycanla razılaşmaların imzalanması ehtimalı hələ də müzakirə olunur. Söhbət iki sənəddən gedir:
- Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası haqda,
- Regional kommunikasiyaların açılması haqda.
Şayiələrə görə, hər iki sənədin mətni demək olar ki, hazırdır, iki dövlət rəhbərləri isə onları imzalamaq niyyətindədirlər. Bu informasiya artıq üç dəfə rəsmi təkzib olunub – Ermənistan XİN-in mətbuat katibi, parlament spikeri, daha sonra isə Təhlükəsizlik Şurasının katibi tərəfindən. Amma müzakirələr davam edir, çünki bununla yanaşı Ermənistanın sərhədlərin demarkasiyası və delimitasiyasına başlamağa hazır olduğu və regionda kommunikasiyaların açılmasını dəstəklədiyi haqda informasiya da səslənir .
Ajiotaj şayiələrə imzalama tarixinin 9 noyabra – ikinci Qarabağ müharibəsinin bitdiyi, yəni Ermənistan tərəfinin məğlub olduğu günə təyib edilməsi ilə əlaqədar yaranıb. Bu, Ermənistan və tanınmamış DQR üçün neqativ qərarların mümkünlüyünə işarə edən alt məna kimi qəbul edilib.
Ermənistanda məsələ ilə bağlı ən çox müzakirə olunan məqamlara dair politoloq Qarik Keryanın şərhi. Bu, bir qədər fərqli nəzər nöqtəsidir, yerli ekspertlərin əksəriyyətinin fikri ilə üst-üstə düşmür – əsasən də sərhədlərin demarkasiyası məsələsində.
- Yerevan və Bakı yeni sənədlər imzalayacaqlar? Şayiələr, bəyanatlar və təkziblər
- Ermənistan-Azərbaycan danışıqları: Ermənistanın keçmiş XİN rəhbərindən yeni detallar
JAMnews: Təhlükəsizlik Şurasının katibi bu gün jurnalistlərə bildirib ki, Ermənistan demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır və Azərbaycandan müsbət siqnal gözləyir. Xarici işlər naziri bildirib ki, Paşinyan-Əliyev görüşünün yekunlarına görə “hansısa razılaşdırılmış sənədin dərc olunması mümkündür”. Sizcə belə br sənəd 9 noyabrda imzalanacaqmı? Demarkasiya və delimitasiya prosesi nə zaman və necə təşkil olunacaq?
Keryan: Mən dəqiq deyə bilmərəm ki, bu sənəd 9 noyabrda, yoxsa başqa bir gün imzalanacaq, amma əminəm ki, bu baş tutmalıdır.
Sülh nizamlaması və yeni müharibə təhlükəsinin aradan qaldırılması demarkasiya və delimitasiyasız mümkün deyil.
Qarabağ münaqişəsi prosesində Ermənistan faktiki olaraq Azərbaycanla beynəlxalq tanınmış sərhədə sahib deyildi, sərhəd haqda razılaşma yoxdur, bu da iki ölkə arasındakı münasibətlərə mənfi təsir edir.
Beynəlxalq hüquq subyekti olaraq dövlət birinci növbədə öz ərazisi ilə tanınır, ərazi isə siyasi səviyyədə sərhədlərlə cızılır, coğrafi anlamlarla yox. Əgər beynəlxalq səviyyədə tanınan sərhədləri olmayan dövlət varsa, bu, özü-özlüyündə problemdir.
Yeri gəlmişkən, dövlətlər demarkasiya və delimitasiyanı beynəlxalq strukturlarla aparmırlar, onların hər biri bunu öz qonşuları ilə aparır. Bütün ölkələr istisnasız olaraq öz sərhədlərinin tanınmasına, qonşularla müvafiq razılaşmaların bağlanmasına səy göstərir.
Sovet zamanından bəri İranla və Türkiyə ilə sərhədlər qeyd olunub və çəkilib. Bizə bu prosesi Azərbaycan və Gürcüstanla tamamlamaq qalır. Gürcüstanla tələsməmək də olar – münaqişə yoxdur, müharibə təhlükəsiz yoxdur.
JAMnews: Putinin ardınca Ermənistanın baş naziri və digər rəsmi şəxsləri sərhədlərin çəkilməsi üçün 1920-ci illərə aid xəritələrin əsas ola biləcəyi haqda bildirdilər. Məhz hansı xəritə təməl kimi götürüləcək?
Keryan: Analitiklərin, ekspertlərin çevrəsində hüç kim bu suala cavab verə bilməz. Çünki bunu ancaq Putin, Paşinyan və Əliyev bilir. Putin vurğulayıb ki, bu xəritələr var, onlar Rusiya Ordusunun Baş Qərargahında saxlanılır, amma konkret ili qeyd etməyib.
Bundan sonra Ermənistanda ekspertlər sovet dövrünün xəritələrini öyrənməyə başladılar. Fikir vermişəm ki, bir sıra kartoqraflar 1920-ci və 50, 60, 70-ci illərin xəritələrində SSRİ-nin müxtəlif inzibati-siyasi bölgüləri ilə bağlı narahatlıq ifadə ediblər.
Prinsipcə bu xəritələrin SSRİ dövründə bütün düzəlişləri, dəqiqləşdirmələri Ermənistanın ziyanına aparılıb. Bu düzəlişlərin nəticəsində 1922-ci ildən sonra sovet Ermənistanı 2-3 min kvadrat kilometrlik ərazi itirib. Bu, mənim fikrim deyil, kartoqraflar belə hesab edirlər.
Mənim zənnimcə, əgər demarkasiya və delimitasiya erkən 20-ci illərin xəritələri əsasında aparılacaqsa, bu, Ermənistan üçün, son xəritələr üzrə aparılacaqsa Azərbaycan üçün sərfəli olacaq.
Söz Rusiyanındır – bu ölkənin siyasi rəhbərliyi məhz hansı xəritəni əsas kimi qəbul etməyi təklif edəcəksə.
JAMnews: Regional kommunikasiyaların açılması haqda danışanda Təhlükəsizlik Şirasının katibi Armen Qriqoryan əmin edib ki bütün yolların keçdiyi ərazilər dövlət suverenliyi statusunu saxlayacaq. “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır” anlayışı altında Ermənistan üçün hansı risklər gizlənə bilər?
Keryan: Nəqliyyat və digər infrastrukturlarının açılması Ermənistanın dəqiq xeyrinədir, çünki bizim zəifliyimizin və müharibədə məğlubiyyətimizin əsas səbəblərindən biri Ermənistanın 30 illik blokadası və kommunikasiya çətinliklərinin öhdəsindən gəlmək məcburiyyətidir.
Birmənalı olaraq kommunikasiyaların açılması Ermənistanda iqtisadi həyatın fəallaşmasına təkan verəcək. Bu aksiomadır, müzakirəyə tabe deyil.
Ermənistan tərəfini Azərbaycan və Türkiyənin diqqətində olan – həyati əhəmiyyət daşıyan, Aərbaycanı onun eksklavı Naxçıvanla birləşdirən yolun ancaq statusu narahat edir.
Əlbəttə ki, Ermənistan bu yolun Ermənistan hakimiyyətinin gömrük, vergi və digər nəzarəti həyata keçirdiyi adi yol olmasına can atır. Azərbaycan Ermənistanın bu yola nəzarət etməməsinə səy göstərir.
Mənə elə gəlir ki, nə Ermənistanın, nə Azərbaycanın planları reallaşdırılmayacaq. Böyük ehtimalla bu, Rusiya tərəfinin nəzarət etdiyi yol olacaq.
Bu yol Dağlıq Qarabağla Ermənistanı birləşdirən və [ikinci Qarabağ müharibəsindən sonra] nə Ermənistan, nə Azərbaycan tərəfinin nəzarət etmədiyi, nəzarətin Rusiya sülhməramlılarına təqdim edildiyi Laçın dəhlizi kimi olacaq.
JAMnews: “Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq” – Ermənistanın baş naziri və XİN rəhbəri bildirir. Bununla yanaşı Azərbaycan bildirir ki, münasibətlərin normallaşması bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra baş verməlidir, bu da həmin ərazinin Azərbaycanın tərkibində tanınması deməkdir. Bu vəziyyətdə möhkəm sülhə necə nail olmaq mümkündür?
Keryan: Bütün danışıqlar prosesi gedişatında Ermənistanın prinsiplərindən biri insan haqlarından irəli gələn öz müqəddəratını təyin etmək hüququnun tanınması idi. Ermənistanın mövqeyi həmişə ondan ibarət idi ki, bu, ərazi mübahisəsi deyil, Dağlıq Qarabağ xalqının öz müqəddaratını təyin etməsi məsələsidir.
Əgər [2020-ci il müharibəsinə qədər Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara vasitəçilik edən] ATƏT-in Minsk Qrupu bərpa olunarsa və Qarabağın statusu məsələsini müzakirə etməyə başlayarsa, əlbəttə ki, bu prinsip bu prinsip danışıqlar masasına qayıdacaq, yəni danışıqlar əvvəlki kimi davam edəcək – münaqişənin sülh yolu ilə nizamlanması, dövlətlərin ərazi bütövlüyü və öz müqəddaratını təyin etmək hüququnun tanınması.
Ermənistan heç vaxt Azərbaycanın ərazilərini tələb etdiyini bildirməyib, Ermənistan Dağlıq Qarabağ xalqının öz müqəddaratını təyin etmək hüququnun tanınmasını tələb edib.
Azərbaycanın ərazi bütövlüyünün tanınması Qarabağ məsələsinin “dəfn edilməsi” demək deyil.
Təkrar edirəm, biz artıq 30 ildir ki, bunun ərazi məsələsi yox, öz müqəddaratını tanımaq məsələsi olduğunu deyirik.
Azərbaycanın ərazi bütövlüyünü tanıdığımız halda Qarabağın Azərbaycanın tərkibində qalacağını yekdilliklə bağıram ekspertlər haqlı deyillər. Əlbəttə, əgər Minsk Qrupu bərpa olunmasa, Rusiya, Fransa və ABŞ [ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri] status məsələsinin aydınlaşdırılmasını tələb etməsələr, o zaman bu, DQr-in mövcudluğunun sonu ola bilər. Amma biz sevinclə qeyd edə bilərik ki, hər üç dövlət deyir: status məsələsi həll edilməyib.
JAMnews: Ermənistan tanınmamış Dağlıq Qarabaq Respublikasının təhlükəsizliyinin qarantıdır, amma müharibədən sonra onun təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir. Təhlükəsizlik məsələsi indən belə necə həll olunacaq?
Keryan: Ermənistan müharibədən sonra DQR-in təhlükəsizliyinin qarantı deyil. Qarant Rusiya və onun sülhməramlı qüvvələridir.
Qarabağın gələcəyi Ermənistan-Azərbaycan danışıqlarından yox, Rusiyanın Azərbaycanla münasibətlərindən və Dağğlıq Qarabağın statusu məsələsi üzrə Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsindən asılıdır.